2.Heydər Əliyev və nitq mədəniyyəti
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.
Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda, Romada natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Sokrat, Platon, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşünü göstərməklə bərabər həmin nitqin ifadə etdiyi dil elementlərini də qeyd edirdilər. Məsələn, Aristotel özünün “Ritorika” əsərində yazırdı ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən bir keyfiyyətdir”.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.
Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü.
Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı mədəniyyətin ən vacib, ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəkildə yüksək qiymətləndirilir.
Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan daxili məzmunun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirlər. Bütün bu auditoriyalarda Heydər Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar olmayan nitqinin şahidi oluruq. Məhz belə nitqlər daimi və yaddaqalan olur. İzahedicilik Heydər Əliyev nitqinə daxilən xas olan bir məziyyətdir.
Hələ məktəbli ikən ulu öndərin rayonumuza səfəri zamanı söylədiyi və sonralar da yüksək tribunalarda şahidi olduğum nitqləri yaddaşımdan silinməyib. Nitqindəki səmimiyyət, qətiyyət, nikbinlik, məntiqi ardıcıllıq və s. prinsipləri onu auditoriyaya daha da yaxınlaşdırırdı. Siyasi lider nitqi ilə izah etməyi bacarırdı. Daima nitqində fəlsəfi fikirlərə üstünlük verir, girişləri və sonluqları mükəmməl qururdu. Bütün bu xüsusiyyətlər onu həmişə yaddaqalan edirdi.
Ulu öndər bütün çıxışlarında mənəviyyat məsələlərinə toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”.
Hər birimiz yaxşı bilirik ki, filosoflar çıxış və nitqlərində ana xətti təşkil edən mənəviyyata müxtəlif vaxtlarda özünəməxsus təriflər vermişlər. Mənəviyyat, Heydər Əliyevə görə, mənəvi tərbiyə məsələsidir. Başqa bir məqamda mənəviyyat böyük natiqə görə milli-mənəvi dəyərlərimizdir. Mənəviyyat inkişaf yoluna malikdir. Əxlaq fəlsəfəsinin lüğətində mühüm yer tutan mənəviyyat anlayışına ulu öndərin öz baxışı, öz izahı var idi ki, bu da özünü müxtəlif çeşidli auditoriyalarda göstərirdi.
Heydər Əliyev natiqliyi qarşısında keçilməz auditoriya yox idi. Siyasi liderin nitqinin gücü bir çox nitq elementləri – səmimiyyət, qətiyyət, nikbinlik, poetizm ilə şərtlənir ki, onlardan biri də böyük natiqin nitqindəki fəlsəfi fikirlərdir. Müdrikliyi sevmək kimi qəbul edilən fəlsəfə tarix boyu görkəmli şəxsiyyətlərin sözləri ilə zənginləşib. Heydər Əliyev müdrikliyə elə müdrikcəsinə da tərif verir. Müdriklik təkcə insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır, insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir.
Nitq mədəniyyətində belə bir məqam özünü həmişə büruzə verir. Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi söhbətləri təvazökarlıq baxımından sadə və xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. Məsələn, “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”, “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq”. Buradan aydın olur ki, səmimiyyət, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. İnsan öz üstünlükləri ilə öyünməməlidir. “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma”. Ağıllı adamlar “mən” şəxs əvəzliyini az hallarda işlətmişlər. Onlar öz uğurlarından tərəddüdlə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Bütün bu insani xüsusiyyətlər siyasi liderin nitqində öz real əksini tapmışdır. Nitqdə ekspressivliyi yüksəltmək baxımından etik və estetik mətnlərdən ustalıqla istifadə etmək hər bir natiqə müyəssər olmur. Ulu öndər öz çıxışlarında bunlara nail olmuşdur.
Etik dəyərlər tarixən dövlət, dövlətçilik anlayışları ilə vəhdətdə olub. Bu cür dəyərlər ulu öndərin çıxışlarında sadə cümlələrlə, publisistik üslubda xalqa çatdırılır.
Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləridir. Azərbaycan dilinə hopmuş poetiklik Heydər Əliyev nitqlərində müxtəlif auditoriyaları bəzəyirdi. Bu bir daha onun Azərbaycan dilinin dərin qatlarına bələdliyi fikrini ortaya qoyur. Heydər Əliyev nitqində poetizm haradandır sualına cavabı 29 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşdə böyük natiqin öz dilindən eşidirik: “Mən sizinlə neçə saat istəyirsinizsə oturmağa hazıram. Çünki ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur”.
Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı natiqlik məharəti də ön planda olmuşdur.
Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə yiyələnməyin böyük rolu var. Natiqliyə nail olmağın yolu isə ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan keçir. Əsas olan – natiqlik sənətinə yiyələnmə yolundakı səbat, inaddır, çünki mahir natiq olmaq uğurlu insan olmağa oxşayır. Auditoriyalar qarşısında çıxış etməyə hazırlaşan insanlar müasir dinləyicilərin informasiya qəbul etmək qabiliyyətinin yüksək olduğunu bilərək, nitqlərində bəzi nüansları diqqətdə saxlamalıdırlar. Təbliğatçının söhbəti qısa, yığcam, aydın, anlaşıqlı, elmi cəhətdən qüvvətli olmalıdır, bir sözlə, mühazirələr, söhbətlər, çıxışlar həyatın tələbindən doğmalı, onun səsinə səs verməlidir. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz Heydər Əliyevin nitq nümunələrindən əldə edə bilərlər.
Dostları ilə paylaş: |