Mövzu:Akademik və işgüzar kommunikasiyada təqdimat etmə bacarığı
Plan:
1.Təqdimat etmə bacarığı
2. Uğurlu təqdimat üçün vacib addımlar
3.Elektron təqdimatların hazırlanması
4.Təqdimat hazırlanarkən internet resurslardan səmərəli iştifadə
5.Kütləvi tədbirlərdə çıxışa hazırlıq
6.Kütlə qarşısındakı nitqə verilən tələblər
1.Təqdimat etmə bacarığı
Təqdimat bir və ya bir neçə şəxsə fikirləri və ya məlumatları aydın, sistematik şəkildə “təqdim etmə” prosesidir. Şirkət, startap sahibi, hər hansı şirkətin əməkdaşı və ya hər hansı təhsil müəssisəsində tələbə olmanızdan asılı olmayaraq uğurlu karyera qurulmasında dayanmadan fərqli auditoriyaların önündə təqdimat və çıxışlarınız olacaq. Təqdimat bacarığı sosial statusunuzun necə olmasına baxmayaraq sizin ən vacib bacarıq və vərdişləriniz sırasındadır.
Düzgün təqdimat istənilən bir mühitdə bilik və təcrübələri daha aydın şəkildə əks etdirmə imkanı yaradır və bununla da özünə inamı inkişaf etdirir. İş müsahibəsi zamanı uğur və bacarıqlarınızı təqdim edə biləcəyimiz praktik bacarıqdır. Ən əsası isə karyera yüksəlişi üçün ən vacib bacarıqlardan biridir.
Təəssüf ki, bir bir sıra insanlarda təqdimat qorxusu var ki, bu da təqdimat bacarığının inkişafına mane olur. Təqdimat bacarığınızı inkişaf etdirmək üçün ilk addım məhz sosial cəsarətin artırılması və təqdimat prosesindən yayınmamaqdır.
Uğurlu təqdimat üçün diqqətli şəkildə hazırlaşmaq lazımdır. Təqdimata hazırlıq zamanı aşağıdakı məqamlara diqqət yetirmək vacibdir
1. Məqsədin müəyyən edilməsi
Təqdimatın məqsədi müəyyən edilməlidir və hazırlıq prosesi məqsədə əsaslanaraq aparılmalıdır. Təqdimatın Məqsədə uyğun formada seçilmiş mövzunun günün tələblərinə uyğun olması təqdimatı daha uğurlu edən amillərdəndir.
2. Auditoriyanı tanımaq
Təqdimata hazırlıq prosesində ikinci əsas məsələlərdən biri auditoriyanın nəzərə alınmasıdır. Auditoriya müxtəlif bilik səviyyəsində olan şəxslərdən ibarət ola bilər. Auditoriyaya uyğun mövzunun və danışıq formasının seçilməsi lazımdır ki, mövzu dinləyənlər üçün anlaşıqlı olsun.
3. Təqdimat ediləcək məkanı tanımaq
Təqdimat ediləcək məkanın əvvəlcədən tanınması da digər vacib məsələdir. Məkanın tanınması mövcud məkanda hansı audio yaxud vizual vasitələrdən istifadə edilə biləcəyi haqqında fikir yaradır, avadanlıqların olmaması, işləməməsi və s kimi yarana biləcək problemlərin qarşısını alır. Tanış məkana daxil olmaq stress və həyəcanı da müəyyən dərəcədə aradan qaldırmağa kömək edir.
4. Təqdimata ayrılmış zamanın müəyyən edilməsi.
Zamanı əvvəlcədən müəyyən etmək və təqdimatın məzmununu zamana uyğun şəkildə tərtib etmək lazımdır. Bu təqdimatın əsas ideyasının çatdırılması prosesinə doğru zamanın ayrılması üçün vacibdir.
Təqdimatın quruluşu.
Yaxşı hazırlanmış bir təqdimat ideyanın dinləyicilərə çatdırılması prosesini daha da asanlaşdırır. Buna görə daha təsirli olur. Təqdimata hazırlıq zamanı təqdimatı tərkib hissələrinə ayırmaq lazımdır. Təqdimatın üç tərkib hissəsi var: başlanğıc hissə, əsas hissə və sonluq. Başlanğıc diqqət çəkmək və ya gərginliyi götürmək üçün idealdır. Son isə bütün fikirləri yekunlaşdırmaq və ya möhtəşəm bir sonluqla təqdimatı bitirmək üçün uyğun hissədir.
Başlanğıc
Təqdimatın bu hissəsində qısa giriş verərək auditoriyanın diqqətini cəlb etmək lazımdır.Bu zaman auditoriyanı salamladıqdan sonra mövzu haqqında qısa məlumatın verilməsi, təqdimatın məqsədinin izah olunması ilə auditoriyanın diqqətini cəlb etmək olar.
Əsas ideya
Təqdimatın bu hissəsində artıq tamaşaçılara çatdırılacaq əsas ideyalar qeyd edilməlidir. Bu ideyaların konkret nümunələr və misallarla dəstəklənməsi təqdimatı daha effektiv edir.
Nəticə
Bu hissədə isə çıxış ümumiləşdirilərək yekun fikir söylənilməlidir. Həmçinin bu məqamda auditoriyanı suallar verməyə dəvət etməklə təqdimatı daha da maraqlı və effektiv hala gətirmək olar.
Dostları ilə paylaş: |