Kommunikativ qabiliyyətlər. Müəllim şagirdlərlə daimi ünsiyyətdə olduğuna görə onun pedaqoji fəaliyyətində kommunikativ qabiliyyətlər də mühüm yer tutur. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər - şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cür qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.