§2. Firma haqqında konsepsiyalar
İqtisadi ədəbiyyatda firmanın fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif nəzəriyyələr vardır.
Firma haqqında ənənəvi nəzəriyyə - mənfəətin maksimumlaşdırılması nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir.
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsədi) mənfəət əldə etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir. Hər bir firma xarici formadan - satışın, iqtisadi artımın və ya faydalılığın səviyyəsindən asılı olmayaraq maksimum mənfəət əldə edilməsini nəzərdə tutur. Bu, təsadüfi deyil, çünki rəqabət şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətini möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər.
Ənənəvi nəzəriyyə firmanın fəaliyyətini, davranışını tam izah etməyə imkan vermir. Məhz buna görə də digər iqtisadçılar alternativ nəzəriyyələr irəli sürmüşlər.
Dostları ilə paylaş: |