NİTQİN MƏNTİQLİLİYİ. Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün “məntiqi nitq” adlanır. Məntiqlilik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.
Nitqin məntiqiliyi həm də onun kompozisiyası ilə tamamlanır. Bu, danışandan bir neçə vacib şərti gözləməyi tələb edir.
Mümkün olduğu halda öz fikrini yığcam ifadə etməyi;
Fikrini çatdırarkən dinləyicinin diqqətini nitqin predmetinə yönəltməyi.
Kommunikativlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədardır. Onların ümumi cəhətləri çoxdur. Bunlar nitqin konkret aktında birgə çıxış edir. Qarşılıqlı əlaqə onlar arasındakı fərqi aradan qaldırır. Dəqiqlik mətnin mənasını, nitqin semantik bütövlüyü və toplusuna münasibəti qiymətləndirir, məntiqlilik isə nitqin semantik strukturu və onun təşkili ilə səciyyələnir. Dəqiqlik kimi, məntiqlilik nitqin əlverişliliyi, hərəkiliyi və uyğunluğu kimi keyfiyyətlərin formalaşma bazasıdır.
Məntiqliliyin qanunauyğun şərtləri var. Onlar, əsasən, ikidir: dilxarici və dildaxili (linqvistik). Məntiqliliyin dilxarici şərti mühakimənin məntiqinə yiyələnmək, normaların prinsiplərinə uyğun düzgün düşüncə, yeni həqiqət axtarmaqla, dildaxili şərt isə mənanın bağlılığına təsir göstərən və nitqin strukturunun elementlərinə zidd olmamaq, dil vasitələrini bilməklə bağlıdır. İkinci şərt kommunikativ nitq səviyyəsində hərəkətlə əlaqədardır.
Düşüncənin məntiqliliyi daxili nitq prosesində həyata keçir, onun nəticəsi sonralar ünsiyyət zamanı zahiri nitqə çevrilir.
Deyilmə səviyyəsində qanunauyğunluğun şərtləri: birinci, bir sözün digər sözlərlə əlaqəsində ziddilik olmamalıdır, ikinci, nitqin məntiqi olmasının vacib şərtlərindən biri də cümlədə sözlərin sırasıdır, üçüncü şərt onun leksik əlaqələrinin bəzi cəhətləri, məntiqi əlaqənin və deyilmənin hissələri arasında münasibətin vacib ifadə vasitəsi kimi köməkçi nitq hissələridir.
Mətnin məntiqi təşkilinin bütövlüyü və möhkəmliyi, bir nitq hissəsinin digərinə keçməsinin aydın ifadə olunması nitqin məhdud bütovlükdə daxili sabitliyinə və tamamlanmasına kömək edə bilər. Belə bütövlük barədə Platon gözəl demişdir: «Hər nitq canlı varlıq təsiri bağışlamalıddır, elə tərtib olunmalıdır ki, sanki varlıqdır. Onun bədəni başı və ayaqları ilə birgə olmalıdır. Belə ki, gövdə və əl-ayaq bir birinə yaraşmalı və bütövlüyə uyğun gəlməlidir».
Məntiqlilik elmi nitqin ən mühüm keyfiyyətlərindən biridir. Elmi nitqin müxtəlif formaları elmi axtarışların məntiqi haqqında məlumat vermək və yeni elmi biliyin nitqdə formalaşdırılması kimi mövcuddur. Yeni elmi informasiya aydın olmalıdır ki, onu başqa adamlar dərk edə bilsinlər, onun düzgünlüyü və həqiqiliyi qəbul edilsin. Elmi nitqin əsas janrları məqalə, məruzə, mühazirə, monoqrafiyadır.
Bədii nitqdə məntiqlilik xüsusi səciyyəlidir. Burada düzgün təfəkkürün qanunları gözlənilməlidir. Bədii mətndə, sözsüz, ardıcıllıq, izahın ziddiyyətsizliyi, deyilən fikirlər arasındakı əlaqə aydın ifadə olunmalıdır. Lakin məntiqlilik meyarı bədii fikrin ifadəolunma tələblərini çətinləşdirir. Bədii nitqdə məntiqlilik daxili birlik kimi mövcuddur, daha doğrusu, iki görkəmli müəllifin qarşılıqlı əlaqəsidir. Konkret ədəbi janr şəraitində gerçəkliyin əksi və bədii ideyanın ifadəsidir.
Bir-biri ilə qarşılıqlı əlaqədar olan üç mənbəni nəzərə almaq lazımdır: gerçəkliyin məntiqi, fikrin məntiqi və nitqin məntiqi. Ziddiyyət gerçəkliyin dialektik məntiqinə daxildir. Bu, nitqin təşəkkülü, müəyyən şəklə salınması ilə ölçülür. Nitq deyimində, əsərlərdə fikrin məntiqliliyi birbaşa, açıq və ardıcıllıqla ifadə olunmalıdır. Fikrin məntiqliliyi dedikdə, gerçəklik obyektlərinin, faktlarının əksinin düzgünlüyü nəzərdə tutulur. Onların əlaqəsi ümumi-fərdi, səbəb-nəticə, uyğunluq-fərqlənmə, mahiyyət-görünüş, məzmun-forma, tabelilik-tabesizlik və s. gümanlara, dəlillərə əsaslanır. Müəllif bədii əsərində, Belinskinin sözləri ilə desək, «sübut etmir, amma göstərir, daha dəqiq göstərməklə sübut edir».