Əməliyyat sistemi kompüterin sistem proqram təminatının vacib hissəsidir. Əməliyyat sisteminin funksiyalarına proqramların icra edilməsinin və istifadəçi və xarici qurğuların kompüter ilə qarşılıqlı əlaqəsinin təşkili, müxtəlif rejimlərdə fərdi kompüterlərin səmərəli fəaliyyətinin təmini daxildir. Texniki nöqteyi-nəzərdən əməliyyat sistemi kompüterin resurslarının, bu resursları istifadə edən informasiyanın emalı proseslərini və verilənlərin idarə edilməsini təmin edən proqramlar kompleksidir.
Resursların idarə edilməsi rəqabət aparan proseslər arasında resurslara müraciətin təşkili, resursların dinamik paylanması proseduralarından ibarətdir. Qeyd etmək lazımdır ki, resurs dedikdə informasiya proseslərində istifadə oluna bilən və, uyğun olaraq, onlar arasında paylana bilən AİT-in istənilən obyekti hesab olunur.
Aparat resurslarına mikroprosessor, əlavə prosessorlar
(məsələn, riyazi soprosessor, yaddaşa birbaşa müraciət prosessoru və s.), əsas yaddaş, xarici yaddaş, çap qurğusu, videomonitor və EHM-in digər periferiya qurğuları daxildir.
Proqram resurslarına istifadəçiyə mümkün olan hesablama proseslərinin və verilənlərin idarə edilməsinin proqram vasitələri daxildir.
İnformasiyanın emalı prosesinin idarə edilməsi kompüterin səmərəli iş rejimlərinin təşkili və həyata keçirilməsindən ibarətdir:
− biristifadəçili və çoxistifadəçili rejimlər (ayrı-ayrı terminallar vasitəsilə bir neçə istifadəçinin kompüter ilə eyni zamanda işləməsi;
− birproqramlı (birməsələli) və çoxproqramlı (çoxməsə-
ləli) iş rejimi;
− virtual maşınların formalaşması rejimi (kompüterin əsas konfiqurasiyası çərçivəsində hər bir istifadəçiyə sanki məhsuldarlığı aşağı olan ayrıca bir maşın ayrılır);
− birprosessorlu, çoxprosessorlu, çoxmaşınlı, o cümlədən, şəbəkə və hesablama sistemlərində iş.
Resurslara müraciət rejimindən asılı olaraq çoxproqramli iş rejimi aşağıdakı növlərə ayrılır:
− paket emalı (istifadəçinin birbaşa müraciəti olmadan, eyni vaxtda həll olunmaya məruz qalan bütün proqramlar blokunun (paketinin) ilkin toplanması və tərtib edilməsi);
− vaxtın bölünməsi (istifadəçilər arasında əvvəlcədən təsbit edilmiş maşın vaxtının hər bir intervalının bölünməsi, və ya digər bir xidmət qaydasına görə bir neçə istifadəçinin eyni vaxtda dialoq (interaktiv rejimində) müraciəti);
− real vaxt rejimi (istifadəçinin və ya xarici terminalın hər
bir müraciətinin zəmanətli xidmət vaxtı).
Verilənlərin idarə edilməsində məqsəd kompüterdə emal olunan verilənlərin identifikasiyası, təşkili və saxlanmasının təminidir. Verilənlərin təşkili kitabxana və verilənlər bazalarının yaradılması, onların aktuallaşdırılması, verilənlərə səmərəli müraciətin və onların seçilməsinin təmin edilməsi ilə əlaqəlidir.
Fərdi kompüterlərin əməliyyat sistemlərinin səciyyəvi xüsusiyyəti “dostluq” istifadəçi interfeysinin təmin edilməsidir. Əməliyyat sisteminin “dostluğu” tətbiqi proqramların icrası prosesində istifadəçiyə tələb olunan xidmətin təmin edilməsini, proqramçıya proqramın işlənməsi və sazlanmasını, həmçinin informasiyanın saxlanması, çevrilməsi, əks olunması üçün rahat şərait yaratdığını bildirir.
Funksional texnologiya müəyyən qaydalara görə yerinə yetirilmiş təminat və predmet texnologiyalarının sintezidir. Verilənlərin çevrilməsinin müəyyən mühiti kimi çıxış edərək funksional texnologiya texniki, proqram (VBİS, əməliyyat sistemi və s.), təşkilati (işçi heyət) və informasiya hissələrindən ibarət olan platformaya əsaslanır.
Son nəticədə, istifadəçi-mütəxəssis (iqtisadçı, menecer və s.) həm ayrı-ayrı informasiya texnologiyalarını, həm də onların müəyyən kompleksdə birləşmiş toplusunu istifadə edə bilər.
Rəhbər işçinin, qərar qəbul edən şəxsin məqsədlərinin yerinə yetirilməsini dəstəkləyən təminat və funksional informasiya texnologiyaları kompleksi avtomatlaşdırılmış iş yerləri (AİY) əsasında həyata keçirilir.
AİY-in təyinatı qoyulmuş məqsədlərin əldə edilməsi üçün qərarların formalaşdırılması və qəbul edilməsinin informasiya dəstəyindən ibarətdir.