Fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinin aparılması haqqında məlumat
Zərərsizləşdirmə(fumiqasiya) tədbirlərinə dair metodiki təlimat
1.Əsas anlayışlar
1.1. zərərsizləşdirmə (fumiqasiya) - bütün bioloji inkişaf mərhələlərində həşəratları (böcəkləri) və digər zərərli orqanizmləri (xəstəlik törədiciləri) pestisidlərlə və ya digər bitki mühafizəsi vasitələri ilə (aqreqatlar, termik üsul və s.) məhv etmək;
1.2. karantin nəzarətində olan material – zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusən beynəlxalq yükdaşımalar zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma yeri , qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yük;
1.3.zərərli orqanizm-bitki və bitkiçilik məhsullarına zərər vuran heyvanların, bitkilərin və ya xəstəlik törədən mikroorqanizmlərin hər hansı növü, növün dəyişmiş forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları);
1.4. karantin tətbiq edilən zərərli orqanizm - ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizm;
1.5. zərərsizləşdirmə (fumiqasiya) - bütün bioloji inkişaf mərhələlərində həşəratları (böcəkləri) və digər zərərli orqanizmləri (xəstəlik törədiciləri) pestisidlərlə və ya digər bitki mühafizəsi vasitələri ilə (aqreqatlar, termik üsul və s.) məhv etmək;
1.6.fumiqant – zəhərli buxar və qazlar;
1.7.fumiqasiya dəstəsi- zərərsizləşdirmə (fumiqasiya) tədbirləri barədə xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş mütəxəssislərdən ibarət qrup;
1.8. zərərsizləşdirmə (fumiqasiya) aktı – zərərsizləşdirməyə dair məlumatları özündə əks etdirən rəsmi sənəd.
2. Ümumi müddəalar
2.1. Azərbaycan Respublikasının ərazisində fitosanitar karantin nəzarətində olan materialların zərərsizləşdirilməsinə (fumiqasiya edilməsinə) nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra AgenTlik) tərəfindən, zərərsizləşdirmə xidmətlərin göstərilməsi isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
2.2. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) dəstələri tərəfindən həyata keçirilir.
2.3.Qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
2.4.Fitosanitar karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi onların xüsusiyyətlərindən, miqdarından, sirayətlənmənin dərəcəsindən və digər amillərdən asılı olaraq aparılır.
2.5. Fitosanitar nəzarəti nəticəsində fitosanitar karantin nəzarətində olan materiallarda zərərli orqanizmlər aşkar edildikdə zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsinə şəraitin yaradılması karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı (alqı-satqısı), habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.
2.6. Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda zərərli orqaizmlər aşkar edildikdə, onlar fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilir.
2.7. Azərbaycan Respublikasının ərazisinə idxal olunan fitosanitar karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, lakin zərərsizləşdirilməsi mümkün olmadığı halda yük müəyyən edilmiş qaydada geri qaytarılır və ya məhv edilir.
2.8. Bitki və bitkiçilik məhsullarının daşınması üçün istifadə edilən nəqliyyat vasitələri təmizlənir və zərurət yarandığı hallarda fitosanitar tələblərə uyğun olaraq zərərsizləşdirilir.
2.9. Hüquqi və fiziki şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
2.10. Fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi zərurəti yarandığı hallarda bu tədbirlərin görülməsi üçün hüquqi və fiziki şəxslər köməkçi işçilər ayırır.
2.11. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi və ya məhv edilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır.
2.13. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsi tərəfindən zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən istifadə olunur və təhlükəsizlik qaydalarına ciddi riayət edilir.
3. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsi
3.1. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsi Aqrar Xidmətlər Agentliyi tabeliyində olmaqla zərərsizləşdirmə tədbirləri barədə xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş mütəxəssislərdən ibarət olur.
3.2. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən səlahiyyət verilmiş, tibbi arayışla sağlamlığı təsdiq edilmiş, ən azı bu sahədə 3 il təcrübəsi olan kənd təsərrüfatı üzrə təhsilli şəxs rəhbərlik edir.
3.3. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin rəhbəri fəaliyyəti zamanı aşağıdakıları əsas tutur:
3.3.1. öz fəaliyyətində Aqrar Xidmətlər Agentliyinin əsasnaməsini, əmrlərini və göstərişlərini;
3.3.2. əmək nizam-intizam qaydalarını;
3.3.3. mövcud vəzifə təlimatlarını;
3.3.4. zərərsizləşdirmə tədbirləri haqda normativ sənədləri.
3.4. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin rəhbəri bilməlidir:
3.4.1.zərərsizləşdirmə məsələləri üzrə normativləri, beynəlxalq standartları və metodiki təlimatları;
3.4.2. zərərsizləşdirmə texnologiyasını və qaydalarını;
3.4.3. zərərsizləşdirmə zamanı istifadə olunan avadanlıqların xüsusiyyətlərini və texniki istismarı qaydalarını;
3.4.4. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin əsaslarını;
3.4.5. əməyin qorunması və yanğın təhlükəsizliyi normaları və qaydalarını.
3.5. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin rəhbəri olmadığı təqdirdə onun səlahiyyətlərini Aqrar Xidmətlər Agentliyinin rəhbəri tərəfindən müəyyən olunmuş qaydada təyin olunan, müvafiq səlahiyyətlərin yerinə yetirilməsində tam məsuliyyət daşıyan digər mütəxəssis həyata keçirir.
3.6. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin rəhbəri vəzifəsini yerinə yetirərkən aşağıdakıları edir:
3.6.1. Fitosanitar karantin nəzəarətində olan materialların (bitki və bitkiçilik məhsulları, qablaşdırma vasitələri, istehsal və saxlanma sahələri, nəqliyyat vasitələri və s. ) müvafiq vasitələrlə zərərsizləşdirilməsinin təşkilində və zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsində birbaşa iştirak edir və zərərsizləşdirmə tədbirlərinin aparılmasına rəhbərlik edir.
3.6.2. Zərərsizləşdirmə təlimatlarına və texnikasına ciddi əməl olunmasına nəzarəti həyata keçirir.
3.6.4. Avadanlıqlardan, alətlərdən, nəqliyyat vasitələrindən, pestisidlərdən və digər zərərsizləşdirmə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət edir.
3.6.5. Planlı işlərin yerinə yetirilməsinə, sənədlərin vaxtında düzgün rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir.
3.6.6. Beynəlxalq təcrübəni araşdırır, texniki yenilikləri müəyyən edir və öyrənir.
3.6.7. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin üzvlərinə təhlükəsizlik qaydalarını və iş bacarıqlarını öyrədir.
3.6.8. Zərərsizləşdirmə tətbirləri zamanı zərərçəkənə ilkin yardımın göstərilməsini təşkil edir, baş vermiş bədbəxt hadisə barəsində birbaşa rəhbərini məlumatlandırır, istehsalatda baş vermiş bədbəxt hadisələri və onların nəticələrini araşdırır və qeydə alır.
3.7. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsinin üzvləri:
3.7.1. ali və texniki təhsilli, tibbi arayışla sağlamlığı təsdiq edilmiş işçilərdən ibarət olur;
3.7.2. fumiqasiya dəstəsinin rəhbərinin göstəriş və tapşırıqlarına əməl edir;
3.7.3. zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən (xüsusi geyim, əleyhqaz, xüsusi ayaqqabı, əlcək) istifadə edir;
3.7.4. nizam - intizam və təhlükəsizlik qaydalarına ciddi riayət edir;
3.7.5. xüsusi və karantin tətbiq edilən zərərli orqanizmləri tanıyır;
3.7.6. bitki və bitkiçilik məhsullarının və digər karantin nəzarətində olan materialların zərərverici və xəstəlik törədicilərini məhv etmək üçün maye, bərk və qaz halında olan pestisidlərdən və digər vasitələrdən istifadə etməyi bacarır.
3.8. Fumiqasiya (zərərsizləşdirmə) dəstələri təmin edilir:
3.8.1. ilk tibbi yardım çantası ilə;
3.8.2. xüsusi təyinatlı nəqliyyat vasitələri, avadanlıq və ləvazimatlarla;
3.8.3. metodiki təlimatlarla;
3.8.4. daxili və xarici karantin zərərli orqanizmlər haqda məlumatlarla;
3.8.5. karantin tətbiq edilən zərərli orqanizmləri əks etdirəcək rəngli fotolu albomlarla;
3.9. Fumiqasiya (zərərsizləşdirmə) dəstələrinin vəzifələri:
3.9.1. karantin nəzarətində olan materiallardan zərərsizləşdirmədən əvvəl və sonra təkrar nümunə götürmək;
3.9.2. karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsini müəyyən etmək;
3.9.3. aşkar etdiyi zərərli orqanizmi tanımadığı və ya zərərli orqanizm haqda bilgisi olmadığı halda təyin edilməsi üçün laboratoriyaya göndərmək;
3.9.4. karantin nəzarətində olan materialları qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada zərərsizləşdirmək;
4. Fumiqasiya (zərərsizləşdirmə) zamanı təhlükəsizlik tələbləri
4.1. Zərərsizləşdirmə tədbirləri aparılan yerlərdə təhlükəlilik nişanlarından istifadə edilir.
4.2. Zərərsizləşdirmə işləri aparılan yerlərdə kənar şəxslərin olması qəti qadağandır.
4.3. Zərərsizləşdirmə aparılarkən siqaret çəkmək, su içmək və qida qəbul etmək olmaz.
4.4. Zərərsizləşdirmə işlərinin aparılması zamanı fumiqasiya edilən obyektlərə 5 metrdən yaxın məsafədə oddan istifadə etmək qadağandır.
4.5. Fumiqasiya (zərərsizləşdirmə) dəstəsi tərəfindən zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən istifadə olunur və təhlükəsizlik qaydalarına ciddi riayət edilir.
4.6. Zərərsizləşdirmə tədbirlərinin hər prosesi başa çatdıqdan sonra istifadə edilən geyimlər və mühafizə vasitələri xüsusi havalandırma yolu ilə deqazasiya edilir.
4.7. Zərərsizləşdirmə tədbirlərinə gedərkən ilk tibbi yardım çantası da aparılmalıdır.
4.8.Zərərsizləşdirilən obyektlərin həcmindən asılı olmayaraq zərərsizləşdirmənin fumiqasiya dəstəsinin tək (bir) üzvü tərəfindən aparılmasına yol verilmir.
4.9. Zərərsizləşdirmə aparılan obyekt (bina, vaqon, konteyner, anbar, maşın, kamera) dərhal kip bağlanılmalı və müəyyən edilən ekspozisiya vaxtı başa çatdıqdan sonra açılmalıdır.
4.10.Fosfin tərkibli preparatların öz-özünə alışması və yanması baş verdikdə əleyhqaz geyinilir və yanğının qarşısı toz halında odsöndürənlərdən (qum, soda, təbaşir, talk, qrafit) istifadə etməklə alınır. Yanğının söndürülməsi məqsədilə su və köpüklü odsöndürən tətbiq etmək qadağandır.
4.11. Zərərsizləşdirmə tədbiri başa çatdıqdan sonra boş taralar (mehtər, banka, tyubik və s.) yığılaraq pestisid anbarına göndərilir və sonradan zərərsizləşdirilir.
4.12.Zərərsizləşdirmə zamanı həblər dəmir qutulardan çıxarılarkən rezin və ya parça əlcək geyinilir. İş elə planlaşdırılır ki, dəmir qutuda olan bütün həblərin hamısı bir əməliyyatda istifadə edilsin.
4.13. Fosfin tərkibli fumiqantlar açıldıqdan sonra həblərdən qaz ayrılmasını nəzərə alınaraq, həblər qoyularkən zərərsizləşdirmə tədbirini həyata keçirən hər bir fumiqasiya dəstəsinin üzvündə işlək E, M və ya BKF markalı əleyhqaz olmalıdır. Fumiqasiya dəstəsinin əməkdaşı əleyhqazın maskasının iç tərəfində az miqdarda yad iy hiss etdikdə zərərli zonadan çıxmalı və əleyhqazın süzgəcini yenisi ilə əvəz etməlidir.
4.14. Fosfin qazı ilə nəfəs aldıqda kəskin və xroniki zəhərlənmə baş verir. Kəskin zəhərlənmə zamanı diafraqma nahiyəsində ağrılar, üşütmə, qusma, quru öskürək, baş gicəllənməsi, qulaqlarda səs, ümumi zəiflik, iştahsızlıq, yanğı baş verir. Xroniki zəhərlənmə zamanı görmə qabiliyyəti zəifləyir, zəiflik, bronxit, həzm prosesinin pozulması, qan azlığı və s. baş verir. Fosfinlə zəhərlənmənin ilk əlamətləri görüldükdə zərərçəkmiş təcili zonadan uzaqlaşdırılır, xüsusi geyimi çıxarılır, isti və havalanan otaqda yerləşdirilir, oksigen yastığı ilə nəfəs verilir, qara kofe və ya tünd çay içirdilir və aşağı ətraflarına isti qrelka qoyulur.
4.15. Fosfin tərkibli preparatların həbi udulduqda, 5 dəqiqədən bir çay qaşığı ilə 1%-li mis kuporosu məhlulu (100 qram suya 1 qram) və ya 15 dəqiqədən bir xörək qaşığı ilə 0,1%-li kalium permanqanat məhlulu (1 litr suya 1 qram) qusana qədər içirdilir və ya süni qusma törədilir. Çoxlu qələvi məhlulu (1 stəkan suya 1 çay qaşığı məişət sodası) və ya borjomi içirdilir.
4.16. İnsektisidlərlə zəhərləndikdə zərərçəkmişə təmiz hava verilir, respirator və xüsusi geyim çıxarılır. Ağır zəhərlənmə baş verdikdə süni tənəffüs verilir və ya oksigen yastığından istifadə edilir. Bir stəkan isti suya və ya südə bir çay qaşığı məişət sodası qarışdırılıb kiçik qurtumlarla içirdilir. Daxilə kafein həbi (0,015 qr), valerian damcısı (15-20 damcı) qəbul edilir.
4.17. İnsektisid tipli preparat təsadüfən daxilə qəbul edildikdə zərərçəkənə bir neçə stəkan su içirdilir və sonra süni qusma törədilir. Zəhərin mədədən tam çıxarılması üçün bu hal bir neçə dəfə təkrar edilir. Bundan sonar yarım stəkan 2%-li məişət sodası məhlulu (2-3 xörək qaşığı aktivləşdirilmiş kömür həll edilmiş) içirdilir. Tünd çay və ya kofe qəbul edilməsi məsləhətdir.
4.18. Zəhər gözə düşdükdə göz su və ya məişət sodasının 2%-li məhlulu ilə yuyulur. Dəriyə düşdükdə isə pambıq və ya paçka tamponla ehtiyatla götürülür (yaymadan və silmədən), sonra isə həmin nahiyə naşatır spirtinin və ya xloraminin 2-5 %-li məhlulu ilə Təmizlənir.
4.19. Zəhərlənmənin bütün hallarında həkimə müraciət olunur.
5. Zərsizləşdirmə (fumiqasiya) tədbirləri zamanı nəzərə alınmalı amillər
5.1. Zərərsizləşdirmə zamanı həşərat, gənə və digər zərərli orqanizmlər (xəstəlik törədiciləri) bütün bioloji inkişaf mərhələlərində müxtəlif üsullarla məhv edilir.
5.2. Fumiqasiya (zərərsizləşdirmə) zamanı bitki və bitki mənşəli məhsulları, istehsal və saxlanma sahələrini və digər materialları zərərvericilərdən və xəstəlik törədicilərindən azad edərək (təmizləyərək) məhsulların zədələnməsinin və itkisinin qarşısı alınır.
5.3. Zəhərli maddənin zərərli orqanizmə tənəffüs yolları ilə keçməsi ÜÇÜN fumiqasiya üsulundan istifadə olunur.
5.4. Fumiqasiyanın üstünlükləri
Yüksək səmərəlilik - təkcə yetkin həşəratları deyil, həm də sürfələri, yumurtaları, pupları, gəmiriciləri, və bəzi göbələk (kifi və s.) də məhv edir.
Universallıq – istehsal və saxlanma sahələri, tara, taxıl, meşə materiallarının zərərsizləşdirilməsi üçün əlverişlidir.
Operativlik-maksimal dərəcədə qısa müddətdə icra olunur, başa çatdıqdan sonra ciddi təmizləmə işləri tələb etmir.
Uzunmüddətli səmərə -zərərvericilərin təkrar sirayətlənməsinin qarşısını alır.
5.5. Fitosanitar karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi zamanı aşağıdakı amillər nəzərə alınır:
5.5.1. fitosanitar karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənmə dərəcəsi;
5.5.2. aşkar edilən zərərli orqanizmin növü;
5.5.3. zərərsizləşdirilməsi nəzərdə tutulan fitosanitar karantin nəzarətində olan materialların xüsusiyyətləri;
5.5.4. temperatur;
5.5.5. zərərsizləşdirmə üsulunun seçilməsi;
5.5.6. ekspozisiya (zərərsizləşdirmə müddəti).
5.6. Zərərsizləşdirmə tədbirlərindən əvvəl sirayətlənməni müəyyən etmək məqsədi ilə fitosanitar karantin nəzarətində olan materiallara fumiqasiya dəstəsinin üzvləri tərəfindən baxış keçirilir və nümunələr götürülür.
5.7. Sirayətlənməni müəyyən etmək məqsədi ilə götürülmüş nümunələr müayinə edilir və sirayətlənmə dəqiqləşdirilir.
5.8. Zərərsizləşdirilməsi nəzərdə tutulan fitosanitar karantin nəzarətində olan materialların xüsusiyyətləri, aşkar olunan zərərli orqanizmin növü, sirayətlənmə dərəcəsi və temperatur zərərsizləşdirmə üsulunun seçilməsi üçün vacib rol oynayır.
5.9. Temperatur zərərsizləşdirməyə təsir edən önəmli amildir.Tətbiq edilən fumiqantın dozası temperatur ilə tərs mütənasibdir
5.10. Ekspozisiya müddəti istifadə edilən zərərsizləşdirmə üsulunun növündən, preparatın dozasından, zərərsizləşdirilən fitosanitar karantin nəzarətində olan materialların xüsusiyyətlərindən, temperaturdan, qablaşdırma vəziyyətindən asılı olaraq dəyişir.
6. Karantin nəzarətində olan materialların fosfın tərkibli fumiqantlarla zərərsizləşdirilməsi.
6.1. Fosfin tərkibli preparatlarla zərərsizləşdirməyə temperatur 10 °C-dən az olmadıqda icazə verilir.
6.1. Fumqasiya üçün alüminium fosfıd və maqnezium fosfıd preparatlarından istifadə olunur.
6.3.. Fumiqasiya işlərində istifadə olunan fosfin tərkibli fumiqantın tətbiq norması, zərərvericilərin növündən, zərərsizləşdirilən materialın xüsusiyyətindən, temperaturdan, rütubətdən, hermetiklikdən və s. asılı olaraq 1,5-15 qr/ ton və ya 1m³ təşkil edir.
6.4. Fumiqasiya olunan yer və ya məhsul hermetikləşdirilir.
6.5. Hermetikləşdirmədən sonra (giriş qapısından başqa) maqtoksinin lentləri (qarmon şəklində açılmış) və lövhələrini anbara daxil edir, hermetik qablaşdırmadan çıxarır, bütün anbar boyunca döşəmədə məhsul qalaqlarının arasında bərabər düzürlər.
6.6. Preparatların dənələri və ya həblərini bütün otaq boyunca bərabər şəkildə döşəmə üzərində altlıqlarda bir qat olmaqla yerləşdirirlər.
6.7. Dənələr və ya həblərin düzülməsi üçün şüşə boşqablar, sintetik plyonka parçaları (ölçüsü 1 x 1 m) götürülür.
6.8. Müvafiq sayda həblər düzüldükdən sonra fumiqatorlar anbar otağından çıxarılır və anbar tam şəkildə hermetikləşdirilir.
6.9 İstifadə olunmuş preparatların boş taraları zəhərli-kimyəvi preparatlar anbarına göndərilir.
Dostları ilə paylaş: |