Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


«Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti



Yüklə 0,77 Mb.
səhifə2/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   2   3   4   5   6   7   8   9   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

1.2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti


İnsan fəaliyyətinin sferalarından biri kimi, elmin funksiyası həqiqətlər haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistemləşdirilməsindən ibarətdir. XX əsrin ortalarından elm məhsuldar qüvvələrin ünsürlərindən birinə çevrilmişdir. «Dördüncü» ünsür statusu alan elm «muxtariyyət»də olmayıb, məhsuldar qüvvələrin «klassik» ünsürlərinin - əmək vasitəsi, əmək predmeti və iş qüvvəsinin substansiyasına daxil olmuş və onlara yeni keyfiyyət, inqilabi vüsət vermişdir.
Elm - həqiqətlərin, hadisə və proseslərin praktiki cəhətdən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi olmaqla o, həm də biliklər istehsalçısı kimi insan fəaliyyətinin spesifik formalarındandır.
Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) genişləndirilməsində və həm də səmərəliliyinin (keyfiyyətcə) yüksəldilməsində biliklər bir vasitə kimi istifadə edilirsə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji proseslərin, maşın və avadanlıqların layihələndirilməsi, istehsalın mükəmməl təşkili sxeminin nəzəri cəhətdən əsaslandırılması isə elmin bilavasitə məqsədidir.
Elm bütövlükdə, şərti olaraq, 3 böyük qrupa - təbiət, ictimai və texniki - bölünür. İctimai elmin mühüm sahələrindən biri də, tədqiqat obyekti iqtisadi hadisə və proseslər, istehsal münasibətləri olan iqtisad elmidir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisadiyyatın bütün səviyyələrində mövcud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi baxımdan təhlil və tədqiq etməklə, alınan nəticələri ümumiləşdirməklə məşğul olur.
İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də - təbii ki, özünün tədqiqat obyekti və predmeti olan - «Firmanın iqtisadiyyatı» elmidir.
Məlum olduğu kimi, hər hansı bir ixtisasdan mütəxəssis hazırlanması prosesində - tələbələrin elmi-nəzəri və empirik biliklərlə silahlandırılmasında - mükəmməl tədris proqramları əsasında yazılmış dərsliklərin əhəmiyyəti çox böyükdür. Firmanın iqtisadiyyatına həsr olunmuş dərslik də, bu baxımdan istisnalıq təşkil etmir.
İki yunan sözünün - «oykos» (ev, təsərrüfat) və «nomos»un (qanun, qayda) birləşməsindən əmələ gələn «Oykonomiya»nın Azərbaycan dilinə tərcüməsi «təsərrüfata rəhbərlik» mənasını verir. Lakin bununla yanaşı «Oykonomiya» sözü rus dilinə «Ekonomika», Azərbaycan dilinin lüğət fonduna isə mənşəyinə görə ərəb sözü olan «İqtisadiyyat» kimi qəbul olunmuşdur.
Əgər iqtisadiyyat bir tərəfdən insanların çox geniş miqyaslı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o, həm də, elm sahələrindən biridir. «İqtisadiyyat» bir elm sahəsi kimi bazar strukturlarının və cəmiyyətin təsərrüfat subyektlərinin fəaliyyət mexanizmini, onların qarşılıqlı əlaqə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir.
İqtisadi həyatın əsas proseslərinin mahiyyətini, ən ümumi iqtisadi qanun və qanunauyğunluqları, iqtisadiyyatın tənzimlənməsinin nəzəri məsələlərini «İqtisadi nəzəriyyə» elmi öyrənir. «İqtisadi nəzəriyyə»nin tədqiqat obyektinin əsasını iqtisadi inkişaf, bütövlükdə ölkə iqtisadiyyatının və ayrı-ayrı təsərrüfat strukturlarının fəaliyyət məsələləri, iqtisadi siyasətin prinsiplərinin elmi-nəzəri cəhətdən öyrənilməsi təşkil edir. Ümumiyyətlə, nəzəri elmlərin tədqiqat obyekti, bütün hallarda, tarixən, elmin özü olmuşdur.
Əgər iqtisadiyyatın nəzəri əsaslarını «İqtisadi nəzəriyyə» elmi tədqiq edirsə, praktiki və ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri öyrənir. İqtisadiyyatın həm tədqiqi və həm də idarə olunması baxımından o («İqtisadi nəzəriyyə»), özünün 4 tərkib hissəsinə bölünür: «Makro» və «Mikro» iqtisadiyyat, «Mezoiqtisadiyyat» və «Meqoiqtisadiyyat».
Makroiqtisadiyyat məcmuu təklif və tələbin formalaşması, milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Bankın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problemlərinə, beynəlxalq ticarətin inkişafı və qiymətin səviyyələrinə təsirlərini öyrənməklə məşğul olur.
Dövlət makroiqtisadi göstəricilərin vasitəsilə ölkə iqtisadiyyatını tənzimləyir, onların əsasında perspektiv üçün özünün iqtisadi siyasətini müəyyən edir.
Makroiqtisadiyyat elminin vəzifəsi - metodoloji baxımdan - obrazlı desək, iqtisadiyyatı «yüksəkdən» müşahidə, tədqiq və təhlil etmək, ona (iqtisadiyyata) qlobal (ümumi) miqyasda yanaşmaqdır. Daha doğrusu, makroiqtisadiyyat elminin (kursunun) predmeti ölkə iqtisadiyyatının müəyyən müddət intervalında inkişafı və ya tənəzzülünün, milli pulun əcnəbi ölkələrin pulları ilə müqayisədə məzənnəsinin, işsizliyin, ticarət balansının (məcmuu ixrac çıxılsın məcmuu idxal) və s. dəyişməsi səbəblərini tədqiq və təhlil etmək, öyrənməkdir.
Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiyyat səviyyəsində, ya da onun sahələri - sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat və s. üzrə, həm ayrı-ayrılıqda və həm də onların qarşılıqlı iqtisadi və təsərrüfat əlaqələri şəraitində aparılır.
Makroiqtisadiyyat ölkənin iqtisadi həyatında baş verən yüz minlərlə xüsusi halları deyil, məcmuu, ən ümdə meylləri tədqiq və təhlil edir. Başqa sözlə, makroiqtisadiyyat çoxsaylı müəssisələrin fərdi təsərrüfat tədbirlərini və bunların nəticələrini ayrı-ayrılıqda deyil, yekun halında özünün predmeti kimi seçir, araşdırır, təhlil edir və öyrənir. Bununla belə, makroiqtisadiyyat müəssisə və firmaları, onların fərdi təsərrüfat qərarlarının və bazardakı birgə fəaliyyətlərini öyrənən mikroiqtisadiyyatın əsaslarına söykənir. Lakin, artıq qeyd olunduğu kimi, çoxsaylı fərdi qərarların öyrənilməsinin qeyri-mümkünlüyü səbəbindən makroiqtisadiyyat, ilk əvvəl, təhlil vasitəsilə müəssisələrdən birini - nümunəvi təmsilçini müəyyən edir. Orta iqtisadi potensialına və göstəricilərinə görə başqalarını təmsil edə biləcək bu müəssisənin (firma, ev təsərrüfatı) iqtisadiyyatındakı meyllərin müxtəlif iqtisadi variantları da öyrənilir.
Bundan sonra, təmsilçi müəssisənin (firmanın) iqtisadi göstəriciləri qalan bütün təsərrüfat subyektlərinə də şamil edilir və ölkə iqtisadiyyatının ümumi göstəricilərindəki (məhsul istehsalı, qiymətin səviyyəsi və s.) dəyişikliklər aşkar olunur, mühüm istehsal amilləri arasındakı qarşılıqlı təsir və asılılıq müəyyənləşdirilir. Bu, makroiqtisadiyyatın əsas tədqiqat metodudur. Dövlət isə təhlildən alınmış nəticələr əsasında iqtisadiyyatın tənzimlənməsi məqsədilə tədbirlər işləyib hazırlayır, özünün iqtisadi siyasətində təshihlər aparır.
Makroiqtisadiyyat elmi ölkə miqyasında baş verən iqtisadi meylləri tədqiq edərkən müəssisə, firma və regionların çoxsaylı məlumatlarına əsaslanaraq ümumi göstəricilərin hesablanmasına nail ola bilir. Bu qəbildən olan göstəricilərdən biri milli gəlir və onun hesablanmasıdır. Makroiqtisadi tədqiqatlarda ölkə iqtisadiyyatında «milli gəlir» göstəricisinin köməyi ilə məhsulun ümumi buraxılışı, gəlir, yığım, investisiyanın həcmi və s. haqqında mötəbər məlumatlar əldə etmək mümkün olur. Milli gəlirin hesablanması «texnologiya»sını düzgün dərk etmək isə metodoloji aspektdə «Makroiqtisadiyyat» elminin təməl prinsiplərindən biridir.
Mikroiqtisadiyyat elmi isə iqtisadiyyatın istehsal sahələri, müxtəlif müəssisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir. Lakin Mikroiqtisadiyyat üçün, bunlardan heç birinin əhəmiyyətini azaltmadan, ölkə iqtisadiyyatının inkişafında istehsal firmalarının və ev təsərrüfatının əhəmiyyəti çox önəmlidir, bu, şəksiz belədir. Çünki istehsal firmalarının və ev təsərrüfatının iqtisadi inkişafı makroiqtisadiyyatın bütün göstəricilərinə - tələb və təklif, milli gəlir, məşğulluq, qiymət, inflyasiya, xarici ticarət və s. - müsbət planda təsir göstərir və onların dinamikasında baş verən dəyişikliklərdə həlledici rol oynayırlar. Beləliklə, müəyyən şərtilik daxilində mikroiqtisadiyyatın tərkibini qarşılıqlı əlaqə və asılılıqda olan 2 mühüm sektora bölmək olar: istehsal firması (müəssisə) və ev təsərrüfatı.
Ev təsərrüfatı insanların fəaliyyət göstərdikləri 3 iqtisadi subyektdən - dövlət, firma (müəssisə), ev təsərrüfatı - biridir.
Ev təsərrüfatı - iqtisadi fəaliyyətin əsas sferalarından biri olub, iqtisadiyyatı istehsal resursları ilə, xüsusilə, iş qüvvəsi ilə təmin edən və bunun müqabilində əldə olunan pul vəsaiti ilə əmtəə və istehsal xarakterli xidmətləri satın almaqla insanların maddi tələbatlarının ödənilməsinə sərf edən iqtisadi subyektdir.
Miqyasının məhdudluğu baxımından, daha doğrusu, sözün dar mənasında «ev təsərrüfatı» özünə məhsul istehsal edən və müxtəlif sayda insanlardan ibarət olan ailənin təsərrüfatı deməkdir. Bu bir neçə nəsli birləşdirən və birgə yaşayan, müəyyən iqtisadi resurslara malik olan və habelə müəyyən mülkiyyət sahibi olub təsərrüfatla məşğul olan bir nəfərdən də ibarət ola bilər.
Miqyasının genişliyi mənasında ev təsərrüfatı milli iqtisadiyyatın tərkib hissəsi və eyni zamanda onun fəaliyyətinin aparıcı qüvvələrindən biri olub məhsul istehsal etmək, xidmətlər göstərmək üçün ictimai istehsalın (ölkə iqtisadiyyatının) iş qüvvəsi və digər resurslarla təminatçısıdır. Digər resurslar dedikdə, məsələn, buraya hər bir şəxsən dövlət büdcəsinə özünün gəliri müqabilində ödədiyi vergi, aldığı əmək haqqının müxtəlif əmtəələrin alınmasına xərcləməklə dövlətin maliyyə resurslarının formalaşmasını və s. göstərmək olar. Dövlət isə öz tərəfindən ev təsərrüfatının - üzvlərini tələbəni təqaüdlə təmin edir, şagirdin təmənnasız təhsil almasına qərar verir, yaşlılara pensiyaların verilməsinə zamin durur - bu kimi qayğıları öz üzərinə götürür. Belə qarşılıqlı əlaqələr, nəticə etibarilə, milli iqtisadiyyatın əsasını təşkil edən subyektlərdən biri kimi ev təsərrüfatının heyətinin rifahının yaxşılaşdırılması üçün şərait yaratmaqda dövlətin rolu təkzib olunmazdır və həlledicidir.
İstehsal firmaları (müəssisələr) ilə ev təsərrüfatının qarşılıqlı əlaqələrinə gəldikdə isə, göstərmək lazımdır ki, ev təsərrüfatı, mülkiyyətçisi olduğu kapital, torpaq və təkrar istehsalı ilə məşğul olduğu iş qüvvəsi kimi resursları firmalara satmaqla əvəzində onlardan müxtəlif əmtəələr və xidmətlər alırlar. Firmalar isə özünün satdığı əmtəə və xidmətlər müqabilində əldə etdiyi pulu ev təsərrüfatlarından istehsal resursları almağa sərf edirlər. Beləliklə «nə istehlak olunmalı» və «nə istehsal edilməlidir» məsələlərini məhz ev təsərrüfatı həll edir. Ev təsərrüfatının təklif etdiyi resursların həcmi firmaların istehsal proqramını, investisiya fəaliyyətini müəyyən edir, onları əsaslandırmaq üçün həlledici şərt olur. Əgər firma nə istehsal edəcəyini özü nizama salırsa, ev təsərrüfatı isə nələri istehlak edəcəklərini əvvəlcədən planlaşdırırlar. Bir sözlə, ev təsərrüfatı ilə firmalar birlikdə istehsal resursları ilə yaradılan məhsulların hərəkətini təmin edir, uzlaşdırır və bu proseslər fasiləsiz olaraq təkrarlanır.
Onu da qeyd etmək vacibdir ki, mikroiqtisadiyyatla makroiqtisadiyyat arasında qarşılıqlı təsir və asılılıq vardır. Belə ki, makroiqtisadi sabitlik mikroiqtisadiyyatın inkişafı üçün həlledici şərtlərdən biridir.
Mikroiqtisadiyyatın inkişafı isə, artıq qeyd edildiyi kimi, makroiqtisadiyyatın işsizlik (məşğulluq), inflyasiya, beynəlxalq ticarət, iqtisadi artım kimi problemlərinə müsbət planda təsir göstərir.
Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiyyat üzrə, ya da onun sahələrinin - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və s.-nin həm ayrılıqda və həm də onların qarşılıqlı təsir və əlaqələri vəziyyətində aparılır.
Göstərmək lazımdır ki, makro - və mikroiqtisadiyyat arasında dəqiq müəyyən edilmiş sərhəd yoxdur. Onlardan hər birində baş verən bir sıra iqtisadi hadisə və proseslər miqyas və kəmiyyətcə müxtəlif olsalar da, məzmun və keyfiyyətinə görə fərqlənmirlər. Elə buna görədir ki, bəzi iqtisadi kateqoriya və göstəricilərdən hər iki səviyyənin iqtisadi təhlili və qiymətləndirilməsində istifadə olunur.
Əvvəllər qeyd olunduğu kimi, iqtisadiyyatın digər tərkib hissələri «Mezo» - və «Meqoiqtisadiyyat»dır.
Mezoiqtisadiyyat - biri-birilə təsərrüfat əlaqələri üzrə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır, makroiqtisadiyyatın yarımsistemləridir.
Mezoiqtisadiyyata misal olaraq, nüvəsində kənd təsərrüfatı, «solunda» onu (kənd təsərrüfatını) istehsal vasitələrilə (traktor, kombayn, gübrə və s.) təchiz edən, «sağında» isə onun (kənd təsərrüfatının) məhsullarını emal edən yüngül və yeyinti sənaye müəssisələrindən ibarət olan aqrar-sənaye kompleksini göstərmək olar.
Yanacaq-energetika, metallurgiya, maşınqayırma və hərbi komplekslər də mezoiqtisadiyyatın subyektləridirlər (sonuncu az sayda ölkələrə aiddir).
Meqoiqtisadiyyata gəlincə bu, bütünlükdə dünya iqtisadiyyatı, başqa sözlə, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin iqtisadi inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar sayca çoxaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə meqoiqtisadiyyatın tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır. Elə buna görə də, meqoiqtisadiyyatın «İqtisadi nəzəriyyə» elmindəki mövqeyi dəyişəcək, «xüsusi çəkisi» çoxalacaqdır.
İqtisad elmi müəssisə və iqtisadiyyatın sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və s.) və onlardan hər birinin inkişaf qanunauyğunluqlarını mövcud istehsal münasibətləri sistemində tədqiq edir və öyrənir. Lakin bununla bərabər, istər ayrı-ayrı maddi istehsal sahələrinin və istərsə də onların müəssisələrinin iqtisadi inkişaf qanunauyğunluqları bir-birindən fərqlənirlər. Fərqləri doğuran səbəb isə həmin sahələrin müəssisələri tərəfindən tətbiq olunan texnoloji istehsal üsullarındakı prinsipial bənzərsizlikdir.
Ayrı-ayrı sənaye sahələrinə mənsub olan firmaların istifadə etdikləri texnologiyalardakı müxtəliflik burada işləyən istehsal heyətinin peşə tərkibindəki fərqlərə səbəb olur - iki müxtəlif sahənin və, uyğun olaraq, onların firmalarında çalışan fəhlələrin peşə-ixtisas tərkibləri eyni olmur. Buraya habelə müxtəlif sahə müəssisələrinin istehlak etdikləri xammalın və materialların texniki xarakteristikalarındakı fərqləri də (fiziki, kimyəvi və s.) əlavə etsək, onda hər bir sahəyə mənsub olan firmanın başqa bir sahə firmasının iqtisadi məsələlərindəki - həm prinsipial və həm də prinsipial olmayan - fərqlərin mövcudluğu heç bir şübhə doğura bilməz. Başqa sözlə, bu o deməkdir ki, firma və onun mənsub olduğu sahənin iqtisadiyyatı məsələlərinin ümumi oxşarlığı ilə yanaşı, onlar arasında çox fərqli cəhətlər də mövcuddur. Sahə və istehsal firmasının iqtisadiyyatı bəzi hallarda keyfiyyətcə eyni kateqoriya, anlayış və göstəricilərlə səciyyələndirilirsə də, onların (sahə və firmanın) miqyaslarındakı fərq bunların kəmiyyətcə müxtəlif məzmun daşımalarına səbəb olur. Bütün bunları doğuran əsas səbəb isə istehsal prosesinin və, deməli, məhsul istehsalının sahədə deyil, bilavasitə müəssisələrdə həyata keçirilməsidir. Firma və sahə iqtisadiyyatının tədqiqat obyektlərini və predmetlərini də fərqləndirən də elə budur. «Firmanın iqtisadiyyatı» elmi müstəqil və habelə konkret elm sahəsi olsa da bütövlükdə sənaye, onun müvafiq sahələri və habelə, ümumiyyətlə, iqtisad elmi ilə sıx bağlılığı və qarşılıqlı əlaqələri mövcuddur.
Firmalar iqtisadiyyatın ilkin həlqələri olmaqla, həm də onlar, iqtisadiyyatın təməlində dayanan, inkişaf və səmərəliliyinin yüksəlməsində müstəsna rolu olan təsərrüfat subyektləridir. Məhz buna görə də, «Firmanın iqtisadiyyatı» elminin müddəalarının öyrənilməsinin iqtisadiyyat sahələrinin bütün ixtisasdan olan iqtisadçıları üçün çox önəmli əhəmiyyəti vardır. Firmanın iqtisadiyyatı məsələlərini dərindən və hərtərəfli mənimsəməyən - iqtisadiyyat sahələrindən hansında işləməsindən asılı olmayaraq - maliyyəçi, marketoloq, menecer, mühasib, statistik və s. öz ixtisaslarını lazımınca dərk edə bilməzlər.
İqtisadiyyat, artıq qeyd edildiyi kimi, insanların maddi tələbatlarının ödənilməsinə xidmət edən, insanların böyük əksəriyyətinin birbaşa və ya dolayı fəaliyyət sferasıdır və bütün iqtisad elmlərinin tədqiqat obyektidir.
Hər bir firma öz fəaliyyətini bazar münasibətləri əsasında qurmaqla iqtisadiyyatını daha da inkişaf etdirmək və mənfəət əldə etmək məqsədilə daim axtarışda olmalıdır: xərcləri ilə fəaliyyətinin nəticələrini optimal nisbətdə uzlaşdırmalı, investisiyanın yeni formalarını tapmalı, məhsulların istehlakçılara çatdırılmasının səmərəli yollarını müəyyənləşdirməli, düzgün maliyyə, sərfəli qiymət siyasəti işləyib hazırlamalıdır və s.
Yuxarıda sadalananlara nail olmağın ilkin şərti isə firmanın öz daxili resurslarını səfərbər edə bilmək qabiliyyətindən birbaşa asılı olur.
Firmanın daxili resurslarını, məzmunu və təyinatı baxımından aşağıdakı kimi qruplaşdırmaq olur:
İstehsalın resurs təminatını müəyyən edən amillər. Bunlara istehsal amilləri - istehsal əsas fondları (binalar, qurğular, iş maşınları və avadanlıqları, alətlər və s.), dövriyyə fondları (xammal, material, yanacaq və s.), iş qüvvəsi, torpaq və s. aid edilir. Bunlarsız bu və ya digər əmtəənin istehsalını, istehsal prosesinin baş tutmasını təsəvvür etmək, ümumiyyətlə, qeyri-mümkündür.
Firmanın iqtisadi və texniki səviyyəsini müəyyən edən amillər. Bunlara elmi-texniki tərəqqi, istehsalın və əməyin təşkili, istehsal heyətinin ixtisas səviyyəsi, innovasiya fəaliyyəti, investisiya siyasəti və s. aid olunur.
Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəli reallaşdırılması amilləri. Bu amillərə səriştəli marketinq konsepsiyası, maddi-texniki təminat, idarəetmə və s. amillər aid edilir.
Firmanın yuxarıda sadalanan daxili resurslarının, istehsalın iqtisadiyyatına təsirləri müxtəlif olsalar da onlarsız keçinmək qeyri-mümkündür.
Yuxarıda göstərilən amillərin hər birinin ayrı-ayrılıqda iqtisadiyyatı (onlardan qənaətlə istifadə), nəticə etibarı ilə, firmanın iqtisadiyyatını formalaşdırır, onun inkişaf səviyyəsini və səmərəliliyini müəyyən edir.
Bazar münasibətləri şəraitində iqtisadi fəaliyyətin əsas mərkəzi iqtisadiyyatın mühüm həlqəsi olan firmalara keçir. Çünki firma - mülkiyyət formasından asılı olmayaraq - ictimai tələbatın ödənilməsi və mənfəət alınması məqsədi ilə məhsul istehsal edən və satan, xidmətlər göstərən hüquqi şəxs kimi müstəqil təsərrüfat subyektidir. Məhz firmalarda, artıq qeyd olunduğu kimi, cəmiyyət üçün zəruri olan məhsullar istehsal edilir, xidmətlər göstərilir.
Qeyd etmək lazımdır ki, firma və müəssisələr ölkə iqtisadiyyatının istehsal və təşkilati strukturunu əmələ gətirir və məhz burada əsas iqtisadi proseslər baş verir, istehsalın texnologiyası və keyfiyyəti problemləri kəsişir, iqtisadi və sosial münasibətlər formalaşır, ictimai və xüsusi mənafelər mövcud olur. İstehsal firmaları müəyyən maddi nemətlər istehsalı məqsədilə müvafiq formada təşkil olunan və istiqamətləndirilən istehsal resurslarının - maddi və əmək resurslarının - mürəkkəb birliyini, qarşılıqlı əlaqə və asılılığını və habelə kəmiyyət asılılığını əks etdirirlər.
«Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti, əlbəttə firmalardır, daha doğrusu, onların təsərrüfat fəaliyyətidir. Başqa sözlə, kursun tədqiqat obyekti bazar iqtisadiyyatının ilkin həlqəsi və müstəqil təsərrüfatçılıq subyekti olan, öz istehsal fəaliyyətini kommersiya əsasında quran, maddi istehsalın sənaye sahələrindəki firmalar, müəssisələrdir.
Mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat - kommersiya fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələləri «Firmanın iqtisadiyyatı» kursunun predmetidir. «Firmanın iqtisadiyyatı» tədris kursunun predmeti - daha geniş mənada - bazarın rəqabət mühitində firmanın təşkilati-hüquqi və təşkilati-iqtisadi növlərinin formalaşması problemlərini, məhsulun və xidmətlərin həcmcə artırılması, istehsal xərclərinin azaldılması, rentabelliyin yüksəldilməsi, perspektiv üçün strateji inkişaf məqsədi ilə səmərəli təsərrüfatçılıq metodlarının aşkar olunması və istifadə edilməsi haqqındakı biliklərin öyrənilməsi və öyrədilməsidir.
«Firmanın iqtisadiyyatı» kursunun məqsədi firmanın iqtisadiyyatının nəzəri və praktiki məsələlərini, onun iqtisadiyyatının səmərəli idarə edilməsinin qayda və metodlarını öyrənməkdir. Fikrin geniş mənasında «Firmanın iqtisadiyyatı» tədris kursunun öyrənilməsindən məqsəd bazar tipli istehsal firmasının fəaliyyət prinsiplərini və qanunauyğunluqlarının bazarın doğurduğu qanun və prinsiplərin əhatəsində onun (firmanın) davranışını, gələcək gənc mütəxəssislərə sahibkarlığın təşkili, vəzifələrinin müəyyən olunması məsələlərində nəzəri bilikləri və empirik vərdişləri aşılamaqdır. Bununla əlaqədar, «Firmanın iqtisadiyyatı»nın tədris kursu kimi vəzifəsi mövzu üzrə ixtisaslaşmış konkret iqtisad fənlərindən (əməyin iqtisadiyyatı, statistika, maliyyə, mühasibat uçotu və s.) fərqli olaraq bazar iqtisadiyyatının sahibkarlıq fəaliyyətinin əsas subyekti olan firmanın bütövlükdə iqtisadiyyatı haqqında sistemli və tam təsəvvür yaratmaq, bütün bilikləri onu (kursu) öyrənənlərə aşılamaqdır.
Kursun əsas məsələləri isə firmanın iqtisadiyyatının idarə edilməsinin bazar metodlarını, istehsal amillərindən (əmək, əsas və dövriyyə fondları) istifadənin təhlili qaydalarını, firmanın marketinq fəaliyyətini, onun investisiya və innovasiya siyasətini və s. öyrənməkdir.
«Firmanın iqtisadiyyatı» kursu bazar münasibətləri şəraitində özünün malik olduğu istehsal resurslarından hərtərəfli istifadə yollarını, bütövlükdə onun ayn-ayrı bölmələrinin özünəməxsus texniki-iqtisadi xüsusiyyətlərini, xarici iqtisadi şəraitin tələblərinə uyğun gələn daha səmərəli fəaliyyətinə təsir göstərən amilləri, istehsalın iqtisadi səmərəliliyini yüksəltməyə imkan verən təsərrüfat tədbirlərini öyrənir və öyrədir.

1.3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri


Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə metodologiya, bir çox üsul və metod, qayda və fəndləri işləyib hazırlamış və elmi araşdırmalarda müvəffəqiyyətlə istifadə etmişdir. Bu metodlara sistemli yanaşma, analiz və sintez, ümumidən xüsusiyə (deduksiya) və xüsusidən ümumiyə (induksiya) məntiqi keçid, iqtisadi-riyazi metodları və s. aid etmək olar. Dərketmə metodu olan dialektika isə bu metodların köməyi ilə cəmiyyətin, təbiətin və idrakın inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir. İqtisadi proses və hadisələrin də düzgün və ətraflı dərk olunması konkret iqtisad elmləri üçün əsas elmi metod olan dialektik metod vasitəsilə mümkündür, çünki bu metod hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziyyətdə, ətrafla sıx və qırılmaz ümumi əlaqə, qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində öyrənir.


Dialektik metodun köməyi ilə iqtisadi hadisə və proseslərin real inkişafını - kəmiyyət və keyfiyyət dəyişikliklərini və buna səbəb olan daxili ziddiyyətlərin (əksikliklərin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həlledilmə qaydalarını müəyyənləşdirmək mümkün olur. Bütün bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl elmi metod hesab edilir.
Yuxarıda qeyd olunanlarla bərabər bütün elmlər (kurslar) kimi «Firmanın iqtisadiyyatı» elminin də özünəməxsus tədqiqat metodları vardır.
«Firmanın iqtisadiyyatı» elminin (kursunun) tətbiqi mahiyyət daşıması onun araşdırma metodlarının da məzmunca empirik səciyyəli tədqiqat metodlarından istifadəsini daha önəmli edir.
Firmanın iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə və müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, firmanın iqtisadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir.
Müxtəlif ehtimal və proqnozlaşdırma metodları firmanın təsərrüfat strategiyasının hazırlanmasında və bunun köməyilə bazarın gələcək konyunkturasına uyğunlaşmağa nail olmaqda və sahibkarlıq qərarlarının qəbulunda istifadə edilir.
Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində riyazi modellər, təsviri qrafika metodlardan da geniş istifadə olunur.
Bu metodlar - konkret iqtisadi situasiyadan asılı olaraq - ayrı-ayrı iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymətləndirilməsinə imkan yaradır.
Bazarda yaranan və fəaliyyət göstərən tələb və təklif arasındakı tarazlıq qanunu təkrar istehsalı şərtləndirməkdə və, xüsusilə, iqtisadiyyatın inkişafındakı müvazinəti təmin etməkdə müstəsna əhəmiyyətə malikdir. Dialektik vəhdətdə olan tələb və təklif arasındakı tarazlığın yaranmasında iqtisadiyyatın ilkin həlqəsi olan müəssisə və firmalar həlledici rol oynayırlar. Firma tələb tərəfdən istehlakçı, təklif tərəfdən isə istehsalçı kimi çıxış edir. «Firmanın iqtisadiyyatı» kursunun ən ümumi şəkildə vəzifəsi tələb və təklif arasındakı ziddiyyətlərdən törəyən və bilavasitə firmanın iqtisadiyyatına aid olan məsələləri öyrənmək və həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır.
Müəssisə və firmalarda həyata keçirilən istehsal prosesi həm təbii-texniki və həm də ictimai elmlər tərəfindən öyrənilir.
Təbii-texniki elmlərin istehsalı tədqiqetmə, öyrənmə meyarı insanların təbiətlə münasibətlərinə, insanlarla təbiət arasında baş verən bir proses kimi yanaşmasıdır. Başqa sözlə, təbii-texniki elmlər istehsalın maddi ünsürləri olan əmək predmetlərinin, əmək vasitələrinin və istehsal olunan məhsulun xassələrini, habelə istehsal prosesi zamanı xammal və materiallarda baş verən fiziki, texniki və kimyəvi dəyişiklikləri öyrənməklə məşğul olurlar. Təbiət elmləri habelə - insanla təbiət arasındakı «qarşıdurma»nın bir cəhəti kimi - istehsal prosesinin insan fiziologiyası və psixologiyasına təsiri məsələlərini də tədqiq edirlər.
İctimai istehsalı habelə sosial-iqtisadi elmlər də öyrənirlər. Bu elmlər insanların istehsaldakı münasibətlərini, yaradılan məhsulun onların arasındakı bölgü qaydaları və ölçülərini, istehsalın iştirakçılarının sosial-psixoloji və digər ictimai münasibətləri öyrənirlər. Yuxarıda sadalanan ictimai-iqtisadi münasibətləri, əvvəllər qeyd olunduğu kimi, ən ümumi şəkildə iqtisadi nəzəriyyə öyrənir. Həmin ictimai-iqtisadi münasibətlərin ayrı-ayrı tərəflərini isə, şaxələnmiş şəkildə, konkret iqtisad elmləri tədqiq edirlər.
Məlumdur ki, konkret iqtisad elmləri sahə və mövzu nişanələri üzrə ixtisaslaşmışlar.
Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarakterik cəhəti onlar üçün bu və ya digər sahənin bütövlükdə tədqiqat obyekti kimi seçilməsidir.
Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə «Sənayenin iqtisadiyyatı», «Aqrar sənaye kompleksinin iqtisadiyyatı», «Tikintinin iqtisadiyyatı», «Nəqliyyatın iqtisadiyyatı» və habelə «Firmanın iqtisadiyyatı»nı misal göstərmək olar.
Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarakterik cəhəti isə ondan ibarətdir ki, onlar iqtisad elminin bir mövzusunu ya bir sahə (habelə müəssisə) miqyasında, ya da sahələrdən bir çoxunun timsalında öyrənməklə məşğul olurlar. Bunlara misal olaraq «İqtisadiyyatın dövlət tənzimlənməsi», «Menecment», «Əməyin iqtisadiyyatı və sosiologiyası», «Marketinq», «Qiymətqoyma», «Biznesin təşkili», «Maliyyə-kredit» və s.-ni göstərmək olar.
«Firmanın iqtisadiyyatı» kursu həm sahə, həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad kurslarının hamısı ilə qarşılıqlı əlaqə və asılılıqda inkişaf etmiş, özü zənginləşmiş və onların zənginləşdirmişdir.
«Firmanın iqtisadiyyatı» elminin «Makro» - və «Mikroiqtisadiyyat» elmlərilə əlaqə və bağlılığı isə xüsusi qeyd olunmalıdır.
«Firmanın iqtisadiyyatı» kursunun iqtisad fənləri arasında yeri və əhəmiyyəti firma və müəssisələrin ölkə iqtisadiyyatının özülünü təşkil etməsi ilə müəyyən olunur. Bütün konkret iqtisad elmləri kimi «Firmanın iqtisadiyyatı» kursunun nəzəri əsasını «Makroiqtisadiyyat» elminin müddəaları təşkil edir. O, artıq qeyd olunduğu kimi, həm sahə və həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış iqtisad elmlərinin hamısı ilə sıx surətdə əlaqədardır.

1.4. Kursun vəzifələri və məzmunu


«Firmanın iqtisadiyyatı» kursu «Ümumi iqtisadiyyat» və «Müəssisə iqtisadiyyatı və idarə edilməsi» istiqamətlərinin bütün ixtisaslarından iqtisadçı bakalavr təhsil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prosesində tədris olunan əsas fənlərdən biridir.


Kursun vəzifələrindən biri istehsalın idarə olunması və xüsusilə, iqtisadi və hüquqi islahatlardan irəli gələn vəzifələrlə əlaqədar olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyyatına dair tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir.
«Firmanın iqtisadiyyatı» kursunun tədrisində məqsəd tələbələri bazar iqtisadiyyatının ümumi qanunauyğunluqlarının müəssisədə təzahürü xüsusiyyətləri və onun fəaliyyətinə təsiri formaları, təsərrüfat tədbirlərinin həyata keçirilməsinin konkret yolları, texniki, texnoloji və iqtisadi siyasətin planlaşdırılması, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodologiyası, habelə idarəetmə qərarlarının əsaslandırılması metodları sahəsində təcrübədə təsdiqini tapmış biliklərlə silahlandırmaqdır.
Kursun tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara bazar münasibətləri şəraitində müəssisələrin iqtisadiyyatının bütün məsələləri haqqında zəruri bilikləri verməkdir.
«Firmanın iqtisadiyyatı» kursunun məzmunu və quruluşu firma və müəssisələrin iqtisadiyyatı ilə bağlı proseslərin qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.
«Firmanın iqtisadiyyatı» kursunun səmərəli tədrisi və tələbələr tərəfindən asan mənimsənilməsi məqsədi ilə mövzular aşağıdakı bölmələr üzrə qruplaşdırılmışdır.
«Firmanın iqtisadiyyatı» kursununda müəssisə və firmanın oxşar cəhətləri və fərqləri haqqında iqtisadi ədəbiyyatda mövcud olan çoxsaylı baxışlar nəzərdən keçirilmiş, onların səhv, doğru olan və habelə mübahisə doğuran cəhətləri göstərilmiş, ümumiləşdirmələr aparılmış və nəticələr çıxarılmışdır; müəssisənin firmaya çevrilməsinin ilkin həlledici şərtləri - kommersiyalaşdırılması və restruktirizasiyası - səciyyələndirilmişdir. Burada iqtisadiyyatın həm elmi-nəzəri, empirik və həm də metodoloji baxımdan tədqiqi və səmərəli idarə edilməsinin təşkili üçün o, özünün 4 tərkib hissəsinə bölünmüşdür - «Makro» və «Mikro» iqtisadiyyat, «Mezo» və «Meqo» iqtisadiyyat. Bunlardan hər birinin ayrılıqda məzmunları açılmış, tərifləri verilmiş, onlar müqayisə olunmuş, əlaqələri göstərilmiş və bunların milli iqtisadiyyatın inkişafındakı rol və əhəmiyyəti göstərilmişdir. Bu bölmədə habelə «Mikro iqtisadiyyat»ın tərkib hissəsi olan «ev təsərrüfatı»na xüsusi yer verilmişdir. Daha sonra isə «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti şərh olunmuş və əsaslandırılmışdır. Bölmənin sonunda kursun məzmunu, vəzifələri və quruluşu verilmişdir.
İlk öncə, firmaların təsnifatı verilmiş, bazar iqtisadiyyatı şəraitində onların məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə, onların bazar əlaqələrinin öyrənilməsinə xüsusi yer verilmişdir. Burada habelə firmaların quruluşuna və onu müəyyən edən amillərə xüsusi diqqət yetirilmişdir. Məlumdur ki, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirmənin həyata keçirilməsi, iqtisadiyyatda və sənaye müəssisələrində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu səbəbdən də kitabın bu bölməsində sahibkarlıq, onun inkişaf mərhələləri, firmaların təşkilatı-hüquqi və təşkilatı-iqtisadi formaları və firmanın xarici və daxili mühitinin öyrənilməsinə lazımınca yer verilmişdir.
Burada istehsal prosesinin mahiyyəti, istehsal tsikli və onun tərkibi, firmada istehsal prosesinin təşkili və onun formaları şərh olunmuşdur. Bundan sonra isə istehsalın ictimai təşkili formaları olan təmərküzləşdirmə, ixtisaslaşdırma və kooperasiyalaşdırma, kombinələşdirmənin mahiyyəti açılmış, onların səviyyəsini və səmərəliliyini xarakterizə edən göstəricilər öyrənilmişdir; istehsalın ictimai təşkili formalarının əsasında ictimai əmək bölgüsünün dayandığı xüsusi vurğulanmışdır.
Burada, ilk öncə, firmanın kadrları, onun tərkibi, idarə edilmə xüsusiyyətləri, əməyin məhsuldarlığı və onun ölçülmə metodları, əməyin normalaşdırılması, əmək haqqı və onun ödənilməsinin forma və sistemləri öyrənilmişdir. Bundan sonra istehsal resurslarının mühüm tərkib hissəsi olan istehsal əsas fondlarına xüsusi yer verilmişdir: iqtisadi mahiyyəti açılmış, təsnifatı verilmiş, köhnəlməsi və amortizasiyası şərh olunmuş, istifadə göstəriciləri səciyyələndirilmiş, istehsal gücünün hesablanma metodikasına xüsusi diqqət yetirilmişdir. Bölmənin sonunda firmanın dövriyyə fondları və dövriyyə vəsaitlərinə xüsusi yer ayrılmışdır. Burada, ilk əvvəl, dövriyyə fondlarının iqtisadi mahiyyəti açılmış, ondan istifadə göstəriciləri səciyyələndirilmiş, maddi resursların normalaşdırılması qaydaları izah edilmiş, və sonda, tədavül fondlarının idarə edilməsi məsələsinə xüsusi yer ayrılmış və diqqət yetirilmişdir.
Kursda firmanın idarəetmə mexanizmi, onun prinsipləri, funksiyaları, metodları və bunların tətbiqi istiqamətləri və habelə idarəetmə mexanizminin təşkilat quruluşu izah olunmuşdur. Bundan sora isə firmanın istehsal-kommersiya fəaliyyətinin planlaşdırılması, onun metodları, inkişaf planın bölmələri və inkişaf proqramının tərtibi məsələləri yetərincə şərh olunmuşdur. Firmanın miqyasca inkişafında investisiya qoyuluşu həlledici əhəmiyyət kəsb etdiyindəndir ki, bölmənin əvvəlində investisiyanın mahiyyəti və növləri, tərkibi və quruluşu, investisiya layihələrinin qiymətləndirilməsi metodları və səmərəliliyinin yüksəldilməsi yolları geniş şəkildə şərh edilmişdir. Bundan sonra bu bölmədə firmanın fəaliyyətində ciddi keyfiyyət dəyişikliklərinə səbəb olan innovasiyanın texnoloji və iqtisadi imkanları, innovativ inkişafın mərhələləri, innovasiyanın iqtisadi səmərəliliyi haqqındakı elmi biliklər və müddəalar öz əksini tapmışdır.
Burada habelə firma məhsullarının keyfiyyəti, standartlaşdırılması və sertifikasiyanın təşkilatı-iqtisadi məsələləri şərh olunmuşdur: məhsul keyfiyyətinin göstəriciləri, keyfiyyətin yüksəldilməsi iqtisadi inkişafın yolu kimi, məhsulun rəqabətqabliyyəti, məhsul keyfiyyətinin idarə edilməsi, standartlaşdırma və sertifikasiya və habelə bu qəbildən olan digər məsələlər öz əksini tapmışdır.
Daha sonra firmanın marketinq fəaliyyətinin xüsusiyyətləri, bazarın tədqiqində və seqmentləşdirilməsində, firmanın təsərrüfat-kommersiya fəaliyyətinin bazardan idarə edilməsindəki rolu və əhəmiyyəti öyrənilmişdir. Bunun ardınca firmanın maddi-texniki təminatı, onun istehsal vasitələrinə tələbatının hesablanması metodları, istehsal ehtiyatlarının idarə edilməsi üsulları, maddi-texniki təminatın formaları və firmanın icarə münasibətlərinə (lizinq, françayzinq və s.) xüsusi yer verilmişdir. Bölmənin sonunda isə firmanın təsərrüfat fəaliyyətinin finişi kimi məhsulunun satışı, bu iş üzrə onun siyasəti, işin əsas icraçısı kimi satış şöbəsinin funksiya və vəzifələri, məhsul satışının səmərəli təşkili kimi məsələlər izah olunmuşdur.
Kursda firmanın istehsal xərcləri və maya dəyərinin mahiyyəti, onların qarşılıqlı əlaqələri, vəhdəti və fərqləri verilmiş, maya dəyərinin göstəriciləri, maya dəyərinin idarə edilməsi və aşağı salınması yolları göstərilmişdir. Bundan sonra firmada qiymətin əmələ gəlməsi ilə bağlı qiymətin funksiyaları və növləri, firmanın qiymət siyasəti, strategiyası, firmada qiymətqoyma kimi suallar aşkarlanmışdır. Bu bölmənin növbəti məsələsi firmanın maliyyəsi, gəlirləri və mənfəəti kimi məsələləri əhatə etmişdir. Bölmənin sonunda isə firmanın təsərrüfat-kommersiya fəaliyyətinin iqtisadi və sosial səmərəliliyinin hesablanmasının metodoloji məsələlərinə lazımınca diqqət yetirilmişdir.
Mövzu 2. İSTEHSAL FİRMALARININ TƏSNİFATI, QURULUŞU VƏ FORMALARI


2.1. İstehsal firmalarının təsnifatı

    1. İstehsal firmasının quruluşu və onu müəyyən edən amillər

    2. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi formaları

    3. Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və daxili mühiti

    4. Firmanın yaradılması və ləğvi qaydaları




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin