Mövzu 2 Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi. Multikulturalizmin sosial hadisə kimi formalaşmasına təsir edən faktorlar. Multikulturalizm – etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli


Assimilyasiya, izolyasiya və multikulturalizm



Yüklə 19,26 Kb.
səhifə2/4
tarix26.04.2022
ölçüsü19,26 Kb.
#56432
1   2   3   4
Mövzu 2

Assimilyasiya, izolyasiya və multikulturalizm.

Yuxarıda qeyd olunan faktorlar nəticəsində formalaşan multikultural cəmiyyət daha sonra dövlət tərəfindən idarə olunmalıdır. Daha konkret desək, qeyd olunan faktorlar nəticəsində yaranan etnik-mədəni müxtəlifliklər tənzimlənməlidir. Belə ki, bu müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır.Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir.

Qeyd etdiyimiz kimi, multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biridir. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl, etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli, assimilyasiya və ya izolyasiya vasitəsilə tənzimləməyə çalışıblar:

Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, din və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.

Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-cü illərdə tətbiq olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər’. 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə, digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Cənubi Afrika Respublikasında aparteid sistemi bu ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh mükafatı laureatı, Nelson Mandelanın rəhbərliyi altında 1994-ci ildə demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyəsatinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Başqa sözlə desək, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır.
(Qeyd: Titul etnos dedikdə bu və ya digər ölkə ərazisində siyasi, iqtisadi və mədəni sahələrdə hakim mövqeyə malik olan və əksər hallarda əhalinin çoxluğunu təşkil edən etnos nəzərdə tutulur. Bir qayda olaraq, dövlət təhsil sisteminin əsasını bu etnosun dili və mədəniyyəti təşkil edir).


Yüklə 19,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin