Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi formaları



Yüklə 0,77 Mb.
səhifə7/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   2   3   4   5   6   7   8   9   10   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

2.3. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi formaları

Tarixi təkamülü baxımından insanın sahibkarlıq fəaliyyəti onun «özü üçün» məhsul istehsalı ilə yanaşı həm də «özgəsi üçün», bazar üçün - digər əmtəələrlə mübadilə məqsədilə - məhsul istehsalı dövründən başlamışdır. Həmin vaxtlar bir istehsalçı özünün istehsalı olan məhsulu ilə başqasının ehtiyacını, başqasının istehsal etdiyi məhsulla isə öz ehtiyacını ödəyə bilmişdir. Beləliklə, məhsulların dəyişdirilməsi (mübadiləsi) sahibkarlıq üçün ilkin şərt, daha doğrusu çıxış nöqtəsi olmuş, bazar münasibətlərinə keçid isə sahibkarlıq tipli iqtisadiyyata transformasiyanı mümkün etmişdir.


Sahibkarlıq - iqtisadi azadlığa söykənən, lakin qanunvericilik aktlarına və təsərrüfat riskinə əsaslanmaqla, cəmiyyətin məhsul və xidmətlərə ehtiyaclarını ödəmək üçün, məqsədi gəlir əldə etmək və əmlakını çoxaltmaq olan fəaliyyət növüdür. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin motivi və məqsədi mürəkkəb bazar situasiyalarında, güclü rəqabət mübarizəsi şəraitində heçdə xeyriyyəçilik etmək deyil, maddi marağı, sahibkarlıq gəliri əldə etmək istəyi ilə əlaqədardır.
Sahibkarlığın təməlində duran əmək bölgüsü, əmək kooperasiyası və əmtəə (məhsul) istehsalı və onun mübadiləsinin baş tutması üçün 4 amilin (resursun) mövcudluğu həlledici şərtdir. Bunlar əmək (iş qüvvəsi), kapital (əsas və dövriyyə), təbii resurslar və birdə sahibkarlıq fəaliyyətinin özüdür.
Əmək - istehsalın «baş agenti» olan iş qüvvəsi - insanların bilik (intellektual), təcrübə, vərdiş və fiziki enerjisini sərf etmək bacarığıdır ki, məhsul (əmtəə) istehsalında onların hamısından məcmu şəkildə istifadə edir.
Kapital - insanların özləri tərəfindən yaradılmış istehsal vasitələridir - investisiya resurslarıdır. Bunlara əmək vasitələri (bina, maşın, avadanlıq və s.) və ilkin emaldan keçmiş xammal, daha doğrusu materiallar, yarımfabrikatlar və s. aid edilir.
Təbii resurslar - təbiətin insanlara bəxşişidir, tövhəsidir; bunlara meşə, hava, su, tikinti üçün meydançalar, mineral xammallar, əkin yerləri və biçənəklər və s aiddirlər. İnsanların bu resursların yaranmasında heç bir rolları olmayıb. İnsanlar həmin resursları təbiətdən hazır şəkildə götürüb onlarda müəyyən dəyişikliklər (fiziki, kimyəvi və s.) aparmaqla öz ehtiyacları üçün istifadə edirlər.
İstehsal amillərindən biridə insanın (qrup insanların) sahibkarlıq bacarığıdır. Bu amil istehsalın xüsusi, qeyri-maddi, maddi olmayan amilidir. Fiziki şəxsin (şəxslərin) sahibkarlıq bacarığı bütün digər amilləri müəyyən kəmiyyət nisbətində istehsalın vahid sisteminə çevirə bilir, onların hər birindən ayrılıqda və habelə kompleks şəkildə istifadə səmərəliliyinin yüksəldilməsinə təminat verir.
Sahibkarlığın özünə məxsus əlamətləri vardır və onlar aşağıdakılardır:
Təşəbbüskarlıq. Sahibkarlıq insanların durğunluqla, mühafizəkarlıq və ətalətlə ziddiyyət təşkil edən fəaliyyət növüdür. Təşəbbüskarlıq sahibkarlığı daimi «müşayiət» edən, yardımçı olan, ona yeni məhsul istehsalı və yeni bazar tapmaqla fayda gətirən imkanların aşkarlanmasında köməklik göstərən sahibkara məxsus məziyyətdir. Sahibkarlıq təşəbbüskarlığı zorakılığa, qanun pozuntusuna yol vermədən ictimai tələbatı ödəmək şərtilə sahibkarın öz marağının reallaşdıra bilmək səriştəsidir, bacarığıdır. Yeni məhsulun istehsalında və bazarın genişləndirilməsində sahibkarın davranış fəallığı və təşəbbüskarlığı ölkə daxilində mövcud olan iqtisadi azadlığın səviyyəsindən bir başa asılıdır. Təsərrüfatçılıqda liberallaşdırma məhduddursa, belə şəraitdə sahibkarlıq təşəbbüskarlığı, sahibkarın bazardakı davranış aktivliyi azalır.
Kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti. Sahibkar müəyyən təsərrüfat qərarı qəbul edərkən özünün bilik və təcrübəsi ilə yanaşı qorxu və cəsarətinə, riskinə əsaslanır.
Bazar münasibətləri şəraitində baş verən qeyri - müəyyənlik, bir çox hallarda sahibkarın düzgün qərar verməsini əngəlləyir və onun (sahibkarın) riskə getməsini zərurətə çevirir. Lakin sahibkarın riskə getməsi kor-koranə olmur, düşünülmüş şəkildə baş verir. Riskə gedən sahibkar baş verməsi gözlənilən neqativ halların bütün variantlarını mümkün qədər nəzərə almağa cəhd göstərir. Riskin dərəcəsini düzgün müəyyən etməklə o (sahibkar), gəlirinin azalması və, hətta, mülkiyyətindən məhrum olmaq təhlükəsini düzgün qiymətləndirə bilir.
Riskin dərəcəsi yüksəldikcə sahibkarın təsərrüfat məsuliyyəti ona mütənasib olaraq artır. Sahibkarın bazar qeyri - müəyyənliyinə qarşı çıxmağı onun imkanı daxilində olmur. Lakin, demək olar ki bütün hallarda, sahibkarın riskin dərəcəsini bu və ya digər səviyyəyə qədər azaltmaq imkanı olur. Bunun üçün o, ilk öncə, sığortalanma vasitəsilə riski müəyyən qədər əlavə xərclər çəkilməsilə əvəzləyə bilir. Başqa bir yol isə marağı olan özünün müqabil tərəflərindən birini (və ya bir neçəsini) riskin neqativ nəticələrini onlarla bölməyə səfərbər edə bilər. Sonuncu halda sahibkarlıqdan gələn gəlir sahibkarın özündən əlavə və onunla müştərək riskə gedən digərləri ilə bölünür.
İstehsal amillərinin kombinələşdirilməsi. İstehsal amillərinin hər birindən qənaətlə istifadə etməklə istehsalın sinergetik səmərəliliyinə nail olmaq məqsədilə onların sahibkar tərəfindən bir-birilə əvəzlənməsinin optimal kombinələşmə variantının seçilməsidir.
İstehsal firmasına xas olan resursların kombinələşdirilməsindən məqsəd tək onlardan səmərəli istifadəyə nail olmaq deyil. Burada digər bir məqsəd sahibkarın bazarda olan resurslarının bir qismini çıxarıb öz təşkilatına qaytarmaq və bununla da resursların bölgüsü mexanizmini dəyişdirməkdir. Bununla o, bazar mühitini dəyişdirə bilir, çünki kombinələşmə funksiyasının mahiyyəti «əvəzetmə prinsipi»ndən genişdir.
Yenilikçilik. Sahibkarlığa xas olan bu xüsusiyyət sahibkar üçün, onun fəaliyyətinin nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir.
Bazar konyunkturasının mütəhərrik olması - vaxtaşırı dəyişməsi, bazarın qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən sahibkardan yenilikçilik, ixtiraçılıq, əqlən çevik olmaq, hadisələrə qarşı həssaslıq, manevr edə bilmək, davranışına inam kimi xüsusiyyətlər tələb edir; o, hər bir konkret situasiyanı tez, yubatmadan öyrənməli, təhlil etməli, qərar qəbulu zamanı isə bu işə yaradıcılıqla yanaşmalıdır; o, öz davranışı ilə bazar qeyri-müəyyənliyinin «girov»una çevrilməməli, innovativ məzmunlu tədbirlər görməklə vəziyyətdən çıxmağı bacarmalı, öz istehsalının səmərəlilik səviyyəsinin azalmasına imkan verməməlidir.
Artıq qeyd edildiyi kimi, sahibkarlıq fəaliyyətinin baş tutması üçün kapitalın (əsas və dövriyyə fondlarının) müəyyən kəmiyyətdə və strukturda sahibkarın mülkiyyətində olması həlledici şərtlərdən biridir. Deməli, sahibkarlıq fəaliyyətində mülkiyyət münasibətlərinin düzgün müəyyən olunması və idarə edilməsi mühüm şərtlərdəndir.
Sahibkarlıq fəaliyyətinin klassik forması olan fərdi müəssisədən başlamış səhmdar cəmiyyətinə qədər müəssisələrin (firmaların) hamısında mülkiyyət münasibətləri bu və ya digər şəkildə, az və çox dərəcədə mövcuddur.
Sahibkarlıq fəaliyyətinə mülkiyyət münasibətləri aşağıdakı istiqamətlərdə təsir göstərir:
- mülkiyyətin (əmlakın) kimə və ya kimlərə mənsub olması;
- mülkiyyətə münasibətlə əlaqədar sahibkarlıq gəlirinin bölgüsü qaydası;
- öhdəliklər üçün əmlak (mülkiyyət) vasitəsilə məsuliyyət;
- zərərlə işləyən firmaya yeni şəxsin (fiziki, hüquqi) daxil olması və ya köhnələrdən hər hansının çıxması firmanın borcu üçün öz əmlakı ilə məsuliyyət daşıması;
- payçı və şərikli firmada təsisçilərin öz əmlaklarına görə öhdəliklər və ya borclar üçün məsuliyyəti;
- firmanın təsisçilərinin öhdəliklərinə görə qoyulmuş paylar müqabilində cavabdehlik həddi;
- təsisçilərdən öz payını ödəyə bilməyənə mənsub olan əmlakın başqaları arasında bölgüsü qaydası;
- səhmdar cəmiyyətinin səhmlərini alanların onun (cəmiyyətin) mənfəətinin bölgüsündə iştirakı və öhdəlikləri üçün məsuliyyəti və s.
Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin idarə olunmasında, bu məqsəd üçün təsis edilən təsərrüfat subyektlərinin yaradılması və ləğvi həlledici dərəcədə mülkiyyət münasibətlərinin mükəmməllik səviyyəsindən asılı olur. Bu münasibətlər firmanın sahibkarlıq növü kimi fəaliyyətinə ciddi şəkildə təsir göstərirlər; firmanın həm inkişafını sürətləndirə və həmdə ləngidə bilərlər. Mülkiyyət münasibətlər düzgün qurulmalı, idarə edilməli, daim nəzarətdə saxlanmalıdır.
Qeyd etmək lazımdır ki, istehsal firması və müəssisənin təşkilati-hüquqi formaları bazar iqtisadiyyatına keçmiş və keçməkdə olan bütün ölkələrdə təxminən eynidir, ciddi şəkildə fərqlənmirlər.
Firma və müəssisənin konkret forma və növləri kortəbii deyil, elm və texnikanın inkişafı, istehsalın təmərküzləşməsi və ixtisaslaşması, səmərəli təsərrüfat əlaqələrinin qurulması, ümumiyyətlə isə, dövrün özünün tələblərinə uyğun, həmin tələblər nəzərə alınmaqla yaradılır. Bu baxımdan hər bir ölkənin iqtisadiyyatının bazar münasibətlərinə keçidi onun müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi formalarında ciddi dəyişikliklərə səbəb olur, onlar tədricən bazar münasibətlərinə uyğunlaşırlar.
Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında firmalar (müəssisələr) təsərrüfat ortaqlıqları və cəmiyyətləri şəklində yaradıla bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlığı (inama əsaslanan ortaqlıq), təsərrüfat cəmiyyətləri isə məhdud məsuliyyətli müəssisə, əlavə məsuliyyətli müəssisə və səhmdar ccəmiyyəti formalarında olur. Beləliklə,əssisələr (firmalar) fərdi, şərikli, payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər.
Tam ortaqlıqda onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Belə sahibkarlıq subyektlərinin fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir.
Əgər tam ortaqlığın iştirakçısı bir nəfərdirsə, o, fərdi firma adlanır. Fərdi firma - sahibkarlıq fəaliyyətinin ən klassik formalarından biridir. Bunlar, adətən, bir şəxsin mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı, belə firmalar başqa mülkiyyətlərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu tip firmaların idarə olunması, bir qayda olaraq, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olunmasını menecerlərə həvalə edə bilər, lakin belə halda da firmanın fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.
Fərdi firmaların sahibkarlıq sahəsində geniş yayılması onun bir sıra üstünlükləri ilə izah edilir. Bu üstünlüklərə aşağıdakılar aid edilir:
- təşkilinin mürəkkəb olmaması;
- azadlığının qeyri-məhdudluğu - sahibkar öz fəaliyyətində bütün məsələlər üzrə qərarlar verməkdə müstəqildir, tam azaddır (fəaliyyət profilini və istehsal proqramının müəyyən edilməsində, işçi götürmək və azad etməkdə, tərəf müqabillərinin seçilməsində və müqavilələr bağlamaqda və s.);
- güclü maddi marağın olması - sahibkarlıq gəlirinin yalnız sahibkara çatması.
Qeyd edilən üstünlüklərlə yanaşı, fərdi firmaların əsas çatışmayan cəhəti onların öhdəliklərinə görə sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə məsuliyyət daşımasıdır. Əgər firma öz öhdəliklərini yerinə yetirə bilmirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Öz özlüyündə aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli şəraitdə saxlayır, onun öz perspektivinə inamını azaldır; bu qəbildən olan firmaların maliyyə vəsaitləri və maddi resursları nisbətən məhdud olur.
Tam ortaqlığın iştirakçılarının sayı iki və daha çox saydadırsa, onda bu şərikli firma adlanır. Şərikli istehsal firması ən azı iki fiziki və ya hüquqi şəxslər tərəfindən - müqavilə əsasında - təsis edilir. Həmin şəxslər firmanın öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Əgər firmaya sonradan hər hansı başqa bir fiziki və ya hüquqi şəxs daxil olarsa, bu halda yeni şərik digər şəriklər kimi firmanın mövcud olan borclarına görə bütün əmlakı ilə məsuliyyət daşımalı olur. Eyni zamanda müəssisədən (firmadan) çıxan şərik müəssisənin həmin məqam üçün borclarına görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Bununla yanaşı, şəriklərdən biri müəssisədən çıxarsa, o, öz payını geri almaq hüququna malikdir. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şərikləri arasında satılmaq yolu ilə bölünə də, kənar şəxslərə satıla da bilər. Lakin müəssisənin şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Tərəfdaşlardan birinin şərikli müəssisəni müəyyən öhdəliklərlə yükləməsi ehtimalı böyük olduğu üçün, şəriklərin düzgün seçilməsi çox vacibdir. Bir çox hallarda şərikli müəssisə haqqında rəsmi saziş və ya formal razılaşma olur ki, bu da tərəflərdən hər birinin səlahiyyətlərini, mənfəətin bölüşdürülməsini, tərəfdaşlar tərəfindən müəssisəyə qoyulan kapitalın ümumi məbləğini, yeni şəriklərin cəlb olunmasını və tərəfdaşlardan hər hansının müxtəlif səbəblərdən şərikli müəssisədən çıxdıqda onun yenidən qeydiyyatı qaydalarını müəyyən edir.
Hüquqi cəhətdən şəriklərdən biri müəssisədən çıxdıqda, bu, adətən, şərik müəssisənin ləğv olunması ilə nəticələnir. Çünki belə halda bütün məsələləri tənzimləmək və şərikli müəssisəni bərpa etmək kifayət qədər çətin olur. Bu səbəbdən də şərikli müəssisə (firma) sahibkarlıq fəaliyyətinin səmərəli təşkili formalarından deyildir. Digər tərəfdən, bu tip müəssisələrdə qərarların qəbulu çətin bir proseduradır. Əgər şərikli müəssisə haqqındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, vacib qərarlar səs çoxluğu ilə qəbul edilməlidir. Daha az əhəmiyyətli məsələlər üzrə müəssisənin fəaliyyəti bəzi tərəfdaşlar tərəfindən həyata keçirilə bilər, lakin bu barədə onlara əvvəlcədən məlumat verməlidir. Bu və ya digər tərəfdaşın hüquqları onlar arasında bağlanmış rəsmi və ya qeyri-rəsmi müqavilə əsasında dəyişə bilər.
Şərikli (tam ortaqlı) firmada olan yuxarıda qeyd edilən çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli (kommandit ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Bu qəbildən olan firma və ya müəssisə həm şərikin (şəriklərin), həm də payçının (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şəriklərdən hər biri müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, hər bir payçı isə yalnız müəssisəyə verdiyi payın həcmi müqabilində məsuliyyət daşıyır.
Payçı və şərikli müəssisələrdə idarəetmə işi, əsasən, şəriklər tərəfindən həyata keçirilir, payçıların isə təsərrüfat fəaliyyətinin idarə olunmasında iştirak etmək, şəriklərin bu sahədəki işlərinə qarışmaq hüququ yoxdur. Payçı, firmanın əldə etdiyi mənfəətin bir hissəsini qoyduğu paya uyğun olaraq təsis müqaviləsində nəzərdə tutulmuş qaydada almaq, ortaqlığın hesabat sənədləri ilə tanış olmaq, maliyyə ilinin sonunda ortaqlıqdan çıxmaq və təsis müqaviləsində təsbit edilmiş qaydada öz payını geri almaq kimi hüquqlara malikdir.
Məhdud məsuliyyətli firma bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fonduna qoyduqları payları həcmində məsuliyyət daşıyırlar. Təsisçilərdən hər hansı biri müəssisədən çıxdıqda öz payını geri almaq hüququna malik olur.
Məhdud məsuliyyətli firma öz öhdəliklərinə görə özünə məxsus olan bütün əmlakı ilə cavabdehdir və öz təsisçilərinin üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
Müəssisənin təsisçisi öz payını satarkən, digər təsisçilər bu payı almaq üçün üstün hüquqlara malik olurlar. Belə ki, öz payını və onun bir hissəsini satmaq istəyən təsisçi bu haqda məhdud məsuliyyətli müəssisənin icra orqanına məlumat verməlidir. Müəssisənin icra orqanı isə təsisçidən öz payını satışa çıxarılması haqqında məlumat aldıqdan sonra - 7 gün ərzində - bu barədə müəssisənin bütün təsisçilərinə xəbər verməlidir. Üstün satınalma hüququndan istifadə etmək arzusunda olan firmanın başqa bir təsisçisi satışa təqdim olunan payın hansı hissəsini əldə etmək istəyini 7 gün ərzində müəssisənin icra orqanına bildirməlidir. Əgər payın satışa çıxarılması haqqında məlumatın müəssisənin icra orqanına göndərilməsi anından etibarən bir ay müddətində pay və ya onun bir hissəsi müəssisənin təsisçiləri tərəfindən üstün hüquqdan istifadə edilməsi qaydasında alınmazsa, onda təsisçi öz payını və ya onun bir hissəsini üçüncü şəxsə satmaq hüququ qazanır.
Müəssisənin illik və ya rüblük fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölgüsü ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Bundan əlavə ümumi yığıncağın xalis mənfəətin təsisçilər arasında tamamilə və ya qismən bölgüsü haqqında qərar qəbul etmək hüququ da vardır.
Hər bir təsisçi firmanın nizamnamə fondunda və digər əmlakında payına uyğun olaraq bölüşdürülən mənfəətin bir hissəsini almaq hüququna malikdir. Firmanın Nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, bölünən mənfəətdən təsisçilərə verilən məbləğ haqqın-da ümumi yığıncaq qərar qəbul etdikdən bir ay müddətində ödənilir.
Əlavə məsuliyyətli müəssisənin (firmanın) məhdud məsuliyyətli müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin öhdəliklərinə görə nizamnamə fonduna qoyduqları paylarının Nizamnamə ilə müəyyənləşdirilən və hamısı üçün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri öz payını ödəmək imkanına malik deyildirsə, bu pay digər iştirakçılar arasında onların paylarına uyğun olaraq bölünür.
Subsidiar məsuliyyət o deməkdir ki, iştirakçılardan hər hansı biri müflis olduqda və öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədikdə, məsuliyyət qalan iştirakçılar arasında onların paylarına (mayalarına) müvafiq surətdə bölünür.
Müəssisənin geniş yayılmış təşkilati-hüquqi formalarından bir də səhmdar cəmiyyətləridir. Kollektiv mülkiyyətə əsaslanan səhmdar cəmiyyəti özünün təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyətinin səhmlərini alanlar onun səhmdarları hüququ qazanır və aldıqları səhmlərin miqdarı həddində onun mənfəətindən dividend almaq səlahiyyətinə malik olurlar. Müəssisənin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində (onlara məxsus olan səhm paketi həddində) məsuliyyət daşıyırlar.
Səhmdar cəmiyyətləri qapalı və açıq tipli olurlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmlərinin satılması zamanı onun səhmdarları satılan səhmlərin alınmasında üstün hüquqa malikdirlər. Əgər cəmiyyətin səhmdarları satışa çıxarılmış səhmlərin əldə edilməsi üzrə öz üstün hüquqlarından istifadə etmirlərsə, bu zaman cəmiyyət həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Qapalı tipli səhmdar cəmiyyəti səhmdarlarının sayına məhdudiyyət qoyulur. Əgər səhmdarların sayı müəyyən edilmiş həddi keçərsə, onda o, bir il ərzində qapalı tipli cəmiyyətdən açıq tipli səhmdar cəmiyyətinə çevrilməlidir.
Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə, səhmlərinə açıq abunə yazılışı keçirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyət hesab edilir. Nəzərə almaq lazımdır ki, bu tip cəmiyyətin səhmdarlarına öz səhmlərini satmaq üçün heç bir məhdudiyyət yoxdur. Lakin səhmdarlara səhmlərin miqdarına proporsional olan miqdarda açıq abunə yolu ilə yerləşdirilən səhmlərin və bu cür səhmlərə çevrilə bilən qiymətli kağızların əldə olunmasında üstün hüquqların verilməsi səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutula bilər. Belə halda, bununla əlaqədar qərar və bu qərarın qüvvədə qalma müddəti səhmdarların ümumi yığıncağında qəbul edilir. Bu cür qərarların fəaliyyət müddəti adətən bir ildən artıq olmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 224 N°-li qərarı ilə səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi - qapalı səhmdar cəmiyyət üçün 2 min manat, açıq səhmdar cəmiyyət üçün isə 4 min manat məbləğində müəyyən olunmuşdur. Həmin qərara əsasən qapalı səhmdar cəmiyyətinin iştirakçılarının say həddi 50 fiziki və ya hüquqi şəxslərdən ibarət müəyyən edilmişdir.
Səhmdar cəmiyyəti üçün maliyyə resurslarının cəlb edilməsinin əsas mənbəyi səhmlərin buraxılışıdır. Səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu özündə təsbit edən qiymətli kağızdır.
Səhmdar cəmiyyətin Nizamnamə kapitalı adi (sadə) və imtiyazlı səhmlərin yerləşdirilməsi nəticəsində formalaşdırılır. Sadə (adi) səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının 75 faizindən az, imtiyazlı səhmlər isə 25 faizindən çox ola bilməz. Adi səhm sahiblərinə - səhmdarlara - aşağıdakı hüquqları verir:
- səhmdarların ümumi yığıncağında səsvermə yolu ilə («bir səhm - bir səsdir» prinsipilə) səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək;
- dividend əldə etmək;
- səhmdar cəmiyyətin ləğv edilməsi zamanı onun əmlakının bir hissəsini almaq.
İnvestorlar adi səhm alaraq səhmdar cəmiyyətin Nizamnamə fonduna müddətsiz pay qoyurlar. Adi səhmlərin mülkiyyət hüququnun daşıyıcısı kimi əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, səhmdar verdiyi payı səhmdar cəmiyyətdən geri tələb edə bilməz. Deməli, adi səhm - müddətsiz qiymətli kağızdır.
İmtiyazlı səhmlərin sahibləri səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olmasalar da dividend əldə etməkdə və cəmiyyət ləğv edilərkən onun əmlakından pay almaqda üstün hüquqa malikdirlər. Bir qayda olaraq, imtiyazlı səhmlərə müəyyən edilmiş sabit dividend verilir.
Bir müəssisə digərinin Nizamnamə kapitalında üstün iştirakına və ya onlar arasında bağlanmış müqaviləyə görə onun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir. Törəmə müəssisə əsas müəssisənin borcları üçün cavabdeh deyildir.
Törəmə müəssisə, baş (əsas) müəssisənin verdiyi göstərişlər əsasında bağladığı əqdlər (müqavilələr) üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas müəssisə törəmə müəssisəyə yalnız onlar arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş məcburi göstərişləri verə bilər.
Törəmə müəssisənin iştirakçıları (səhmdarları) baş (əsas) müəssisədən onun təqsiri üzündən törəmə müəssisəyə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Əsas müəssisə, yalnız onun verdiyi məcburi göstərişin törəmə müəssisə tərəfindən icrası nəticəsində baş vermiş zərərə görə təqsirli hesab edilə bilər.
Törəmə müəssisə əsas müəssisənin təqsiri üzündən müflis olduqda əsas müəssisə onun borcları üzrə subsidiar məsuliyyət daşıyır. Törəmə müəssisə yalnız əsas müəssisənin onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda bu, əsas müəssisənin təqsiri üzündən baş vermiş sayılır.
Müəssisənin Nizamnamə kapitalının iyirmi faizindən çoxu digər müəssisəyə mənsub olduqda belə müəssisələr asılı müəssisələr hesab edilirlər.

2. 4. Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və daxili mühiti


Sahibkarlıq fəaliyyəti təkrar istehsalın bütün mərhələlərində - istehsal, bölgü, tədavül (mübadilə) və istehlak - yaradıla bilər. Sahibkarlığın müxtəlifliyi - növləri və formaları - həm bununla və həm də bu fəaliyyətin təsnifləşdirilməsi meyarlarının fərqli olmasından irəli gəlir. Həmin meyarlar isə sahibkar fəaliyyətinin təyinatı (istehsal, qeyri-istehsal), mülkiyyətin forması (dövlət, xüsusi, kollektiv, bələdiyyə və s.) və mülkiyyətçilərin sayı (firmanın ölçüsü, miqyası), sahibkarlığın təşkilati-hüquqi və təşkilati-iqtisadi formalarından ibarətdir.


Sahibkarlıq fəaliyyəti təyinatına və ya növünə görə 4 qrupa bölünür - istehsal, kommersiya, maliyyə və məsləhət (konsaltinq).
Sahibkarlığın istehsal təyinatlı növü əsasdır; kommersiya, maliyyə və məsləhət növləri isə onun törəmələridir və ona xidmət edirlər. Elmi mücərrədçiliyə yol verməklə göstərmək olar ki, sahibkarlığın istehsal təyinatlı növü olmasaydı, digərləri də nəinki olmazdı, onlara heç ehtiyac da qalmazdı.
Məqsəd istehsal sahibkarlığı və ya istehsal firmalarının iqtisadiyyatı məsələlərini şərh etmək olduğundan, ilk öncə, sahibkarlığın «törəmə» növlərinin qısa bundan sonra isə istehsal sahibkarlığının şərhini vermək metodiki baxımdan daha düzgün olardı. Beləliklə, kommersiya sahibkarlığı haqqında.
Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdan məqsəd əmək məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasındakı ticarət vasitəsi ilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı əmtəə birjaları və ticarət təşkilatları vasitəsilə həyata keçirilir.
Firmaların istehsal vasitələri əldə etmələri üçün əlaqəyə girdikləri vasitəçilərdən biri olan əmtəə birjası bazar iqtisadiyyatı sisteminə xas olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı və satıcının müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri ilə realizə olunan bazarıdır - kommersiya firmasıdır, hüquqi şəxsdir.
Əmtəə birjasının məqsədi əmək məhsullarının istehsalçısı və istehlakçısı arasında, müəyyən qaydalar əsasında, kommersiya sövdələşmələrinə nail olmaqdır. Əmtəə birjası kommersiya sahibkarlığının, başqa sözlə, əmək məhsullarının inkişaf etmiş topdansatış ticarəti növlərindən biridir.
Kommersiya sahibkarlığının bir növü də hazır məhsulun alqı-satqısı üzrə vasitəçilik etməkdir - istehsalçıdan alıb istehlakçıya satmaqdır. Bunu isə həyata keçirən ticarət təşkilatlarıdır.
Maliyyə sahibkarlığı. Maliyyə sahibkarlığının əsas qurumları kommersiya bankları və fond birjalarıdır.
Maliyyə (maliyyə-kredit) sahibkarlığının fəaliyyət sferası tədavüldür, dəyərlərin mübadiləsidir. Sahibkarlığın bu formasının özünə-məxsusluğu onun digər sahibkarlıq növlərinə - istehsal, kommersiya və s. - müdaxilə etməklə yanaşı, müstəqil şəkildə bank, sığorta işi kimi fəaliyyət növləri ilə məşğul olmaqdır.
Əvvəlcə kommersiya bankları haqqında.
Kommersiya bankı səhmdar cəmiyyəti tipli maliyyə-kredit təşkilatıdır. O, ödənişli əsasla kommersiya təşkilatlarını kreditləşdirməklə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər) qəbul etmək və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olurlar. Kommersiya banklarının gəlir mənbəyi cəlb olunmuş (depozit) və ssuda verilmiş vəsaitin faiz dərəcələri arasındakı fərqdən ibarət olur.
Kommersiya sahibkarlığının başqa bir qurumu isə fond birjalarıdır. Bu birjalar, yeni təsərrüfatçılıq şəraitində, mütəmadi fəaliyyət göstərən qiymətli kağızların alqı-satqı bazarıdır. Fond birjasının əsas fəaliyyəti istiqamətləri qiymətli kağızların məzənnəsini (kursunu) müəyyən etmək və kapitalın səfərbərlik səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır. Fond birjalarında qiymətli kağızların məzənnəsi isə onun faiz və ya dividend şəklində gətirdiyi gəlir və ssudanın faiz dərəcəsi vasitəsilə müəyyən olunur.
Fond birjasına xarici valyutanın alqı və satqısı da aid edilir.
Məsləhət (konsaltinq) sahibkarlığı. Konsaltinq - əmək məhsulunun istehsalçısı, istehlakçısı və onların vasitəçilərinə iqtisadi və idarəetmə məsələləri üzrə müxtəlif məsləhətlər, tövsiyələr vermək və onların reallaşdırılması yollarını göstərməyə yönəldilmiş sahib- karlıq fəaliyyətidir.
Bir çox inkişaf etmiş ölkələrdə məsləhət xidmətinə çəkilən xərclər yeni maşın və avadanlıqların alınmasına çəkilən xərclərlə müqayisədə daha səmərəli hesab olunur. Çünki bəzi firma və müəssisələr özlərinin istehsal potensialını - idarəetmə işində yol verdikləri nöqsanlar ucbatından - reallaşdıra bilmirlər.
Artıq çoxdandır ki, konsaltinq tipli sahibkarlıq ölkələrarası əməkdaşlağa çevrilmiş, beynəlxalq əhəmiyyət kəsb etmişdir - bir ölkənin məsləhətçi menecerləri digər ölkənin firma və müəssisələrinə öz tövsiyələrini verməyə başlamışlar.
İstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində istehsal sahibkarlığı aparıcı rola malikdir. Bu sahibkarlıqdan məqsəd - mənfəət əldə etmək üçün - məhsul hazırlamaq, istehsal xarakterli işlər görmək və xidmətlər göstərməkdir.
Sahibkarlığın bu növü istehsal etmək və xidmətlər göstərməklə yanaşı, həmdə digər fəaliyyət növləri ilə - istehsal istehlakı, investisiya və innovasiya, elmi-texniki fəaliyyətlə - məşğul olurlar.
Sahibkarlığın bu növü ilə məşğul olan hər kəs nəyi nə qədər və necə istehsal edəcəyini, kimə satacağını əvvəlcədən müəyyənləşdirməlidir. İstehsal sahibkarlığının ən ümumi şəkildə verilən bu funksiya və vəzifələri sonrakı bölmə və fəsillərdə tədricən və ardıcıllıqla konkretləşdirilib izah ediləcəkdir.
Sahibkarlığın əvvəllər haqqında bəhs edilən təşkilati-hüquqi formaları ilə yanaşı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində təşkilati-iqtisadi formaları da olur. Bunlar konsern, assosiasiya, konsorsium, kartel, sindikat və maliyyə-sənaye qruplarıdır (MSQ).
Sahibkarlığın təşkilati-iqtisadi formalarında prioritet məsələ iqtisadi məsələdir, istehsal münasibətləridir.
Konsern - kapitalın və istehsalın yüksək səviyyədə təmərküzləşməsi və mərkəzləşməsi əsasında yaradılmış səhmdar cəmiyyətidir. Konsern özünün müxtəlif törəmə şirkətlərin səhmlərə nəzarət paketini əldə edir. Eyni zamanda, onun (konsernin) törəmə müəssisələri digər, bəzi hallarda hətta əcnəbi ölkələrin səhmdar cəmiyyətlərinin səhmlərinə nəzarət paketini ala bilərlər.
Konsernin tərkibinə yalnız müxtəlif sənaye və nəqliyyat sahələrinin müəssisələri deyil, həm də bank, sığorta və digər firmalar da daxil ola bilər. Konsernə daxil olan müəssisə formal olaraq müstəqilliyini saxlayır. Faktiki olaraq onlar konsernin tam nəzarətində olurlar. Müasir konsernlər üçün müxtəlif ölkələrin firmalarının birliyi, beynəlxalq əmək bölgüsünə əsaslanan istehsalın təşkili formalarından olan ixtisaslaşma və kooperativləşmə də səciyyəvidir.
Konsernin təlimatına görə, bir müəssisə eyni zamanda iki konsernin tərkibinə daxil ola bilməz.
Sahibkarlığın təşkilati-iqtisadi formalarından biri də assosiasiyadır.
Assosiasiya - müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır. Assosiasiya konsernlə müqayisədə «demokratik» bir birlikdir. Belə ki, assosiasiyaya daxil olan bir müəssisə digər, başqa analoji qurumun da üzvü ola bilər. Bir qayda olaraq assosasiya öz hərəkətinə görə, eyni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən ibarət olur. Bu qəbildən olan birliklər birgə səy əsasında elmi-texniki, istehsal, iqtisadi, sosial və digər məsələlərin həlli ilə məşğul olurlar.
Konsorsium - konkret və həm də, miqyasına görə nəhəng bir iqtisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqaviləyə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır. Fərdlərin çoxluğu riskin dərəcəsini azaldır, çünki, nəticə üçün məsuliyyət daşıyanların sayı çox olur.
Birliyin öz qarşısında qoyduğu məqsədə nail olunduqdan sonra o öz fəaliyyətini dayandırır.
Kartel - iqtisadi-təyinatı, konstruksiyası və hazırlanma texnologiyasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır. Kartelin müəssisələri istehsal və kommersiya müstəqilliklərini və hüquqi şəxs statuslarını saxlayır, tərəfdaş sahibkarlar isə istehsal və satışda öz payları, satışın şərtləri, qiyməti və bazar barədə razılığa gəlirlər. Hazırda kartelə daxil olan iri trestlər bazarda inhisar yaratmaq əsasında maksimum mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.
Sindikat - kartel tipli inhisar birliyinin formalarından olub məqsədi iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahələrindəki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir. Karteldən fərqli olaraq sindikatın (əsas) xüsusiyyəti məhsul satışının təmərküzləşdirilməsidir. Əgər karteldə onun iştirakçılarının hər biri öz məhsullarını müstəqil satırlarsa və xammalı özləri sərbəst tədarük edirlərsə sindikatda bu işi vahid orqan - kontora həyata keçirir. Sonuncu sifarişləri təmərküzləşdirməklə, onları iştirakçılar arasında - əvvəlcədən razılaşdırılmış kvota əsasında - bölüşdürür.
Sindikat adətən səhmdar cəmiyyət formasında yaradılır. O, məhsul istehsalının öz əlində cəmləşdirməklə bazar şərtlərini və qiyməti diktə edir.
Sindikatın üzvləri ayrı-ayrı müəssisələrlə yanaşı, konsern, trest və s.-də ola bilər.
Müasir dövr üçün yeni olan sahibkarlığın təşkilati-iqtisadi formalarından biri maliyyə-sənaye qruplarıdır (MSQ). Hələ 23 aprel 1996-cı ildə qəbul olunmuş «Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu»nun ikinci maddəsində deyilir: «Maliyyə-sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yüksəltmək..., elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihələri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirakçılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdirmək və investisiyalar cəlb etmək üçün yaradılır».
MSQ-lər sənaye, bank, sığorta və ticarət kapitalı və habelə, müəssisə və təşkilatların intellektual imkanlarının birliyidir.
Bütövlükdə cəmiyyətin, o cümlədən, sahibkarın özünün ehtiyaclarının təminatı sahibkarlıq üçün yaranmış mühitin, şəraitin necəliyindən bilavasitə asılı olur.
Sahibkarlıq mühitinə aşağıdakı ünsürlər aid edilir:
İqtisadi azadlıq. Bu - azad sahibkarlığın həlledici şərtləri, bazar iqtisadiyyatının təməl prinsipidir. Bunsuz heç bir növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür; onsuz bazara çıxmaq, istehsal resursları əldə etmək, müəyyən mülkiyyətə sahib olmaq imkanı qeyri-real bir istəkdir. İqtisadi azadlıq olmayan bir mühitdə sahibkarlığın əxlaqı, mənəvi və etik cəhətlərinin mövcudluğundan da söhbət belə gedə bilməz.
Şəxsi maraq. Bu - sahibkarlıq üçün «lokomotiv», sahibkarın isə varlanmağa, öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir.
Bazarın miqyası. Bu - sahibkarlıq fəaliyyətinin nəticələrinin realizə olunma imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil olarsa, sahibkarlığın inkişafı üçün o qədər şərait yaranmış olar.
Rəqabət mübarizəsi. Bu - bazarın birbaşa, sahibkarlığın dolayısı ilə nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin müəyyən edilməsidir.
Dövlətin məhdudlaşdırılmış rolu. Bu - dövlətin sahibkarlığa müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həddidir. Bu həddin düzgün müəyyən edilməməsi - həm çoxluğu və həm də azlığı sahibkarlığa yalnız ziyan gətirə bilər.
Sahibkarlığın xarici və daxili mühiti onun özünə təsir edən bir sıra amillər doğurur. Öz-özlüyündə aydındır ki, müəssisədən kənar amillər firmaların fəaliyyəti üçün xarici, müəssisənin özündən asılı olan amillər isə onun daxili mühitindən irəli gələn amillərdir.
Firmadan asılı olmayan, onlara təsir etmə imkanı yox dərəcəsində olan xarici amillər firmanın iqtisadi inkişafını ləngidə və ya sürətləndirə bilər. Sahibkarın səriştəsi həmin amilləri nəzərə almaq bacarığı və onlardan mümkün səviyyədə faydalana bilmək qabiliyyəti ilə müəyyən edilir.
Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillər aşağıdakılardır:
a) təbii-demoqrafik amillər. Firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s;
b) sosial-mədəni amillər. Əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil senzi (səviyyəsi);
c) texnoloji amillər. Ölkə sənayesinin, elm və texnikasının inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun mükəmməllik dərəcəsi;
d) iqtisadi amillər. Bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s.
e) hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi, dövlətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanunvericilik aktların mövcudluğu və s;
f) siyasi amillər. Ölkədaxili siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri.
Yuxarıda sadalanan amillərin əksəriyyətini dövlətin tənzimləmə tədbirləri və müəyyən qanunvericilik aktları vasitəsilə dəyişmək, təkmilləşdirmək və hətta ləğv etmək də olar. Burada istisnalıq təşkil edən təbiətlə bağlı amillərin bir qismidir - məsələn, iqlim şəraitidir, regionun seysmiklik dərəcəsidir və s. Bundan əlavə yuxarıda göstərilən xarici mühitin doğurduğu bir çox amillər hələ firmanın - məhsuldar qüvvənin ünsürü kimi - tikilməsindən (yaradılmasından) əvvəl də sahibkara məlum olur, onun tərəfindən nəzərə alınır və elə buna görə də o, sonradan sökülmək zərurəti yarana biləcək tikintiyə yol verə bilməz.
Müəssisə özünün texniki-texnoloji və iqtisadi inkişafının ən vacib və strateji məqsədlərini işləyib hazırlayarkən, bu məqsədlərin xarici mühitin doğurduğu hansı amillərin təsirinə məruz qalacağını əvvəlcədən müəyyən etməlidir;
Firmanın səmərəli fəaliyyətinə təsir edən amillər içərisində daxili mühitin - yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amillərin - xarici amillərlə müqayisədə - idarə edilməsi, nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır.
Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal potensialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün - məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər göstərmək - müəssisənin sərəncamında olan istehsal resurslarının məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin, onların müvafiq nisbətdə qarşılıqlı təsiretmə əsasında baş verən inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir.
Müəssisənin istehsal potensialının keyfiyyəti, mükəmməlliyi yeni məhsulların yaradılması ilə müəyyən olunur, onun elementləri isə hazırlanan məhsulun tələblərinə, texniki-iqtisadi baxımdan, uyğunlaşdırılmalıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun texniki parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qarşısında qoyulan tələblərlə müəyyən olunur və onun səfərbərlik səviyyəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal vasitələri (əmək vasitələri və əmək cisimləri), informasiya və maliyyə vəsaitləri təşkil edir.
Müəssisənin kadrları, əmək vasitələri (istehsal əsas fondları), əmək cisimləri (dövriyyə fondları) haqqında kitabın dördüncü bölməsində ətraflı məlumat veriləcəkdir.
Daxili mühitin doğurduğu amillərdən biri kimi informasiyaya gəlincə, göstərmək lazımdır ki, müəssisədə informasiya öz tərkibinə görə, kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdırılması və istehsal xərclərinə aid olan məlumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsalı texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiya əsasında istehsal heyətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür, istehsal prosesinin gedişinə nəzarət edir, uçot və tənzimləmə kimi funksiyaları həyata keçirirlər.
Məlum olduğu kimi, firmanın istehsal etdiyi məhsulun rəqabət qabiliyyəti, nəticə etibarilə bütövlükdə firmanın özünün rəqabət qabiliyyətini müəyyən edir. Lakin məhsulun rəqabət qabiliyyəti və, uyğun olaraq, rentabelliyi səviyyələrinin aşağı düşməsi və nəticə etibarilə firmanın da analoji prosesə məruz qalması sahibkar üçün eyni təsir gücünə malik hadisələr deyil. Belə ki, birincisi, əgər firmanın rəqabətə davamlığı müddəti nisbətən uzun bir dövrü əhatə edə bilirsə, məhsulun rentabellik səviyyəsi uzun müddət davam edə bilməz, məhsulun «taleyi» həftə, ay və ya il ərzində həll olunur - istehsalından imtina edilir. İkincisi, məhsuldan fərqli olaraq, firmanın rəqabət qabiliyyətini tək istehlakçı deyil, sahibkar özü də qiymətləndirir; mövcud olan bazar konyunkturasında bu və ya digər məhsulun istehsalı zəruriliyini (faydalılıq baxımından) məhz o özü müəyyən edir. Üçüncüsü, bir məhsulun rəqabət qabiliyyətinin aşağı düşməsi firmanın uyğun göstəricisinə təsir edə bilər, lakin firmanın «istehsaldan çıxarılması» məsələsini həll edə bilməz.
Firmanın rəqabət qabiliyyətinin necəliyi nisbi göstəricidir, başqa sözlə, onun rəqib firma ilə müqayisədə istehsalının səmərəliliyi və məhsulunun istehlakçıları qane etməsi - keyfiyyəti və qiymətinə görə - səviyyəsini səciyyələndirir.
Bütün bunlardan əlavə, adətən firma müəssisə ilə müqayisədə, geniş nomenklaturada məhsul istehsal edir, sənaye xarakterli müxtəlif işlər görür və geniş çeşiddə xidmətlər göstərir.
Firma ilə müqayisədə əgər müəssisə - iqtisadi təyinatı baxımından - monoprofilli, monoməhsullu istehsal subyektidirsə, firma çox hallarda bir neçə müəssisəni özündə birləşdirən geniş nomenklatura və həm də, müxtəlif iqtisadi təyinatlı məhsullar istehsalı ilə məşğul olur.
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bir sıra firmalar «üfüqi», «şaquli» və habelə «konqlomerat» (mexaniki, qaydasız qarışıq) tipli birliklər kimi fəaliyyət göstərirlər. Məsələn, ABŞ-ın iri poladəridən firmaları olan «Betlexm Stil», «Ripablik Stil» və s. həmin istehsalın bütün mərhələlərinin müəssisələrinə (filiz mədəni, kömür şaxtası, əhəng karxanası, domna və marten sobaları, yayma stanları və s.) malik şaquli tipli kombinələşmiş birliklərdir.
Yaxud, «Kroqer», «Seyfuey» və s. bu kimi firmalar geniş şəbəkəli pərakəndə satış mağazalarına malik üfüqi tipli birliklərdir.
Konqlomerat firmalara misal olaraq ABŞ-ın «Interneşnl telefoun end teleqraf» firmasını göstərmək olar. O, adına uyğun gələn məhsulların istehsalından əlavə otellərin istismarı, çörək-bulka və tədris ləvazimatları istehsalı və habelə sığorta xidməti təklif etməklə öz iqtisadiyyatının tarazlı inkişafına nail ola bilir.
Firmanın çoxprofilli istehsal olması və müxtəlif xidmətlər göstərməsi onun müvazinətli (tarazlı), rəqabətə dözümlü fəaliyyətinin təminatçısı kimi çıxış edir. Belə ki, əgər onun məhsullarından birinin ömrü sona yaxınlaşdığından rentabellik səviyyəsi tədricən aşağı düşürsə, başqa iqtisadi təyinatdan olan digərinin həyat tsikli yeni başlandığından onun rentabellik səviyyəsi yüksək olur və bu səbəbdən də firmanın iqtisadi inkişafı və sosial tərəqqisində sarsıntılar olmur.
Müxtəlif məhsulların həyat tsiklərinin ayrı-ayrı dövrləri üçün firma müxtəlif qiymət növlərindən istifadə etməklə, onların rentabelliyinin səviyyəsinin sabit qalması dövrünü az və ya çox dərəcədə uzada bilir.
5. Firmanın yaradılması və ləğvi qaydaları
Müəssisə (firma) əmlak mülkiyyətçisinin (mülkiyyətçilərinin), yaxud onun (onların) vəkil etdiyi orqanın, müəssisənin, təşkilatın qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola bilər:
Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları;
Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri;
Xarici dövlətlər;
Əcnəbi ölkələrin vətəndaşları;
Beynəlxalq təşkilatlar.
Müəssisə və ya firma yaradılarkən təsisçilər, habelə müəssisə və təsisçi (təsisçilər) arasındakı qarşılıqlı münasibətləri tənzimləmək məqsədilə təsis müqaviləsi tərtib olunur. Təsis müqaviləsində müəssisənin adı və növü, təsisçilər haqqında məlumat, Nizamnamə fondu, hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölüşdürülməsi qaydası və s. göstərilir.
Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib edilmir.
Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər.
Müəssisənin nizamnaməsi təsisçisi bir fiziki və ya hüquqi şəxs olduqda onun özü tərəfindən, müəssisənin təsisçiləri iki və daha çox olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul edilir.
Müəssisənin nizamnaməsində onun adı və növü, hüquqi ünvanı, təsisçilər haqqında məlumat, müəssisənin hüquq və vəzifələri, Nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri göstərilir.
Ölkə prezidenti İ.Əliyevin «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında» sərəncamına qədər Azərbaycan Respublikasında müəssisələrin yaradılması aşağıdakı qaydalar əsasında həyata keçirilirdi.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra firma və ya müəssisə yaradılmış hesab olunurdu. Müəssisənin dövlət qeydiyyatından keçməsi üçün Ədliyyə Nazirliyinə təsisçi tərəfindən aşağıda göstərilən sənədlər təqdim edilirdi:
- təsisçinin ərizəsi. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənirdi.
- təsis sənədləri dövlət qeydiyyatından keçirilən müəssisənin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin müəssisənin yaradılması və nizamnaməsinin təsdiq olunması haqqında qərar (qərarda qeydiyyatdan keçmək istəyən müəssisənin təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni müəssisə yaradılarkən yenidən təşkilinin şərtləri, nizamnamənin təsdiq edilməsi, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab olunan digər məsələlər göstərilir və bu qərar bütün təsisçilər tərəfindən imzalanır);
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- təsisçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə notariat qaydasında təsdiq olunmuş imza nümunələri;
- dövlət qeydiyyatından keçirilən müəssisənin hüquqi ünvanını təsdiq edən sənəd.
Yenidən təşkil nəticəsində yaradılan müəssisələrin dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilirdi:
- yenidən təşkil haqqında qərar;
- təhvil aktı və ya bölünmə balansı;
- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
Respublikada müəssisənin dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilirdi. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Ədliyyə Nazirliyinə təqdim olunduqdan sonra, bu orqan 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna və digər qanunvericilik aktlarına uyğunluğunu yoxlayırdı. Müstəsna hallarda, yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər uzadıla bilər. Təqdim edilmiş sənədlərdə müəssisənin dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, bu çatışmazlıqların 20 gün müddətində aradan qaldırılması üçün həmin sənədlər geri qaytarılırdı. Bu zaman imtinaya səbəb olmayan bütün çatışmazlıqlar qeydiyyat orqanı tərəfindən eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə qaytarılmalı idi.
Dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, 10 gündən gec olmayaraq, müəssisə dövlət qeydiyyatından keçirilir və ona dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilirdi.
Müəssisəyə, onun yuxarıda qeyd olunan müddətdə, dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin müəssisə dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda qeydiyyat orqanı 10 gündən gec olmayaraq müəssisəyə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin Dövlət vergi müfəttişliyi orqanına göndərilirdi.
Göründüyü kimi, yuxarıda təsvir olunan qaydalar çox mürəkkəb, çox pilləli və elə bunlara görə də xeyli vaxt tələb edən proseduralar idi. Lakin məlum nöqsanlarına baxmayaraq sahibkarlıq fəaliyyətinə başlamaq məqsədilə müəssisə və firmaların yaradılması qaydaları öz dövrü üçün müəyyən müsbət rol oynadığından məqbul sayılmalıdır. Bununla yanaşı o da bir fakt idi ki, həmin qaydalar sahibkarlıq fəaliyyətinin sürətləndirilməsinə lazımınca yardımçı ola bilmirdi. Məhz bu məqsədlə, başqa sözlə sahibkarlıq fəaliyyətinin inkişafını sürətləndirmək üçün ölkə prezidenti 25 oktyabr 2007-ci il tarixli 2458 saylı «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında» Sərəncam imzaladı. Sərəncama müvafiq olaraq müəssisə və firmaların dövlət qeydiyyatı 01 yanvar 2008-ci ildən etibarən «bir pəncərə» prinsipi tətbiq olunmağa başladı. «Bir pəncərə» - vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən olunmuşdur.
Haqqında bəhs edilən Sərəncamın tətbiqi ilə bürokratiyaya («sənədlər hökmranlığına», «sənəd fetişizmi»nə), süründürməçiliyə son qoyulacaqdır; süni maneələri doğuran şəraitin yarana bilməsi imkanları yox dərəcəsinə endiriləcəkdir.
«Bir pəncərə» prinsipinə əsasən firma və müəssisələrin dövlət qeydiyyatı aşağıdakı qaydada həyata keçirilir.
Müəssisənin dövlət qeydiyyatına alınması barədə ərizə onun təsisçisi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) tərəfindən və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiq olunduqdan sonra onun (onların) və yaxud vəkil edilmiş şəxs tərəfindən müvafiq vergi orqanına təqdim olunur. Ərizə ilə birlikdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) təqdim edilməlidir. Rüsum məbləğləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirir. Müəssisənin dövlət qeydiyyatına alınması "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə" əsasında aparılır. Ərizəyə aşağıdakılar əlavə edilir:
- firmanın (müəssisənin) təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş 2 nüsxədə nizamnaməsi;
- firmanın (müəssisənin) yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
- "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"nin təsisçilər barədə əlavəsi. Firmanın (müəssisənin) təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda onların hər biri üçün tələb olunan xüsusi əlavə formaları doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formada göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin şəxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
- dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"sinin müvafiq əlavəsi ilə təqdim olunur. Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
- təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
- məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);
- firma (müəssisə) xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"sinin müvafiq əlavəsi ilə təqdim olunur;
- ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim edilir.
Yenidən təşkil nəticəsində yaradılan firma (müəssisə) tərəfindən "Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat" forması təqdim olunmalıdır. Bu formaya müəssisənin yenidən təşkil nəticəsində yaranan hüquqi varisliyi barədə məlumatlar daxil edilir.
Firma (müəssisə) bank, sığorta, maliyyə-sənaye qrupudursa, müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin ilkin razılığını təsdiq edən sənəd təqdim olunur.
Ərizəyə nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.), habelə, nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi əlavə edilməlidir.
Firmanın (müəssisənin) qeydiyyata alınması üçün ərizə ilə müraciət edən, bu ərizə ilə birlikdə öz şəxsiyyət vəsiqəsini Vergilər Nazirliyində qeydiyyat yerində xüsusi kabinədə sənədlərin qəbulunu həyata keçirən hüquqşünasa təqdim edir və hüquqşünas müraciət edənin ərizə təqdim etmək səlahiyyəti olduğunu müəyyənləşdirir. Daha sonra, hüquqşünas firmanın (müəssisənin) təsisçi fiziki şəxslərinin, rəhbər və qanuni təmsilçinin, müşahidə şurası yaradılmışdırsa, onun üzvlərinin ərizə və onun əlavələrində göstərilən şəxsiyyət vəsiqəsi rekvizitlərinin Daxili İşlər Nazirliyinin məlumat bazasına uyğunluğunu yoxlayır və kənarlaşma aşkar etdiyi vəsiqələrin (pasportların) surətini tələb edir. Hüquqşünas qəbul etdiyi sənədlərin yerində olub-olmamasını və tam dəstliyini, ərizə və əlavələrdə göstərilən məlumatların sənədlərə tam uyğunluğunu müraciət edənin iştirakı ilə yoxlayır. Ərizə və onun əlavələrinin doldurulması zamanı buraxılmış hərf və ya rəqəm səhvləri üzrə hər bir səhvin qarşısında müvafiq qeyd edilməklə düzəliş aparılmalıdır. Dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə bildirilməlidir. Ərizənin qəbul edilməsi zamanı hüquqşünas tərəfindən qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.
Bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda, ərizəyə əlavə edilmiş sənədlər arasında həmçinin müvafiq olaraq Milli Bankın, Maliyyə Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin qurumun yaradılması barədə ilkin razılığını təsdiq edən sənədin olub-olmaması müəyyən edilməlidir.
Sənədlər təqdim edilərkən onlar yoxlanılır və qəbul edildikdən sonra üç gün ərzində firma (müəssisə) qeydiyyatdan keçirilir.
Müəssisə aşağıdakı hallarda ləğv edilə bilər:
- onun təsisçilərinin (iştirakçılarının) və ya müəssisənin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən müəssisənin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
- müəssisənin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
- lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda məhkəmənin qərarı ilə.
Müəssisə müflis olma nəticəsində də ləğv edilir. Əgər ləğv edilən müəssisənin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.
Müəssisənin ləğvi haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə dövlət qeydiyyatını həyata keçirən orqana ləngimədən məlumat verməyə borcludurlar. Həmin orqan isə müəssisənin ləğv prosesində olduğu barədə məlumatları müəssisələrin dövlət reyestrinə daxil edir.
Müəssisənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğvetmə komissiyasını (təsviyəçini) təyin edir, ləğvetmə qaydasını və müddətlərini müəyyənləşdirirlər.
Ləğvetmə komissiyasının təyin edildiyi andan müəssisənin işlərini idarə etmək səlahiyyətləri ona (komissiyaya) keçir. Ləğvetmə komissiyası ləğv edilən müəssisənin adından məhkəmədə çıxış edir.
Müəssisənin ləğvi qaydaları aşağıdakı kimidir:
Ləğvetmə komissiyası müəssisənin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət, ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən, iki aydan az ola bilməz. Ləğvetmə komissiyası kreditorları aşkar etmək və debitor borcları almaq üçün tədbirlər görür, habelə müəssisənin ləğvi haqqında kreditorlara bildiriş göndərir.
Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən müəssisənin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını müəssisənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil olunmuş orqanı təsdiq edir.
Əgər ləğv edilən müəssisədə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası müəssisənin əmlakını açıq hərracda satır.
Ləğv edilən müəssisənin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası aşağıda qeyd olunan növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
Müəssisə ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir:
Birinci növbədə ləğv edilən müəssisənin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir; İkinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən müəssisə onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır; Üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi və müəlliflik müqavilələri üzrə haqların ödənilməsi üzrə hesablaşmalar aparılır; Dördüncü növbədə büdcəyə məcburi ödənişlər üzrə borc ödənilir; Beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.
Hər növbənin tələbləri özündən əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra yerinə yetirilir. Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun, müəssisənin ləğvetmə balansı təsdiq edilənədək, ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.
Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər vaxtında bildirilmiş tələblər ödənildikdən sonra ləğv edilən müəssisənin qalan əmlakından ödənilir.
Ləğv edilən müəssisənin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır.
Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Həmin balansı müəssisənin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə komissiyası təsdiq olunmuş ləğvetmə balansını müəssisələrin dövlət qeydiyyatını həyata keçirən Vergilər Nazirliyinə göndərir.
Kreditorların tələbləri ödənildikdən sonra müəssisənin qalan əmlakı, əgər müəssisənin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir.
Firmanın (müəssisənin) hüquq və vəzifələrinin hüquqi varislik qaydasında başqa şəxslərə keçmədən onun mövcudluğuna və fəaliyyətinə xitam verildiyi hallarda və yaxud firmanın (müəssisənin) yenidən təşkili nəticəsində dövlət qeydiyyatının ləğv edilməsi zərurəti yaranan hallarda, Vergilər Nazirliyi onun dövlət qeydiyyatını ləğv edir.
Firmanın (müəssisənin) ləğvi ilə bağlı proseduralara Vergilər Nazirliyinə daxil olmuş aşağıdakı məlumatlardan hər hansı biri əsasında başlanılır:
- müəssisənin ləğv edilməsi barədə qərar onun ləğvetmə komissiyasının "Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" forması üzrə müraciəti və qəzetdə dərc etdirilmiş müvafiq elan ilə birlikdə təqdim olunur;
- Azərbaycan Respublikasında filial və nümayəndəliyinin ləğv edilməsi barədə xarici müəssisənin qanunvericilikdəəyyən edilmiş qaydada vergi orqanına təqdim olunmuş qərarı "Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" forması üzrə müraciəti və qəzetdə dərc etdirilmiş müvafiq elan ilə birlikdə təqdim olunur;
- müəssisənin ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
- müəssisənin müflis elan edilməsi və müsabiqə icraatının başa çatması haqqında məhkəmənin qərarı;
- müəssisə yenidən təşkil edildikdə onun qeydiyyatının ləğv edilməsi zərurəti yaranan hallarda (birləşmə, qoşulma və ya bölünmə), təsisçilərin və ya məhkəmənin yenidən təşkil edilmə barədə müvafiq qərarı "Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə" forması üzrə müraciəti və qəzetdə dərc etdirilmiş müvafiq elan ilə birlikdə təqdim olunur.
əssisənin dövlət qeydiyyatının ləğv edilməsi zamanı onun verdiyi yekun vergi bəyannamələrinin qəbul edilməsi və kameral yoxlanılması, son səyyar vergi yoxlamasının aparılması, vergi borclarının ödənilməsi işləri Vergilər Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq yerinə yetirilir.
Dövlət qeydiyyatının ləğv edilməsi üçün qeydiyyat orqanı aşağıdakı sənədləri ləğv edilən müəssisədən təhvil almalıdır:
- müəssisənin dövlət qeydiyyatı nizamnaməsininsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli;
- müəssisənin möhürü və ştampı;
- müəssisənin 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa, vergi şəhadətnaməsi;
- vergi ödəyicisi əlavə dəyər vergisi ödəyicisi olduğu halda, ƏDV bildirişinin əsli.
Ləğv edilən müəssisə qeydiyyat və ya vergi şəhadətnaməsi, ƏDV bildirişi və ya möhürü itmişdirsə, bu halda, qurum itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda elan dərc etdirib qeydiyyat orqanına təqdim edir.
əssisənin möhür və ştampı qanunvericilikdəəyyən edilmiş qaydada qeydiyyat orqanının ən azı iki əməkdaşı tərəfindən məhv edildikdən sonra bu barədə müvafiq akt tərtib olunur.
əssisənin ləğvetmə balansı (qurum xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialıdırsa-yekun mənfəət vergisi bəyannaməsi) çap edilərək qeydiyyat sənədlərinin əsli, möhürün məhv edilməsi barədə akt ilə birlikdə qurumun qeydiyyat qovluğuna tikilmək üçün arxivə təhvil verilir. Müəssisə qanuna müvafiq qaydada ləğv edildikdə ona verilmiş VÖEN məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin