Sumqayıt Dövlət Universitetinin
Fakültə: Filologiya
İxtisas: Məktəbəqədər təhsil
Qrup: 962
Tələbə: Abdullayeva Nuray
Fənn: Məntiq
Müəllim:
2023
Movzu: Məntiq elminin inkişaf tarixi haqqında
Məntiqin aktual problemlərinin bilavasitə şərhinə başlamaq, ilk növbədə onun predmetini, meydana gəlməsini və dövrümüzə qədərki inkişaf yolunu izləmək məqsədilə ümumi təsəvvürə yiyələnmək zəruri bir işdir. Bu cür diqqət yönümündə məntiqin müasir idrak prosesində və insanların əməli fəaliyyətində prinsipial əhəmiyyətini, təfərrüat və xüsusiyyətlərini anlamaq olar. Məntiq elmi və ümumiyyətlə, təfəkkür fenomeni (hadisəsi) haqqında elementar biliklərə yiyələnmədən məntiqi problemlərin seçilməsini, onların hər birinin idrak prosesində rolunu, qarşılıqlı əlaqəsini və evristik əhəmiyyətini bütövlükdə dərk etmək çətindir. Məntiq maraqlı, çətin, qədim və zəngin tarixi olan dünyəvi elmlərdəndir, bəşəriyyətin mənəvi həyatının mürəkkəb, çoxcəhətli fenomenidir. Buna görə də müxtəlif tarixi dövrlərdə ayrı-ayrı mütəfəkkirlərin bu elm haqqında söylədikləri cürbəcür fikirləri təbii hesab etmək lazımdır. Bir çox alimlər məntiqi «fikirlərin praktik silahı» adlandırırdılar. Bəzi mütəfəkkirlər məntiqi «fikirləşmək və mühakimə yürütmək sənəti» hesab edirlər. Bir qrup filosoflar isə məntiqə fikir fəaliyyətinin qaydalarının, sərəncam və normalarının məcmusu və külliyyatının «nizamlayıcısı» kimi yanaşırdı. İngilis alimi V.Zegetin fikrincə, məntiq əqlin «tibbisidir», başqa sözlə desək, düşüncənin yaxşılaşdırılması vasitəsidir.
Məntiq elmi latınca – logos sözündən götürülmüşdür ki, onun hərfi mənası, söz, zəka, fikir, qanunauyğunluq, nitq, əql deməkdir. Lakin, bu sözlər məntiq termininin elmi mənasını aşkara çıxarmır. Çağdaş dövrümüzdə «məntiq» termini aşağıdakı mənalarda işlədilirdi:
a) obyektiv gerçəklikdəki hadisə və proseslərin qarşılıqlı zəruri qanunauyğunluqlarını;
b) bu əlaqələrdə və fikirlərin inkişafındakı qanunauyğunluqları;
c) təfəkkürün məntiqinə aid müəyyən biliklər sistemini;
ç) insan fəaliyyətinin ardıcıllığını bildirən bəşəri qaydaların məcmusunu ifadə edir.
«Əşyaların məntiqi», «faktların məntiqi», «tarixi inkişafın məntiqi», «sinfi mübarizənin məntiqi», «təfəkkürün məntiqi» və bu kimi ifadələr bu sözün nümunəvi variantlarıdır.
Əşyalar arasındakı əlaqələrdə və fikrin inkişafında təzahür edən qanunauyğunluqlar bilavasitə gerçəklikdəki əlaqələrin təfəkkürümüzdə inikasıdır. Çox vaxt «məntiq» termini altında ancaq ənənəvi elm deyil, onun ayrı-ayrı bölmələri də (modal məntiq, qeyri-klassik məntiq) nəzərdə tutulur. Astronomiyada Qaliley kometasının əvvəlcədən hesablanmış trayektoriyasından kənara çıxması çoxdan məlum idi. Lakin bu hadisənin də öz obyektiv məntiqi vardır. Astronomun bu hadisənin nəticəsinin səbəbləri haqqında yürütdüyü mühakimə təfəkkürün məntiqini ifadə edir.
Məntiq qədim və zəngin tarixi olan elmlərdəndir, onun yaranması bütövlükdə cəmiyyətin inkişaf tarixi ilə üzvi vəhdət təşkil edir. Qabaqcadan deyim ki, biz məntiqin tarixini geniş formada araşdırmaq fikrində olmasaq da, bu barədə ayrı-ayrı tədqiqatçıların müxtəlif əsərlərinin adlarını bilsək də, fəlsəfə ixtisası istisna olmaqla, digər ixtisas sahələrində məntiqin bir elm kimi inkişaf tarixinin öyrənilməsinə ciddi zərurət duyulmasa da, məntiqi problemlərin dərindən dərkini və ana dilində məntiq tarixinə aid heç bir vəsaitin olmadığını nəzərə alaraq, bu barədə bir qədər konkret danışmağı zəruri hesab edirik. Bir çox alimlər məntiqin tarixi inkişafı haqqında danışmağı o qədər də düzgün hesab etmirlər. İ.Kant deyirdi ki, iki min il ərzində Aristotelin vaxtından indiyə qədər məntiq bir addım da qabağa getməmişdir. Rus alimi E.Bobrov belə bir fikir irəli sürürdü ki, o dövrdən diqqəti cəlb edən ancaq Aristotelin məntiqi sistemi yaranmışdır ki, bu da artıq köhnəlmişdir, onu əvəz edəcək heç bir şey yoxdur və gələcəkdə yeni məntiqi yaratmaq qarşımızda bir problem kimi durur.
Məntiq ilk başlanğıcdan hər şeyi əhatə edən, ayrı-ayrı elmlərə bölünməyən, küll halında inkişaf edən fəlsəfənin daxilində təşəkkül tapırdı və buna görə də ontoloji səciyyə daşıyırdı, başqa sözlə desək, anlayışların, ideyaların düzülüşünə deyil, əşyaların düzülüşünə aid edilirdi ki, bu da yanlış baxış idi. Məntiqin tarixi göstərir ki, təfəkkür fenomeni haqqındakı təlimin özü əksliklərin mübarizəsi formasında, başqa cür deyilsə, məntiqdə mütərəqqi və mürtəce cərəyanlar arasındakı mübarizədə həyata keçirilirdi.
Məntiqin tarixi cəmiyyətin tarixi inkişafının ümumi gedişilə yanaşı, istehsalın, texnikanın inkişafını, sinfi mübarizənin, o cümlədən fəlsəfənin və digər elmlərin (riyaziyyat, təbiətşünaslıq və s.) inkişafı ilə sıx əlaqəsini aydın göstərməlidir. Məntiqin inkişafında müəyyən inkişaf mərhələlərinin dəyişməsini müəyyən etməklə, məntiqi təlimlərin inkişafındakı varislik əlaqəsini öyrənə bilərik. Dünya məntiq elmi akademik A.Makovelskinin qeyd etdiyi kimi, xüsusiləşmiş və öz aralarında əlaqəsi olmayan iki istiqamətdə inkişaf etmişdir. Bunlardan biri öz mənbəyini qədim yunan məntiqindən (xüsusilə Aristotel məntiqindən) götürmüşdür və bunun əsasında Qədim Romada, Bizansda, Zanafqaziyada, ərəbdilli Yaxın Şərq ölkələrində, Rusiya və Qərbi Avropa ölkələrində məntiqi təlimlər inkişaf etmişdir. Digər istiqamət öz mənbəyini qədim hind məntiqindən götürmüş, bunun əsasında Çində, İndoneziyada, Yaponiyada, Tibetdə, Koreyada və digər yerlərdə məntiq elmi inkişaf etmişdir.
Aristoteldən sonra məntiq elmi Yunanıstanın özündə, Qərb və Şərq ölkələrində daha da inkişaf etdirilirdi. Bu inkişaf bir tərəfdən təfəkkür praktikasının fasiləsiz təkmilləşməsinə, digər tərəfdən fikir proseslərinin mahiyyətinin dərindən aşkara çıxarılmasına səbəb olur, bununla da bir çox məntiqi problemlərin dəqiq və tam şərhini vermək asanlaşırdı.
Bu isə yeni problemlərin meydana çıxmasına şərait yaradırdı. Beləliklə də, məntiqin predmeti genişlənirdi. Bu proses özünü Aristotelin deduksiyanın ümumiləşdirilməsi və təkmilləşdirilməsində də göstərirdi. Sillogizm nəzəriyyəsinin daha səylə işlənməsi ilə yanaşı, yeni deduktiv nəticələrin qeyrisillogistik formaları da tədqiq olunurdu. Məntiq elminin inkişafında qədim stoiklər (Stoya – Afinada liman adındadır, burada bu məktəbin nümayəndələri toplaşaraq, məntiq, fəlsəfə və digər elmlərdən söhbət aparırdılar) məktəbinin mühüm rolu vardır. Bu məktəbin görkəmli nümayəndəlindən Epikürün, Zenonun, Aristonun, Xrizippin və başqalarının adını çəkmək olar. Stoiklər əsas etibarı ilə şərti və təqsimi sillogizmlər nəzəriyyəsinin işlənməsi ilə məşğul olurdular. Onlar fəlsəfəni məntiq, fizika və etikaya bölürdülər. Burada da ön yeri məntiq tuturdu. Stoiklərin fikrincə, məntiqin məqsədi, vəzifəsi insan zəkasını yanlışlıqlardan qorumaq, həqiqətin yollarını və meyarını tapmaqdır. Stoiklər məntiqin predmetini düzgün anlamadıqlarından, onu qrammatika və ritorika ilə eyniləşdirirdilər, məntiqi dialektika və ritorikaya ayırırdılar.
Dialektikanı isə, özlüyündə qrammatika və idrak nəzəriyyəsinə bölürdülər. Buna görə də onlar yanlış olaraq məntiqə işarələr və onları ifadə edən elm kimi tərif verirdilər, başqa cür desək, stoiklərin fikrincə, məntiq təfəkkür formaları ilə yanaşı, söz və cümlə birləşmələrini də tədqiq etməlidir. Lakin, stoiklərin tarixi xidməti ondadır ki, Aristotelin məntiqi ilə müqayisədə (Aristotel sillogizmi sadə hökmlərin daxilində anlayışlar arasındakı münasibətin tədqiqinə əsaslanırdı, anlayışlar S və P ilə ifadə olunurdu) sadə hökmlər təfəkkürün tərkib hissələrə ayrılmayan vahidləri kimi nəzərdən keçirilirdi və tədqiqatın mərkəzində hökmlər arasındakı əlaqələrin dəyişilməsinə yol verilirdi. Beləliklə, stoiklər məntiqində çıxış nöqtəsi kimi p və yaxud q tipli (müasir terminologiyada bu dizyuksiya adlanır) sxemlərin öyrənilməsi əsas götrülür, p və q dəyişkənliyi anlayışlara deyil, hökmlərə uyğun gəlir.
Məntiqi nəzəriyyələrin gələcək inkişafında hər iki istiqamətin mühüm əhəmiyyəti vardır və bunlar məntiqdə predikatlar (siniflər) və mülahizələr (hökmlər) məntiqinin başlanğıcını qoymuşdur. Buradan aydın olur ki, stoiklərin məntiqi – mülahizələr məntiqidir. Onlar ilk dəfə təklif və tövsiyələrə əsaslanan hesablamaların, o cümlədən aksiomatik metodun əsaslarını hazırlayırlar. Aristotel kimi, stoiklər də məntiqə gerçəkliyi dərk etməyin aləti, təfəkkür və nitqin həyata keçməsinin effektiv, təsirli vasitəsi kimi baxırdılar. Stoiklər məktəbinin məhdud cəhətlərinə baxmayaraq, ilk dəfə onlar «Məntiq» terminini təfəkkür fəaliyyətinin qanunlarını tədqiq edən bir anlayış kimi elmə daxil etmişlər. K.Marks və F.Engelsin «Alman ideologiyası»nda stoiklərin məntiqinə verdiyi yüksək qiymət daha önəmlidir: «Stoiklər Aristoteldən sonra formal məntiqin və ümumiyyətlə, sistematikanın başlıca baniləri idilər». Qədim dövrün materialist filosoflarından Epikür də (b.e.ə. 341-270) məntiq problemləri ilə məşğul olmuşdur. İdealistlərin əksinə olaraq, Epikür və onun davamçıları təcrübi biliklərin məntiqinin işlənməsi problemləri ilə ciddi məşğul olmuşlar.
Dostları ilə paylaş: |