Mövzu 2- (4 saat) 1900-1914-CÜ İLLƏrazərbaycanin iCTİMAİ-Sİyasi HƏyati plan


İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ.SOSİAL VƏ MİLLİ ƏSARƏTƏ QARŞI MÜBARİZƏ



Yüklə 79,96 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü79,96 Kb.
#45868
1   2   3   4
mövzu 2

İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ.SOSİAL VƏ MİLLİ ƏSARƏTƏ QARŞI MÜBARİZƏ Ölkədə baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, digər tərəfdən isə 1901-ci ildə yaradılmış Bakı sosial-demokrat təşkilatı tərəfindən siyasi təbliğatın gücləndirilməsi həmin ildə bir sıra fəhlə çıxışlarına gətirib çıxardı.Əmək haqqı gecikdirildiyinə görə, 1901-ci ilin martında Sabunçudakı "Təmir" emalatxanasının fəhlələri tətilə başladılar.Ancaq polis işə qarışdıqdan və yeddi fəhlə istintaqa cəlb edildikdən sonra tətil dayandırıldı.

Tətillər təkcə Bakıda deyil, həm də qəzalarda da baş verirdi.1901-ci ilin avqustunda Gəncədə dəmir yol deposunun, elə həmin ilin dekabrında isə Tovuzda dəmir yol stansiyasının fəhlələri tətil etmişdilər.

Bu çıxışlar hökumət idarələri tərəfindən fəhlələrə qarşı görülən bir sıra cəza tədbirləri ilə nəticələndi. 1902-ci ilin yanvarında Bakıda gücləndirilmiş mühafizə rejimi elan olundu, yəni polisə asayiş pozulan zaman amansız rəftar etmək üçün fövqəladə səlahiyyətlər verildi. Kütləvi axtarışlar keçirib ən fəal fəhlələr həbs edilsə də, fəhlə çı-xışlarının qarşısını almaq mümkün olmadı.

1902-ci ilin 1 May nümayişinə (nümayişin təşkilində RSDFP Bakı Komitəsi də iştirak etmişdi) müxtəlif millətlərdən olan 5 mindən artıq adam çıxmışdı.

Nümayişçilər "Rədd olsun mütləqiyyət!, "Yaşasın sosializm!" şüarları ilə şəhərin küçələri ilə addımlayırdılar. 1902-ci ilin iyunundan oktyabrınadək "Nobel qardaşları" mədənlərində emalatxanaların azərbaycanlı fəhlələri, Bakı fənərçiləri, Bakı gəmi təmiri zavodu işçiləri və b. bir sıra tətil çıxışları etdilər.

1903-cü ildə inqilabi çıxışlar geniş miqyas aldı. Martın 2-də Bakıda iri siyasi nümayiş keçirildi. Nümayiş zamanı polis və kazaklarla baş verən toqquşmada yaralananlar oldu. Elə həmin gün Balaxanıda, müxtəlif millətlərdən olan 2 min nəfərədək fəhlə etiraz nümayişinə çıxdı. Hökumət orqanları nümayişi dağıtmaq üçün kütləvi həbslərə əl atdı, iştirakçıların 60 nəfərdən çoxunu həbs etdi.

Aprelin 27-də Bakıda 1 May şərəfinə eyni zamanda şəhərin müxtəlif hissələrində 10 min nəfərədək adamın iştirak etdiyi böyük siyasi nümayiş baş verdi, lakin polis tərəfindən dağıdıldı. Hakimiyyət orqanlarının cəza tədbirlərinə baxmayaraq, bütün may-iyun ayları ərzində şəhərin müxtəlif müəssisələrində bəzən tətilçilərin qələbəsilə bitən kiçik tətillər davam edirdi.

Rusiyanın cənubunda 1903-cü ildə kütləvi siyasi çıxışların başlanğıcı olan ən iri tətil Bakıda iyulun 1-də (14-də) Xatisovun zavodunda başladı, iyulun 4-də Qara və Ağ şəhərləri, habelə Bibiheybəti, növbəti gün isə Balaxanı-Sabunçu neft sənayesi rayonunu əhatə edərək ümumi xarakter aldı. Tətillərdə iri sənaye müəssisələri fəhlələri ilə birlikdə, kiçik sənaye müəssisələri, mətbəə, şəhər konkası işçiləri, sənətkarlıq emalatxanaları, dülgərlər, çəlləkçilər, çörəkçilər və b. iştirak edirdilər. Elektrik stansiyaları, dəmir yol nəqliyyatı dayandı, Bakı limanındakı gəmilərin heyətləri də tətil etməyə başladılar. Tətil iştirakçılarının ümumi sayı ən azı 40 min nəfər olardı. Bəzi yerlərdə azərbaycanlı fəhlələrin qatı tətilçi fəallığı xüsusən əlamətdar hal idi.

RSDFP Bakı Komitəsi tətilin əvvəlindən onun ümumi tətilə çevrilməsini məqsədəuyğun saymayaraq, qətiyyətsiz mövqe tutdu. Lakin hadisələrin gedişi sosial-demokratları tətildə bilavasitə iştirak etməyə, tətil komitəsinə daxil olmağa və onun tələblərini tərtib etməyə məcbur etdi. Onların içərisində əmək haqqının artırılması, iş gününün 8 saatadək qısaldılması, 2 mart və 27 aprel küçə nümayişləri zamanı həbs olunmuş fəhlələrin azad edilməsi, tətil, mətbuat və yığıncaq azadlığı kimi tələblər var idi. . İyul tətili əvvəlki, əsasən iqtisadi xarakter daşımış tətillərdən məhz bununla fərqlənirdi. Tətilçilər müstəsna mütəşəkkillik göstərir, fəhlələr özləri mədənləri mühafizə edirdilər. Tətil yeni-yeni müəssisələri əhatə edirdi. İyulun 5-dən 8-dək "Nobel" firmasının bütün müəssisələri, Bayıldakı sənətkarlıq emalatxanaları, Tağıyevin toxuculuq fabriki, tərsanələr, tənbəki fabriki və b. tətilə başladı. İyulun 6-da şəhərin küçələrini və ətrafını fəhlə nümayişləri bürümüşdü.

Daxili işlər naziri Plevinin göstərişi ilə təcili surətdə Bakıya bir neçə batalyonluq hərbi qüvvə göndərilməsi əmri verildi. Həmin qüvvə iyulun 8-dən başlayaraq şəhərə gəldi və müəssisə, dəmir yolu və mədənlərdə hərbi qarovullar qoyuldu. İyulun 12-də sənayeçilər fəhlələrin, işə çıxmayacaqları təqdirdə, işdən azad ediləcəkləri haqqında elan asdılar.

Güclü təzyiqlərə və ayrı-ayrı müəssisələrdə fəhlələrin işə çıxmalarına baxmayaraq, tətil bir çox yerlərdə davam edirdi. Balaxanı mədən rayonunun fəhlələri xüsusən möhkəm dayanmışdılar. Polis fitnəkarlığa əl atdı və mədənlərə yanğın salınması cinayətini təşkil etdi. İyulun 14-dən 17-dək 100-ə yaxın buruq yandırıldı. Fəhlələr arasında kütləvi həbslər başlandı, tətil edənlər isə ağır itkilərə məruz qaldılar. Fəhlələrin xırda tələbləri ödənilsə də, onların əsas tələbləri yerinə yetirilməmiş qaldı. Lakin Bakıda 1903-cü ilin iyul tətili Rusiyanın cənubunda inqilabi çıxışlara mühüm təsir göstərdi. Bakının ardınca Tiflis, Batum, Odessa, Kiyev, Yekaterinoslav, Novorossiysk və b. şəhərlərdə tətillər baş verdi.

Azərbaycan kəndində də sosial ziddiyyətlər kəskinləşirdi. Kəndlilərin vergi verməkdən imtina etməsi, mülkədar və xəzinə torpaqlarının tutulması, bəy malikanələrinə hücum halları artmağa başlamışdı. Vergilərin ödənilməsi barədə çoxsaylı şikayətlər də təkcə mülkədarlara qarşı deyil, həm də doğulmaqda olan kənd burjuaziasına-varlı qolçomaq kəndlilərə, tacir sələmçilərə və b. qarşı çevrilmişdi.

Kəndli çıxışları tez-tez polislə silahlı toqquşmalara çevrilirdi. 1900-1903-cü illərdə Şamaxı qəzasının Navahi kəndində, Bakı qəzasının Buzovna, Zığ, Əhmədli və Maştağa kəndlərində, Naxçıvan və Yelizavetpol qəzalarında belə çıxışlar baş vermişdi. 1903-cü ilin yayında Lənkəran qəzası Cangəmirən kənd sakinlərinin çıxışını kazaklar və bəylərin silahlı dəstələri yatırmışdı.

O dövrdə də Azərbaycanda kəndli etirazı və mübarizəsi əsaslı formada qaçaqçılıq hərəkatı idi. Qaçaqlar mülkədar və varlı kəndlilərin malikanələrinə hücum edirdilər. Yelizavetpol quberniyasının Alabaşlı kəndindən məlumat verilirdi ki, "hər gün quldurların kazarmaya hücumları baş verirdi... Kazarmadan bayıra çıxmaq qeyri-mümkündür, mühafizə etmək və müdafiə olunmaq üçün heç nə yoxdur".

Qaçaq hərəkatı Yelizavetpol qəzasında geniş miqyas almışdı. Qaçaqları təqib etmək üçün qəza rəisi Reutt silahlı dəstə ilə buraya göndərilmişdi.

1904-cü ildə Yelizavetpol qəzasının qaçaq dəstəsi öz fəaliyyətinı daha da genişləndirmişdi. 1904-cü il fevralın 27-də dəstə Aver-Əhmədli kənd cəmiyyətinin starşinasına hücum etdi, mayın 27-də Bitdili kəndi yaxınlığında kazaklarla toqquşdu.

Ağır vergi zülmü ifrat tədbirlərə əl atmağa məcbur edirdi. 1904-cü ildə Qarabulaq adlı xəzinə kəndinin 20 ailəsi yerli hökumət idarələrinin özbaşınalığına dözməyərək, öz yurdlarını tərk etmiş və Bürcələr dərəsi adlı əlçatmaz yerə köçmüşdü. Onlar burada, meşədə, Bürcələr kəndinin əsasını qoymuş, qonşu kəndlilərin sakinləri də bu kəndə köçüb gəlmişdilər. Bürcələr camaatı yerli hakimiyyət orqanlarını tanımayaraq, vergiləri ödəməkdən imtina edir və tez-tez malikanələrinə, varlı kəndlilərin evlərinə hücum edirdilər. Onlara Dəli Aslan Həsən oğlu başçılıq edirdi. Çoxsaylı cəza ekspedisiyalarına baxmayaraq, bürcələrlilər təslim olmamış və silahlı mübarizəni bir neçə il davam etdirmişdilər.

Kəndli çıxışları Azərbaycanın digər qəzalarında da baş verirdi lakin onların hamısı pərakəndə və qeyri-mütəşəkkil xarakter daşıyırdı.

Azərbaycanda milli-azadlıq hərəkatı və inqilabi mübarizənin yüksəlişi orta şəhər təbəqələri və milli ziyalılara da təsir göstərirdi, Liberal islahatların keçirilməsi zərurəti getdikcə özünü daha aydın göstərirdi. Təhsil alan gənclər də, mövcud qaydaların dəyişdirilməsi uğrunda mübarizəyə qoşulurdular. 1902-ci ildə Bakı şagird komitəsi təşkil olundu. Komitə fəaliyyətinin başlanğıcında müstəqil təhsil məsələləri ilə məşğul olurdu. Lakin tezliklə şagird komitəsi siyasi işə cəlb olunaraq, siyasi referatların oxunuşunu keçirir, məktəb həyatı ilə yanaşı, siyasi hadisələri də əks etdirən vərəqələr dərc edirdi. Məsələn, şagird komitəsi 1903-cü ildə buraxılmış vərəqələrində şagirdləri mayın 1-də məşğələlərə gəlməməyə çağırdı, eyni zamanda onlar mart və may nümayişlərində, iyul tətili günlərində keçirilən çoxsaylı mitinqlərdə iştirak etmişdilər.

1903-cü ilin ikinci yarısında Bakı və Gəncənin mexaniki zavodları və mədənlərində baş verən ayrı-ayrı pərakəndə tətillər Rusiya-Yaponiya müharibəsinin başlanması ilə əlaqədar tezliklə dayandırıldı.

1904-cü il yanvarın 26-dan 27-nə keçən gecə Yaponiyanın minadaşıyan gəmilər dəstəsi Port-Arturun xarici reydində dayanmış rus Sakit okean donanmasına qəflətən hücum etdi. 1905-ci ilin avqustunadək davam edən və hər iki döyüşən tərəfdən, demək olar ki, 200 min nəfərin ölümünə səbəb olan Rusiya-Yaponiya müharibəsi belə başlandı.

Bütün ölkədə olduğu kimi, Azərbaycanda da müharibə fonduna ianə toplanması başlandı. Digər şəhərlərin ardınca Bakının da hakimiyyət orqanları vətənpərvərlik manifestasiyaları keçirirdilər.

Bakı burjuaziyası müharibə üçün böyük məbləğdə vəsait ayırırdı. Məsələn, neft sənayeçiləri qurultayı Şurası hərbi fonda 150 min rubl., H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyev və b. sahibkarlar 10 min rubl., Bakı erməni insansevərlər cəmiyyəti 1000 man. pul vermişdi.

Müharibə başlanandan zəhmətkeş kütlələrin və ümumiyyətlə, cəmiyyət arasında böyük narahatlıq yaratmışdı, xalqın onsuz da dilənçilik vəziyyətində olan həyat səviyyəsi bir xeyli aşağı düşmüş, un. yağ, şəkər və digər ərzaq məhsullarının qiymətləri qalxmışdı. Bakının zavod və mədənlərində növbədənkənar və gecə işləri tətbiq olunur, sahibkarlar əmək haqqını vaxtaşırı azaldır, onun ödənilməsini ləngidir və cərimələr qoyurdular.

Fəhlə həyəcanlarının qarşısını almaq üçün Bakıda mühafizə tədbirləri gücləndirildi. Balaxanı, Sabunçu, Ramana və Zabratda yeni polis sahələri yaradıldı. Bunlara baxmayaraq, ayrı-ayrı məhdud çərçivəli tətillər baş verirdi. Bibiheybətdə "Elektrosila"nın fəhlələri tətil etmiş, Eyzenşmidt zavodunun işi dayandırılmış, şəhər konkası, "Votan" firmasının emalatxanaları tətilə başlamışdı.

Polis departamenti üçün hazırlanmış məlumatda Bakı fəhlə hərəkatının yüksəlişinə səbəb olan amil belə izah olunurdu: "Proletariatın yaşadığı və indi də yaşamaqda davam etdiyi dəhşətli şərait fəhlə kütlələrini inqilabi yola itələyən özünüdərkin inkişafına təkan verən başlıca qüvvədir".

Müharibəyə qarşı ən kəskin təbliğat aparan bolşeviklər fəhlə kütləsini müharibəni mütləqiyyətə və kapitalistlərə qarşı çevirməyə çağırırdılar. 1904-cü ilin martında RSDFP Qafqaz İttifaqı Komitəsi tərəfindən Zaqafqaziyada müharibə əleyhinə təşviqat aparılması haqqında təlimat işlənib hazırlandı, bolşeviklər "Rədd olsun müharibə" adlı vərəqə buraxıb, onu Tiflis, Bakı, Kutaisi və b. şəhərlərdə yaydılar.

Lakin 1904-cü ilin əvvəllərində RSDFP Bakı Komitəsi bolşeviklərin əlindən çıxdı və ona rəhbərlik V.Mitrov başda olmaqla menşeviklərin əlinə keçdi.

Menşeviklərin Bakı Komitəsinə rəhbərliyi 1904-cü ilin iyununadək çəkdi. Onlar bu, həddindən artıq qeyri-populyar müharibənin əleyhinə çıxış etsələr də, bolşeviklərdən fərqli olaraq, müharibədəki məğlubiyyəti mövcud rejimə qarşı yönəltmək fikrindən uzaq idilər. Məhz bu səbəbdən menşevik BK-sı Qafqaz İttifaq Komitəsinin qurultayına öz nümayəndəsini göndərmədi. İyunun 4-də RSDFP - Qafqaz İttituqının qurultayından sonra Qafqaz İttifaq Komitəsi Bakı Komitəsinin buraxılması haqqında qərar qəbul etdi. Bolşeviklərin Bakıya göndərilən böyük bir qrupu, A.M.Stopani katib olmaqla, BK-nın yeni tərkibini təşkil etdi. Orduya səfərbərliyin hazırlanması ilə əlaqədar olaraq, bolşeviklər 1904-cü ilin sentyabrında müharibə əleyhinə bir neçə nümayiş təşkil edə bildilər.

Eyni zamanda Azərbaycan qəzalarında da tətillər başlandı. Gəncə ipəkçiləri, dəmiryolçular və mətbəə işçiləri ciddi siyasi və iqtisadi tələblər irəli sürdülər, tələblərin xeyli hissəsi yerinə yetirildi. Gədəbəy filiz mədəni və misəritmə zavodunda baş verən tətil 15 gün çəkdi. Hərbi əməliyyatların Rusiyanın xeyrinə olmayan istiqamətdə; gedişi, güclənən iqtisadi və siyasi böhran da Azərbaycandakı siyasi vəziyyətə müəyyən təsir göstərirdi.

Rus ordusu məğlubiyyətə uğrayırdı. Port-Arturun bir neçə ay davam edən mühasirəsi müharibənin başa çatdığı mərhələyə çevrildi. Gərgin dəniz vuruşmalarından sonra Port-Artur təslim oldu və Rusiya müharibəni uduzdu.

Port-Artur müdafiəçiləri sırasında sonradan Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə milli orduda xidmət edəcək igid azərbaycanlı zabitlər də vuruşurdular. 7-ci Şərqi Sibir artilleriya divizionuna komandirlik etmiş Səməd ağa Mehmandarov onlardan biri idi.Cəbhənin müdafiə rəisi general-mayor Kondratenkonun ən yaxın köməkçilərindən biri olan S.Mehmandarov tezliklə Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi təyin edildi.Bu hadisələrin şahidləri polkovnikin qeyri-adi cəsurluğu və şəxsi igidliyini qeyd edirlər. S. Mehmandarov Port-Arturun müdafiəsində hərbi xidmətlərinə görə döyüş ordenləri və qızıl silahla təltif olunmuş, general-mayor rütbəsi almışdı.

Port-Arturun müdafiəçiləri sırasında qala qarnizonu batareyasına komandirlik edən topçu zabit, kapitan Əlağa Şıxlinski də var idi.Döyüş nailiyyətləri və hərbi məharəti ona "artilleriyanın allahı" şöhrətini qazandırmışdı.Rusiya-Yaponiya müharibəsinin iştirakçıları içərisində həmçinin 2-ci Dağıstan süvari alayının komandiri polkovnik Hüseyn xan Naxçıvanski, polkovnik İlyas bəy Ağalarov və b. məşhur idilər.

Alçaldıcı Portsmut sülhünün imzalanması Rusiyanın bu müharibədə məğlubiyyətinə yekun vurdu.Bu müqaviləyə görə, Port-Artur, Cənubi Saxalin və Koreya Yaponiyanın ixtiyarına keçirdi.

Yaponiya ilə müharibədə məğlubiyyət Rusiyada ümumi siyasi böhranın kəskinləşməsinə səbəb oldu.Sənaye şəhərlərində siyasi tətil və nümayişlər baş verir, kənd yerlərində kəndlilər mülkədar və xəzinə torpaqlarını, meşələri, su mənbələrini özbaşına tutur, malikanələri yandırır, mülkədarların taxılını aclıq çəkənlərə paylayırdılar.Orduda, tələbə-gənclər arasında həyəcanlar başlayırdı.Neft sənayesinin geniş fəhlə kütlələri içərisində - cəmiyyətin ən intensiv şəkildə istismar olunan bu hissəsində narazılıq günü-gündən artırdı.1904-cü ilin avqust ayında Bakıda Şendrikov qardaşları tərəfindən "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" adında menşevik mövqeli təşkilat yaradıldı.Fəhlələrlə sıx ünsiyyətə girən Şendrikovlar onları əsasən iqtisadi mübarizəyə çağırır, bolşeviklərə qarşı çıxış edirdilər.

Şendrikovlar özlərini sözdə sosial-demokrat adlandırır və daha çox menşeviklərə meyl edirdilər.1904-cü ilin iyun ayında, yəni RSDFP Bakı Komitəsinin bolşeviklərin əlinə keçməsindən sonra onlar ilə şendrikovçular arasında fəhlə kütlələrinə təsir uğrunda mübarizə başlandı.Şendrikov qardaşları başda İlya Şendrikov olmaqla bolşevikləri qeyri-demokratizmdə ittiham edirdilər.Onların dediyinə görə, bolşevik təşkilatının rəhbərliyini bir qrup ziyalı təşkil edir ki, onların da fəhlələrlə ünsiyyəti yox dərəcəsindədir və Bakı Komitəsinə fəhlələr tərəfindən heç bir nəzarət olunmur.Məhz buna görə də BK-nın bütün qərarları fəhlələrə əmr formasında çatdırılır, bu isə, şendrikovçuların fikrincə, inqilabi hərəkatda yolverilməzdir.Şendrikovçuların bolşeviklərə ikinci ittihamı onların fəhlələrin iqtisadi ehtiyaclarına əhəmiyyət verməməkləri və bütün gücü siyasi məsələlərə yönəltmələrindən ibarət idi.Öz növbəsində bolşeviklər şendrikovçuları anarxo-sindikalist və avantüraçı adlandırırdılar.Onların əsas ittihamı ondan ibarət idi ki, şendrikovçular siyasi şüarlardan vaz keçərək, fəhlələri yalnız iqtisadi mübarizəyə çağırırlar, bu isə, bolşeviklərin fikrincə, menşevizmin ibtidai dövrü, kobud "ekonomizm" demək idi.

1904-cü ilin avqustunda Şendrikovlar Bakı Komitəsi tərəfindən intizamsızlıq törətməkdə günahlandırılaraq partiyadan çıxarıldılar.

1904-cü ilin noyabr ayından şendrikovçular ümumi tətilə hazırlıq görməyə başladılar.

Dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir".

Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular.

Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17-də "Şərq cəmiyyəti", "Qafqaz və Merkurinin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.

Tətilə rəhbərliyi ələ almaq uğrunda iki təşkilat arasında mübarizə başlandı. Bu zaman BK şəhər rayonunda, şendrikovçular isə neft mədənləri və neftayırma zavodlarında üstün mövqeyə malik idilər. BK tətilə rəhbərlik etmək üçün A.M.Stopani, P.A.Caparidze və İ.Fioletov başda olmaqla, tətil komitəsi təşkil etdi. Tətil komitəsinə sosial-demokrat "Hümmət", erməni "Qnçak" təşkilatlarınında nümayəndələri daxil oldu və sol blok yaratdılar. Şendrikovçular tətil komitəsinə daxil olmaqdan imtina etdilər.

Bu zaman tətil genişlənməkdə davam edirdi.Neft sənayeçiləri danışıqlara getməyə məcbur oldular.İki həftə əvvəl şendrikovçuların hazırladıqları tələblərin bütöv təkrarı olan bir sıra iqtisadi tələblər ətrafında danışıqlara RSDFP BK-nın nəzarəti altında olan Tətil komitəsi fəhlələrin nümayəndəsi kimi rəhbərlik edirdi.

Danışıqlar bir neçə dəfə pozuldu və nəhayət, dekabrın 21-də tətilin dekabrın 23-də dayandırılacağı barədə razılıq əldə edildi.Lakin tətilin rəhbəri şöhrətini əldən vermək istəməyən şendrikovçular fəhlələri açıqdan-açığa işə çıxmamağa çağırırdılar. Dekabrın 23-də iş başlanmadı, müxtəlif fəhlə qrupları arasındakı toqquşmalar və jandarmların işə müdaxiləsi qan tökülməsinə gətirib çıxardı. Sahibkarlar dekabrın 27-ni işə qayıdış günü elan etdilər.Lakin bolşeviklər vəziyyətdən istifadə edərək, 25 yeni tələb hazırladılar və onları sahibkarlara təqdim etdilər.Bu tələblərin əsasında dekabrın 27-də yeni saziş əldə olundu. Bu saziş 9 saatlıq iş gününə (birinci sazişdə 9,5 saatlıq) əməl olunması, xəstəliyə görə 2 aylıq məzuniyyət verilməsini (birinci sazişdə 1,5 ay), 3 növbəli işin tətbiqini, İran təbəələri və digər millətlərdən olan fəhlələr arasında qeyri-bərabərliyin aradan qaldırılmasını və i.a. nəzərdə tuturdu.

Tətilin başa çatdırılmasında bolşeviklərin qələbəsinə yol vermək istəməyən şendrikovçular "iqtisadi terrora", yəni neft buruqlarının yandırılmasına əl atdılar.İ.Şendrikov mədənlərdə çıxış edərək, fəhlələri tətili davam etdirməyə çağırır, yeni tələblər hazırladığını bildirirdi.Bu tələblər hazırlandı və dekabrın 30-da "Elektriçeskaya sila" zavodunda, böyük fəhlə kütləsinin əhatəsində Rusiya fəhlə hərəkatı tarixində ilk kollektiv müqavilə imzalandı. "Mazut konstitusiya"sı adı ilə məşhur olan bu müqavilə bolşeviklərin dekabrın 27-də imzaladıqları sazişin şərtlərinə əlavə olan aşağıdakı maddələri nəzərdə tuturdu: tətil günləri üçün fəhlələrə əmək haqqı ödənilməsi; fəhlələrə mənzil, kerosin, neft və su verilməsi; əmək qabiliyyətini itirənlər üçün 3 ay müddətində əmək haqqının yarısının saxlanması; tətilçilərin cəzalandırılmayacağına təminat verilməsi.

1904-cü ilin kollektiv müqaviləsi Bakı fəhlələrinin çox böyük nailiyyəti olub, onun maddi vəziyyətini xeyli yaxşılaşdırdı.Neft sənayeçilərindən qoparılmış güzəştlər pulla hər ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20 faizinə bərabər idi.

RSDFP-nin bolşevik Bakı Komitəsi və "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" arasındakı qarşıdurmada bu dəfə şendrikovçular qalib gəldilər.Halbuki sonralar sovet tarixşünaslığında dekabr tətilinin təşkili və keçirilməsindəki bütün xidmətlər yalnız bolşeviklərə aid edilirdi.Lakin şendrikovçuların uğuru da çox çəkmədi.1905-ci ilin yanvarında onlar tərəfindən yaradılmış "Bakı fəhlələr ittifaqı" (Bakı Sovetində çoxluq toplayaraq) keçirilən tətillərdə təxribatçılıqla məşğul olmağa başladı.

1906-cı ildə isə şendrikovçuların neft sənayeçiləri və polislə ünsiyyətdə olması və bir çox korrupsiya faktları aşkar edildi.Həmin ilin iyun ayında onlar RSDFP birləşmiş təşkilatının (bolşeviklər və menşeviklər) iclasında partiyadan kənar edildilər.Şendrikovçular haqqında tərtib olunmuş cinayət işi RSDFP Mərkəzi Komitəsinə göndərildi.

Beləliklə, XX əsrin əvvəlindən bəri Azərbaycanda yetişən inqilabi böhran 1904-cü ilin dekabrında güclü ümumi tətillə başa çatdı. Bu tətil Rusiya imperiyasının ucqarlarında idarəçiliyin köhnə forma və metodlarının qeyri-mümkünlüyünü üzə çıxarıb bir daha təsdiq etdi.

1905-ci il Rusiyada ictimai-siyasi hərəkatlar tarixində zirvə mərhələsi, xalq kütlələrinin mütləqiyyətlə, sosial və milli əsarətə qarşı mübarizəsində çox mühüm pillə oldu.

Bütün ölkəni lərzəyə salmış 9 Yanvar hadisələri ümumi partlayışa səbəb oldu. Eyni zamanda yanvar çıxışları Bakıdakı ümumi dekabr tətilinin davamı idi. Hərəkat digər şəhərlərdə də genişlənirdi. Elə həmin ay Tiflis, Gəncə, Batum, Kutaisi və Zaqafqaziya dəmir yolunun fəhlələri tətilə başlamış, Gədəbəyin mis mədənlərində, Ləki stansiyasındakı yağ zavodunda çalışanlar işi dayandırmışdılar.

Çarizm tətil hərəkatına qarşı polis tədbirini gücləndirdi. 1905-ci il fevralın 15-də müvəqqəti Bakı general-qubernatoru vəzifəsi təsis edildi, fevralın 18-dən isə II Nikolayın fərmanı ilə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət tətbiq olundu və digər tədbirlər görüldü.

1905-ci ilin yaz və yayında ölkədə fəhlə hərəkatı daha geniş vüsət aldı, Azərbaycandakı çıxışlar da kəskin xarakter almağa başladı. Mart-aprelin əvvəllərində Gəncə, Bakı, Ağstafa, Yevlax, Hacıqabul dəmiryolçuları tətilə başladılar, Tiflis və Aleksandropolun yol fəhlələri də onlara qoşuldular. Tətil 1905-ci il aprelin 12-dək davam etdi. Bu çıxışlara RSDFP Qafqaz İttifaq Komitəsi və yerli partiya orqanları rəhbərlik edirdi.

Bakıdakı Bir may tətilləri mayın 10-da ümumi tətilə çevrildi. Azərbaycanlı fəhlələrin kütləvi şəkildə iştirak etdiyi bu tətillərdə 26 hüquqi, siyasi və iqtisadi tələb irəli sürüldü. Onların tələbləri ilə tanış olmaq üçün tərkibinə Bakı dumasının üzvləri H.A.Aşurov, İ. Hacıyev, İ.Hacınski, K.Səfərəliyev və quberniya qazısı daxil olan xüsusi komissiya Balaxanıya gəldi. Mayın 14-də komissiya azərbaycanlı sahibkarlara məxsus mədənlərin müdiriyyəti ilə birlikdə müsəlman fəhlələrin mitinqini keçirdi. Burada irəli sürülən tələblər neft sənayeçiləri qurultayı Şurası tərkibinin azərbaycanlılar hesabına genişləndirilməsi, azərbaycanlı fəhlələrdən usta vəzifəsinə qəbulun artırılması, müsəlman fəhlələrə dini ehtiyaclarını ödəmək üçün şərait yaradılması və onlara tibbi xidmətin yaxşılaşdırılmasından ibarət idi.

1905-ci ilin yayında Azərbaycanda tətil hərəkatının artması müşahidə olunur. İyun-iyul aylarında bu hərəkat Bakının bütün sənaye müəssisələrinin dörddə üçünü əhatə etmişdi. Təkcə neftçilər deyil, həm də dəmiryolçular, gəmi təmiri emalatxanalarının fəhlələri, Xəzər ticarət donanması gəmilərinin çoxunun komandaları, Bakı apteklərinin işçiləri və b. tətil edirdilər. Hərəkat qəzalara da keçərək, ağ neft kəməri fəhlələrini, Nuxa və Şuşanın ipəksarıyıcılarını və Gədəbəyin misəridənlərini əhatə etdi.

1905-ci ilin yazı və yayında Azərbaycanda kəndli hərəkatı geniş miqyas aldı. Kəndlilər çarizmin köçürmə siyasətinə qarşı çıxır, vergiləri ödəməkdən, mükəlləfiyyətləri yerinə yetirməkdən boyun qaçırır, xəzinə meşələrini qırır, malikanələri dağıdır, hökumət sərəncamlarını yerinə yetirməkdən imtina edirdilər. Lakin bütün bunlar əsasən kortəbii xarakter daşıyırdı.

Bu dövrdə kəndlərdə qaçaqçılıq geniş yayılmışdı. Yelizavetpol quberniyasındakı qaçaqlardan Qandal Nağı, Əli Məhərrəm oğlu, Kərbəlayı Əsgər və b. xüsusən çox şöhrətlənmişdilər66.

Çar hökumət orqanları kəndlilərə qarşı amansız cəza tədbirləri tətbiq edir, sakinləri əldə silah sosial ədalətsizliyə qarşı çıxan və ya xalq qisasçılarına kömək göstərən kəndləri məhv etməkdən belə çəkinmirdilər.

Cənubi Qafqaz, o cümlədən Bakı, Ağstafa, Hacıqabul, Yevlax və Gəncə dəmiryolçularının tətili 1905-ci ilin payızında mühüm hadisə oldu. Diyarın dəmir yollarında qatarların hərəkəti dayandı, yollar tətil komitələrinin əlinə keçdi. Oktyabr günlərində Bakının bir çox iri müəssisələrinin fəhlələri tətilə başladılar. Bu zaman və noyabrın sonunda Nuxa və Şuşanın ipəksarıma fabriklərində, Ağdam pambıqtəmizləmə zavodunda, Xəzər ticarət donanmasında tətillər baş vermişdi.

1905-ci ilin payızında azadlıq hərəkatının yüksəlişi, ümumi oktyabr tətili ölkədə inqilabi şəraitin kəskinləşməsinə dəlalət edirdi.Oktyabrın 17-də II Nikolay rejimi iflasdan xilas etmək məqsədilə, eləcə də Rusiya xalqlarına mülki və siyasi azadlıqlar vermək niyyəti ilə Dövlət dumasının çağırılması haqqında manifest verdi. Lakin çarizm özünün geniş təbliğ edilən vədlərini yerinə yetirməyə tələsmirdi.

Sol siyasi təşkilatların təşəbbüsü ilə oktyabrın sonlarında Bakı və Gəncədə kütləvi siyasi mitinqlər və nümayişlər keçirildi. Bu tədbirlərdə zəhmətkeşləri beynəlmiləl ittifaqı möhkəmləndirməyə və mütləqiyyətə qarşı silahlı mübarizəyə hazırlaşmağa çağırırdılar.

Oktyabrın 25-də Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun manifestin necə başa düşülməsini "izah edən" elanı dərc olundu. Bakı şəhəri və quberniyasının müvəqqəti general-qubernatoru Fadeyevin sərəncamı ilə hər cür "kütləvi küçə çıxışları və xalq yığıncaqları" qadağan edilirdi. Çar hakimiyyət orqanları vəd edilmiş "azadlıqlar"ın əvəzinə əhalini amansız cəza tədbirləri ilə hədələyirdi.

Bakı fəhlələrinin mübarizəsi şəhər əhalisinin digər təbəqələrinə güclü təsir göstərirdi. Oktyabr-dekabr ayları ziyalılar və qulluqçuların ictimai-siyasi fəallığının inkişafında, onların (mühəndis və texniklərin, vəkillərin, həkimlərin, baytar işçilərin, zabitlərin, müəllimlərin, şagirdlərin, əczaçıların, feldşerlərin, məmurların, poçt-teleqraf və kontor işçilərinin və b.) öz həmkarlar təşkilatlarını yaratmalarında mühüm mərhələ oldu. Ziyalılar çarizmin siyasətinə öz münasibətlərini bildirir, verilmiş vədlərin yerinə yetirilməsini, məclisi-müəssisanın çağırılmasını tələb edirdilər. Orta ziyalı təbəqələrinin tələblərində peşələri ilə bağlı məsələlər (maddi vəziyyətin yaxşılaşdırılması və i.a.) öz əksini tapırdı.

1905-ci il hadisələri Azərbaycan müəllimlərinə də böyük təsir göstərirdi. Müəllimlərin bütün mütərəqqi hissəsini birləşdirən ümumi platforması məktəblərin demokratikləşdirilməsi uğrunda mübarizə idi. Müəllimlər azadlıq hərəkatına, Rusiyanın siyasi cəhətdən yenidən qurulması ideyasına tərəfdar çıxırdılar. 1905-ci ilin dekabrında azərbaycanlı müəllimlər Nazirlər Şurasının sədrinə və Qafqaz canişininə müraciətdə ilk dəfə olaraq kollektiv surətdə özlərinin maddi və hüquqi vəziyyətləri, Azərbaycan əhalisi içərisində xalq təhsili sisteminin kökündən dəyişdirilməsi zərurəti haqqında məsələ qaldırırdılar. Məsələn, N.Nərimanov, Ü.Hacıbəyov və b. xalq təhsili əməkçilərinin siyasi özünüdərk oyanışında azadlıq hərəkatının oynadığı rolu qeyd edirdilər.

Ə.Topçubaşov Bakı müəllimlərinin həmkarlar ittifaqının yaradılmasını alqışlayır və müdafiə edirdi.

1905-ci ilin sonunda Bakı orta məktəb şagirdlərinin hələ fevral ayında başlamış hərəkatı geniş miqyas aldı. Gənclər əsaslı məktəb islahatı tələb edir, mühüm ümumdemokratik şüarlar irəli sürürdülər. Yeniyetmələrin hərəkatı ictimai-siyasi əhəmiyyətə malik idi və rejimə qarşı çıxışa çevrildi. Siyasi təşkilatların şagird gənclər arasında apardığı işlər nəticəsində onların təşkilatları yaradıldı. Dekabrda azərbaycanlı şagirdlərin "Üxüvvət" ("Qardaşlıq") təşkilatı yaradıldı.

Bu dövrdə Gəncə gimnaziyaçılarının, Şuşa realnı və Zaqatala şəhər məktəbləri şagirdlərinin tətilləri baş verdi. Noyabrın ortalarında Bakı, Gəncə və Zaqatalanın poçt-teleqraf işçiləri rabitəçilərin Ümumrusiya tətilinə qoşuldular.

Moskvada dekabr silahlı üsyanı Azərbaycanda fəhlə hərəkatına yeni təkan verdi. Qafqaz və Orta Asiya dəmiryolçularının dekabrın 7-də açılan konfransı Rusiya dəmiryolçularının ümumi siyasi tətilinə qoşulmağı qərara aldı. Dekabrın 10-da başlayan tətil Bakı, Biləcəri, Gəncə, Ağstafa və b. stansiyaların fəhlə və qulluqçularını əhatə etdi. Dəmir yolda hərəkətin idarə olunması yenidən tətilçilərin əlinə keçdi. Dəmiryolçuların tətili 1905-ci il dekabrın sonunadək davam etdi..

RSDFP Bakı Komitəsi yaranmış vəziyyətdən ümumi siyasi tətil keçirmək üçün istifadə etmək qərarına gəldi. 1905-ci il dekabrın 13-də Bakı fəhlələrinin 1904-cü il tətilinin ildönümü günü Bakı Fəhlə Deputatları Soveti fəhlələrin təkidi ilə ümumi siyasi tətil elan etdi. Sovetin şendrikovçu rəhbərliyi tətil başlayanda ona iqtisadi xarakter verməyə cəhd göstərdi. Lakin tətil bütün Bakı rayonuna yayılaraq geniş miqyas aldı. Bir çox zavod və mədənlər, konka, yerli qəzetlərin buraxılışı dayandı, ziyalıların bir hissəsi tətilə başladı. Lakin tətil silahlı üsyana çevrilmədi, siyasi təşkilatların hamısı onu müdafiə etmədiyi üçün o, heç kütləvi tətilə də çevrilmədi. Çünki əhalinin geniş təbəqələrini, əsgərləri, matrosları və b. tətilə cəlb etmək mümkün olmadı.

Burjuaziya və ziyalıların əsas hissəsi sol partiyaların zorakılıq ve ifratçılıq meyillərindən çəkinmir, quruluşun islahatlar, parlament demokratiyasını tədricən həyata keçirmək yolu ilə dəyişdirilməsini dəstəkləyir, sinfi sülh ideyasmı, əmək münaqişələrinin danışıqlar vasitəsilə həllini sinfi mübarizədən üstün tuturdu. Bu görüşlərin tərəfdarları Rusiyada əmək və kapital arasında qarşılıqlı münasibətləri nizamlaya, fəhlələrin mülki və siyasi hüquqlarını müəyyənləşdirə biləcək fəhlə qanunvericiliyinin həyata keçirilməsi zərurətini də qeyd edirdilər.

Moskvada dekabr silahlı üsyanının məğlubiyyətindən sonra çıxışlar zəifləməyə başladı. Lakin Bakıda fəhlə hərəkatı yeni mərhələyə qədəm qoydu. Ona RSDFP-nin birləşmiş (bolşevik və menşeviklərin) Bakı təşkilatının icraiyyə komitəsi, eserlər partiyasının Bakı Komitəsi, milli sosial-demokrat "Hümmət" təşkilatı rəhbərlik edirdi. Mayın 1-i ümumi tətillə qeyd olundu. Sonra tətillər sənaye müəssisələrini əhatə etməyə başladı. Mədənlərin azərbaycanlı fəhlələrimübarizəyə getdikcə daha çox qoşulurdu. İyulun ortalarında mədənlərdə fəhlələrin artıq 65 faizi tətil edirdi.

Menşeviklər Bakı fəhlələrinin tətil hərəkatını avropasayağı mübarizə yollarına keçirməyi təbliğ edir, mülayim tələblərə çağırırdı.

1906-cı ilin yazında Bakıda şagirdlərin iri tətili baş verdi. Gəncə şagirdləri də tətil elan etdilər, burada sonralar yerli şagird təşkilatı yarandı.

İyun-iyul aylarında Xəzər ticarət donanması dənizçilərinin tətili baş verdi. Bu tətil onların Qara dənizdən olan həmfikirlərinin çıxışları ilə səsləşirdi. Elə bu dövrdə Tağıyevin toxuculuq fabriklərində də iri tətil olmuşdu və i.a.

Lakin tətillər dalğası ümumi tətilə çevrilmədi. Belə ki, siyasi təşkilatların mövqeyi bu məsələdə eyni deyildi. 1906-cı ilin yayı ərəfəsində təkcə RSDFP BK İcraiyyə Komitəsinə deyil, həm bütün komitələrə rəhbərlik edən menşeviklər onun keçirilməsini əleyhinə çıxır, kadetlər, şendrikovçular, "spesifiklər" və b. onları müdafiə edirdilər. Milli ziyalılann da əsas hissəsi kütləvi çıxışlara mənfi münasibət bəsləyirdi.

Tətillərin artması çar hakimiyyət orqanlarını təşvişə saldı. Fəhlələrin həbsi və sürgün edilməsi başladı. Tətil hərəkatı ilə mübarizə məqsədilə II Nikolayın 1906-cı il 28 sentyabrda verdiyi fərmana görə, Bakı xüsusi qradonaçalnikliyə ayrıldı, şəhərin və onun mədən-zavod rayonlarının birlikdə idarə edilməsi onun qradonaçalnikinə həvalə edildi. Eyni zamanda hakimiyyət orqanları, neft sənayeçiləri və fəhlələrin nümayəndələri ilə birlikdə müşavirə keçirilməsini təklif etdilər. Bolşeviklərin ciddi əks-fəaliyyətinə baxmayaraq, bir sıra müəssisələrdə müşavirəyə nümayəndələrin seçkisi keçirildi. Bu müşavirə 1906-cı ilin dekabrında Peterburqda keçirildi. Burada fəhlələrə ancaq onların tələblərinin neft sənayeçilərinin növbəti qurultayında nəzərdən keçirilməsi vəd olundu.

Neft Sənayesi Fəhlələri İttifaqının, fəhlə və qulluqçuların bir sıra digər həmkarlar təşkilatlarının yaradılması bu ilin mühüm hadisəsi oldu.

1906-cı il hərbi çıxışların fəallaşması ilə səciyyəvidir. Hərbi məhkəmə yanvar ayında 1905-ci ilin oktyabrında qaragüruhçuların nümayişini dağıtmaq üstündə həbs olunmuş matrosları cəzalandırmağa cəhd göstərdi. Lakin Bakı fəhlələri dənizçilərin mühakimə edilməsinə qarşı öz güclü səsini qaldırdı. Məhkəmə 3 matrosa bəraət, qalanlarına isə qısamüddətli həbs cəzası verməyə məcbur oldu.

1906-cı ilin əvvəlində Xəzər hərbi donanmasının hissələri, habelə Samur alayının əsgərləri içərisində həyəcanlar baş verdi. Hakimiyyət orqanları dənizçilərə qarşı cəza tədbirləri gordü.

Hissələrdə ordunun çarizmlə mübarizə üçün xalqın tərəfinə keçməsi zərurəti haqqında təbliğat aparılırdı. RSDFP BK, eserlər partiyasının Bakı Komitəsi və b. əsgər və zabitlər içərisində iş aparırdı.

Qafqaz Hərbi Dairəsi qoşunlarının komandanı 1906-cı ilin oktyabrında Peterburqa məlumat verirdi ki, Bakı qarnizonu hissələri içərisində inqilabi təbliğat genişlənir.

1906-cı ildə kəndli hərəkatı da genişlənməkdə davam edirdi. İlin birinci yarısında bu hərəkat Azərbaycan qəzalarının çoxunu əhatə etmişdi. Kəndli həyəcanları 1905-ci ildəki şəkildə təzahür edirdi. Nuxa, Yelizavetpol, Qazax, Cavanşir, Quba, Göyçay qəzalarında və Zaqatala dairəsində qaçaqlar fəallaşmışdı. Nuxa qəzasında 10 qaçaq dəstəsi fəaliyyət göstərirdi. Zaqatala dairəsində Qaçaq Yusifin başçılıq etdiyi dəstə özünün cəsarətli hərəkətləri ilə fərqlənirdi. Yelizavetpol qəzasında xəzinə kəndi Mingəçevirin sakinləri elliklə mübarizəyə qalxmışdılar. Onlar hər hansı hakimiyyəti tanımadıqlarını bildirib hamılıqla qaçaqlıq edirdilər. Bu qəzaya qarşı iri cəza dəstələri göndərilmişdi, əməliyyata isə general-qubernator özü başçılıq edirdi.

Aqrar hərəkatın gedişində Cənubi Qafqaz kəndliləri arasında əlaqələr yaranırdı. Zaqatala dairəsinin kəndliləri Tiflis quberniyası Sığnaq və Telav qəzalarının, habelə Dağıstan vilayətinin üsyan qaldırmış kəndlilərinə kömək göstərirdilər. İrəvan quberniyasının erməni və türk-müsəlman kəndliləri mülkədar zülmünə və daşnakların törətdikləri özbaşınalıqlara qarşı birgə çıxış edirdilər.

1907-ci ildə bütövlükdə imperiyada inqilabi hərəkat kəskin surətdə zəiflədiyi bir vaxtda, Bakı fəhlələrinin tətil mübarizəsi kifayət qədər yüksək səviyyədə qalmaqda idi. Bu, sahibkarlar tərəfindən dekabr müqaviləsinin pozulması ilə əlaqədar fəhlələrin vəziyyətinin xeyli pisləşməsi, habelə neft sənayesində əlverişli konyunktura və Bakıda vəziyyətin mürəkkəbləşməsindən çəkinən hakim dairələrin ehtiyatlı siyasəti ilə izah olunurdu.

Təkcə yanvarda Bakıda 7000 nəfərdən çox sənaye fəhləsinin iştirak etdiyi 32 iqtisadi tətil baş vermiş, onların tələblərində həmkarlar ittifaqları və mədən-zavod komissiyalarının hüquqlarının tanınması kimi məsələlər də öz əksini tapmışdı.

1907-ci ilin birinci yarısında Azərbaycan qəzalarında fəhlələr bir sıra güclü çıxışlar keçirdilər. Fevralın 6-da Gədəbəy misəritmə zavodunun, mayın əvvəllərində Nuxada 14 ipəksarıyıcı və ipəkəyirici fabrikində 1150 nəfər fəhlənin, Şuşada bir sıra sənətkarlıq emalatxanaları fəhlələrinin tətili baş verdi.

1907-ci ilin birinci yarısında Azərbaycanda tətil mübarizəsinin kulminasiya nöqtəsi Xəzər ticarət donanması dənizçilərinin martın 9-dan aprelin 25-dək davam edən tətili oldu. Çıxışa sosial-demokratların və əsasən eserlərin təmsil olunduqları tətil komitəsi rəhbərlik edirdi. Hümmətçi M.Hacıqasımov onun tərkibinə daxil idi. "Hümmət" tətil edən azərbaycanlı fəhlələr içərisində böyük təşviqat işi aparırdı.

Tətil komitəsi bütün Xəzər ticarət donanmasının gəmi komandalarının vəziyyətini iqtisadi və hüquqi-siyasi aspektlərdən əks etdirən 48 bənddən ibarət tələblərini işləyib hazırladı.

Xəzərin digər limanlarında dayanan gəmilərin komandaları da ona qoşulduğu üçün tətil ümumi xarakter daşıyırdı və Ümumrusiya əhəmiyyəti kəsb edərək, ölkənin iqtisadi həyatına güclü təsir göstərdi. General-mayor baron fon Taube başda olmaqla Bakıya, Petrovska, Krasnovodska, Həştərxana cəza ekspedisiyaları göndərildi, kütləvi repressiyalar başlandı.

Bu məsələ II Dövlət Dumasında müzakirə olundu. Bakı fəhlələri cəza tədbirlərinə etiraz olaraq aprelin 18-də 25 minlik siyasi tətil keçirdilər. Qara dəniz, Petrovsk, Krasnovodsk, Həştərxan dənizçiləri, ölkənin digər sənaye mərkəzlərinin fəhlələri Bakı dənizçiləri ilə həmrəy olduqlarını bildirdilər. Tətil beynəlxalq əks-səda da doğurmuşdu. Tətilçilər öz tələblərinin müəyyən qədər təmin edilməsinə nail oldular.

1 May günü Bakıda iri tətil və nümayişlərlə keçdi. Bu gün Gəncədə də qeyd edildi.

Mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə mübarizə formalarından biri milli nifaq salmaq, millətlərarası toqquşmalar təşkil etmək idi. Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci il fevralın 6-9-da Bakıda təşkil olundu. Çar hökumət orqanları milli ehtirasları qızışdırmaq üçün Azərbaycan və erməni burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən bacarıqla istifadə etdi. Polis və qoşunlar yüzlərlə adamın qurban getdikləri qanlı toqquşmalara qarışmırdı. Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin hiddətinə səbəb oldu. Şəhərdə ruhanilərin, ziyalıların iştirakı ilə kütləvi nümayişlər, mitinqlər keçirilirdi. Demokratik mətbuat, sosial-demokrat təşkilatları, o cümlədən "Hümmət" bu işdə mühüm fəaliyyət göstərirdi. "Hümmət"in Azərbaycan dilində buraxdığı intibahnamə "Rədd olsun mütləqiyyət!", "Yaşasın bütün xalqların qardaşlığı!" şüarları ilə bitirdi. Bu hadisələri törədən səbəbləri araşdırmaq üçün sonralar yaradılan komissiyada çox-millətli Bakı ziyalılarının nümayəndələri yerli hakimiyyət orqanlarının iç üzünü açır, çirkin əməllərini aşkarlayır, iki xalqın düşmənçiliyi üçün digər sanballı səbəblər olmasını rədd edirdilər.

M.Ə.Sabirin 1905-ci ildə "Həyat" qəzetində dərc olunmuş "Beynəlmiləl" şeri xalqlar dostluğunun və birliyinin əsil himni kimi səslənirdi.

Erməni-azərbaycanlı toqquşmaları yenidən 1906-cı ildə (Bakı, Yelizavetpol və İrəvan quberniyalarında) təşkil olundu. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri H.Zərdabi, F.Köçərli, N.Vəzirov, Ə.Ağayev, Ü.Hacıbəyov, Ə.Topçubaşov, M.Şahtaxtinski, və b. bu hadisələri böyük bir bəla kimi qiymətləndirir, mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitə ilə bu amansız və mənasız ədavətə son qoymağa çalışırdılar. Hökumətin milli ədavəti qızışdırmaq siyasətinin, mürtəce millətçi təbliğatın ifşası, tərəqqi və azadlıq uğrunda xalqlar dostluğu, onların birliyi ideyalarının təbliği, "Molla Nəsrəddin" jurnalı və onun redaktoru C. Məmmədquluzadənin fəaliyyətində ən aparıcı istiqamətlərdən biri idi. Xüsusi sosial-demokrat orqanı ―Dəvət-Qoç" qəzeti (1906) də bu məqsədlərə xidmət göstərirdi.

Ə.Ağayev Azərbaycan xalqının ünvanına deyilən hər cür böhtançı fikirləri yerli və paytaxt mətbuatının səhifələrində hərarət və qızğınlıqla ifşa edirdi.

Fevral hadisələrindən dərhal sonra Əhməd bəy Ağayev Bakı şəhər qlavası (meri) K.A.İretskiyə müraciət edərək, baş verən faciəni dayandırmaq üçün təcili tədbirlər görülməsinin vacibliyi barədə tələb irəli sürmüş, qara qüvvələrinyeni toqquşmalar törətmək istəyinə aid xəbərdarlıq edərək, şəhər administrasiyasını biganəlik və fəaliy-yətsizlikdə günahlandırırdı. Ə.Ağayev hər iki tərəfin iştirakı ilə fövqəladə iclas keçirməyin, görkəmli ziyalı nümayəndələri və dinxadimlərinin də xalqa müraciətininvacibliyini İretskinin diqqətinə çatdırıb vurğulamışdı. Gərgin fevral günlərində Ə.Ağayev qələm əhlinin bu hadisələrdə mühüm rolu haqqmda "Kaspi" qəzetində məqalələr çap etdirərək, mətbuatı ilk növbədə faciənin əsil səbəblərini üzə çıxarmağa, emosiyalara uymamağa və obyektivliyi saxlamağa borclu saydığını bildirirdi. Onun fikrincə, bu faciəni törədənlər və onun bilavasitə iştirakçıları cəmiyyət qarşısında günahlarını etiraf edib qanunla cəzalandırılmalıdırlar.

Millətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə ictimai təşkilatların yaradılmasında da Ə.Ağayevin rolu böyük idi. 1905-ci ilin iyun ayında şəhər duması "əhalinin barışdırılması üçün Bakı komitəsi" təşkil etdi. Komitədə duma üzvləri ilə yanaşı, həm də şəhər əhalisinin bir çox nümayəndəsi təmsil olunmuşdu. Toqquşmalar nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi ilə yanaşı, yerli və Ümumrusiya mətbuatı vasitəsilə millətlərarası sülh çağırışları yaymaq və baş vermiş insidentlərin mahiyyətini araşdırmaq komitənin vəzifələrinə daxil idi və onun sədri şəhər qlavası vəzifələrini icra edən K.Səfərəliyev təyin olunmuşdu.

Azərbaycan ictimaiyyətini burada Ə.Topçubaşov, M.Hacınski, M.Muxtarov, İ.Hacıyev təmsil edirdilər. Ə.Ağayev isə bu komitənin redaksiya komissiyasına "Həyat" qəzetinin baş redaktoru kimi daxil idi.

Cənubi Qafqaz şeyxülislamı axund Əbdülsalam Axundzadə və diyarın müftisi Hüseyn Əfəndi Qayıbov əhali arasında böyük barışdırıcılıq işi görürdülər. H.Z.Tağıyev bu toqquşmaların əleyhinə idi. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış yardım komissiyası zərər çəkənlərə kömək edirdi.

1905-1907-ci illərin güclü xalq hərəkatı bir sıra səbəblər üzündən mövcud quruluşun dəyişdirilməsinə gətirib çıxarmadı. Hətta demokratizmin ilk cücərtiləri Dövlət dumasının simasında bürokratiyanın güclü müqavimətinə rast gəldi. Mütləqiyyət hakimiyyəti 1907-ci il iyunun 3-də Dumanı qovaraq, demokratik qüvvələrə qarşı qəti hücuma keçdi və onlara gərgin mübarizələr gedişində verilmiş kiçik nailiyyətləri belə geri almağa başladı.

Lakin bunlara baxmayaraq, 1905-1907-ci illərin hadisələri ölkənin tarixində möhtəşəm rol oynadı, bütün dünyada inqilabi mübarizə və milli-azadlıq hərəkatının yüksəlişinə böyük təsir göstərdi.

Rusiya ilə həmsərhəd Şərq ölkələrində - İran, Türkiyə və Çində burjua inqilabları baş verdi. Rusiya inqilabının, xüsusən da Bakıdakı fəhlə hərəkatı və ictimai-siyasi hadisələrin təsiri İranda daha tez və daha güclü şəkildə özünü büruzə verdi.

Azərbaycan ziyalıları M.Ə.Sabir, N.Nərimanov, Ü.Hacıbəyov. M.Rəsulzadə, və b. Cənubi Azərbaycanda Səttarxanın başçılığı altında gedən xalq hərəkatına rəğbət bəsləyir, onu müdafiə edirdilər. Onlardan bir çoxu Bakıdan olan fəhlə drujinaları ilə birlikdə bilavasitə hadisələrdə iştirak etmişdilər.

İrtica Azərbaycanda bütün ölkədə olduğundan bir qədər gec hücuma keçə bildi. Bakıda tətil hərəkatı yüksək səviyyədə qalmaqda davam edirdi. Belə ki, Bakıda təkcə avqustda 20-dən çox, bütövlükdə 1907-ci ilin ikinci yarısında isə 91dəfə tətil baş vermiş, bunlarda 15 min nəfərdən çox adam iştirak etmişdi.

Sentyabrın 29-da hakimiyyət orqanlarının terrorçuluq əməlinin qurbanı olmuş hümmətçi fəhlə X.Səfərəliyevin dəfni ilə əlaqədar güclü nümayiş baş verdi.

1907-ci ildə digər iri siyasi çıxış noyabrın 22-də II Dövlət dumasının sosial-demokrat fraksiyası üzərində aparılan məhkəmə günündə keçirilən birgünlük ümumi siyasi tətil oldu. Burada 50 min nəfər iştirak edirdi.

Müşavirə kampaniyası, sahibkarlar və fəhlələr arasında danışıqların keçirilməsi dövrün nəzərə çarpan hadisəsi oldu. Bu məsələdə siyasi partiyaların mövqeləri eyni deyildi. Bolşeviklər müşavirənin müəyyən şərtlərlə keçirilməsinə tərəfdar çıxırdılar. Menşeviklər sahibkarlar tərəfindən heç bir təminat verilmədən müşavirədə iştirak etmək mövqeyində dururdular. Eserlər və daşnaklar müşavirəni boykot etməyi təklif edirdilər. Buna görə, habelə hakimiyyət orqanlarının bolşevik tələblərinə müqaviməti üzündən müşavirə pozuldu.

1908-ci ilin yazında, müşavirənin pozulmasından sonra, Bakıda vəziyyət dəyişsə də, fəhlələr öz niyyətlərini dəyişməmişdilər. 1 May 50 min nəfərdən çox adamın iştirak etdiyi möhtəşəm ümumi siyasi tətillə qeyd olundu.

1909-1910-cu illərdə Bakını çulğamış qaragüruhçu irtica fəhlə hərəkatının tənəzzülünə gətirib çıxardı. 1910-191-ci illərdə ayrı-ayrı kiçik müəssisələrdə seyrək tətillər baş verirdi.

Böyük təzyiqlərə məruz qalmış partiya və həmkarlar orqanları 1911-ci ilin əvvəllərində öz fəaliyyətlərini bərpa etməyə başladılar.

1912-ci il aprelin 4-də Sibirdəki Lena qızıl mədənləri fəhlələrinin 3 minlik nümayişinin gülləbaran edilməsi Rusiyada fəhlə hərəkatının yüksəlişinə güclü təkan verdi. Bütün ölkədən Bakı fəhlələrinin də iştirak etdikləri etiraz nümayiş və tətilləri dalğası keçdi. Azərbaycan qəzalarında da fəhlələr hərəkətə gəlirdi. Aprelin 5-8-də Xaçmaz rayonunda Şollar-Bakı su kəmərinin inşaatçıları tətil etdilər. Onlar İngiltərə "Qriffıs və K°" firmasından əmək haqqının artırılması və iş gününün qısaldılmasını tələb edirdilər.

Mayın 7-də Nuxanın ipək emalı müəssisələri fəhlələrinin elan etdiyi, mayın 12-də ümumi xarakter alan tətildə 6 min nəfər iştirak edirdi. Mayın 15-dək davam edən və fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatan bu çıxış o dövrdə Rusiya ipəkçilik sənayesində ən iri tətil idi.

1912-ci ilin yayı və qışında Bakının ayrı-ayrı müəssisələrində yeni etirazlar baş qaldırdı. Dekabrda mətbəə fəhlələrinin Zaqafqaziya fəhlə hərəkatında mühüm hadisə kimi tarixə düşmüş ümumi tətili keçirildi.

Sentyabrda Nuxa ipəksarıyıcıları yenidən işi dayandırdılar. Burada baş verən həyəcanlar heç dekabrda da səngiməmişdi. Elə həmin ildə Gədəbəy mis mədəni və misəritmə zavodunda fəhlə tətilləri baş verdi.

1910-1912-ci illərdə istismarçılara və çar hakimiyyətinə qarşı yeni kəndli çıxışları müşahidə olunmuşdu. Kəndli həyəcanları Yelizavetpol, Nuxa, Şuşa, Qazax, Cavanşir, Şamaxı, Cavad, Lənkəran, Bakı, Naxçıvan qəzalarında və Zaqatala dairəsində baş verirdi. Yelizavetpol qəzasında Qatır Məmməd, Kərbəlayı Ələsgər, Məşədi Yolçu, Qandal Nağının başçılıq etdikləri qaçaq hərəkatı geniş miqyas almışdı. 1914-cü ildə Qatır Məmməd həbs olundu və İrkutsk quberniyasına sürgün edildi.

Azərbaycan fəhlə hərəkatında yeni mərhələ olan, 1913-cü ilin yazından etibarən Bakıda artmaqda olan etiraz hərəkatı, yayda, "Xəzər-Qara dəniz cəmiyyəti" fəhlələrinin iyulun 16-da başlayan tətili ilə ümumi xarakter almağa başladı.

Nümayəndələri tətil komitəsinə daxil olmuş Bakı neftçilərinin həmkarlar ittifaqı, siyasi partiyalar və təşkilatlar (sosial-demokrat, eser) ümumi çıxışa hazırlıq görürdülər. Tətil komitəsinin çağırışı ilə iyulun 25-də ümumi tətil başladı. Hərəkatın ön sırasında mədən fəhlələri - Bakı fəhlələrinin ən məzlum hissəsi gedirdi.

İşlənib hazırlanmış tələblər (cəmisi 45 maddə) Bakının neftçi fəhlələrinin həm iqtisadi ehtiyaclarını, həm də onların vəziyyətinin siyasi-hüquqi aspektlərini əks etdirirdi.

Avqustun başlanğıcına yaxın tətildə 30 min nəfərədək fəhlə iştirak edirdi, sonra proletariatın digər dəstələri də ona qoşulmağa başladı.

Ümumi tətilin hazırlanmasında Qazı Məhəmməd Ağasıyev, M.Məmmədyarov, S.D.Yaqubov, P.A.Qraçov, A.Q.Dolidze, Y Y. Razmaçayev və b. fəal iştirak edirdilər.

Tətil günlərində qabaqcıl fəhlələrdən Rzaqulu bəy Səməd bəy oğlu, Pyotr Dyomin, Qurban Həsən oğlu, Novruzəli Səfərəli oğlu, Sadıq Mövlud oğlu, İsmayıl İbrahim oğlu, Pavel Piskunov, İbadulla Məmməd oğlu, Vasili Xarlamov və başqaları fəhlələr içərisində geniş təşviqat işi aparırdılar.

Tətil komitəsi Azərbaycan və rus dillərində bir sıra vərəqə və nıüraciətnamələr nəşr etdirdi. Bakı fəhlələrinin Rusiya sənayesi və nəqliyyatının yanacaq təchizatını təhlükə altında qoyan tətili yuxarı hökumət dairələrində böyük həyəcan doğurdu. Lap əvvəldən bu tətil hökumətin cəza tədbirləri ilə müşayiət olunurdu. Polis sahibkarlarla tətilçilərin dinc danışıqlarına qarışır, onları işdən çıxarır, kazarmalardan bayıra atır, döyür və s. cəza tədbirlərini həyata keçirirdi. Hakimiyyət orqanları elektrik stansiyaları, su və neft kəmərləri, nəqliyyat və rabitədə işlərin dayandırılmasına yol verməmək üçün tədbirlər görürdü.

Tətilçilərin, demək olar ki, bütün siyasi tələbləri rədd olunurdu. Menşeviklər, o cümlədən Dövlət dumasının tətil günlərində Bakıya gəlmiş üzvləri Skobelov və Çxeidze də fəhlələri siyasi tələblərdən imtina etməyə çağırır, fabrik müfəttişliyi barışdıncı siyasət yürüdürdü.

Hakimiyyət orqanları tətili rəhbərsiz qoydular. Tətil komitəsi tərkibinin əksəriyyəti, neftçilərin həmkarlar irtifaqlarının bir sıra üzvü həbs olundu. Lakin ümumi tətil ancaq oktyabrın 17-də başa çatdı. Onun nəticəsində neft sənayesində və onunla bağlı olan istehsalat sahələrində 490 min 735 iş günü itirildi ki, bunun da 74 faizdən çoxu neft hasilatının payına düşürdü.

Tətilçilər bir sıra iqtisadi tələblərin (əmək haqqının artırılması, mənzil haqqı və mükafatların verilməsi) ödənilməsinə nail oldular. Bu, əslində bütün irtica illərində fəhlələrin əlindən alınmışların geri qaytarılması demək idi. Sosial xarakterli bir sıra digər tələblər rədd olundu. 1913-cü ilin yay tətili Bakı fəhlələrinin çıxışlarını yenidən Rusiya fəhlə hərəkatının ön sıralarına çəkdi.

Bakıda tətil dalğasının, demək olar ki, yatdığı dövrdə - sentyabrda belə, Bakı neft sənayesi rayonu tətil hərəkatının intensivliyinə görə Peterburq və Moskva quberniyalarından sonra üçüncü yeri tuturdu.

1913-cü ildə Zaqafqaziyada baş vermiş tətillərin sayının 94-ü və onların iştirakçılarının təxminən 96 faizi Bakının payına düşürdü. Bakıdakı vəziyyət Azərbaycan qəzaları fəhlələrinə də təsir göstərirdi. İyulun 23-də Nuxanın ipəksarıma fabriklərindən birində 300 nəfərin iştirak etdiyi tətil baş verdi.

Bakı tətili Qafqaz və Orta Asiyada fəhlə hərəkatının inkişafına şərait yaratdı. Bu, 1914-cü ilin yazı və yayında Bakı fəhlələrinin yeni böyük çıxışını şərtləndirdi. Bu ilin 5 ayı ərzində Bakıda iştirakçılarının sayı 19 min nəfərdən çox olan 75 fəhlə tətili baş vermişdi.

Ümumi tətilə geniş hazırlıq işləri başlandı. Mayın ortalarında sosial-demokratlar və eserlərdən ibarət iki (əsas və ehtiyat) tətil komitəsi təşkil edildi. Bütün mədən fəhlələrinin 95 faizi ümumi tətilə tərəfdar çıxırdı. Hakimiyyət orqanları hadisələrin inkişafının qarşısını almağa cəhd göstərdi. Mayın 23-ü və 26-da birinci tətil komitəsinin bir çox üzvü həbs olundu, rəhbərlik ikinci komitəyə keçdi. Neft sənayesi fəhlələri həmkarlar ittifaqı ümumi tətilə hazırlıq işində fəal iştirak edirdi.

Bakı ətrafında başlanan, fəhlələr içərisində güclü həyəcan doğuran vəba epidemiyası tətilin elan edilməsi üçün bəhanə oldu. Neftçilərin həmkarlar ittifaqının fəhlə qəsəbələrinin tikilməsi tələbinə neft sənayeçiləri qurultayı Şurası rədd cavabı verdi. Tətil komitəsi mayın 27-də tətilə çağıran vərəqə buraxdı, mayın 28-də isə fəhlə müvəkkillərinin iştirakı ilə Bakı fəhlələrinin 60-dan çox maddəsi olan ümumi tələblərini işləyib hazırladı. Onlar bir çox hallarda bundan əvvəlki ümumi tətil dövründə irəli sürülmüş tələblərlə səsləşir, eyni zamanda yeni məzmunu ilə fərqlənirdi.

Nəinki Bakı, eləcə də bütün Rusiya fəhlə hərəkatı iqtisadi və hüquqi tələblərin belə geniş dairəsini o vaxtadək hələ görməmişdi. Onlar çıxışa daha geniş tutumlu xarakter verirdi.

Tətilin ən qızğın dövründə 1914-cü il iyunun 1-də iştirakçıların sayı təxminən 40 min nəfərə çatmışdı. 1913-cü ildə olduğu kimi, öndə neft mədənləri (xüsusən də iri firmalara məxsus mədənlərin) fəhlələri gedirdi. Hərəkat bütün Rusiyada gur əks-səda oyatdı.

Yerli sahibkarlar, həmçinin mərkəzi hökumət təqdim olunan tələblərin şişirdildiyini bildirir, buna görə də onların yerinə yetirilməsini qeyri-mümkün sayırdı. Cəza aparatı işə salındı. IV Dövlət Dumasının Bakı quberniyasından olan deputatı, Bakıya gəlmiş sosial-demokrat (menşevik) Skobelev tətilə sırf iqtisadi xarakter verməyə çalışırdı.

Tətilçilərin yekdil inadkarlığı hakimiyyət orqanlarının daha qəti tədbirlər görməsinə təkan verdi. İyunun 25-də Bakıda hərbi vəziyyət tətbiq olundu. Tətilçilər həbsxanalara salınır, mədən kazarmalarındakı mənzillərindən bayıraatılır, Bakıdan çıxarılır, yaxud kənara (o cümlədən də Cənubi Azərbaycandan olan fəhlələri) göndərilirdi.

Məktəblərin, ticarət müəssisələrinin, tərsanələrin, elektrik stansiyalarının və başqa sahələrin işçiləri tətilçi neftçilərlə həmrəy olduqlarını nümayiş etdirirdilər.

Bakı tətili Rusiya fəhlə hərəkatının yeni mərhələsinin başlanğıcı oldu. Peterburq müəssisələrində bakılı qardaşların müdafiəsinə yönəlmiş həmrəylik çıxışları möhtəşəm miqyas aldı. Piter və Bakı hadisələri bütün Rusiya proletariatını hərəkətə gətirdi.

İyulun birinci yarısında Peterburq və Bakı fəhlələri ilə həmrəylik hərəkatında 510 min nəfərdən çox adam iştirak etmişdi. Ölkənin hər tərəfindən Bakıda tətil edənlərə yardım fondu üçün pul vəsaiti gəlirdi. Tətili yatırmaq üçün çarın daxili işlər nazirinin müavini, fövqəladə səlahiyyətlər verilmiş V.F.Cunkovski Bakıya ezam olundu, şəhərə xeyli hərbi qüvvə yeridildi.

Ağır maddi məhrumiyyətlər və Birinci dünya müharibəsinin başlanması ilə dərinləşən amansız repressiyalar şəraitində Bakı fəhlələri ümumi tətili dayandırmalı oldular. İki ay ərzində tətildə neft hasilatı fəhlələrinin 87,4 faizi, podrat qazıması fəhlələrinin 62,6 faizi, neftayırma sahəsində çalışanların 95 faizi, mexaniki istehsalat fəhlələrinin isə 84,1 faizi iştirak etmişdi. Bu dövr ərzində Bakı neft sənayesində 1913-cü il tətili dövründəkinə nisbətən 3 dəfə çox iş günü itirilmişdi.

1914-cü ildə önündə Peterburq və Bakı fəhlələri gedən tətil hərəkatı, Rusiyada baş verən digər ictimai-siyasi hadisələr inqilabın yaxınlaşdığını xəbər verirdi.


Yüklə 79,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin