Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi. Fasiləsiz olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq, kollektivdə hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir: 1) şəxsiyyətlərarası inteqrasiya-kollektivin sosial-psixoloji strukturunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funksional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələrinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına qarşı vahid müsbət münasibətlərin formalaşması, kollektiv əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarların hazırlanması; 3) təşkilati birlik ─ müəllimlərdə öz məktəblərində yaşamaq və işləmək ustanovkası, ona bağlılıq, ondan razılığın təşəkkülü.
Özünüidarəetmənin inkişafı- müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlim-tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı.