- istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsi yüksəldikcə müəssisələrin istehsal quruluşu sadələşir; - məhsulun nomenklaturası məhdud olduqda firmanın istehsal quruluşu sadə, geniş olduqda isə, əksinə, mürəkkəb olur;
- istehlak olunan xammal və materialların növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialların ölçüsü (qabariti) və forması anbarların sayına və həcminə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
- istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yəni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və xidmətedici sex və təsərrüfatların sayı azalır;
- məhsulun konstruktiv quruluşu və onun hazırlanması texnologiyası nə qədər mürəkkəb olarsa, onda müəssisədə əlavə bölmələrin yaradılması zərurəti yaranır və s.
Müəssisənin istehsal, idarəetmə və xidmətedici bölmələrinin tərkibi və qarşılıqlı əlaqəsi onun təşkilati strukturunu əmələ gətirir. Firmanın (müəssisənin) təşkilati strukturu aşağıdakı kimi olur (bax: şəkil 2.1).
Şəkil 2.1. Firmanın (müəssisənin) təşkilati strukturu
Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inzibati baxımdan xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan istehsal prosesinin - məhsul istehsalının - müəyyən mərhələsi məhz burada yerinə yetirilir. Bir qayda olaraq sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakterizə olunurlar. İstehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun hazırlanmasındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər:
- əsas sexlər - xammal və materialların hazır məhsula çevrilməsi üzrə texnoloji prosesin hansısa mərhələsinin bilavasitə yerinə yetirilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal imkanları müəssisənin məhsul buraxma qabiliyyətini müəyyən edir. Əsas sexlərə misal olaraq maşınqayırma zavodlarında hazırlıq, mexaniki emal və yığma sexlərini; metallurgiya kombinatlarında domna, marten, yayma (prokat), koks sexlərini; toxuculuq fabriklərində isə əyirici, toxucu və naxışvurma sexlərini göstərmək olar;
- köməkçi sexlər - bilavasitə məhsul istehsalı ilə məşğul olmurlar, lakin əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq alət, təmir, model və s. sexləri göstərmək olar;
- xidmətedici sexlər - köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanması ilə məşğul olmurlar, lakin onlar həm əsas və həm də köməkçi sexlərin normal fəaliyyət göstərmələri üçün şərait yaradırlar. Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini, kompressor stansiyalarını, eksperimental sexləri, su təchizatını, anbar təsərrüfatını və s. göstərmək olar;
- yardımçı sexlər - əsas sexlərin istehsal tullantılarından təkrar istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. Belə sex və təsərrüfatlara misal olaraq tara hazırlayan sexləri, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar.
Firma sexlərinin özləri də ayrı-ayrı istehsal sahələrindən (sexli quruluşa malik olan müəssisələrdə) ibarət olurlar. İstehsal sahəsi - texnoloji cəhətdən həmcins əməliyyatlar yerinə yetirən və ya məhsulun hər hansı bir hissəsini hazırlayan və eyni məkanda təmərküzləşmiş iş yerlərinin məcmusundan ibarətdir. Məhsulun hazırlanmasında iştirak etmələrinə görə istehsal sahələri də əsas, köməkçi və xidmətedici sahələrə bölünürlər. Fəhlənin əmək fəaliyyəti üçün zəruri olan texniki vasitələrlə (dəzgah, maşın, alət, tərtibat və s.) təchiz olunmuş və istehsal meydançasının hüdudlanmış hissəsinə - fəhlənin əmək fəaliyyəti zonasına - iş yeri deyilir. Sənaye müəssisələrinin istehsal strukturunun texnoloji, predmet (əşya) və qarışıq tipləri mövcuddur.
İstehsalın strukturunun texnoloji tipində sexlər həmcins texnoloji əməliyyatların yerinə yetirilməsi üzrə ixtisaslaşır, müstəqilləşirlər. Məsələn, maşınqayırma müəssisəsində tökmə, dəmirçi, mexaniki emal, yığma və s. sexlər.
İstehsalın strukturunun əşya (predmet) tipində sexlər müəyyən məmulatların və ya onların hissələrinin hazırlanması üzrə ixtisaslaşırlar. Məsələn, avtomobil zavodunda mühərrik, neftmaşınqayırma zavodunda reduktor, nasos ştanqları və s. hazırlanması üzrə ixtisaslaşmış sexlər.
İstehsal strukturunun qarışıq tipində qeyd edilən tiplərin hər ikisinin - texnoloji və predmet - elementləri mövcud olurlar.
Bazar iqtisadiyyatına keçid müəssisə strukturunun bazar münasibətlərinə uyğunlaşmasını, onun bütün bölmələrinin işinin yenidən qurulmasını tələb edir.
Firma və müəssisənin bazar münasibətlərinə uyğunlaşdırılması onların istehsal quruluşlarından asılı olmur. Müəssisənin texnoloji bölmələrində təbii-texniki proseslər getdiyindən istehsal (iqtisadi) münasibətlər onların xarakterinə təsir göstərə bilməzlər. Yeni iqtisadi sistemə keçid texniki-texnoloji deyil, sosial-iqtisadi proseslərin mahiyyətcə dəyişilməsini tələb edə bilər.
Yeni təsərrüfatçılıq metodları, başqa sözlə, bazar iqtisadi münasibətlərinə keçid müəssisənin idarəetmə (funksional) strukturunun təkmilləşdirilməsini zərurətə çevirir və daha da aktuallaşdırır. Bu, xüsusilə marketinq, maddi-texniki təminat, istehsal və elmi-texniki inkişaf, satış və digər bu kimi idarəetmə strukturlarına daha çox aiddir.
Müəssisələrin bazar münasibətlərinə uyğunlaşdırılmasında marketinq şöbələrinin yaradılması və onların fəaliyyətinin gücləndirilməsinin müstəsna əhəmiyyəti vardır. Marketinq - yeni sahibkarlıq konsepsiyası olmaqla istehlakçıların tələbatının öyrənilməsi və onun ödənilməsini təmin edə biləcək tədbirlər hazırlamaq və onların reallaşdırılmasına nail olmaqdır. Marketinq istehsalla bazarı yaxınlaşdırmaq, firmanın (istehsalın) bazardan idarə edilməsi konsepsiyasıdır.
Marketinq tədqiqatları və onun nəticələri bütünlükdə firmanın, onun hər bir idarəetmə bölməsinin il üçün fəaliyyətini müəyyən edir. Nəticə etibarilə firmanın iqtisadi inkişafı, əldə edəcəyi gəlirin həcmi marketinq tədqiqatlarının keyfiyyətindən asılı olur.
Marketinq fəaliyyəti istehlakçıların təmsil etdiyi firmanın məhsullarına ehtiyaclarının müəyyən edilməsi ilə sona çatmır. O habelə öz təşkilatının istehsal imkanlarını da müəyyən edir. Yalnız bundan sonra məhsul istehsalı və xidmətlər göstərmək üçün qərar verilir, istehsal olunmuş məhsulun qiyməti müəyyən edilir və onun bazara - istehlakçılara doğru hərəkətinə başlanılır.
Marketinq tədqiqatlarının nəticələri əsasında firmaya il ərzində lazım olacaq istehsal vasitələrinin həcmi və onların alınacağı vaxtlar maddi-texniki təminat şöbəsinin heyəti tərəfindən icra edilir. Bu zaman paralel olaraq xammal, material, yanacaq və s. istehsal amillərindən ehtiyatların kəmiyyəti də hesablanır.
Maddi-texniki təminat şöbəsinin işçiləri firmanın material resurslarına ehtiyacını bütün istiqamətlər üzrə - məhsul istehsalı, xidmət göstərmək, təmir, tikinti və s. - ayrı-ayrılıqda və həm də ümumiyyətlə deyil, müfəssəl şəkildə müəyyən edirlər, çünki konkret məhsul (məmulat, hissə) istehsalı konkret növ material tələb edir. Onlar habelə istehsal ehtiyatlarının (anbar ehtiyatlarının) planlaşdırılmasına xüsusi diqqət yetirilər. Yeri gəlmişkən, əgər material göndərənlər onları vaxtında və sifariş norması müqabilində göndərə bilsəydilər sonuncunun hesablanmasına ehtiyac qalmazdı.
İstehsal firmasının əsas funksional fəaliyyət sferası istehsal və elmi-texniki inkişafdır.
İstehsal sahibkarlığının ilkin mərhələsi firma tərəfindən (onun təsisçiləri tərəfindən) istehsal amillərinin - əmək vasitələri, əmək cisimləri, iş qüvvəsi və informasiyanın alınması və ya bunlardan bəzilərinin ya tam, ya da qismən icarəyə götürülməsidir. Firma maddi-texniki təminatla əlaqədar məsələləri həll etdikdən və bu məsələdə əminliyə nail olduqdan sonra özünün strateji vəzifəsinin icrasına başlayır. Bu - istehlakçıların tələbatlarının ödəmək üçün məhsullar istehsal etmək və xidmətlər göstərməkdir.
Məhsul istehsalı ilə məşğul olan firma özünün marketinq fəaliyyəti ilə bazarın tələbatını, istehsal amillərinin qiymətləri və özünün texnoloji istehsal üsuluna aid olan elmi-texniki yeniliklər haqqında məlumatlar toplayır. Bundan sonra o, bütün bunları və özünün daxili imkanlarını nəzərə almaqla, fəaliyyətə başlayır. İstehsal və elmi-texniki inkişaf bölməsi özünün fəaliyyətilə birbaşa əlaqədar olan elmi-texniki yenilikləri mütləq nəzərə alır. Çünki bazar (istehlakçı) daha mükəmməl və nisbətən ucuz məhsullar tələb edir. Bu da məlum həqiqətdir ki, yeni məhsulu köhnə texnika və materiallarla istehsal etmək mümkün olmadığı kimi, köhnə məhsulu da yeni maşın və avadanlıqla istehsal etmək məqsədəuyğun sayıla bilməz. Bir sözlə, rəqabət mübarizəsinə tab gətirmək üçün firma yeni texnika və texnologiya vasitəsilə keyfiyyəti yüksək və dəyəri aşağı olan məhsullar istehsal etməlidir.
Qeyd etmək lazımdır ki, məhsul istehsal etmək firma üçün son məqsəd deyil. Son məqsəd istehsal etdiyi məhsulların istehlakçılara satışının təşkilinə nail olmaq və mənfəət əldə etməkdir. Məhz buna görə də hər bir firmanın mütəşəkkil satış xidməti və elmi cəhətdən əsaslandırılmış satış siyasəti olmalıdır.
Bazar münasibətləri şəraitində işləyən müəssisənin (firmanın) çevik və yığcam idarə aparatı, güclü və səriştəli marketinq bölməsi, peşəkar heyəti olan maliyyə, mühasibat və hüquq şöbələri olmalıdır. Lakin bunlar bazara işləmək üçün vasitələrdir, son məqsəd deyil. Əsas məsələ isə müəssisənin istehsal strukturunun, istehsal aparatının bazarın doğurduğu tələblərə uyğunlaşdırılmasıdır. Müasir dövrdə ölkə sənayesində müəssisələrin restrukturizasiyası (yenidən strukturlaşdırılması) keçirilməli və hər birinin bazarda yeri və rolu müəyyən edilməlidir. Bu ona görə vacibdir ki, hər bir müəssisə özünün bazara daxil olma imkanını bilməli, daha doğrusu, məhsul istehsal etmək və xidmət göstərə bilmək, rəqabətə dözmək qabiliyyətini əvvəlcədən özü üçün müəyyənləşdirməlidir. Məhz bundan sonra həmin müəssisə onu əhatə edən - qanunvericiliklə onun üçün müəyyən olunmuş - iqtisadi, sosial, hüquqi norma və normativlərdən istifadə etməklə öz fəaliyyətində təşəbbüskarlıqla sərbəstlik göstərə bilər, istehsalın səmərəliliyini yüksəldər, gəlirliyini təmin etmiş olar.
Müəssisənin bazar münasibətlərinə uyğunlaşdırmağın bir yolu da onun (müəssisənin) firmaya çevrilməsidir.
Müəssisənin firmaya çevrilməsi 2 mərhələdən - a) müəssisənin kommersiyalaşdırılması və b) müəssisənin yenidən strukturlaşdırılması - ibarətdir.
Müəssisənin kommersiyalaşdırılması onun mülkiyyətinin dəyişdirilməsi - dövlət sektorundan çıxarılaraq xüsusi sektora daxil edilməsi əsasında ona təsərrüfatçılıq müstəqilliyinin verilməsidir. Bundan məqsəd isə müəssisənin bazar münasibətlərinə uyğunlaşdırmaq, ona bazarın rəqabət mühitində vərdişlər aşılamaqdır.
Müəssisənin firmaya transformasiya olunmasının II mərhələsi onun (müəssisənin) yenidən strukturlaşdırılmasıdır. Bu, kompleks tədbirləri - texniki və təşkilati - nəzərdə tutur; məhsulun istehsaldan götürülməsi, idarə strukturunun təkmilləşdirilməsi (bəzi şöbələrin ləğvi, birləşdirilməsi, yenisinin yaradılması), texnoloji avadanlıqların modernləşdirilməsi, məhsul keyfiyyətinə nəzarətin gücləndirilməsi və s. bu qəbildən olan tədbirlərdir. Məsələn, hər bir firmada kadrlar, əmək və əmək haqqı, əməyin mühafizəsi və texniki təhlükəsizlik, sosial inkişaf şöbələri bazasında istehsal heyətinin və kadr hazırlığının idarə edilməsi xidmətini yaratmaq olar. Yaxud maddi - texniki təminat və satış şöbələrinin bazasında marketinq şöbəsinin təsis etmək olar. Bu proses MDB - nin qabaqcıl ölkələrinin firma və müəssisələrində artıq xeyli vaxtdır ki, başlamışdır. Bir sözlə, həm müəssisənin kommersiyalaşdırılması və həm də yenidən strukturlaşdırılması onun firmaya - bazar subyektinə - çevrilməsini şərtləndirən həlledici proseslərdir.
Müəssisələrin yenidən strukturlaşdırılması, bütün başqa amillərlə yanaşı, onların makroiqtisadi sabitlik şəraitində hansı istiqamətlərdə təkmilləşəcəyi (sanasiya, rekonstruksiya, istehsal strukturunun dəyişdirilməsi və s.) məsələlərin həllinə və bununla da mikroiqtisadi səviyyədə iqtisadi inkişafa nail olmaq istiqamətində öz imkanlarını reallaşdıra bilərlər.
Bütün bunlar, nəticə etibarilə, istehsal müəssisələrinin - milli iqtisadiyyatın əsası kimi - ölkənin sosial-iqtisadi inkişafındakı rol və əhəmiyyətini artıra bilər.