Mövzu: Antik Fəlsəfə: Klassik dövr Plan



Yüklə 24,96 Kb.
tarix30.09.2023
ölçüsü24,96 Kb.
#151057
antik fəlsəfə




Mövzu: Antik Fəlsəfə: Klassik dövr
Plan

  • Giriş

  • Socrat fəlsəfəsi

  • Socrat metodunun mahiyyəti

  • Socratın əxlaqi problemlərə baxışı

  • Platon

  • Platon ideya fəlsəfəsi

  • Platonun tanrı barədə düşüncələri

  • Platon və dövlət

  • Dövlət quruluşu

  • Aristotel fəlsəfəsi

  • Aristotel və etika

  • Aristotel və varlıq

  • Aristotel və metafizika

  • Aristotel və psixologiya

  • Aristotel və kosmologiya

  • Nəticə

  • Ədəbiyyat siyahısı

GİRİŞ
Fəlsəfənin klassik dönəmindən öncə elm və fəlsəfə fraqmentlər və pərakəndə biliklər halında olmuşdur. Həmin dönəmdən başlayaraq bu biliklər sistemləşdirilmiş və elmi kateqoriyalara salınmışdır. Bu prinsip də sonrakı dövrlərdə bütün dünya elmində tətbiq olunmuş və insanlığı tərəqqiyə doğru aparmışdır. Sokrat, Platon və Aristotelin fəlsəfəsi qədim yunan düşüncəsi və elminin ən yüksək zirvəsi sayılmaqdadır. Bu filosoflar keçmiş irsi mənimsəmiş, onu sistemləşdirərək elm halına gətirmiş və bütün bunlara öz fikirlərini əlavə etmişdirlər.
ƏSAS HİSSƏ
Afinada yaşayan Sokrat (yun. Σωκράτης m. ö. 469 – 399) əvvəlcə sofirstlərin təlimi ilə maraqlanmış, ancaq sonra onlardan aralanaraq bu cərəyanı tənqid etmişdir. Daha sonra Sokrat öz fəlsəfi fikirlərini açıqlamış və beləliklə o, ətrafına çoxlu öyrənci yığa bilmişdir.
Onun fəlsəfəsində hər şeyin tək bir həqiqəti vardır. Onu hamılıqla araşdırıb tapmaq lazımdır. Bu məqsəd üçün də o, “evristika” (yun. ευρίσκω – tapıram) adlanan öz metodunu təklif etmişdir.
Bu metodda ironiya, maevtika və induksiyadan istifadə edilir. İroniya (yun. εἰρωνεία) hərfi mənasına əks olan və mahiyyəti gülünc olan sözdür. İroniya ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geri zəkalılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı və gülməlidir. Sokrat həmsöhbətlərini öz “Mən”ini qırağa qoymağa, məsələlərin obyektiv həllinə yönəlməyə çağırırdi. O demişdir; “Mən bilirəm ki, mən heç nə bilmirəm”.
Bundan sonra euristik metodda maevtika’ya (yun. μαιευτική) keçid olur. Bu da hərfi mənada “mamalıq” deməkdir. Maevtikanın vasitəsilə Sokrat, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi ilə həqiqi biliyi üzə çıxarırdı. Mamalıq terminindən bilinir ki, bu prosesi o qadının bala doğmasına bənzər şəkildə görürdü. Sadəcə mamalığın nəticəsində balanın deyil, həqiqətin və biliyin doğulması baş verir. Bu prosesdə Sokrat heç nə iddia etməyərək həmsöhbətlərinə yalnız köməkçi sualları verərək həqiqətin açıqlanmasını onların özlərindən gözləyirdi. Beləliklə, həqiqəti insanların özləri “doğmalıdır”. Deməli, maevtika həm də sualların düzgün verilməsindən asılı idi.
Bu zaman təriflərin verilməsi də mühüm məsələdir ki, ona induksiya (lat. inducsio) deyilir. Çünki, tərif vermədən heç bir şey haqqında hansısa fikir yürütmək olmaz. Gəlinən obyektiv nəticələrə də tərif vermək lazımdır. Ona görə də, Sokrat hansısa bir şeyin mahiyyətinə varmaq üçün həmsöhbətlərindən onun tərifinin verilməsini tələb edirdi. Bu mərhələlərdən keçdikdən sonra həmsöhbətlər hamı üçün bir olan həqiqəti üzə çıxardırdılar. Ancaq, sonra o həqiqət şübhə altına qoyulardısa, yenə də ironiya, maevtika və induksiya yolu ilə yeni həqiqət ortaya çıxarılırdı. Bu proses də hər zaman baş verir. Beləliklə, Sokrat sofistlərin biliyin nisbilik nəzəriyyələrinə qarşı obyektiv həqiqətin var olması və onun çıxarılması metodunu ortaya qoymuşdur.
Fəlsəfəni insanın özünə doğru yönəldən Sokrat, əxlaqi problemlərə önəm verirdi. Ona görə fəlsəfə xeyir və şərin nə olmasını araşdırır. Xeyir bilikdə, şər cəhalətdədir; var-dövlət isə heç bir xeyir gətirmir. Bu kimi əxlaqi rasionalizm Sokrat təliminin əsasını təşkil edir. İnsan əxlaqsız hərəkətin nə olduğunu bilsə heç vaxt pis hərəkət etməz. Pis hərəkət onun fikrincə, insanın yanılması və səhvidir. Səhvi isə heç kəs bilərəkdən etməz.
Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi olan Platon (yun. Πλάτων) təxminən m. ö. 427 – 347-cı illərdə Afinada dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. O, Sokratın tələbəsi olmuşdur. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya (yun. ‘Ακαδήμεια) adlanan bir məktəb təsis etmişdir.
Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada (yun. ἰδέα) görürdü. O hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.
Platona görə bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa “yoxluq” da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir.
İdeyalar aləmi Platonun fəlsəfəsində çoxpilləli və piramida şəkilindədir. Bu piramidanın başında xeyir və həqiqət rəmzi olan Əql (yun. νοῦς) durur, hər şeyin məqsədi də odur. Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdır.
Platon tanrı barəsində özəl fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı “Demiurqos”dur (yun. Δημιουργός – sənətkar). Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu “yaradıcı” adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monoteistik Tanrıdan fərqlənir. Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir.
Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. “Parmenides” dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır. Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir. Belə ki, Platon “Parmenides” dialoqunda hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür. Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir. O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur. Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da “vardır” və “mövcuddur” ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.
Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və ruh fəlsəfəsi aspektində açıqlanır. O hesab edirdi ki, insanlar yetkin cəmiyyəti fərdi şəkildə qura bilməzlər. Ona görə də, dövlətə və qanunlara ehtiyac vardır. Ancaq dövlət öz vəzifəsini yerinə yetirmək üçün ideala yaxın olmalıdır. Bu məqama çatmaq üçün isə idarəçilik üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi lazımdır. Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar həmçinin Xeyrə doğru yönələrək ədalət və həqiqət tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə aldanmırlar.
İkinci təbəqəni emosianal insanlar təşkil edir. Onların mənəviyyatında emosianallıq (affektlik) payı daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq, bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər.
Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər. Onların ruhları maddi aləmdən həzz almağa meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər. Platona görə bir neçə dövlət quruluşu vardır. Bunlar əsasən aşağıdakılardır:
1. Aristokratiya (yun. ἀριστεύς-sayğın soydan olan + κράτος-hakimiyyət) – azlığı təşkil edən ən yaxşı vətəndaşların ədalətli hakimiyyəti;
2. Timokratiya (yun. τῑμή-dəyər + κράτος-hakimiyyət) – azlığı təşkil edən hərbiçilərin və başqa dəyərli insanların ədalətsiz hakimiyyəti;
3. Oliqarxiya (yun. ὀλίγος-azlıq + κράτος-hakimiyyət) – azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti;
4. Demokratiya (yun. δῆμος-xalq + κράτος-hakimiyyət) – çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti;
5. Tiranlıq (yun. τυραννίς-istibdad) – bir nəfərin ədalətsiz hakimiyyəti.
Platonun fəlsəfəsində ədalətli və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu isə toplumun və dövlətin birliyini pozur. Ona görə də, hakimiyyətdə olan təbəqənin və əskərlərin mülkiyyəti və qadınları ümumi olmalıdır.
Klassik yunan fəlsəfəsinin üçünçü nümayəndəsi Aristotel (yun. Ἀριστοτέλης, m. ö. 384 – 322) olmuşdur. Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. Aristotelə görə ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki, bir şeyin kölgəsi başqa məkanda deyildir. Onların hər ikisi bir yerdə olmalıdırlar. Ona görə də, onlar birlikdə vəhdət təşkil edirlər.
Aristotel etikası Platonun mütləq nemətlər ideyasına əsaslanan idealist etikasını inkar edir. Etika siyasət elminin bir hissəsi olaraq, insanın davranışı, emosiyaları, ehtirasları və xoşbəxtlik (evdemoniya) əldə etməsi ilə əlaqədar onun əxlaqi xarakterini araşdırır. Bu məqsədi "hərəkət" (praksis) olan praktiki elmdir. Nəzəri elmlərdən fərqli olaraq, etika və siyasət səhvsiz dəqiqliyə iddia edə bilməzlər. Etikanı sırf nəzəri cəhətdən bilmək faydasızdır: etikaya dair mühazirələri dinləyənlər artıq əxlaqi cəhətdən tərbiyəli olmalı və həyatda nəyin yaxşı, nəyin pis olduğunu (faktoloji bilik) bilməlidirlər; yalnız belə halda onlar nəzəri səviyyəyə qalxar və bunun niyə belə olduğunu anlaya bilərlər (səbəbin elmi cəhətdən başa düşülməsi).
Aristotel varlığı başqa cür təsəvvür edirdi. Onun fikrincə hər şeyin əsasında hər zaman var olan materiya durur. O elə cansız və ruhsuz bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündür. Bu yaradılış prosesini də "İlk mühərrik" (yun. τὸ πρῶτον κινοῦν) adlanan bir başlanğıc həyata keçirdir. Aristotel onun varlığını hərəkətin varlığı ilə əsaslandırmışdır, çünki bir şey hərəkətdədirsə onda bu hərəkətə təkan verən olmalıdır. Hər şeyi hərəkətə gətirən "İlk mühərrikin" özü isə hərəkətsizdir. O materiyanı canlandırır və ondan bitki, heyvan və insanlar kimi canlılar yaradır.
Aristotel "metafizika" sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Aristotel "metafizika" sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Aristotel 10 belə "kateqoriya" müəyyənləşdirir: 1) mahiyyət (məs., "insan"); 2) kəmiyyət ("iki"); 3) keyfiyyət ("ağ"); 4) nisbət ("iki dəfə böyük"); 5) yer ("Likey"də); 6) zaman ("dünən"); 7) vəziyyət ("uzanıbdır"); 8) hal ("silahlanıbdır"); 9) hərəkət ("döyür"); 10) iztirab ("onu döyürlər"). Birinci kateqoriya substansinal, yaxud müstəqil varlığı; ikidən ona kimi katiqoriyalar aksidental, yaxud "daxil olan" varlığı bildirir. Keyfiyyət, kəmiyyət və s. realdır ("vardır") yalnız ona görə ki, mahiyyəti müəyyənləşdirir, yaxud ona "immanentdir". Aksidental, yaxud asılı varlıq növlərindən fərqli olraq yalnız mahiyyət, müstəqil mövcud ola bilər.
Psixologiyada Aristotel təbii-elmi və əxlaq psixologiyasını fərqləndirir. Birincisi "Nəfs haqqında" əsərdə şərh olunur. Nəfs (psyuxe) bioloji kontekstdə — heyvanat aləmində (bitkilərdən insanadək) müxtəlif "üzvi" funksiyaların daşıyıcısı kimi nəzərdən keçirilir. İkincisi isə "Nikomax etikası" əsərinin 1-ci və 6-cı kitablarında şərh olunur və insanın əxlaqi xarakterinin psixoloji əsasına yönəldilir. Nəfsin cismə münasibəti formanın materiyaya münasibəti kimidir. Əxlaq psixologiyası çərçivəsində Aristotel insan nəfsini rasional və irrasional hissələrə bölür. İrrasional hissə zəkadan tamamilə məhrum, əxlaqi fəaliyyətə dəxli olmayan bitki — reproduktiv yarımhissəyə və zəka ilə əlaqədar olan, zəkanı dinləmək qabiliyyətinə malik daha yüksək (emosional, "ehtirasların" yerləşdiyi yer) yarımhissəyə bölünür. Öz növbəsində nəfsin rasional hissəsi "elmi", yaxud "nəzəri" (nus) və "hesablayan", yaxud "qərar hazırlayan" ("sağlam düşüncə" qabiliyyəti) yarımhissələrə bölünür.
Kosmologiyada ciddi geosentrik modeli rəhbər tutan Aristotel dünyanın sonluluğunu (Kainatın sonsuzluğu haqqında atomist nəzəriyyənin əksinə) və Platonun "Timey"-inə və İoniya kosmogoniyalarının əksinə olaraq onun əbədiliyini təsbit edir. Aristotelə görə, dünya tərkibində dörd element — od, hava, su və torpaq olan Ayaltı aləmə və tərkibində "beşinci", ilahi element — efir, yaxud kvintessensiya olan göy cismləri və hərəkətsiz ulduzlar sferasından ibarət Ayüstü aləmə ayrılır. Ayaltı aləmin dörd elementindən hər biri ilkin iki xüsusiyyətin vəhdəti ilə səciyyələnir: od — isti + quru, hava — isti + rütubətli, su — rutubətli + soyuq, torpaq — quru + soyuq.
Aristotelin özəl kosmologiası olmuşdur. Onun kosmologiasının əsasını yermərkəzçilik (geosentrizm) təşkil edirdi. Bu da yerin kainatın mərkəzində yerləşməsi haqqında təsəvvürdür. O hesab edirdi ki, yer kürə formasında olaraq hərəkətsizdir. Onun ətrafında ay, günəş, ulduzlar və göy fırlanır. Yermərkəzçilik təlimi orta əsrlər fəlsəfəsində kosmoloji baxışların formalaşmasında çox böyük rol oynamışdır.


NƏTİCƏ
Sokratın dünya fəlsəfi fikrinin inkişafına çox böyük təsiri olmuşdur. Onun ardıcılları sonrakı dövrlərdə yeni fəlsəfi məktəblər yaratmışdılar. Bunlar kirena, kinik və meqara kimi məktəblər idilər.
Aristotelin və Platonun fəlsəfi irsi bəşəriyyətin düşüncə tarixində çox böyük izlər buraxmışdır. Ellinizm və Roma dövrləri, sonra isə orta əsrlər boyu filosoflar və alimlər onların əsərlərindən bəhrələnmiş, öz dünyagörüşlərini formalaşdırmışlar. Peripatetiklər adlanan bu filosoflar onun fəlsəfi irsinə müraciət edərək onu inkişaf etdirmişdirlər.
Aristotelin təliminin əsasında Tomas Akvinas "Tomizm" katolik kilsəsinin fəlsəfəsini yaratmışdır. Ümumiyyətlə Avropanın Dirçəliş dövrünə qədəm qoymasında Aristotel irsinin əhəmiyyəti böyük olmuşdur.
Ədəbiyyat siyahısı

  • Əlizadə -Antik Fəlsəfə Tarixi.

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı

  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair.

Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin