2.Nitq prosesində natiqin qarşısında duran əsas vəzifələr
.Hər bir natiq çıxışdan əvvəl mövzusu ilə əlaqədar hazırlıq işləri görür. İlk növbədə çıxışın mövzusu onu düşündürür. Bu, ali məktəbdə aparılan mühazirələrə şamil edilmir. Çünki onların mövzusu əvvəlcədən təsdiq olunmuş proqramlarda əks olunur. Bu, əsasən, «Bilik» cəmiyyətlərində fəaliyyət göstərən natiqlərə aiddir. Hətta bəzi hallarda nitqin mövzusu gözlənilmədən bir hadisə ilə əlaqədar (yubileylərlə, əlamətdar hadisə ilə, gələn qonaqlar qarşısında çıxış etmək üçün ayrılan vaxtın azlığı və s. ilə) bağlı olaraq meydana çıxır. Natiq bu zaman nitqin mövzusunu tam qavramalı, onun əsasını təşkil edən məzmun və formanı, quruluşu dinləyicilərin səviyyəsinə uyqun qurmalıdır. Adətən, natiqlər öz mövzusuna məsuliyyətlə yanaşır. Hər bir natiq ixtisasına uyğun olan mövzu ətrafında çıxış etmişdir. Bəzən biz bunun əksini görürük. Məsələn, tarixçi fəlsəfi kateqoriyalardan, ədəbiyyatçı pedaqogikadan, riyaziyyatçı psixologiyadan, bioloq kimyadan silsilə mühazirələr oxuyur. Belə natiqlər özlərindən razı qalsalar da, tələbkar auditoriya ilə rastlaşdıqda, dinləyiciləri təmin edə bilmirlər. Natiq nitqə hazırlaşarkən, ən mühüm məsələləri düzgün təhlil etməyi və işıqlandırmağı qarşısına məqsəd qoymalıdır.
Natiq nitqini qurarkən mövzunu tam əhatə etməlidir. Çünki natiq də yazıçı kimi mövzunu ideya ilə bağlayır. Yəni mövzu fikrin ifadəsinə uyğun seçilməlidir. Söylənilən nitq, çıxış, məruzə natiqin həyatda qazandığı biliyin və dünyagörüşün ifadəsidir. Odur ki, natiq olmaq istəyən hər bir şəxs birinci növbədə dərin biliyə malik olmalıdır. Natiq həmişə özünə bu sualları verməlidir. «Mən nə haqqında danışıram?», «Kimə danışıram?» (auditoriya nəzərdə tutulur), «Dinləyicilərə yeni nə şey deyəcəyəm?», «Mövzuya hazırlaşmağa vaxt çatacaqmı?», «Mövzunu əhatə edə biləcəyəmmi?», «Qarşıya çıxan sualları düzgün təhlil edə biləcəyəmmi?» və s.
Dostları ilə paylaş: |