Sitatgətirmə - Vasitəli nitq Vasitəli nitq özgə nitqini tam şəkildə olduğu kimi ifadə edə bilmir, onun yalnız məzmununu saxlayır. Hətta vasitəli nitq leksik cəhətdən vasitəsiz nitqə çox yaxın olduqda da onu olduğu kimi əks etdirə bilmir, ən azı vasitəsiz nitqin intonasiyasından məhrum olur.Məsələn:
İsmayıl ağ atına mindi, atın üzünü döndərdi və ucadan dedi: - Ey Ərdəbil əhli, mən ata yurduma qayıdacam və sizə xoşbəxtlik gətirəcəm.(F.Kərimzadə) - İsmayıl ağ atına mindi, atın üzünü döndərdi və ucadan dedi ki, o, ata yurduna qayıdacaq və onlara xoşbəxtlik gətirəcək. Göründüyü kimi, vasitəsiz nitq vasitəli nitqə çevrilərkən öz intonasiyasını itirdiyi kimi, əvvəlki emosionallığını da xeyli itirir. Vasitəli nitqdə modal sözləri, nidaları, xitabları saxlamaq olmur.
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən əvəzliklərdə daha çox dəyişiklik olur - əvəzliklər özgə nitqinin daşıyıcısı deyil, onlar müəllif nitqinin tələblərinə uyğun işlədilir. Məsələn: Murad soruşdu: -Sən ki sarayda məşhur adam idin, bu nə gündür düşmüsən? (F.Kərimzadə) -Murad soruşdu ki, o, sarayda məşhur adam idi, bu nə gündür düşüb.-Sən şəkli necə çəkirsən, mənə də öyrət,-İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykəndi.(F.Kərimzadə) - İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykənərək soruşdu ki, o, şəkli necə çəkir, ona da öyrətsin. Göründüyü kimi, bu misallarda vasitəsiz nitqə aid “sən” əvəzlikləri vasitəli nitqdə müəllif nitqinin tələbi ilə “o” şəklində işlənmişdir.
Vasitəsiz nitqi vasitəli nitqə çevirərkən əvəzliklərdə aşağıdakı dəyişikliklər edilir:
1. Müəllif nitqi üçüncü, vasitəsiz nitq birinci şəxsə aid olduqda vasitəli nitqə çevrilərkən əvəzlik də (vasitəsiz nitqin əvəzliyi) üçüncü şəxsdə işlənir.Məsələn: 1.-Mən bilirəm,-Cibo Səfər qorxa-qorxa dilləndi. (F.Kərimzadə) - Cibo Səfər qorxa-qorxa dilləndi ki, o bilir. 2. -Hara gedək? - Əbih Sultan sanki öz-özündən soruşdu. (F.Kərimzadə) -Əbih Sultan sanki öz-özündən soruşdu ki, hara getsinlər. Bu cür çevirmə prosesində əvəzliyin hansı halda olmasının əhəmiyyəti yoxdur.
2. Müəllif nitqi üçüncü, vasitəsiz nitq ikinci şəxsdə olduqda vasitəli nitqə çevrilərkən vasitəsiz nitqin mübtəda - xəbər əlaqəsi üçüncü şəxsə aid olur. Məsələn: Əbih Sultan Cibo Səfərə dedi: - Sən bura məhrəm adamsan. (F.Kərimzadə) - Əbih Sultan Cibo Səfərə dedi ki, o bura məhrəm adamdır.
Əvəzlik işlənmədikdə, şəxs şəkilçisi ilə müəyyənləşir: Qönçə acıqlı-acıqlı:- Səsin batsın! - dedi. (İ.Məlikzadə) - Qönçə acıqlı-acıqlı dedi ki, (onun) səsi batsın.
3.Həm müəllif nitqi, həm də vasitəsiz nitq üçüncü şəxsdə olduqda çevirmə prosesində vasitəsiz nitqin şəxsində dəyişiklik olmur. Bu forma vasitəsiz nitqlə vasitəli nitqin ən çox uyğun olduğu formadır. Məsələn: Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu:- Ay ana, yeməyə bir şey varmı? (İ.Məlikzadə) -Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu ki, yeməyə bir şey varmı.
Lakin heç bir fərq müşahidə edilmədikdə də vasitəsiz və vasitəli nitq intonasiya cəhətdən mütləq fərqlənir Məsələn: Soruşdu ki: “Orada nə yazıblar?” cümləsi ilə “Soruşdu ki, orada nə yazıblar” - cümlələrinin xüsusilə vasitəsiz və vasitəli nitq hissələrinin intonasiyasında mühüm fərq var.
Cümlə vasitəli nitq şəklinə düşdükdə xitabların, ara sözlərin, nidaların iştirakı da məhdudlaşır.
Müəllif nitqi birinci, vasitəsiz nitq ikinci şəxsdə olduqda vasitəli nitqə çevrilərkən vasitəsiz nitqin əvəzlik və xəbəri üçüncü şəxsdə olur. Məsələn: Mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib dedim: -Bura bax, Qaraca, gör güllə haradan keçib.(İ.Əfəndiyev) - Mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib dedim ki, görürsən, güllə haradan keçib. Mən soruşdum:-Axı, neyləyirsən qayçını? (İ.Əfəndiyev) Mən soruşdum ki, qayçını neyləyir.