Dərsin psixoloji təhlili
Tədris işinin təşkilinin əsas forması olan dərsin xüsusiyyətləri ilə dərindən tanış olmadan, müasir dərsə verilən tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaq, dərsdə onların şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir. Ona görə də dərsi (istər başqalarının, istərsə də özünün dediyi dərsi) psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi – müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir.
Bununla yanaşı olaraq, dərsin dərin psixoloji təhlilini verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin hər bir mərhələsində şagirdlərin bilik və bacarıqlara yiyələnməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir.
Dərsin psixoloji təhlilini vermək bəzən təcrübəçi-müəllim üçün o qədər də asan deyildir. Bunun üçün bir sıra cəhətlərə xüsusi diqqət yetirilməlidir.
Adətən, hər bir dərsdə müəllim birbaşa və ya dolayı yolla uşağın şəxsiyyətinin istiqamətinin formalaşması və inkişafı vəzifəsini həyata keçirir. Ona görə də dərsin təhlili zamanı birinci növbədə tədris materialının məzmununun, onun təşkili yollarının, müəllimin davranışının şagirdlərdə baxışlar, dünyagörüşü, maraqlar, inamın formalaşmasına necə təsir etdiyinə fikir vermək lazımdır.
Dərsdə şagirdlərin idrak proseslərinin təşkili və inkişafı üçün nə kimi işlər görülməsi nəzərə alınması zəruri olan cəhətlərdəndir. Xüsusilə müəllimin şagird təfəkkürünü hansı yollarla fəallaşdırması, problem situasiya yaratma imkanları və s. nəzərdən qaçmamalıdır. Məfhumların çatdırılması zamanı mühüm əlamətlərə nə dərəcədə istinad olunması, formal əlamətlərdən istifadə zamanı baş verən qüsurlar təhlildə qeyd olunmalıdır. Dərsdə şagirdlərin təfəkkürün təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə proseslərindən necə istifadə etmələri və müəllimin bu sahədəki işi nəzərə alınmalı və qeyd edilməlidir.
Dərsdə şagirdlərin diqqətinin necə təşkil olunması, diqqəti cəlb edən və ya yayındıran səbəblər təcrübəçinin nəzərindən qaçmamalıdır.
Bütün bunlarla yanaşı olraq dərsin təhlilində müəllimin xarakteristikasına da xüsusi yer verilməlidir. Burada müəllimin pedaqoji ustalığı, pedaqoji təfəkkürü, dərsə hazırlığı, nitqi, şagirdlərə yanaşma tərzi, pedaqoji ünsiyyət və mərifəti və s. nəzərə alınmalıdır.
Dərsin psixoloji təhlilini aşağıdakı təxmini sxem üzrə aparmaq mümkündür:
Dərsin psixoloji təhlilinin təxmini sxemi
1. Dərsin mövzusu, həmin mövzuda aparılan dərslərin ümumi sistemində onun yeri.
2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.
3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şagirdlərin təşkili (onların diqqətinin səfərbərliyə alınması, iş yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlığı.
4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və yoxlanması metodikası. Bilik, bacarıq və vərdişlərin yoxlanmasının məqsədi və yeri. Yoxlama üsulu. Frontal və fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların, müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti. Şagirdlərin cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəallığı. Şagirdlərin biliyinin yoxlanmasının yekunlaşdırılması. Şagirdlərin cavablarının qiymətləndirilməsi.
5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası. Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məzmunu. Müəllimin verdiyi biliklərin həcmi və sistemi, şərhi metodları. Şərh olunan materialın elmi və ideya istiqaməti, həyatla əlaqəsi, tərbiyəedici xarakteri. Şərhin sistemi və ardıcıllığı, obrazlılığı, şagirdlər üçün aydınlığı, əvvəl keçilənlərlə əlaqəsi.
Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sualların, idraki məsələlərin qoyulması.
Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, ayrı-ayrı məsələlər üzərində şagirdlərin marağının və diqqətinin cəmləşdirilməsi. Şagirdlərin yeni materialı qavramaq və anlamağa yaradıcı şəkildə cəlb olunması. Nümayiş etdirilən texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zamanı müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.
6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmunu və metodikası.
7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev tapşırığının həcmi və növü. Onu yerinə yetirməklə əlaqədar təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.
8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteristikası.
Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə diqqətin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi, obrazlılığı, şərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif mərhələlərində diqqətin davamlılığının təşkili, müəllimin şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.
Dostları ilə paylaş: |