Cənub anbar odlucası (Plodia interpuntella HG.) - Kəpənəklər (Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.
Kəpənəyin ön qanadları ensizdir, qəhvəyi rəngdədir. Qanadlar açılan zaman 13-18 mm uzunluqdadır.
Yumurtası ovalvaridir, ağ, yaxud sarı rəngdədir. Uzunluğu 0,5 mm-dir. Tırtılın bədəni sarı, başı açıq-qəhvəyidir. Uzunluğu 13 mm-ə çatır. Pupu qəhvəyi rəngdədir.
Cənub anbar odlucası geniş yayılmaqla, xüsusilə qarğıdalı ununa, dənlərə, qoz ləpəsinə, müxətlif konfetlərə, meyvə məhsullarına zərər verir.
Zərərverici əksər hallarda tırtıl, nadir hallarda isə pup halında qışlayır. Apreldə uçan kəpənəklər gecə həyat tərzi keçirirlər. Bir dişi kəpənək qidalandıqları məhsullar üzərinə tək-tək yumurta qoyur. Bir dişi fərd 200-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan tırtılların inkişafı 1-2 aya başa çatır. İnkişafını başa çatdırmış tırtıllar yarımşəffaf barama içərisində puplaşır. Pupdan 8-10 gün sonra kəpənək uçur. Beləliklə, zərərvericinin bir nəslinin inkişafı əlverişli şəraitdə 40-65 gün davam edir. Tırtıllar ipək sapdan xüsusi yuvalar düzəldir, onların içərisində yaşayır və fəaliyyət göstərir. Belə yuvalar un, dən, qurudulmuş meyvələrlə qidalandıqda əmələ gətirilir. İl ərzində 3-4 nəsil verməsi ehtimal olunur.
Dostları ilə paylaş: |