İstehsal mərhələsini əhatə etməsinə görə sənaye müəssisələri üç qrupa ayrılırlar: - məhsulun hazırlanmasının bir mərhələsini əhatə edən sənaye müəssisələri; belə müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, diyircəkli yastıq, reduktor, karbürator və s. bu kimi məmulatlar istehsal edən zavodları göstərmək olar;
- məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə edən sənaye müəssisələri; bu növ müəssisələrə əyirmə, toxuma və bəzəkvurma sexləri olan toxuculuq fabriklərini misal gətirmək olar;
- məhsulun hazırlanmasının bütün mərhələlərini əhatə edən sənaye müəssisələri; belə müəssisələrə misal olaraq avtomobil, traktor, soyuducu və s. bu kimi tamamlanmış məhsullar istehsal edən müəssisələri göstərmək olar.
İstehsalın təşkili tipinə görə sənaye müəssisələrinin üç tipi: kütləvi, seriyalı və fərdi tipləri olur:
- kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həmcins və istehsalı daima təkrarlanan məhsullar istehsal edilir;
- seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla buraxılır və onlar müəyyən dövrlərdən bir təkrarlanır;
- fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada və çox hallarda istehsalı təkrarlanmayan məhsullar istehsal edilir.
İstehsalın təşkili üsuluna görə fərdi, dəstəli və axınlı istehsal üsuluna malik olan sənaye müəssisələri fərqləndirilir. Axınlı istehsal üsulu istehsalın təşkilinin ən mütərəqqi üsullarından biridir. Axınlı üsulla təşkil edilmiş müəssisələrə misal olaraq maşınqayırma zavodlarını, metallurgiya və kimya kombinatlarını və s. göstərmək olar.
İstehsalın təşkilinin dəstəli üsulu məmulatların istehsala partiyalarla buraxılması, bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi, ixtisaslaşdırılmış avadanlıqla yanaşı universal avadanlıqdan da geniş istifadə olunması və s. əlamətlərlə xarakterizə olunur. Müəssisədə dəstəli istehsal üsulundan seriyalı və kiçik seriyalı istehsallarda istifadə edilir.
İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsinin və ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, unikal (nadir) avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur.
Mexanikləşdirilməsi və avtomatlaşdırılması dərəcəsinə görə sənaye müəssisələri üç növə: qismən mexanikləşdirilmiş sənaye müəssisələri; kompleks mexanikləşdirilmiş sənaye müəssisələri və avtomatlaşdırılmış sənaye müəssisələrinə bölünürlər.
Mülkiyyət mənsubiyyətinə görə sənaye müəssisələri dörd qrupa: dövlət, xüsusi, kollektiv və qarışıq mülkiyyətə əsaslanan sənaye müəssisələrinə bölünürlər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, firma və müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Firma və müəssisədə - qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq - məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin iqtisadi, sosial, maliyyə, texniki və s. məsələləri həll edilir.
Əvvəllər qeyd olunduğu kimi, istehsal firması ölkə iqtisadiyyatının əsası və bazarın subyekti olub, müəyyən mülkiyyət formasına, fərdi və ya kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və satan istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
İstehsal firması və müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin istehsal-texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları və hazırlanması texnologiyalarının oxşarlığı ilə şərtlənir. Bu, birincisi, istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdətlik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söykənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerji axınlarının kəmiyyət asılılığına və hər bir firma tərkibində nisbətən sabit məkan bağlılığına malik olurlar. Üçüncüsü, firmanın istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan köməkçi və xidmətedici bölmələrin mövcudluğuna və, əlbəttə, müəssisənin müəyyən əraziyə malik olmasına əsaslanır.
Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin, vahid nizamnamənin mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin nizamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi, təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tərəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.
İqtisadi vəhdətlik isə öz əksini firmanın qarşısında duran iqtisadi və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik material-enerji resurslarının və maliyyə və saitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə planında) təsbit edilir.
Firmanın hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaşma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarələr, həmçinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər.
Firma hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə üst-üstə düşməyən, müstəqil iradəyə və iştirakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır.
Firma onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır:
- təsisçilərin pul və maddi payları;
- məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlər;
- qiymətli kağızların satışından əldə edilən gəlirlər;
- bank kreditləri və digər kreditlər;
- kapital qoyuluşu və büdcədən dotasiyalar;
- hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər;
- digər mənbələrdən daxil olan vəsaitlər.
Firma və müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qərarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik prinsipinə cavab verməli, firma və ya müəssisənin fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır.
Firmanın istehsal-kommersiya fəaliyyətinin qarşısında duran məqsədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nəticələri özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə - fikrin məhdud mənasında - firma və müəssisənin yaradılmasının əsas məqsədi onun təsisçilərinin maddi maraqlandır, onların rifah halının yaxşılaşdınlmasıdır. Bu isə mənfəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, firmanın istehsal-kommersiya fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılmasına yönəldilir. Elə buna görə də mənfəətin maksimumlaşdırılması xüsusi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir».
Əsas məqsədlə əlaqədar firma və müəssisələrin qarşısında konkret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər:
- ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək;
- buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaşdırmaq və onun rəqabətqabiliyyətini artırmaq;
- innovasiya əsasında yeni növ məhsulların hazırlanmasını və mənimsənilməsini təmin etmək;
- əmək məhsuldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
- elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək;
- istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqtisadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək;
- müəssisənin rentabelli işləməsinə, material-enerji, əmək və maliyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınmasına nail olmaq;
- əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları realizə etmək və s.