Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir. Pedaqoji mərifətdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir. (Pedaqoji mərifət barədə aşağıda pedaqoji ünsiyyətdən danışarkən geniş bəhs olunmuşdur).
Pedaqoji təxəyyül. Şagirdlərlə daima ünsiyyətdə olan müəllim öz təlim və tərbiyə işinin nəticəsini qabaqcadan görməyi, təsəvvür etməyi bacarmalıdır. Burada pedaqoji təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.
Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir.
Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, müqayisə edə bilir.