Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Xərclərin ümumi və müqayisəli səmərəliliyi göstəriciləri



Yüklə 0,77 Mb.
səhifə78/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   71   72   73   74   75   76   77   78   79
Firmanın İqtisadiyyatı mühazirə

Xərclərin ümumi və müqayisəli səmərəliliyi göstəriciləri

Yuxarıda baxdığımız göstəricilər məhdud istifadə xarakterindədir. Bütün onlar istehsal və xərclərin iqtisadi səmərəliliyi haqqında tam, hərtərəfli təsəvvür yaratmır, yalnız müəyyən növ resurslardan istifadəni xarakterizə edir.


Xərclərin ümumi səmərəliliyi haqqında tam təsəvvür yaratmaq üçün dəyər və natural göstəricilərin ümumiləşdirilmiş xarakteristikası lazımdır. Bu məqsəd üçün xərclərin ümumi və müqayisəli iqtisadi səmərəlilik göstəricilərindən istifadə olunur.
Planlaşdırmada və layihələndirmədə ümumi iqtisadi səmərəlilik səmərənin kapital qoyuluşlarına nisbəti kimi, müqayisəli iqtisadi səmərəlilik isə cari xərclərin fərqinin variantlar üzrə kapital qoyuluşlarının fərqinə nisbəti kimi müəyyən olunur. Ümumi və müqayisəli səmərəlilik göstəriciləri bir-birini tamamlayır. Xərclərin ümumi iqtisadi səmərəliliyi xərclərin tətbiqi yeri nəzərə alınmaqla hesablanır. Xalq təsərrüfatı üzrə xərclərin ümumi iqtisadi səmərəliliyi yaradılmış milli gəlirin (müqayisəli qiymətlərlə) əlavə artımının (MG) həmin əlavə artımı yaratmış istehsal kapital qoyuluşuna (K) nisbəti kimi müəyyən edilir:


Exm = MG / K

Xalq təsərrüfatı kompleksləri, ayrı-ayrı sahələr, eləcə də əsas fondların təkrar istehsalının formaları (texnika ilə yenidən silahlandırma, müəssisə və təşkilatların yenidən qurulması və genişləndirilməsi) üzrə xərclərin ümumi iqtisadi səmərəliliyi mənfəətin (istehsal xərclərinin aşağı salınmasının) və ya təsərrüfat hesablı gəlirin əlavə artımının (P) kapital qoyuluşlarına nisbəti kimi hesablanır:




Exm = P / K

Yeni tikilən müəssisələr, sexlər, başqa obyektlər və ayrı-ayrı tədbirlər üzrə səmərəlilik göstəricisi (En) planlaşdırılan mənfəətin kapital qoyuluşlarına (smeta dəyərinə) nisbəti kimi hesablanır:




En = (Q – M) / K

burada T – tikilməkdə olan obyektin tam smeta dəyəri (layihə üzrə); Q – layihə üzrə müəssisə topdansatış qiymətləri ilə illik məhsul buraxılışı; M – tikintini tam başa çatdırdıqdan sonra və istifadəyə verilmiş güclərin mənimsənilməsindən sonra illik məhsul buraxılışının istehsal xərcləridir (maya dəyəridir).


Hər bir halda ümumi iqtisadi səmərəliliyin hesablanması nəticəsində əldə edilmiş göstəricilər normativ göstəricilərlə, eləcə də digər müəssisə və firmalarda istehsalın səmərəliliyi göstəriciləri ilə müqayisə edilir.
Təsərrüfat və texniki qərarların, müəssisələrin və onların komplekslərinin yerləşdirilməsinin, yeni müəssisələrin tikilməsi və ya mövcud müəssisələrin yenidən qurulması variantlarının müqayisəsi, qarşılıqlı əvəz olunan məhsulların seçilməsi, yeni texnika növlərinin tətbiqi və s. hallarda xərclərin müqayisəli iqtisadi səmərəlilik göstəriciləri hesablanır. Müqayisəli iqtisadi səmərəliliyin hesablanması nəticəsində müəyyən olunan ən optimal variant gətirilmiş xərclərin minimumudur.
Hər bir variant üzrə gətirilmiş xərclər cari xərclərin (maya dəyərinin) və kapital qoyuluşlarının səmərəlilik normativinə uyğun olaraq eyni ölçüyə gətirilmiş məbləğindən ibarətdir:


GXi = Mi + En Ki min

burada Mi i-ci variant üzrə cari xərclər (maya dəyəri); Ki i-ci variant üzrə kapital qoyuluşları; En – kapital qoyuluşlarının müqayisəli iqtisadi səmərəliliyinin normativ əmsalıdır. Bütünlükdə xalq təsərrüfatı (iqtisadiyyat) üzrə bu əmsal EXT = 0,16, ayrı-ayrı sahələr və rayonlar üzrə isə o müxtəlif ola bilər. Belə diferensiallaşdırma elmi-texniki tərəqqini həvəsləndirmək, əmək haqqının zona və sahə üzrə səviyyələrini, qiymətlərdəki fərqləri, tikinti proqramlarının müddətlərini və rayon fərqlərini nəzərə almaq üçün lazımdır.


Xərclərin həyata keçirilməsinin ayrı-ayrı mərhələləri və istiqamətləri üzrə səmərəliliyin təyin edilməsinin xüsusiyyətlərini qeyd etmək lazımdır. Məsələn, maddi istehsalın təkmilləşdirilməsinə yönəldilmiş elmi-tədqiqat və layihə-konstruktor işlərinin maddi-texniki bazasının yaradılması üçün xərclərin səmərəliliyi qiymətləndirilərkən iqtisadi nəticələrlə yanaşı, sosial və ekoloji nəticələr də aşkar edilir. Belə nəticələri dəyər ifadəsində tam əks etdirmək mümkün deyildir və aşağıdakıları əhatə edə bilər: ağır fiziki əməyin ləğv edilməsi, əmək şəraitinin hərtərəfli sağlamlaşdırılması və yüngülləşdirilməsi; texniki təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, istehsalat zədələrinin və peşə xəstəliklərinin aradan qaldırılması; işləyənlərin əmək və məişət şəraitlərinin yaxşılaşdırılması; ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması; elmi-texniki tərəqqinin, eləcə də bazara keçidin sürətləndirilməsinin bütün əmək qabiliyyətli əhalinin optimal məşğulluğu ilə əlaqələndirilməlidir.
Məqsədli kompleks proqramlar üzrə xərclərin səmərəliliyi müəyyən edilərkən ümumi səmərəlilik və ayrı-ayrı tədbirlərin və tapşırıqların səmərəliliyi hesablanır. Bu halda ümumi səmərəlilik göstəriciləri səmərənin alınmasının və xərclərin həyata keçirilməsinin hesabi dövrlərindən asılı olaraq müəyyən edilir. Son nəticəsi xalq təsərrüfatı üzrə son məhsulun əlavə artımı olan məqsədli kompleks proqramlar üzrə isə mühüm səmərəlilik göstəricisi proqramın dəyər və ya natural ifadədə son nəticəsinin proqramın yaradılması üçün çəkilmiş tam xərclərə nisbətidir.
Əsas fondların təkrar istehsalının ən səmərəli formaları olan texnika ilə yenidən silahlandırma və yenidənqurma üçün xərclərin səmərəliliyi hesablanarkən əlavə göstəricilər kimi aşağıdakılar tətbiq olunur: işləyənlərin şərti azad olunması; maddi və yanacaq-enerji resurslarına qənaət. Mövcud müəssisələrin genişləndirilməsi zamanı yeni tikinti üçün xərclərin səmərəliliyi mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılması və yenidən qurulmasının səmərəliliyi ilə müqayisəli şəkildə hesablanmalıdır. Bu halda sosial infrastruktur obyektlərinin yaradılması üçün xərclər də daxil olmaqla bütün xərclərin cəmi nəzərə alınır. Eyni zamanda mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılması və yenidən qurulması ilə müqayisədə vaxt itkiləri də nəzərə alınmalıdır. Yeni tikinti və ya mövcud müəssisələrin genişləndirilməsi üzrə tədbirlərin sosial nəticələri (əmək şəraitinin yaxşılaşdırılması və yüngülləşdirilməsi, ətraf mühitin çirklənməsinin qarşısının alınması və s.) qiymətləndirilir.
Ölkənin xalq təsərrüfatında istehsal infrastrukturu mühüm yer tutur. Buraya nəqliyyat və rabitənin, elektrik, qaz, neft və su təchizatı, maddi-texniki təminat sistemlərinin bütün növlərindən olan obyektləri daxildir. İnformasiyanın işlənməsi və hesablama texnikası sistemləri, mühəndis şəbəkələri və kommunikasiyaları kompleksləri də buraya daxildir.
İstehsal infrastruktur unun inkişafı üçün xərclərin səmərəsi, eləcə də xalq təsərrüfatında əldə edilən səmərə götürülür. Buraya daxildir: infrastruktur sahələrinin inkişafı nəticəsində maddi istehsalın baza sahələrinin inkişafı üçün xərclərin aşağı salınması; istehsalın kooperativləşdirilməsi və ixtisaslaşdırılmasının yaxşılaşdırılması; rabitə və informasiyanın işlənməsi vasitələri ilə təminat hesabına istehsalın idarə edilməsinin etibarlılığının və operativliyinin yüksəlməsi; dövriyyə vəsaitlərinin və maddi resursların dövretməsinin sürətləndirilməsi və bunun nəticəsində baza sahələrində ehtiyatların ixtisar edilməsi; infrastruktur un təsiri ilə baza sahələrində məhsulun maya dəyərinin aşağı salınması; materialların və avadanlığın itkilərinin, eləcə də hər cür maddi ziyanın azaldılması və ləğv edilməsi; əhaliyə xidmətlərin çeşidinin genişləndirilməsinə, xidmətin keyfiyyətinin və mədəniyyətinin yaxşılaşdırılmasına, əhalinin vaxtına qənaət edilməsinə və digər sosial-iqtisadi nəticələrə infrastruktur sahələrin təsiri şəklində sosial səmərə.
Qeyri-istehsal sferasına xərclərin səmərəliliyini qiymətləndirərkən əldə edilən sosisal və iqtisadi nəticələr həmin nəticələrin əldə edilməsi üçün lazım olan xərclərlə müqayisə edilir.
Nəhayət, təbiəti mühafizə obyektlərinə xərclərin iqtisadi səmərəliliyi təbiətin təbii (ilkin) vəziyyətinin saxlanması (yeni rayonlar mənimsənilərkən), ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması və ya onun çirklənməsindən zərərlərin azaldılması (mənimsənilmiş rayonlarda), eləcə də təbiəti mühafizə obyektlərinin yaradılması və inkişafı üçün xərcləri nəticəsində əldə edilmiş təbiəti mühafizə səmərəsinin ölçülməsi ilə müəyyən edilir.
Xərclərin həm ümumi, həm də müqayisəli iqtisadi səmərəliliyi yuxarıdakı ümumiləşdirici göstəricilərlə məhdudlaşmamalıdır. Xərclərin iqtisadi səmərəliliyinin hərtərəfli əsaslandırılması və təhlili, yekun qərarlar qəbul edilərkən onların səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsi üçün əldə edilən səmərənin ayrı-ayrı tərəflərini xarakterizə edən əlavə göstəricilərdən də istifadə edilməlidir. Belə göstəricilərə aşağıdakıları aid etmək olar: əmək məhsuldarlığı, fondverimi, xüsusi kapital qoyuluşları, xammal, material, yanacaq, enerji resurslarına qənaət, istehsal xərclərinin aşağı salınması, sosial nəticələr.
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin, firmaların təsərrüfat fəaliyyətinin qiymətləndirilməsinin əsas meyarı kimi mənfəət və fondlara görə hesablanmış rentabellik götürülür. Sivil bazar münasibətləri formalaşdıqca, defisit və ayrı-ayrı istehsalçıların inhisarı ləğv edildikcə müəssisələrdə mənfəətin artırılmasının bir yolu qalacaqdır – məhsul buraxılışının həcminin artırılması və onun istehsalı üçün xərclərin aşağı salınması.
Müəssisənin uzunmüddətli inkişaf perspektivini nəzərə almaqla onun istehsal-təsərrüfat fəaliyyətinin əsas iqtisadi nəticəsi investisiya qoyuluşlarına maksimum mənfəət əldə olunmasıdır. Müasir dövrdə beynəlxalq təcrübədə investisiya layihələrinin səmərəliliyini əsaslandırmaq üçün aşağıdakı metodlardan istifadə edilir:

  1. İnteqral səmərə (xalis diskontlaşdırılmış gəlir);

  2. Rentabellik norması;

  3. Rentabellik indeksi;

  4. Ödənmə müddəti.

İnteqral səmərə müxtəlif dövrlərə aid olan nəticə (gəlirlərin) və xərclərin fərqinin diskontlaşdırılaraq bir ilə, adətən, hesabat dövrünün birinci ilinə gətirilməsi əsasında hesablanan göstəricidir.
Bu gətirilmə verilmiş illik göstəricinin at diskontlaşdırma əmsalına vurulmaqla təyin edilir. at əmsalı aşağıdakı kimi müəyyən olunur:



burada t – hesabat dövrünün «birinci ili» olan «0» ilə verilmiş göstəricinin aid olduğu t ili arasındakı dövrdür (illə); En – vaxta görə gətirilmə normatividir.


Qeyd etmək lazımdır ki, En normativi ölkədə formalaşmış faiz dərəcəsi nəzərə alınmaqla layihənin risklik dərəcəsi əsasında hesablanır. En normativi müəyyən olunarkən risksiz dərəcənin, kommersiya və maliyyə risklərinin səviyyələri nəzərə alınır. yəni faiz dərəcəsinin üzərinə risklə əlaqədar müəyyən olunmuş mükafat da nəzərdə tutulur:



burada i – risksiz dərəcə; mr – maliyyə risklərinə görə mükafat; kr – kommersiya risklərinə görə mükafatdır.


İnvestisiya qoyuluşlarının inteqral səmərəsi aşağıdakı düsturun köməyi ilə hesablanır:



burada Thesabat ili; Nt t ilindəki nəticə; Xt t ilindəki investisiya xərcləri; at – diskontlaşdırma əmsalıdır.


Müəssisədə investisiya layihəsinin qəbul edilməsi üçün inteqral səmərəlilik göstəricisi müsbət kəmiyyət olmalıdır, yəni əgər inteqral səmərəlilik göstəricisi müsbət kəmiyyətdirsə, investisiya xərclərinin daxili rentabellik norması nəzərdə tutulmuş normativdən (at diskontlaşdırma əmsalının hesablanmasında istifadə olunmuş En) yüksəkdir, mənfidirsə, daxili rentabellik norması normativdən aşağıdır. Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda inteqral səmərə anlayışının sinonimi kimi «xalis diskontlaşdırılmış gəlir», «xalis cari dəyər» kimi məfhumlar da işlənir.
Daxili rentabellik norması (daxili gəlir norması) göstəricisinin həqiqi qiymətini (Ex) tapmaq üçün əsaslı vəsait qoyuluşunun inteqral səmərəsinin sıfra bərabər olduğu Ex müəyyən olunmalıdır.

Əgər inteqral səmərə müsbətdirsə, onda Ex >En olmalıdır. Əgər mənfidirsə, onda Ex < En . Ex-in həqiqi qiymətini tapmaq üçün ardıcıl yaxınlaşdırma metodundan istifadə olunur (müsbət inteqral səmərədə Ex ardıcıl olaraq 0,01 artırılır, mənfi inteqral səmərədə isə 0,01 azaldılır). Bu vaxt Ex-in elə qiyməti müəyyən olunur ki, inteqral səmərə sıfıra bərabər olsun. İnteqral səmərə sıfıra yaxın müsbət və ya mənfi kəmiyyəti almırsa, onda daxili rentabellik normasının hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir:





burada En – inteqral səmərənin sıfıra yaxın müsbət və ya mənfi qiymət aldığı diskont normasıdır; En+1En-lə müqayisədə bir bənd artırılmış (azaldılmış) diskont normasıdır ki, bu normada inteqral səmərə sıfıra yaxın mənfi və ya müsbət qiymət alır; SnSn+1 En En+1-ə uyğun inteqral səmərədir.


İnvestisiya layihələrindən ən səmərəli variantın seçilməsi inteqral səmərə göstəricisinin köməyi ilə iki yolla həyata keçirilə bilər.
Birincisi, diferensial yanaşma yolu ilə. Bu halda kapital qoyuluşlarının arasındakı fərqin inteqral səmərəsi hesablanır. Həmin səmərənin mənfi və ya müsbət olmasından asılı olaraq ikinci və ya birinci variant seçilir.
İkinci halda isə daxili rentabellik norması hesablanır və hansı variant daxili rentabellik normasının yüksək olmasını təmin edirsə, həmin varianta üstünlük verilir.
Rentabellik indeksi müəyyən dövrə gətirilmiş xərclərin həmin dövrə gətirilmiş investisiya xərclərinə nisbəti kimi müəyyən olunur.



Əsaslı vəsait qoyuluşlarının özünü ödəmə müddəti, xalis mənfəətin həcmi illər üzrə eynidirsə – ümumi investisiyanın həcmi illik xalis mənfəətlə amortizasiya ayırmalarının cəminə (pul axınına) bölməklə tapılır. Əgər kapital qoyuluşları müəssisə fəaliyyətə başlamazdan əvvəl həyata keçirilərsə və onun mənfəəti illərə görə fərqlənirsə, onda ümumi xərclərin cəmindən xalis mənfəətlə amortizasiya ayırmalarının illik məbləğini çıxmaqla, onun (kapital qoyuluşunun) özünü ödəmə müddəti müəyyən edilir. Məlumdur ki, bazar iqtisadiyyatı şəraitində istənilən investisiya qoyuluşu risklə bağlıdır və investisiyanın özünü ödəmə müddəti artdıqca riskin dərəcəsi də artır. Çünki investisiya layihəsi nə qədər uzun müddət üçün nəzərdə tutulursa, iqtisadi və bazar konyunkturasının dəyişmə ehtimalı yüksəlir və bununla əlaqədar olaraq qeyri-müəyyənlik artır.


Qeyd etmək lazımdır ki, investisiya qərarları qəbul edərkən inteqral səmərə göstəricisinə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunur. Əsaslı vəsait qoyuluşlarının ödənmə müddəti göstəricisi iqtisadi səmərəliliyin təqribi qiymətləndirmə metodudur. Bu metod vaxt amilini və ödənmə müddətindən sonra yaranan gəlirləri nəzərə almır. Daxili rentabellik norması göstəricisinin mühüm qüsuru onun investisiyanın miqyasını nəzərə almamışdır. Digər tərəfdən, daxili rentabellik normasını hesablayan zaman o, bir yox, bir neçə qiyməti ala bilər.
Variantları müqayisə etdikdə, iqtisadi səmərəliliyi hesablamaq üçün əsaslı xərclər və bir də əlaqədar sahələrdə məhsulun maya dəyəri nəzərə alınır. İqtisadi səmərəliliyin kəmiyyəti o zaman daha dəqiq müəyyən edilə bilər ki, əsaslı məsrəflər və əldə edilmiş qənaət həm həmin obyekt üzrə, həm də onunla əlaqədar sahələrin obyektləri üzrə nəzərə alınmış olsun.
Əsaslı vəsait qoyuluşlarının və yeni texnikanın tətbiq edilməsi variantlarının müqayisəsini onların keyfiyyət baxımından təhlili ilə tamamlamaq lazımdır, çünki əsaslı vəsait qoyuluşlarının və yeni texnikanın tətbiq edilməsinin nəticələrini bütün hallarda kəmiyyətcə ölçmək mümkün olmur.
Deməli, əsaslı vəsait qoyuluşlarının, yeni texnikanın və istehsalın təşkilinin müqayisəli və ümumi iqtisadi səmərəliliyini müəyyən edən zaman onların kəmiyyətcə ölçülməsini və keyfiyyət tərəflərinin təhlilini düzgün əlaqələndirməyə səy göstərilməlidir.


    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin