Dövlət siyasətinin əsas istiqamətləri: Daxili siyasət, Xarici siyasət, İqtisadi siyasət, Sosial siyasət, Milli təhlükəsizlik siyasəti, Müdafiə siyasəti, Regional siyasət, Elm siyasəti, Gənclər siyasəti, Ətraf mühit siyasəti, Fiskal siyasət, Səhiyyə siyasəti, Enerji siyasəti, Kənd təsərrüfatı siyasəti, Telekommunikasiya siyasəti, İnformasiya siyasəti, Ticarət siyasəti.
XXI yüzilliyin əvvəlindən cəmi on ilə yaxın vaxt keçir. Zaman baxımından çox qısa sayılan bu müddət ərzində istər dünyada, istərsə də Azərbaycan dövlətinin inkişafında baş verən dəyişikliklərin tempi başqa heç bir tarixi dövrlə müqayisə oluna bilməz. Dünya dövlətlərində baş verən proseslərin məzmunu bir-biri ilə paradoksal əks mahiyyətli, həm inkişaf, həm də böhran xarakterli hadisələrlə müşayiət olunmuşdur. Azərbaycana gəldikdə isə bu müddət, ölkəmizin ardıcıl yüksələn xətlə davam edən uğurları ilə tarixdə qalmışdır.
Dövlətçiliyin tarixini XX əsrin əvvəlləri ilə müqayisə etsək, bugünkü müstəqil Azərbaycan o dövrün ziyalı və mütəfəkkirləri üçün gələcək, əlçatmaz bir arzu idi. Ümummilli lider Heydər Əliyevin memarı olduğu suveren dövlətin hazırkı inkişaf səviyyəsi və uğurları nəinki o dövrün, həmçinin istər ökəmizdə, istərsə də kənarda müasirimizin çoxlarının etiraf və sonadək dərk edə bilmədiyi tarixi həqiqətdir. Həyata keçirilən çoxşaxəli modernləşmə strategiyası bütün istiqamətlərdə dünya inkişafına xas olan başlıca obyektiv meyilləri dərindən təhlil etməyə, milli məkanın modern dünya təcrübəsini nəzərə almaqla formalaşmasına, dövlətçilik maraqları və perspektivlərindən çıxış edilməsinə əsaslanır.
Müasir dünya, milli dövlət və onun inkişaf məsələləri: modernləşmə strategiyası, qloballaşma və postmodern cəmiyyət, demokratik tranzit sahəsində dünya miqyaslı tədqiqatların müəllifi kimi tanınmış alim, akademik Ramiz Mehdiyevin məqaləsində, ictimai elmin müasir tələblər səviyyəsinə yüksəlməsi üçün taleyüklü hesab edilən məsələlər mahiyyəti baxımından tam əhatə olunmuş, problemlərin dairəsi və həlli istiqamətləri müəyyən edilmişdir. Məqalədə səslənən fəaliyyətimizin proqramı və üzərimizə düşən vəzifələr barədə fikirlər: yaşanılan tarixi məqamın siyasi-elmi yekunları və səciyyəsi; ölkədə siyasi elmin tədqiqi və tədrisinin modernləşməsi yönündə ən qısa müddətdə həlli vacib sayılan məsələlərin müəyyən edilməsi; onların həllinə dair təkliflər barədə təəssüratımızı bölüşmək istərdik.
Müstəqilliyin ikinci onilliyini qət etməkdə olan dövlətçiliyin son illər üçün səciyyəvi olan keyfiyyət xüsusiyyətləri burada tamamilə yeni aspektdə təqdim edilir, yeni prioritetlərin hədəfə alınması səbəbləri və onların fəth edilməsi zərurəti əsaslandırılır, dövrün əhatəli ictimai-siyasi mənzərəsi göz önündə canlandırılır.
Tarixi nailiyyətlərimizin davamı kimi dərk edilməsi son dərəcə vacib olan, hələlik isə sonadək təsəvvür edilə bilməyən həmin aşkar elmi yekunlar qısa şəkildə belə səslənir:
- Azərbaycanın siyasi rəhbərliyi ölkədə modernləşmənin, beynəlxalq məkana inteqrasiyanın və inkişaf templərinin təmin edilməsinə yönümlü siyasəti və təşəbbüsləri ilə qlobal ideyalar məkanında da liderlər sırasında olduğunu təsdiqləyir. Bu siyasət, sürətlə dəyişən milli və beynəlxalq reallığı, dünyada öz yerini və rolunu təhlil etmək üçün dəyişikliklərdən daim öndə olmağı liderliyin əsas keyfiyyəti olduğunu sübut edən dövlət başçısı tərəfindən həyata keçirilir. Bu prosesdə yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir;
- son illərdə Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən siyasi kurs öz bəhrəsini vermiş, iqtisadi, sosial-siyasi, mədəni-mənəvi və s. sahələrdə mövcud olan bir çox problemlər uğurla həll edilmiş, yaxud da onların qısa zamanda həlli üçün ən zəruri müqəddəm şərtlər yaradılmaqdadır;
- bunun sayəsindədir ki, bu gün Azərbaycanda ilk dəfə yaxın və orta müddətli, taktiki məzmunlu vəzifələrin həllindən, gələcək inkişafımızın uzunmüddətli strategiyasının formalaşdırılmasına doğru yönəlmiş tədbirlərin gerçəkləşməsinə, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasına imkan yaradılmışdır;
- Prezident İlham Əliyev ölkədə islahatların paralel aparılmasını təmin edən "sinxron modernləşmə" modelini həyata keçirməklə Azərbaycanın təhdidləri önləyən mövqeyini təmin edir. Dövlətin bütün sahələrdə yüksəlişi üçün inkişafın impulsu və təkanı rolunu oynayan fundamental faktora - elmə və intellektə önəm verilməsi növbəti mərhələdə rəqabətə davamlı milli modelin əsasıdır. Qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq, son illərdə bu sahədə ciddi islahatların, insan kapitalının prioritet kimi hədəfə alınması, Elmin İnkişafı Fondunun yaradılması məhz buna dəlalət edir və ilk növbədə, hər bir ölkənin lider mövqelərə yüksəlməsini təmin edən elm və təhsildən, intellektual resurslardan, cəmiyyətin humanitar potensialından maksimum bəhrələnməyi gündəmə gətirir;
- Dünya iqtisadi böhranının hər bir ölkənin inkişafında siyasi liderin və millli inkişaf strategiyasının nəyə qadir olduğunu aşkara çıxaran 2009-cu il tarixdə qalacaqdır. Azərbaycan böhran şəraitində inkişaf templərini saxlamaqla, haqqında deyilən əsassız (büdcəsinin tamamilə neft gəlirlərindən asılı olduğu ) proqnozları alt-üst etdi. İqtisadi inkişaf sahəsində liderliyin həmişə qərbə xas olan xüsusiyyət olmadığı Azərbaycan nümunəsində qlobal etirafını tapdı. Azərbaycan fenomeninin sirri - antiböhran tədbirlərindən - yəni nəticələrlə mübarizədən çox, dəyişiklik və böhrandan öndə olmağa yönümlü siyasi liderin kursudur;
- yeni əsrdə, ikinci onilliyin astanasında Azərbaycan ictmai elmi, ziyalısı artıq gələcək yüz ilin əvvəlinin milli dövləti, onun qüdrəti və əzəmətinin hüdudlarını hədəfə almaq barədə düşünməli, perspektiv fəaliyyət proqramını müəyyənləşdirməli, konkret nəticələr ortaya qoymalıdır.