SİYASİ TƏŞKİLATLAR VƏ PARTİYALARIN YARANMASI
XX əsrin əvvəlində baş verən iqtisadi böhran həm Rusiyanı, həm də onun müstəmləkələrini əhatə etdi.Bütün imperiyanı sarsıdan tətillər dalğası sənaye potensialı gündən-günə artan Azərbaycanı da bürüdü.Daha tez-tez baş verən fəhlə və kəndli çıxışları, müstəmləkəçi siyasətini yeridən hakimiyyət orqanlarının özbaşınalıqları bütövlükdə cəmiyyətin bütün təbəqələrində narazılığın artmasına və onun siyasiləşməsinə səbəb olmaya bilməzdi.
XX əsrin əvvəllərində Azərbaycanda formalaşmağa başlayan ilk siyasi təşkilatlar, bütün Rusiyada olduğu kimi, əsasən sosialist yönlü idi.
Rusiyadan gəlmiş bir neçə nəfər inqilabçı 1900-cü ildə Bakıda sosial-demokrat təşkilatının əsasına çevriləcək rəhbər mərkəz yaratmağa nail oldular.Rəhbər qrupa A.S.Yenukidze, V.Z.Ketsxoveli və A.Q.Eyzenbet daxil idilər1.
1901-ci ildə RSDFP Bakı Komitəsi yaradıldı və RSDFP Bakı təşkilatının formalaşması başlandı.Yuxarıda adları çəkilən şəxslərdən əlavə, 1902-1903-cü illərdə BK-nın tərkibinə N.V.Vişnevski, Y.V.Qolikova, M.V.Kobetski, L.M.Knunyants, İ.F.Sturua, V.A.Şalqunov və b. daxil oldular.
1902-ci il sentyabrın sonlarında RSDFP Bakı təşkilatında yenidənqurma həyata keçirildi. Bütün şəhər təşkilatı 5 rayona (Balaxanı, Bibiheybət, Qara şəhər, Ağ şəhər və şəhər rayonlarına) bölündü.Fəhlə kütlələri ilə daha sıx təmasda olmaq və onlara təsir göstərmək üçün rayon komitələri yaradıldı.Bu komitələrdən hər biri öz işini BK-nın bir üzvünün bilavasitə müşahidəsi altında aparırdı. Rayonlarda təbliğat və təşviqat işinin nizama salınması, konspirativ hissə yaradılması, mənzillərin əldə edilməsi, kütləvi toplantılar üçün yerlərin seçilməsi, ədəbiyyatın yayılması, partiya qiraətxanalarının təşkili və s. rayon komitələrinin funksiyalarına daxil idi.
1901-ci ildə Bakıda iskraçı qrup da təşəkkül tapdı.Buraya "İskra" qəzetinin agentləri L.Y.Qalperin, A.S.Yenukidze, V.Z.Ketsxoveli, L.Y.Krasin və b. daxil idilər .Bunlardan bəziləri eyni zamanda RSDFP BK-nın da üzvləri idi. Qrup müntəzəm olaraq "İskra"nın redaksiyası ilə yazışır, onun üçün pul vəsaiti toplayır, qəzetin yayılmasına kömək göstərirdi. 1901-ci ilin yazında qrup xaricdən (İrana keçməklə) "İskra"nın gətirilməsini qaydaya saldı. "İskra" və digər qeyri-leqal ədəbiyyat Berlindən Vyana vasitəsilə Təbrizə gətirilir, oradan da atlarla Bakıya daşınırdı.Görünür ki, buna görə Bakı qrupu o zaman gizli "Loşad" (at) adını daşıyırdı.
1901-ci ilin yayında RSDFP-nin Bakıdakı qrupunun üzvləri Tiflis sosial-demokratlarının köməyi ilə gizli adı "Nina" olan qeyri-leqal mətbəə təşkil etdikdən sonra (əvvəlcə indiki Əzizbəyov və Füzuli küçələrinin tinində, sonra isə "İskra" küçəsində 102 saylı evdə yerləşirdi) "İskra"nın nəşri və yayılma miqyası daha da genişləndi.
Burada 1901-ci ilin iyulundan 1902-ci ilin martınadək keçən 7-8 ayda 40-dan çox adda müxtəlif nəşrlər - qəzet, kitabça və vərəqə çap olunmuşdu.Lakin gizli işin dəqiq təşkilinə baxmayaraq, RSDFP Bakı təşkilatı kütləvi fəhlə təşkilatına çevrilmədi.
Təşkilatın iyerarxiyaçı strukturu komitələri kütlələrdən ayırır, fəhlələrin təşkilatda bilavasitə iştirakını çətinləşdirirdi.Bu cəhət RSDFP qurultaylarında da onun opponentləri tərəfindən qeyd olunurdu.
RSDFP-nin II qurultayından sonra 1903-cü ildə Bakı təşkilatı da bolşeviklərə və menşeviklərə parçalandı.Bakı Komitəsinin rəhbərliyində əvvəlcə bolşeviklər çoxluq təşkil edirdi.1904-cü ilin yanvarında isə BK-nın rəhbərliyi menşeviklərin əlinə keçdi.Onlar o zaman gedən rus-yapon müharibəsinə qarşı çıxır, bolşeviklərdən fərqli olaraq, onun başa çatdırılmasını mövcud quruluşa qarşı inqi-labi mübarizə ilə bağlamırdılar.Buna görə də menşevikçi Bakı Komitəsi Qafqaz İttifaq Komitəsinin müşavirəsinə öz nümayəndələrini göndərməkdən imtina etdi, aprelin 23-də isə Leninin III partiya qurultayını çağırmaq barəsində təklifinin əleyhinə yönəlmiş qərar qəbul etdi. Bir may nümayişləri və tətilləri də BK tərəfindən faktiki olaraq qadağan olundu.
Bakı bolşevikləri öz fəaliyyətlərinin ilkin dövründə yerli millətdən olan fəhlələr arasında siyasi işə xüsusi əhəmiyyət vermir, Leninin bəyan etdiyi prinsiplərə uyğun olaraq, RSDFP-nin müstəqil milli təşkilatının yaradılması barəsində düşünmürdülər.Lakin digər millətlərdən olan fəhlələrlə müqayisədə azərbaycanlı fəhlələrin həddən çox alçaldıcı vəziyyəti onları gündən-günə artan etiraz çıxışlarına şövq edirdi.Bu da özünü 1903 və 1904-cü illərin, müvafiq olaraq, iyul və dekabr tətillərində azərbaycanlı fəhlələrin fəal iştirakında göstərdi.Neft hasilatı sənayesində xüsusən geniş təmsil olunmuş azərbaycanlı fəhlələr özü ilə hesablaşmağı tələb edən real qüvvəyə çevrildilər.
XX əsrin əvvəllərindən etibarən azərbaycanlı ziyalılar içərisində yerli fəhlələrin acınacaqlı vəziyyətinə dərindən acıyan və özlərini büsbütün zəhmətkeşlər içərisində inqilabi iş aparmağa həsr edən adamlar meydana çıxmağa başlamışdı. Onlardan bəziləri - S.M.Əfəndiyev, A.Axundov, M.Q.Mövsümov, M.Ə.Əzizbəyov RSDFP-nin üzvü idilər.Lakin çoxları marksizmin bəzi müddəalarına rəğbət bəsləsələr də, bu partiyanın sıralarına keçmirdilər.Onlardan M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev, A.Kazımzadə, M.Hacınski və başqalarının birgə səyi nəticəsində 1904-cü ilin oktyabrından Bakıda müsəlman aləmində ilk sosial-demokrat "Hümmət" təşkilatı fəaliyyətə başladı.1905-ci ilin fevralına kimi Azərbaycan dilində "Hümmət"qəzeti nəşr edilmişdir.Həmin ildən N.Nərimanov "Hümmət"ə daxil olmuşdur.Bu təşkilatın 1903-cü ildə M. Ə. Rəsulzadə tərəfindən yaradılması barədə də fikirlər var. Hər halda jandarm idarəsinin 1910-cu ilə aid məlumatındaM.Ə.Rəsulzadə "Hümmət"in başçısı adlandırılır.
Mütləqiyyətin yeritdiyi böyük dövlətçilik siyasəti, zorla ruslaşdırma və azlıqda qalmış millətlərin hüquqlarının hər cür pozulması milli məsələni cəmiyyətin siyasi həyatının ən başlıca məsələlərindən birinə çevirmişdi. Belə bir şəraitdə bolşeviklərin partiya proqramının milli məsələ üzrə bölmələri inqilabi əhvali-ruhiyyədə olan yerli Azərbaycan ziyalıları və fəhlələrinin bir hissəsi üçün çox cəlbedici idi. Bu, qismən də, proqramın millətlərin öz müqəddəratını təyin etmək və muxtar inzibati qurum (vilayət) yaratmaq hüquqlarını nəzərdə tutan 9-cu paraqrafı ilə bağlı idi. Bu müddəaların cazibəsi öz xalqını, ilk növbədə, milli əsarətdən xilas etmək ümidi ilə yaşayan mütərəqqi ziyalıların müəyyən hissəsini sosial-demokratiyaya çəkirdi. Radikal əhvali-ruhiyyəli Azərbaycan ziyalılarının sosial-demokratiya hərəkatında iştirakını M.Ə.Rəsulzadə daha dəqiq səciyyələndirmişdir: "Bu gənc nəsil birinci rus inqilabı dövründə rus cəmiyyətinin müxalifətçi qanadına rəğbət bəsləyirdi. Onlar müxalifətçi sosializmdə çarizmə qarşı mübarizədə, ən sadiq olmasa da, ən əlverişli müttəfiqi görürdülər".
"Hümmət"in 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə -bir tərəfdən, bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.)RSDFP BK ilə birgə fəaliyyətə, digər tərəfdən isə "Hümmətin görkəmli xadimlərinin yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar.
"Hümmətin RSDFP BK ilə birlikdə keçirdiyi ilk siyasi tədbirlərdən biri Rıısiyada fəhlələr və sahibkarlar arasında ilk kollektiv (müştərək) müqavilənin bağlanması ilə başa çatmış dekabr (1904-cü il) ümumi tətili idi. Tətilin elə ilk günündə - dekabrın 13-də "Hümmət"in buraxdığı vərəqədə asan anlaşılan şəkildə sosialistlərin kim olduqları və nə uğrunda mübarizə apardıqları azərbaycanlı fəhlələrə belə izah olunurdu: "...qiyamçılar adlandırılan bu şəxslər özlərini xalqa qurban verən əziz adamlardılar. Onların tələbləri... çarın qəzəbi ilə qarşılanıb... Xalq işi üçün özünü qurban verənlər "sosialist" adlanırlar".
1905-ci il fevralın ortalarında "Hümmət" qəzeti "zərərli istiqamətinə görə" bəhanəsi ilə polis tərəfindən bağlandı. 1906-cı ilin may ayından avqustunadək Azərbaycan və erməni dillərində çıxan "Dəvət-Qoç" qəzetinin nəşri təşkil olundu. 1906-cı ilin dekabrında hümmətçilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907-ci ilin martına qədər çıxmış "Təkamül" qəzetinin buraxılmasına icazə ala bildilər1. Elə həmin il avqustdan sentyabradək "Hümmət" əslində "Təkamülün davamı olan "Yoldaş" qəzetini nəşr etdirmişdi. Qəzet və intibahnamələrin rayonlara göndərilməsinə M.Ə.Rəsulzadə, Ə.A.Axundov rəhbərlik edirdilər. Bu qəzetin səhifələrində müntəzəm çıxış edən əsaspublisistlər S.M.Əfəndiyev, M.Ə.Rəsulzadə, M.Q.Mövsümov, M.A.Mirbağırov, M.Hacınski, M.Ə.Əzizbəyov cəmiyyətdə gedən proseslərə heç də eyni gözlə baxmırdılar. Əgər S.M.Əfəndiyev bütün millətlərin zəhmətkeşlərini mütləqiyyət və kapitalistlərlə mübarizədə birləşməyə çağırırdısa, M.Ə.Rəsulzadə və M.Hacınskinin məqalələrində milli vəhdət, öz milli müqəddəratını təyin etmək hüququ uğrunda mübarizədə müsəlman xalqlarının birliyi ideyaları üstünlük təşkil edirdi.
M.Ə.Rəsulzadə islam tarixinə həsr olunmuş məqalələrində yazırdı ki, demokratiya və sosializm ideyaları islama zidd deyildir, əksinə, onun əsas müddəalarına müvafiq gəlir. Lakin sosial-demokratiyadan, xüsusən də bolşeviklərin milli məsələyə münasibətlərindən tədricən məyus olan M.Ə.Rəsulzadə sonrakı məqalələrində türk xalqlarının milli özünüdərk məsələlərini diqqət mərkəzinə çəkməyə başlayır. O, "Hümmət"lə əməkdaşlıq münasibətini təqribən 1909-1910-cu illərdə - hakimiyyət orqanlarının təqibləri üzündən İrana mühacirət edənədək davam etdirmişdi. Bu təşkilat 1907-ci ilin iyulunda gizli fəaliyyətinin üstü açılandan sonra bir çox üzvləri həbs edildiyinə görə xeyli zəifləmiş və 1917-ci ilədək, demək olar ki, tam təşkilati fəaliyyətini davam etdirə bilməmişdir.
"Hümmət" təşkilatının Gəncə, Şuşa, Naxçıvan və Culfada şöbələri var idi, lakin Tiflis şöbəsi həm üzvlərin sayı, həm də siyasi fəallığına görə onlardan seçilir və mühüm fəaliyyət göstərirdi. Onun fəalları təşkilatın Naxçıvan və Gəncə filiallarının yaradılmasına böyük kömək göstərmişdilər. Tiflis "Hümməti Gürcüstan sosial-demokratiyası üçün səciyyəvi olan menşevik istiqamətini rəhbər tuturdu. Onun ən fəal üzvləri D.Yüzbaşov, A.Bayramov, M.B.Mirheydərzadə, K.Camalbəyov, İ.Vəzirov, Q.A.Hacınski, A.K.Xanəhmədov və b. idi. Tiflis təşkilat bürosunun qərarı ilə 1905-ci ilin sonunda A.Yüzbaşov, A.Bayramov və M.B.Mirheydərzadə Naxçıvana göndərilmiş və orada partiyanın bürosunu yaratmışdılar. Büroya onlardan əlavə A.Sultanov, A.Nəcəfov, M.A.Bektaşev daxil olmuş, Heydər Məmmədov büronun katibi seçilmişdi.
1906-cı ilin noyabrında Culfada "Hümmət‖in şöbəsi təşkil edildi. Onun bürosuna Nəcəfqulu və Rzaqulu Nəcəfov qardaşları, habelə N.Şeyxov daxil idilər. Tiflis menşevikləri Boquslavski və Kutateladze "Hümmət‖in filiallarının yaradılmasında iştirak edirdilər.
Tiflis hümmətçilərinin fəaliyyəti dövri mətbuat orqanlarında da əks olunurdu. Onlar mitinqlərdə "sosializm ideyalarını müsəlmanlara izah edir", millətlərarası toqquşmalara qarşı çıxışlar təşkil edir, Azərbaycan dilində kitabça və vərəqələr buraxırdılar. Kitabça və vərəqələr çap edərkən. C.Məmmədquluzadə başda olmaqla, ziyalılar dərnəyinə məxsus "Qeyrət" mətbəəsindən istifadə olunurdu.
Azərbaycan sosial-demokratları, hümmətçilər ilə İran milli-azadlıq hərəkatı mücahidləri arasında sıx əlaqələr var idi. Onların çoxu dəfələrlə İranda olmuş və 1906 1911-ci illərin inqilabi hadisələrində iştirak etmişdi.
Tiflis "Hümmətinin məramnaməsində insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq, demokratik azadlıqları və hüquqları bəyan edilirdi. "Ədalət, bərabərlik, azadlıq" sözləri təşkilatın devizi seçilmişdi. AzərbaycanDemokratik Cümhuriyyət Parlamentinin üzvləri olmuş İ.Əbilov, M.Şeyxülislamov, S.Ağamalı oğlu Tiflis "Hümmətinə daxil idilər.
"Hümmətin fəaliyyət prinsipləri sosial-demokratiyanın sərt kanonları ilə ziddiyyət təşkil edirdi. Belə ki, 1917-ci ildən etibarən öz fəaliyyətini bərpa edən və 1920-ci ilin fevralınadək mövcud olan "Hümmət"in həyatiliyini məhz bu xüsusiyyət təmin edirdi.
Kapitalizmin inkişafı sürətləndikcə cəmiyyətin sosial təbəqələşməsi də dərinləşirdi. İnkişaf etməkdə olan Azərbaycan burjuaziyası və ziyalıları yerli özünüidarə orqanlarının fəaliyyətində, çar hökumət orqanlarının çağırdıqları qurultay və müşavirələrdə, Rusiyanındövlət dumasında və s. fəallıq göstərir, eyni zamanda zəhmətkeş təbəqələrə üz tutaraq, bütün millətin adından çıxış edirdilər. Ən mütərəqqi siyasi xadimlər çarizmin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin mənafeyini tapdalayan müstəmləkəçi siyasətinə qarşı qətiyyətlə çıxırdılar. Bu siyasət özünü milli sahibkarların fəaliyyətinin sıxışdırılmasında, azərbaycanlıların şəhər özünüidarə orqanlarında təmsilçiliyinin məhdudlaşdırılmasında, dini etiqad və milli mədəniyyət sahələrinə göstərilən təzyiqlərdə təzahür edirdi.Birinci rus inqilabınadək Azərbaycanın yuxarı sosial təbəqələri nə siyasi partiyalar yaratmış, nə də siyasi proqram tərtib etmişdi. Onların öz nümayəndələri ilə mövqelərini möhkəmləndirdikləri yeganə sahə şəhər özünüidarə orqanları idi. 1902-1905-ci illərdə Bakı şəhər dumasının 48 qlasnısının 23 nəfəri azərbaycanlı idi. Bunlar həm iri kapitalın nümayəndələri (H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyev, N.Mehdiyev, N.K.Sadiqov, A.Dadaşov), həm də liberal hərəkatın görkəmli xadimləri (Ə.Topçubaşov, Ə.Ağayev, F.Vəzirov b.) idilər. Şamaxıda 12 nəfər şəhər müvəkkilindən 6-sı azərbaycanlı idi. Quba və Lənkəran şəhər özünüidarə orqanlarında da eyni vəziyyət mövcud idi. Bu cür nisbətən geniş təmsil olunma Azərbaycan cəmiyyətində yuxarı təbəqələrin öz sənaye və ticarət fəaliyyəti məsələlərinin həllinə marağı ilə bağlı idi. Bundan başqa, sabit gəlir gətirən çoxmərtəbəli şəhər evlərinin çox hissəsi milli kapitalın nümayəndələrinə məxsus idi ki, bu da onların şəhər idarəçiliyi məsələlərində də fəallığını artırırdı.
Azərbaycan milli burjuaziyası neft sənayeçiləri qurultayının şurası və Bakı birja komitəsində zəif təmsil olunmuşdu. Bu, həm də digər milli burjuaziya nümayəndələrinin texniki təhsil alması yolunda çar hakimiyyəti orqanları tərəfindən yaradılan maneələrin nəticəsi idi.
Azərbaycanda milli ideologiyanın əsaslarını proqram və tələblər şəklində işləyib hazırlamaqda görkəmli ictimai xadimlər Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və b. bilavasitə iştirak edirdilər. Onlar "Kaspi" və "Şərqi-Rus" qəzetlərində müsəlmanların siyasi hüquqsuzluğundan, ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyətlərinin məhdudlaşdırılmasından söz açır, millətin oyanmasına maarifin yayılmasına, xeyriyyəçilik cəmiyyətlərinin yaradılmasına və çalışırdılar. Bununla yanaşı, onların məqalələrində, milli mənsubiyətindən asılı olmayaraq, bütün müsəlman və türk xalqlarının mənafe birliyi ideyası nəzərə çarpırdı. Onların fikrincə, islam "...mü- səlmanların həyatında ən keçilməz, ən fəal element rolunu oynayır Müsəlmanlar yaməhv olub yer üzündən silinməli, ya da din vastəsilə sağlamlaşmalıdırlar".
XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətli erməni partiyaları geniş fəaliyyət göstərirdi. Onlardan ən böyüyü və qatı burjua-millətçi "Daşnaksutyun" partiyası idi. Daşnaklar erməni cəmiyyətindəki müxtəlif sosial qüvvələrin mənafe birliyi və ahəngdar ideyasını təbliğ edirdilər. 1890-cı ildə yaradılan və Türkiyə ərazisində Ermənistanın müstəqilliyi uğrunda mübarizəni özünün əsas vəzifəsi elan edən Daşnaksutyun tədricən bu mübarizənin meydanını Türkiyənin hüdudlarından kənara da keçirərək genişləndirir və kütlələrin beyninə dənizdən-dənizə uzanan, demək olar ki, bütün Zaqafqaziya ərazisini əhatə edən "Böyük Ermənistan" yaratmaq ideyasını yeridirdi. Azərbaycanda onun təşkilatları Bakı, Gəncə, Şuşa və b. şəhərlərdə fəaliyyət göstərirdi.
Millətçi erməni xırda burjua partiyası olan "Qnçak" da erməni fəhlələr içərisində müəyyən nüfuza malik idi. Daşnaklar kimi qnçakçılar da erməni fəhlələrin başqa fəhlələrlə birlikdə tətil və siyasi nümayişlərdə iştirak etməsinə qarşı çıxırdılarsa da, 1904-cü il dekabr tətili zamanı sol bloka girdilər. Onlar da daşnaklar kimi, "Qərbi Ermənistan" problemlərinin həlli uğrunda mübarizəyə çağırışla çıxış edirdilər.
1903-cü ilin payızında Bakıda daha bir sosialist təmayüllü erməni təşkilatı - "Erməni sosial-demokrat fəhlə təşkilatı" meydana çıxdı. "Spesifiklər" adlandırılan bu təşkilat partiyanın federativ quruluşda olması, yəni fəhlələrin milli əlamətlərə görə bölünməsi tələbini irəli sürürdü. 1903-cü ilin dekabrında bu təşkilat "Manifest" dərc etdi. Burada RSDFP Qafqaz İttifaqını milli təşkilatların federativ birliyinə çevirmək vəzifəsi bəyan edilirdi. "Spesifiklər" vərəqələr buraxmağa, "Sosialist" jurnalını nəşr etməyə (sonralar onun nəşri xaricə köçürüldü) başladılar. 1903-cü ilin dekabrında "Spesifiklər" Bakı fəhlələrini ümumi tətilə çağırdılar, lakin bu çağırışlar müvəffəqiyyət qazanmadı. ―Spesifiklər"in erməni fəhlələri içərisində elə bir xüsusi nüfuzu yox idi. Bu. 1904-cü ilin mayında RSDFP Qafqaz İttifaqının qurultayında da qeyd olunmuşdu.
Sosialist inqilabçıları (eserlər) partiyası Bakıda 1903-cü ilin yayında meydana çıxdı. Bunun üçün Azərbaycanda torpaq və kənd təsərrüfatı sahələri ilə sıx bağlı olan müəyyən fəhlə təbəqələrinin mövcudluğu obyektiv zəmin idi.
Bakıda fəaliyyətinə 1903-cü ilin iyulunda hektoqrafik vərəqə buraxmaqla başlayan eser dərnəyi elə həmin ilin sonunda çap maşını olan gizli mətbəə təşkil etdi. Burada onların öz nəşrləri ilə yanaşı, mərkəzi eser qəzetlərindən materiallar və digər şəhər komitələrinin nəşrləri çap olunurdu.
Eserlər partiyasının xaricdəki Mərkəzi Komitəsi eser təşkilatlarının Zaqafqaziyadakı işinə böyük əhəmiyyət verirdi. Buna görə 1904-cü ildə SİP (Sosial-İnqilabçılar Partiyası) MK öz nümayəndəsi (müvəkkili) V.Volskini Bakıya göndərmişdi. O, burada eser təbliğatını canlandırmalı və birgə terror əməliyyatları keçirmək üçün Daşnaksutyun partiyasının nümayəndələri ilə əlaqə yaratmağa çalışmalı idi. Bununla belə eserlərin bilavasitə mədən fəhlələri ilə əlaqələri çox zəif idi.
Eserlər Azərbaycanın digər şəhərlərində də fəhlə və təhsil alan gənclər içərisində öz təsirlərini yaymağa can atırdılar. 1904-cü ilin fevralında Şuşa real təhsilməktəbində eser dərnəyi yaradılmışdı. O zaman Gəncədə də eser təşkilatı yaradılmasına cəhdlər göstərilmişdi.
Bakı eser təşkilatının nümayəndələri və SİP MK eser partiyasının Azərbaycan filiallarını da yaratmağa cəhd göstərdilər. Lakin 1906-cı il ərəfəsində SİP MK-nın göndərdiyi nümayəndələr Azərbaycanda Rizel və Rayetskinin köməyi ilə "İttifaq" adlı eser təşkilatını, sonra ―Əş-Şəms" ("Günəş") şagird təşkilatını yaratmağa nail oldular.
R.Məlikov, M.Cuvarlinski, R.Şərifzadə "İttifaq"ın ən fəal üzvləri idilər. Əsas proqram və taktika məsələlərində ittifaqçılar Bakı eserlərinin görüşlərinə şərik çıxır, onlarla birlikdə çıxış edir və birgə vərəqələr imzalayırdılar.Lakin azərbaycanlı eserlər üçün milli məsələ ön planda dururdu, onlar geridə qalmış kütlələri maarifləndirməyi və xalqın azadlığını özlərinin başlıca vəzifəsi elan etmişdilər. 1905-ci ildə siyasi vəziyyətin kəskinləşdiyi millətlərarası toqquşmalar dövründə ittifaqçılar sol blok taktikası mövqeyində duraraq, qüvvələri qaragüruhçulara və talançılara qarşı birləşdirmək üçün eserlər partiyasının Bakı Komitəsi və "Qnçak" erməni partiyası ilə inqilabi koalisiyaya girmişdilər.
"İttifaq" və "Əş-Şəms" uzun müddət yaşamadı, kütlələr içərisində əhəmiyyətli sosial bazası və müdafiəsi olmadığı üçün 1907-ci ildə dağıldı və ancaq fevral inqilabından sonra yenidən dirçəlib siyasi meydana qədəm qoydu.
Dostları ilə paylaş: |