Təqdimat prosesini necə uğurlu etmək olar? Təqdimatın uğurlu olması üçün auditoriyanın tələblərinə uyğun hazırlanmış bir mövzu kifayət etmir. Uğurlu təqdimat üçün yaxşı hazırlanmış mövzu ilə bərabər təqdim etmə prosesinin də effektiv olması əsas şərtlərdəndir.
Təqdimatın çatdırılması zamanı aşağıda verilmiş nüanslara diqqət yetirməyiniz vacibdir:
Auditoriyanı nəzərə alınması Təqdimat prosesində auditoriyanın dilindən danışmaq vacib amillərdən biridir. Həddən artıq terminlərdən istifadə etmədən daha sadə və anlaşıqlı danışıq formasından istifadə etmək lazımdır. Auditoriya haqqında edilən araşdırma doğru danışıq formasını seçməyinizə kömək edəcək.
Səs tonu Vizual və məzmun baxımından yaxşı hazırlanmış bir təqdimat tamaşaçıya çatdırıla biləcəyi qədər uğurlu olacaqdır. Buna görə təqdimat zamanı səs tonu və tamaşaçı ilə ünsiyyət çox vacibdir. Təqdimat zamanı sakit və eyni tonlu danışıq yoruculuğa səbəb olur. Səs tonunun daha enerjili olması auditoriyanı dinləmə prosesinə cəlb edir və yoruculuğu aradan qaldırır.
Hekayə və misallardan istifadə Təqdimatı effektiv və yaddaqalan edən vasitələrdən biri də hekayə və misallardan istifadə bacarığıdır.
Mövzuya uyğun olan hekayə və misallardan doğru zamanda istifadə etmək hər zaman auditoriyanın marağına səbəb olur və təqdimat mövzusunu daha yaddaqalan edir.
Bədən dili Təqdimatın uğurlu olmasında, 35% səs tonu, 10% mövzu 55% bədən dili rol oynayır. Bədən dilindən düzgün istifadə edilməyən təqdimatlar gözlənilən qədər uğurlu olmur. Bədən dilinə diqqət yetirməklə təqdimatı daha effektiv etmək mümkündür.
Səhnədə duruş Səhnədə mümkün qədər hər kəsin rahat görə biləcəyi bir mövqe seçmək, auditoriya ilə ən azı 1 – 2 metr məsafədə dayanmaq lazımdır. Duruş həm də təqdimat edən şəxsin təqdimat prosesinə nə dərəcədə hazır olduğunun da göstəricisidir. Özünüzdən əmin bir duruşun olması daha məqsədəuyğundur.
Göz təması Təqdimat prosesində dinləyicilərlə göz təması qururlmalıdır. Auditoriyaya nəzər yetirmədən ancaq hazırlanmış slaydlara baxaraq edilən təqdimat gözlənilən qədər effektiv ola bilməz. Auditoriyaya göz gəzdirmək lazımdır. Bu sizin diqqətinizi yayındırırsa hər hansı bir dinləyici seçərək müəyyən müddət ona baxaraq danışmağınız sizə kömək edə bilər.
Bütün bu təklifləri nəzərdən keçirərək təsirli bir təqdimat hazırlaya və dinləyicilərinizə müsbət və davamlı təsir bağışlaya bilərsiniz.