İnformasiya texnologiyaları avtomatlaşdırılmış və ənənəvi (əl ilə) şəkildə həyata keçirilir. Geniş mənada, avtomatlaşdırma insan fəaliyyətinin maşın və mexanizmlərlə əvəz olunmasına yönəlir. Avtomatlaşdırma dərəcəsi geniş intervalda dəyişə bilər: idarəetmə prosesi tam həcmdə insan tərəfindən yerinə yetirilən sistemlərdən, avtomatik yerinə yetirilən sistemlərə qədər. Avtomatlaşdırmanın həcmi, texniki vasitələrin növü və istifadəsi xüsusiyyəti konkret texnologiyanın xüsusiyyətindən asılıdır.
İdarəetmənin avtomatlaşdırılması, və deməli, informasiya sisteminin də avtomatlaşdırılması, texnologiyaların avtomatlaşdırılması aşağıdakı hallarda tələb olunur:
− verilmiş prosesin idarə edilməsi üçün insanın fizioloji və psixoloji imkanları məhduddur;
− idarəetmə sistemi insanın həyatı və sağlamlığı üçün təhlükəli mühitdə yerləşir;
− prosesin idarə edilməsində iştirak etmək üçün insandan yüksək peşəkarlıq tələb olunur;
− idarə olunmalı proses böhran və ya qəza vəziyyətindədir.
Avtomatlaşdırılmış informasiya texnologiyaları (AİT) informasiya ilə əlaqəli olan bütün əməliyyatlar üçün avtomatlaşdırma vasitələrini istifadə edirlər. Buna görə də avtomatlaşdırılmış informasiya texnologiyalarını aşağıdakı kimi təyin etmək olar.
Avtomatlaşdırılmış informasiya texnologiyaları dedikdə verilənlərin ötürülməsi, toplanması, saxlanması və emalı üçün hesablama texnikası və rabitə sistemlərinin üsul və vasitələrini istifadə edən informasiya texnologiyaları başa düşülür.
Bununla əlaqədar olaraq avtomatlaşdırılmış informasiya texnologiyaları informasiya resurslarının emalı ilə bağlı bir sistem olduğu üçün onlara avtomatlaşdırılmış sistem kimi baxıla bilər.
Avtomatlaşdırılmış sistem dedikdə müxtəlif proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş texniki, proqram və digər vasitələrin və işçi heyətin kompleksi başa düşülür.
AİT ilə yanaşı təcrübədə informasiya texnologiyalarında kompüter vasitələrinin tətbiqini qeyd edən, yeni informasiya texnologiyası terminindən istifadə olunur.
“Yeni informasiya texnologiyası” termini vaxt keçdikcə öz ilkin mənasını itirir. Belə ki, müasir İT-yə daha çox kompüter informasiya texnologiyası kimi baxılır.
Bir qayda olaraq, istifadəçi (məsələn, iqtisadçı) predmet texnologiyası, yəni verilənlər üzərində aparılan əməliyyatlar ardıcıllığı və onların qarşılıqlı əlaqələndirilməsi strukturu ilə yaxından tanışdır.
Avtomatlaşdırmanın vasitə və üsullarına aşağıdakılar daxildir: kompüter və kommunikasiya texnikası; EHM üçün proqramlar; informasiya, informasiya texnologiyalarının təşkili və istifadəçilərə göstərilən xidmətlərin üsul və yanaşmaları. Kompleksə, bir qayda olaraq, işçi heyətin və texniki vasitələrin fəaliyyətinin əməliyyatlarını vahid texnoloji prosesə birləşdirən proqram vasitələri və təşkilati-metodiki təminat daxildir.
Avtomatlaşdırılmış informasiya texnologiyalarının texniki təminatına aşağıdakılar daxildir:
− informasiyanın emalı və çevrilməsi üçün nəzərdə tutulmuş kompüter texnikası vasitələri;
− idarəetmə sistemi çərçivəsində informasiyanın ötürülməsi və mübadiləsini təmin edən kommunikasiya texnikası vasitələri;
− informasiyanın emalı sahəsində çalışan mütəxəssislərin əməyinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş təşkilati texnika vasitələri.
AİT-in texniki vasitələrinin seçilməsi zamanı aşağıdakı tələblər nəzərə alınır:
− emal olunan informasiyanın həcmi;
− verilənlərin emalının dəqiqliyi, sürəti və etibarlılığı;
− həll olunan tətbiqi məsələlərin növləri, sayı;
− AİT sistemində istifadəçilərin ümumi sayı;
− istifadəçilərin ümumi sayına nisbətən fəal istifadəçilərin faizi;
− istifadəçilərin tətbiqi məsələlərə görə paylanması; − tətbiqi və ümumsistem proqram təminatının həcmi və s.
AİT-in proqram təminatı dedikdə hesablama və tətbiqi məsələlər dəstinin həyata keçirilməsini təmin edən sistem və tətbiqi proqramlar kompleksi başa düşülür.
Ümumsistem proqram təminatının tərkibinə aşağıdakı vasitələr daxildir:
− əməliyyat sistemləri;
− test və diaqnostik proqramlar;
− antivirus proqramları;
− sistem örtükləri və digər köməkçi vasitələr.
AİT-in ümumsistem proqram təminatının seçilməsi zamanı aşağıdakılar nəzərə alınır:
− idarəsi altında seçilmiş tətbiqi proqramlar paketi fəaliyyət göstərən əməliyyat sisteminin növü;
− tətbiqi proqramlar paketinin həcmi və onun vasitələri ilə avtomatlaşdırılan məsələlərin siyahısı;
− tətbiqi proqramlar paketinin dəyər xarakteristikaları;
− istismar şərtləri və digər tələblər.
Tətbiqi proqramlar aşağıdakılarla xarakterizə olunurlar:
− mətn sənədlərinin hazırlanması sistemləri; − cədvəl sənədlərinin hazırlanması sistemləri;
− verilənlər bazalarının idarəetmə sistemləri;
− ixtisaslaşmış proqram vasitələri;
− fərdi informasiya sistemləri;
− təqdimatların hazırlanması sistemləri və istifadəçilərin vasitələrini daxil etməklə digər proqram vasitələri.
Proqram təminatını təşkil edən proqram vasitələri avtomatlaşdırılmış informasiya texnologiyalarının alət vasitələri adlandırıla bilərlər.
İnformasiya texnologiyalarının alət vasitələri dedikdə işləmə texnologiyası ilə təyin edilmiş məqsədə nail olmanı təmin edən müəyyən növ kompüterlər üçün bir neçə qarşılıqlı əlaqəli proqram məhsulu başa düşülür. Göstərilmiş tərifə görə AİT-in alət vasitələrini istifadəçilərin müəyyən məsələlərinin həyata keçirilməsinə yönələn proqramlar sinfinə ayırmaq olar: mətn redaktorları, elektron cədvəllər, verilənlər bazalarının idarəetmə sistemləri, masaüstü nəşriyyat sistemləri, funksional təyinatlı informasiya sistemləri və s.
AİT-in metodiki təminatı dedikdə texniki vasitələrin istismarına aid sənədlərin hazırlanması və tərtibatı, mütəxəssisistifadəçi və texniki heyətin işini təşkil edən normativ-metodiki və təlimat materialları kompleksi başa düşülür.
AİT-in metodiki təminatının həyata keçirilməsi AİT-in unifikasiyası (vahid şəkilə salınması) və standartlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə əlaqəlidir. Unifikasiya dedikdə istifadə olunan sistemlərin müxtəlifliyinə nisbətən elementlərin müxtəlifliyinin nisbi ixtisar olunması başa düşülür. Başqa cür desək, unifikasiya – eyni funksiyalı obyektlərin sayının səmərəli azaldırlmasıdır. AİT-in metodiki təminatının standartlaşdırılmasında əsas məqsəd informasiya texnologiyaların bütün komponentlərinin işlənmə, tətbiq və istifadə tələblərini müəyyən edən normativ-arayış sənədləşmə sisteminin yaradılmasıdır.