Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə14/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu -21 1

Funksional üslublar

Azərbaycan dilinin müxtəlif inkşaf dövrlərində ünsiyyətin hansı şəraitdə (rəsmi, qeyri-rəsmi yerlərdə, bir nəfərlə və ya kollektivlə, savadlı və ya savadsızla, uşaqla və ya böyüklə, tanışla və ya yadla və b. ilə) baş verməsi onu (nitqi) şəraitə uyğun formalarda qurmaq, dil vasitələrindən məqsədəuyğun şəkildə istifadə edə bilmək tələbatından (ünsiyyətin məqsəd və şəraitə uyğunluğundan) dilin (nitqin) üslubları yaranmışdır. Dil və nitq üslublarından bəhs edərkən bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, dilin funksional üslubları ilk növbədə ümumi-obyektiv xarakter daşıyır, bu dildə danışan ayrı-ayrı fərdlərin iradəsindən asılı olmayaraq bir potensial şəklində mövcud olur. Nitq üslubları isə fərdi-subyektiv xarakter daşıyaraq müvafiq dil üslubunun danışanın (yazanın) dünyagörüşü, savadı, nitq qabiliyyəti, məqsədi, eyni zamanda nitq şəraiti və auditoriyanın xarakterinə uyğun realizə edilməsindən ibarət olur.


Nitqin funksional üslublarından bəhs edərkən bir amili həmişə nəzərdə saxlamaq lazımdır ki, onlar məhz fərdi üslubun hüdudları çərçivəsində fəaliyyət göstərir və bu mənada obyektiv şəkildə mövcud olan müvafiq dil üslublarından fərqlənirlər. Dilçilik ədəbiyyatında onların bir sıra növündən bəhs olunur ki, bunları iki növ üzrə qruplaşdırmaq olar:


Kitab üslubu – bura daxildir: bədii üslub, elmi üslub, ictimai-


publisistik üslub, rəsmi üslub, şəxsi yazışma – epistolyar üslub;


Danışıq üslubu – bura danışıq, məişət, əməli danışıq, sadə danışıq üslubları aiddir.


Birinci qrupa daxil olan funksional üslublar, əsasən, yazılı olur. Lakin onlar şifahi ifadə formasında da özünü göstərir. Məsələn, alimin öz elmi qənaətləri barədə yazdığı əsər, məqalə, şübhəsiz ki, yazılı formaya əsaslanır. Başqa bir vəziyyətdə - auditoriyada, televiziya və radio verilişləri ilə həmin elmi nailiyyətlər haqda aparılan söhbət şifahi formada həyata keçirilir.


Danışıq üslubu, adından məlum olduğu kimi, nitqin şifahi formasına aiddir. Bu üslubda əsas məqsəd ünsiyyət yaratmaq, müəyyən məlumat vermək və ya almaq, insanlara, şeylərə, hadisələrə, deyilənlərə və s. münasibət bildirməkdir.


Azərbaycan dili tədrisinə dair yazılmış metodik ədəbiyyatda danışıq üslubunun aşağıdakı xüsusiyyətləri qeyd olunur:


Nitqin məzmunu konkret və müəyyəndir. Abstraksiya bu üslubun


təbiətinə yaddır.


İfadə, şərhetmə sərbəstdir, sadə və təbiidir;


Nitqin predmetinə, deyilənlərə müəllifin (nitq sahibinin) subyektiv


münasibəti ifadə olunur. Nitq, əsasən, dialoqlar şəklində qurulur. Müsahiblərdən hər biri söz və ifadələrin seçilməsində, cümlələrin qurulmasında sərbəstdir.


Danışıq nitqinin emosionallığı nitqin qurumuna təsir edir, beləliklə, bu


üslub da özünəməxsus cümlə tipləri, sintaktik konstruksiyaların seçilib işlən-məsini şərtləndirir. Məsələn, danışıq üslubunda nidalar, ədatlar, ara sözlər, sual əvəzlikləri ilə işlənən sintaktik konstruksiyalardan bol-bol istifadə olunur. Xüsusilə, bu üsluba fikrin yarımçıq ifadəsi, ellipsis və yarımçıq cümlələr, söz-cümlələr, sintaktik təkrarlar, sual və nida cümlələri, eləcə də ritorik sual cümlələrinin, bağlayıcısız tabeli və tabesiz mürəkkəb cümlələrin işlənməsi və söz sırasında inversiyanın olması daha çox xasdır.


Dil vasitələrinin işlənməsi baxımından müəyyən konkret şəraitdə standartlıq, şablon ifadələr seçilməsi də danışıq üslubunda özünü göstərən üslubi xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət ünsiyyət şəraitində, o cümlədən söhbət zamanı yaranır; belə ki, görüşmə, ayrılma zamanı həmişə eyni söz və ya ifadələr işlədilir. Məsələn, Salam! Görüşənə qədər! Təşəkkür edirəm! Üzr istəyirəm! Sabahınız xeyir! Axşamınız xeyir! s.


Belə standart, şablon ifadələr müəyyən hissi-halları ifadə etmək məqsədi ilə işlənir. Məsələn: Çox yaxşı! Əla! (bəyənmək, şad olmaq hissini, halını bildirir);


Boş sözdür! Boş işdir! Belə de! Ay sağ ol! (həm razılıq, həm də narazılıq halını ifadə edə bilir) (28, 234-235).

“Ədəbi dilin üslubları ümumi və fərdi cəhətlərə malikdir. Onlarda insan fəaliyyətini ifadə etməsinə və eyni mənbəyə, ümumxalq dilinə əsaslanmasına görə ümumilik və eynilik var. Lakin üslublar həmin mənbədən, ümumxalq dilindən istifadə etməsinə, ifadə vasitələrinin və sözlərin seçilib işlədilməsinə, xüsusi cümlə konstruksiyalarını cəlb etməsinə, aralarındakı əlaqə və tiplərinə görə bir-birindən fərqlənir” (37, 256).


Bu xarakterik cəhətlərin nəzərə alınması natiqlik sənətində mühüm əhəmiyyət kəsb edir. Natiq, mühazirəçi öz nitqini şəraitə, məqsədə uyğun şəkildə qurmağı bacarmalıdır. Şübhəsiz ki, eyni mövzuda (məsələn, “Dövlətimizin iqtisadi siyasəti” mövzusunda) söhbət auditoriyadan asılı olaraq müxtəlif şəkillərdə aparıla bilər. Dinləyicilər ziyalıdırsa, mütəxəssisdirsə, belə auditoriyada nitq, əsasən, elmi üslubda, əgər həmin söhbət kütləvi auditoriyalarda aparılırsa, nitq sadə şəkildə qurulmalı, rəqəmlərə, elmi faktlara az müraciət olunmalı, uzun və mürəkkəb cümlələrə, qəliz termin və ifadələrə yol verilməməlidir.


Nitq situasiyası söylənilən fikrin həm forması, həm də məzmununa öz təsirini göstəri. Hər hansı bir hadisə, əşya haqqında məlumat (məzmun) adi danı-şıq dilində bir cür (bir qədər səthi, rabitəsiz, təkrarlarla, subyektiv fikirlərlə və s.) söylənilirsə, digər üslublarda (məs.: elmi üslubda) həmin fikirlər daha dəqiq, yığcam, məntiqi, obyektiv, səbəb-nəticə münasibətləri əsasında ifadə olunur. Bu fərq fikrin ifadə formasında da özünü göstərir. Birincidə fikirlər təbii şəkildə, sərbəst formada söylənilir, yarımçıq cümlələr işlədilir, deyilənlərə münasibət bildirilir, ara sözlər, xitablar, nidalar və sairədən istifadə olunur. İkincidə isə (elmi üslubda) fikirlər sübutlarla, faktlarla, məntiqi ardıcıllıqla şərh olunur, ümumi-ləşdirmələr aparılır. Burada hər cür termindən, anlayışdan, ölçülü-biçimli cümlələrdən istifadə olunur. Əgər həmin fikir başqa üslubda, məsələn, deyək ki, bədii üslubda ifadə olunursa, orada canlı təsvirə, təəssürat və duyğulara, bədiilik və emosionallığa, onları yaradan ifadə vasitələrinə, məcazi mənalı sözlərə, ifadə-lərə, nida, əmr və sual cümlələrinə, intonasiyaya və s. geniş yer verilir.


Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, natiq nitqini yalnız hər hansı bir üslub çərçivəsində qurmalı, digər üslublara məxsus ifadə tərzindən istifadə etməməlidir. Bu, heç də belə deyildir. Mühazirəçi öz nitqinin təsirini artırmaq, dinləyiciləri fəallaşdırmaq, onların marağını ələ almaq və s. məqsədi ilə digər üslublara da müraciət edə bilər. Məsələn, elmi mövzuda müha-zirə oxunarkən ehtiyac hiss olunar və münasib məqam yaranarsa, obrazlı ifadələrdən, sözlərdən, atalar sözü və məsəllərdən, aforizmlərdən, şeir parça-larından və sairədən istifadə edilə bilər. Lakin bu müəyyən ölşüdə olmalı, ümumi üsluba xələl gətirməməlidir. Bu nöqteyi-nəzərdən zəmanəmizin görkəmli natiqi Heydər Əliyevin nitqləri mühazirəçilər üçün ən yaxşı nümunədir. “H.Əliyevin nitqlərində, çıxış-larında ədəbi dilin bütün funksional üslubları bir vəhdətdə götürülür, orada yeri gəldikcə bütün üslub növlərindən istifadə edilir. Bununa belə, nitqin mövzusun-dan, auditoriyanın tərkibindən və səviyyəsindən asılı olaraq onun nitqlərində həmişə üslub uyğunluğu gözlənilir və bu məsələ natiqin ciddi nəzarəti altında olur. H.Əliyev elmi işçilərin yığıncağındakı nitqində əksər elmi, ədəbiyyat və incəsənət xadimlərinin qurultaylarda və tədbirlərində bədii üslub ünsürlərinə daha geniş yer verirsə, dövlət və hökumət aparatı əməkdaşları ilə görüşlərində daha çox işgüzar, ictimai-siyasi üsluba əsaslanır. Xarici ölkələrdə səfərdə olarkən müxtəlif xalqların müxtəlif səviyyəli auditoriyalarında rəsmi üslub, diplomatiya əsas götürülürsə, kənd zəhmətkeşləri, qaçqınlar və məcburi köçkünlərlə söhbətlərində, onların qarşısındakı çıxışlarında, nitqlərində məişət-danışıq üslubu aparı-cı rol oynayır” (36, 86).


Nitqin üslub baxımından müvafiqliyi ayrı-ayrı nitq üslublarında uyğun ifadə formalarına (söz, söz birləşməsi, qrammatik kateqoriya, sintaktik quruluşlar və sairəyə) və qanunauyğunluğa riayət olunmasını tələb edir. Bu tələbin gözlənil-məməsi, məzmuna uyğun gəlməyən ifadə formasının işlədilməsi nitqin effektini və təsir gücünü azaldır. Kompüter texnikasının orta məktəbdə öyrənilməsi mövzusunda dissertasiya müdafiəsi idi. Sovetin üzvlərindən bir nəfərə söz verildi. O, çıxışına şeirlə başladı. Onun danışığı başdan-başa obrazlı sözlər, təmtəraqlı cümlələrdən ibarət idi. Çıxışının sonunu da şeirlə bitirdi. Bu çıxış elə təəssürat yaradırdı ki, sanki burada hər hansı bir ədəbi mövzuda yazılmış əsər haqqında rəy söylənilir. Zaldakılar bu danışıq tərzinə təəccüb etdilər, etirazlarını bildirdilər. Sədr bunu hiss edərək dedi: “Axı belə danışmaq, çıxış etmək kimə lazımdır. Siz ədəbi məclisdə, evdə, küçədə danışmırsınız. Elmi məclisdə, elmi əsər barədə rəyinizi bildirirsiniz. Ona görə də elmi dildə danışmalı, əsər barədə dəlillərlə, sübutlarla fikir söyləməli, münasibət bildirməlisiniz”. Gətirdiyimiz bu misal göstərir ki, natiq situasiyanı nəzərə almalı, nitqini həmin situasiyaya uyğun qurmalıdır. Antik dövrün görkəmli natiqlərindən Siseron bu məsələ ilə bağlı xatırladırdı ki, həyatda da, nitqdə də öz məqamına düşməkdən çətin bir şey yoxdur. Bunu bilməyəndə çoxlu səhvlərə yol verilir. Nitq üzərində apardığımız bir müşahidəni bu baxımdan nümunə göstərək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Almaniyanın Avropa Məsələləri üzrə İnstitutu (İNEA) ilə birgə təşkil etdikləri “Körpülərin salınması” adlı Beynəlxalq Konfransda Millət vəkili E.Süleymanovun giriş nitqini dinləmək bu sətirlərin müəllifinə müyəssər olmuşdur. Ciddi, rəsmi üslubda qurulan bu çıxışda natiqin aydın diksiyası, gözəl intonasiyası, fərdi deyim maneraları, haqqında danışdığı məsələni özünəməxsus tərzdə mənalandırmaq bacarığı, daxili məntiq, elmi-fəlsəfi təhlil, dediklərini əsaslandırmaq üçün gətirdiyi faktlar, sübutlar, gəldiyi nəticələr və s. onu dinləyənlərdə qibtə doğururdu. Bu nitq sona qədər böyük maraqla dinlənildi. Həmin natiq başqa situasiyada – kollektiv üzvlərindən birinin yubiley şənliyində xeyli sərbəst danışırdı. Atmacaları, duzlu söhbətləri, məzəli xatirələri, replikaları, incə yumoru ilə həm yubilyara, həm də orada iştirak edənlərə xoş ovqat gətirir, tədbirinin təsirini artırırdı.


Yekun olaraq deyə bilərik ki, mədəni nitqə yiyələnməkdə təkcə ədəbi dilin normalarına riayət etmək kifayət deyildir, belə bir keyfiyyətin yaranması üçün dilin üslub normalarını, çalarlarını da gözləmək lazımdır. Ona görə ki, “...nitq mədəniyyəti ədəbi dilin qaydalarının və funksional üslubların normal sistemidir” (37, 94).


Bədii üslub. Bu üslubda yazıçının həyatla bağlı fikir və düşüncələri bədii şəkildə, müxtəlif təsvir vasitələri ilə ifadə olunur. Bədii üsluba bədii dil də deyilir. Bu üslubun tarixi digər üslublarla müqayisədə qədimdir. Bədiilik, müxtəsərlik, yığcamlıq, lakoniklik bədii üslubun əsas xüsusiyyətlərindəndir. Bədii üslubda insanı, onun yaşadığı həyatı təsvir etmək üçün dilimizdəki sözlərin müxtəlif məna qruplarından – omonimlərdən (eyni səslənməyə malik olan sözlərdən), sinonim-lərdən (yaxın mənanı ifadə edən sözlərdən), antonimlərdən (əks mənanı ifadə edən sözlərdən), məcazların müxtəlif formalarından (bənzətmə, metafora, simvol, kinayə, mübaliğə və s.), hətta vulqar leksika, jarqon, köhnəlmiş və ya dilə yenicə gəlmiş sözlərdən məqamına görə istifadə olunur. Aşağıda verilən eyni məzmunun müxtəlif ifadə şəkillərini müqayisə etsək, bədii üslubun, ifadəlilik, emosionallıq baxımından nitqdəki rol və əhəmiyyətini aydın görə bilərik.



Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin