Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya , reklamlar, elanlar və bildirişlər
Plan:
1. Hesabatın mahiyyəti, məzmunu və forması.
2.Annotasiyanın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri.
3. Reklamın mahiyyəti və xüsusiyyətləri.
4. Məzmun və məqsədinə görə elanların növləri; anons, bildiriş, afişa.
Mənbə: [1,2,5,7,8,9]
Hesabatın mahiyyəti, məzmunu, forması və dil xüsusiyyətləri
Hesabat ərəb sözü olub mənası görülmüş işlərin nəticəsi kimi verilən məlumat deməkdir. Hesabat müəyyən şəxslərin, idarə və təşkilatlara verilən tapşırığın yerinə yetirilməsi, görülən işlərin nəticəsi kimi məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı şəkildə verdiyi rəsmi məlumatıdır.
“Hesabatda hesabat verənin bütün gördüyü işlər aydın şəkildə, ardıcıl olaraq şərh edilməlidir. Yerinə yetirə bilmədiyi işin səbəbini göstərməlidir. Hesabatda bütün faktlar və rəqəmlər dürüst verilməli, cümlələr aydın olmalıdır. Hesabat yalnız yazılı şəkildə tərtib edilir” (1, 567).
Hesabatlar müxtəlif məzmunlu ola bilər. Məsələn: magistr, dissertant və ali məktəb müəllimlərinin elmi hesabatları, sonuncu tədris ili tələbələrinin metodistlərinin tələbələrin keçdiyi pedaqoji təcrübənin nəticəsi ilə bağlı hesabatları və s.
Hesabatın da xüsusi forması vardır. Yuxarıda sətrin başlanğıcında abzasdan hesabat verən idarə, müəssisə və ya şəxslərin özü və verəcəyi hesabatın mövzusu qeyd edilir. Ondan aşağıda ortada böyük hərflə hesabat sözü yazılır. Sonra yenə aşağıda hesabatın məzmunu verilir. Sonda hesabat verənin imzası və tarix göstərilir. Məsələn:
Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma formasının IV b tədris ili tələbələrinin pedaqoji təcrübəsinə dair
H E S A B A T I
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV b tədris ili tələbələrinin 14 həftəlik pedaqoji təcrübəsi 16 fevral 2018-ci il tarixindən 24 may 2018-ci il tarixinədək Lənkəran şəhər 3 və 10 saylı tam orta məktəblərində keçirildi. Təcrübə ilə əlaqədar keçirilən konfransdan sonra iş planına uyğun olaraq tələbələr məktəbin iş rejimi ilə tanış oldular.
Qeyd edək ki, tələbələrin hamısı təcrübədə mütəmadi iştirak etmiş, həm məktəbin, həm də universitetin müəyyən etdiyi nizam-intizam qaydalarına tam əməl etmişlər.
Məlum olduğu kimi, hal-hazırda məktəblərdə dərslərin yeni təlim metodları ilə tədrisi tələb olunur. Buna görə də təcrübə zamanı tələbələrimiz dərsləri böyuk həvəslə, bir-birindən fərqli, çox vaxt isə elektron lövhədə keçirdilər və müasir dərsə qoyulan bütün tələbləri yerinə yetirməyə çalışırdılar. Bu baxımdan tələbələrdən Məmmədzadə Səidə, Abdullayeva Gülayim, Əliyeva Aytən, Tağızadə Ülvi, Əliyeva Zeynəb, Bağırova Tünzalə, İsgəndərov Qismət, Əzizli Ayan daha maraqlı və müasir tələblərə cavab verən sınaq dərsləri keçdilər. Tələbələrin sınaq dərslərində metodistlərlə yanaşı, 3 №-li məktəbin direktoru Həsənova Nəzakət və 10 №-li məktəbin direktoru Axundov Qadir, eləcə də məktəbin digər təcrübəli fənn müəllimləri də mütəmadi iştirak edirdilər. Müzakirə zamanı təcrübəli müəllimlərin dəyərli tövsiyələri növbəti dərslərdə öz bəhrəsini verirdi. Hər sınaq dərsindən sonra keçirilən müzakirələr canlı, işgüzar disskusiya mərkəzinə çevrilirdi.Tələbələr cəsarətlə yoldaşlarının mənfi və müsbət cəhətlərini bildirir, dərsin daha fəal və canlı keçməsi üçün didaktik metod və priyomlar axtarırdılar. Dərslərarası müddətdə tələbələr üçün həm metodistlərin, həm də məktəb rəhbərliyinin iştirakı ilə interaktiv dərsin quruluşu, müasir təlim texnologiyaları, interaktiv təlim metodu, təlimdə kompüter texnologiyasından istifadə, müasir dərsdə istifadə edilən üsul və metodlar, müasir dərs və ona verilən tələblər, dərsin strukturu və tipləri, fəal təlim nəyə əsaslanır, sinif rəhbərinin işi və s. mövzularda mühazirələr təşkil olunurdu.
|
Dostları ilə paylaş: |