Mövzu 6. FİRMANIN DÖVRİYYƏ VƏSAİTLƏRİ
6.1. Dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti və onların tərkibi
6.2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
6.3. Firmada dövriyyə vəsaitlərinin normalaşdırılması
6.4. Dövriyyə vəsaitlərinin dövretməsinin sürətləndirilməsi yolları
Dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti və onların tərkibi
İstehsalın maddi ünsürlərindən biri olan əmək predmetləri (xammal və əsas materiallar, yanacaq və elektrik enerjisi, kənardan alınmış yarımfabrıkatlar) əmək vasitələri ilə birlikdə məhsulun istehsalı prosesində bilavasitə iştirak edirlər.
Dövriyyə vəsaitləri, aktivləri firmanın əmlakı olub, dövriyyə fondları və tədavül fonlarının dəyər ifadəsində məcmusunu təşkil edir. bu pul vəsaitləri firmaya istehsal və anbarlarda ehtiyatlar yaratmaq, tədarükçülərlə, büdcə ilə hesablaşmaq, əmək haqqı ödəmək və i.a. lazımdır.
Dövriyyə vəsaitlərinin tərkibi dedikdə onu yaradan ünsürlərin məcmuu nəzərdə tutulur. Dövriyyə vəsaitlərinin istehsal dövriyyə fondları və tədavül fondlarına bölünməsi onun məhsul istehsalı və satışı sferasında istifadəsi və bölüşdürülməsi xüsusiyyətləri ilə təyin olunur.
Əmək predmetləri istehsal vasitələrinin tərkib hissəsindən biri olmaqla dəyər formasında dövriyyə fondları adlanır. Dövriyyə istehsal fondları elə istehsal vasitələrindən ibarətdir ki, onlar əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklində tamamilə istehlak olunur, həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və natural formalarını dəyişirlər.
Dövriyyə istehsal fondları istehsal olunan məhsul üzərinə öz dəyərlərini tamamilə keçirməklə yanaşı özlərinin fiziki-kimyəvi xüsusiyyətlərini də dəyişirlər.
Firmanın dövriyyə fondları özlərinin təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amillərin müxtəlifliyinə görə üç hissəyə bölünür:
İstehsal ehtiyatları – bu, istehsalçı firma tərəfindən alınmış, özünün əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və onun fasiləsizliyini təmin etmək məqsədi ilə həmin prosesə daxil olmağı gözləyən xammal, material, yanacaq və c.
Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar – bu, artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, istehsalı hələ başa çatdırılmamış hissə, bağlama və məmulatlar və habelə özünün istehsalı olan yarımfabrikatlardır.
Gələcək dövrün xərcləri – bu, dövriyyə fondlarının qeyri-maddi ünsürləri kimi yeni məhsulun layihələndirilməsi və nümunəsinin yaradılması, onun istehsalı üçün yeni texnologiyanın işlənməsi və tətbiqi ilə əlaqədar xərclərdir.
İstehsal prosesində əmək predmetləri natural əşya formasında istehlak olunduqlarına görə hər bir məhsul növünün fasiləsiz təkrar istehsalı üçün onlardan istehsalatda hər an və müəyyən miqdarda istifadə edilməsi imkanı təmin olunmalıdır. Buna o halda nail olmaq mümkündür ki, a) ya xammal və materiallar firmaya istehlak üçün hazır vəziyyətdə (istehsala dəqiq buraxılma sinxronluğu ilə) göndərilsin; b) ya da firmada xammal və materiallardan lazımi miqdarda ehtiyat yaradılmış olsun.
Ehtiyatların həcmi həm mütləq, həm də dəyər və həm də nisbi ölçülərdə hesablanıla bilər.
İstehsal ehtiyatlarının həcmi, habelə dəyər ölçüsü ilə qiymətləndirilir. Ehtiyatın mütləq həcminin, onu təşkil edən material vahidinin qiymətinə vurulması yolu ilə ehtiyatın dəyər ölçüsündə miqdarı tapılır.
Bitməmiş istehsal, qeyd olunduğu kimi, bir sıra əməliyyatlara məruz qalmış, lakin bəzilərindən hələ keçməmiş, istehsal prosesinin bütün mərhələlərindəki bitirilməmiş, tamamlanmamış «məhsulların» dəyəridir. Firmanın özünün istehsalı olan yarımfabrikatların dəyəri də bitməmiş istehsalın dəyərinə daxil edilir.
Gələcək dövrün xərcləri isə cari xərclər kimi nəzərdə tutulmuş və müasir dövrdə sərf olunan, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclərdir.
Firmanın dövriyyə fondları istehsal ehtiyatları, bitməmiş ictimai istehsal və özünün istehsalı olan yarımfabrikatlar, gələcək dövrün xərclərindən ibarətdir. Dövriyyə fondlarının quruluşuna gəlincə, onun təqribən 70 faizi istehsal ehtiyatlarının, 25 faizi bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatların və cəmisi 5 faizi isə gələcək dövrün xərclərinin payına düşür.
Dövriyyə fondları öz əşya tərkibinə görə sənayenin müxtəlif firmalarında texnologiyanın xüsusiyyəti və istehsalın təşkilinin xarakterinə görə formalaşır. Müvafiq olaraq dövriyyə fondlarının dəyər strukturu da fərqlənir.
Müxtəlif sənaye firmalarında dövriyyə fondlarının ümumi dəyərində bitməmiş istehsalın payı da müxtəlif olur. Bu fərq istehsal tsikllərinin müxtəlif orta davamiyyəti, istehsalın fasiləli və fasiləsizliyi, avadanlıqların növbəlilik əmsalı, istehsal tipi, əmək prosesinə təbii amillərin təsiri ilə və başqa amillərlə əlaqədardır.
Dövriyyə fondları istehsal prosesində istehlak olunmaqla hazır məhsula, sonuncu isə realizə edilərək firmanın pul vəsaitinə çevrilir. Məhsul satışında əldə olunan pul vəsaiti firmanın əvvəlki mərhələdə dövriyyə fondlarına sərf etdiyi pul vəsaitindən mənfəətin kütləsi qədər çox olur. Bu prosesin ahəngdar getməsi üçün yeni tədavül və istehsal mərhələlərinin ardıcıllıqla birindən digərinə «keçidi» tədavül fondları vasitəsilə mümkün olur. Tədavül fondları tədavül sferasına xidmət etməklə firmanın anbarındakı hazır məhsuldan, yola salınmış, lakin haqqı ödənilməmiş əmtəənin dəyərindən, hesablaşmalardakı və bankların cari hesablarında olan pul vəsaitlərindən və debitor borclarından ibarət olur.
Dövriyyə vəsaitlərinin tərkibi və təsnifatı şəkil 6.1-də verilmişdir.
Qeyd etmək lazımdır ki, dövriyyə vəsaitləri normalaşdırılan və normalaşdırılmayan qruplara bölünür.
Normalaşdırılan dövriyyə vəsaitlərinə dövriyyə fondları və anbardakı hazır məhsul daxildir. Tədavül fondlarının qalan ünsürlərini normalaşdırmaq imkan xaricində olur.
Dövriyyə vəsaitləri daim hərəkətdə olur. Dövretmə prosesində onlar üç mərhələdən keçirlər: pul, məhsullar və əmtəə. Təsərrüfat subyektlərinin dövriyyə vəsaitləri eyni vaxtda bütün mərhələlərdə olur. Bu isə istehsalın fasiləsizliyini təmin edir.
Şək. 6.1. Dövriyyə vəsaitlərinin tərkibi və təsnifatı
Dövriyyə vəsaitlərini bir sıra əmtəələrə görə qruplaşdırmaq olar:
funksional təyinatına görə – istehsal dövriyyə fondları;
istehsalda roluna görə – istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri, hazır məhsul, pul vəsaitləri və hesablarda vəsaitlər;
təşkil prinsipinə görə – normalaşdırılan və – normalaşdırılmayan;
formalaşdırma mənbələrinə görə – xüsusi və borc vəsaitlər.
Dövriyyə vəsaitlərinin dövretmə sürətlərinin müxtəlifliyi onların quruluşunun fərqlənməsini şərtləndirir.
Dövriyyə vəsaitlərinin ayrı-ayrı elementlərinin ümumi həcmdə faizlə xüsusi çəkisinə onun quruluşu deyilir. Dövriyyə vəsaitlərinin tərkibində istehsal dövriyyə fondları təxminən 2/3 hissəni, tədavül fondları isə 1/3 təşkil edir.
Bazar iqtisadiyyatı şəraitinin başlıca vəzifələrindən biri resurslara qənaət prinsipi əsasında istehsalın intensivləşdirilməsidir. Qənaət rejiminin əsasını əmək əşyalarına qənaət təşkil edir.
Dostları ilə paylaş: |