İstehsal kollektivlərinin sosial funksiyalarının dəyişilməsi həm də əməyin ödənilməsi sisteminə təsir göstərir. Çünki işçinin əməyə münasibəti - məsuliyyəti, intizamı və təşəbbüskarlığı xeyli dərəcədə əməyin sosial aspektli təşkilindən asılı olur. Çünki burada əmək təşkilinin kollektiv formasında fəhlələrin sosial fəallığı və işin nəticələrinə sosial nəzarəti daha güclü olur və aydın nəzərə çarpır. Burada nəzarət əsasən aşağıdakı istiqamətlərdə aparılır:
briqada üzvlərinin gündəlik fəaliyyəti haqqında informasiya almaq;
informasiyanın təhlili və ondan obyektiv nəticələr çıxarmaq;
faktiki vəziyyətin qəbul olunmuş norma və standartlarla müqayisəsi və onun əsasında hər kəsin ümumi əmək fəaliyyətində fərdi xidmətin müəyyən edilməsi;
briqada və onun üzvlərinin əmək davranışının tənzimlənməsi;
Göründüyü kimi, bu nəzarətin istehsal nöqteyi nəzərindən başqa, sosial və mənəvi- psixaloji əhəmiyyəti də vardır. Bu isə nəzarətin və bütövlükdə idarəçiliyin demokratik iş üslubunu müəyyən edir. Həm də indiki şəraitdə briqadalar üçün əmək haqqının hansı forma və sistemlərinin hüququ verilmişdir. Adətən briqadalarda əmək haqqının (qazancın) bölüşdürülməsinin aşağıdakı formaları vardır:
tarif dərəcələri və işlənilmiş vaxta görə;
yalnız işlənmiş vaxta görə;
faktiki işlənmiş işə görə;
şərti tarif dərəcələri və işlənmiş vaxta görə;
əməkdə iştirak etmə əmsalına (ƏİƏ) görə;
Əlbəttə, bu variantların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Lakin biz burada nisbətən tam aydın olmayan şərti tarif dərəcəsi haqqında bəzi məsələləri qeyd etmək istərdik. Şərti tarif dərəcələri bir qayda olaraq aşağıdakı hallarda tətbiq edilir:
fəhlə özünün tarif dərəcəsindən yüksək olan işləri gördükdə;
ayrı-ayrı fəhlələrin əmək məhsuldarlığının səviyyəsi əksər briqada üzvlərinin məhsuldarlıq səviyyəsindən gözəçarpacaq dərəcədə fərqləndikdə;
istehsalın normal, ahəngdar gedişi zərurəti ilə əlaqədar olaraq peşələrin qovuşması şəraitində;
Lakin bir sıra hallarda nəinki fəhlənin tarif dərəcəsi artırılmır, hətta onun gördüyü iş malik olduğu dərəcədən aşağı iş qiyməti ilə müəyyən olunur.
müəyyən dərəcə tələb edən işlərdə çalışan fəhlə bütün iş kompleksinə kifayət qədər yiyələnmədikdə;
aşağı dərəcəli işin səviyyəsi fəhlənin faktiki yüksək tarif dərəcəsinə uyğun gəlmədikdə;
müvafiq dərəcədə olan fəhlənin əmək məhsuldarlığı digər briqada üzvlərinin əmək məhsuldarlığından xeyli aşağı olduqda.
Son dövrlərdə həm bütövlükdə briqadanın işinin son nəticələrini, həm də ayrı-ayrı fəhlələrin konkret fəaliyyətini nəzərə almaq məqsədilə əməkdə iştirak etmə əmsalı sistemi geniş yayılmışdır.
Bunun əsas mahiyyəti ondan ibarətdir ki, tarif dərəcələri və işlənilmiş vaxta görə bölüşdürülən əmək haqqı bir sıra amilləri nəzərə almaqla ƏİƏ əsasında dəqiqləşdirilir.
ƏİƏ bir qayda olaraq usta və briqadirin rəhbərliyi ilə briqada şurası tərəfindən müəyyənləşdirilir və fəhlələrlə razılaşdırılır. Bu əmsallar müəyyən konkret iş yerləri üçün müəyyənləşdirilir və həm də işin mürəkkəbliyi, ağırlığı, zərərliyi və istifadə olunan avadanlığın xüsusiyyətləri nəzərə alınır. Lakin bir sıra hallarda bu vacib amillər nəzərə alınmadan ancaq dərəcə və işlənmiş vaxt formal, standart olaraq əsas götürülür ki, bunu da elmi-metodoloji və həm də praktiki baxımdan düzgün hesab etmək olmaz. Çünki əməyə münasibətin xarakteri ilə texniki-texnoloji əlaqələrin qarşılıqlı asılılığını nəzərə almaq olmaz.