İstehsal prosesində yüzlərlə müxtəlif xammal, material, dəstləşdirici məmulatlardan, müxtəlif avadanlıqlardan və alət növlərindən istifadə edilir və çox sayda müxtəlif texnoloji əməliyyatlar yerinə yetirilir. Bununla əlaqədar olaraq istehsalın faktiki məsrəflərinin uçotu və maya dəyəri üzrə tərtib edilən planı əsaslandırmaq üçün bu məsrəfləri qruplaşdırmaq lazım gəlir.
Qeyd etmək lazımdır ki, firma miqyasında xərclər üç əsas növə bölünür:
Məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərclər – məhsulun satışından əldə olunan vəsait hesabına ödənilir.
İstehsalın genişləndirilməsi və yeniləşdirilməsi ilə əlaqədar olan xərclər, yəni iqtisadi məzmununa görə birdəfəlik xərclər əsaslı vəsait qoyuluşudur.
Firmanın qeyri-istehsal ehtiyaclarına çəkilən xərclər. Bu xərclər firmanın mənfəəti hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 saylı qərarı ilə təsdiq olunmuş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında» Əsasnaməyə görə məhsul üzrə istehsal xərcləri vergiqoyma məqsədi ilə müvafiq normativ aktlarla təsdiq edilmiş limitlər, normalar və normativlər əsasında müəyyənləşdirilir.
Maya dəyərinin hesablanması məqsədindən asılı olaraq məsrəflər iqtisadi elementləri kalkulyasiya xərc maddələrinə görə təsnifləşdirilir.
Məsrəflər iqtisadi elementlərinə görə məhsul istehsalı və satışı planının yerinə yetirilməsi üçün tələb edilən ümumi resursların həcmini dəyər ifadəsində əks etdirməyə imkan verir. İstehsal məsrəfləri iqtisadi elementlər üzrə aşağıdakı kimi qruplaşdırılır:
Material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla);
Əməyin ödənilməsi məsrəfləri;
Sosial sığorta ayırmaları;
Əsas fondların amortizasiyası;
Sair xərclər.
Məsrəflərin göstərilən təsnifatı bütün firmalar üçün vahiddir, məcburidir və istehsal xərcləri smetasının tərtibi üçün əsasdır.
İqtisadi elementlər üzrə məsrəflər onların harada yaranması nəzərə alınmadan qruplaşdırılır və ayrı-ayrı məhsul növlərinin istehsalı ilə əlaqəli deyildir. Belə ki, «material xərcləri» istehsal planının yerinə yetirilməsi üçün lazım olan xammal və materialların dəyəri, texnoloji məqsədlər və cari təmir üçün lazım olan materialların dəyəri, avadanlığın təmiri üçün ehtiyat hissələrinin dəyəri, aşınma nəticəsində sıradan çıxan alətlərin, tərtibatların, azqiymətli və tez xarab olan əşyaların dəyəri, firmanın həm texnoloji, həm də təsərrüfat ehtiyacları üçün istifadə olunan bütün növ yanacaq və enerjinin alınması üçün istifadə olunan bütün növ yanacaq və enerjinin alınması üçün məsrəflər daxildir.
Əməyin ödənilməsi məsrəflərinə firmada çalışan istehsal və köməkçi fəhlələrin, mühəndis-texniki işçilərin, qulluqçuların və digər kateqoriyalardan olan işçilərin bütün növ əmək haqları daxildir.
«Sosial sığorta ayırmaları» qanunvericilikdə nəzərdə tutulmuş normalarla işçilərə hesablanan əmək ödənişlərinin ümumi məbləğinə mütənasib olaraq hesablanan Dövlət Sosial Sığorta Fonduna məcburi ayırmalar əks etdirilir.
«Əsas fondların amortizasiyası» istehsal əsas fondlarının balans dəyərinə görə qanunvericilikdə müəyyən edilmiş hədlərdən yüksək olmayan normalarla hesablanmış köhnəlmə məbləğləri daxildir.
«Sair xərclər» istehsalın hazırlanması və mənimsənilməsinə sərf edilən xərclər, istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar sair xərclər, ixtiralar və səmərələşdirici təkliflərlə əlaqədar və s. xərclər aiddir.
İstehsal məsrəflərinin iqtisadi elementlərə görə qruplaşdırılması firmanın təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun təşkili üçün çox əhəmiyyətlidir. O, firma və firmalar üzrə hər il istehsal məsrəflərinin məbləğini və ya smetasını, onların maddi və pul resurslarına, dövriyyə vəsaitlərinə olan tələbatını müəyyən etmək, maya dəyəri planını məhsulun istehsalı və satışı, əmək, maddi-texniki təminat və maliyyə planları ilə uzlaşdırmaq, maya dəyərinin quruluşunu və onun aşağı salınması yollarını göstərmək lazımdır.
Məsrəflərin iqtisadi ünsürlər üzrə təsnifatı maya dəyərinin quruluşunu təyin etməyə imkan verir. Maya dəyərinin quruluşu dedikdə, istehsal məsrəflərinə daxil olan məsrəflərin yekuna görə faizlə xüsusi çəkisi nəzərdə tutulur. Maya dəyərinin quruluşu cəmiyyət sahələrinin xüsusiyyətlərini, yəni onun texniki silahlanması, avtomatlaşdırılma səviyyəsini, məhsul buraxılışı həcmini, texnoloji proseslərin və istifadə olunan xammalın xarakterini əks etdirir. Maya dəyərində hansı məsrəf ünsürünün üstünlük təşkil etməsindən asılı olaraq materialtutumlu, yanacaqtutumlu, enerjitutumlu, fondtutumlu və əməktutumlu sahələr fərqləndirilir. Sənaye sahələrinin belə təsnifatı maya dəyərinin aşağı düşməsinin hansı istiqamətdə və hansı məsrəfin hesabına nail olunmasını əks etdirir.
Lakin firmada istehsal olunan hər hansı növ məhsul vahidinin maya dəyərinin hesablanması üçün məsrəflərin iqtisadi elementlərinə görə təsnifatından istifadə etmək mümkün deyildir. Məhsul vahidinin maya dəyərini hesablamaq üçün kalkulyasiya xərc maddələri üzrə təsnifat tətbiq edilir. Aşağıdakı nümunəvi qruplaşdırma tətbiq edilir:
1) Xammal və materiallar
Satın alınan yarımfabrikatlar, komplektləşdirici məmulatlar, kooperasiya əlaqəli firmaların xidmətləri
Qaytarılan tullantılar (çıxılır)
Texnoloji ehtiyaclara yanacaq və enerji;
İstehsal fəhlələrinin əsas əmək haqqı;
İstehsal fəhlələrinin əlavə əmək haqqı;
Sosial sığortaya ayırmalar;
Yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri;
Məqsədli təyinatlı alət və tərtibatların aşınması və s. xüsusi xərclər;
Avadanlığın saxlanılması və istismarı xərcləri;
Sex xərcləri;
Ümumzavod xərcləri;
Zay məhsul hesabına itkilər;
Sair istehsal xərcləri;
İstehsaldankənar xərclər.
1-11-ci xərc maddələrinin cəmi məhsulun sex maya dəyərini, 1-14-cü xərc maddələrinin cəmi isə məhsulun istehsal maya dəyərini təşkil edir. Məhsulun tam maya dəyərinə gəlincə, o, istehsal maya dəyərinə istehsaldankənar xərclərin, başqa sözlə, məhsulun satılması ilə əlaqədar xərclərin əlavə olunması ilə hesablanır.
Bazar iqtisadiyyatı şəraitində kiçik və orta firmalarda ixtisar olunmuş nomenklaturlu kalkulyasiya tətbiq oluna bilər.
Kalkulyasiya maddələri üzrə məsrəflərin qruplaşdırılması hər bir növ məhsulun maya dəyəri səviyyəsini müəyyən etməyə imkan verir. O, məsrəflərin yaranması yerini və onların təyinatını, məhsulun istehsalı, texnoloji prosesə, avadanlığa xidmət və habelə idarəetmə ilə bilavasitə əlaqədar məsrəfləri xarakterizə edir.
«Xammal və materiallar» maddəsinə istehsal olunan məhsulun substansiyasını təşkil edən və ya ən zəruri hissəsi olan xammal və material məsrəfləri daxildir. bu maddəyə həmçinin texnoloji məqsədlər üçün (əgər o, müstəqil maddə kimi ayrılmırsa) köməkçi material məsrəfləri də daxil edilir. Xammal və material məsrəflərindən qaytarılan tullantıların dəyəri çıxılır. Qaytarılan tullantılar yarandıqları istehsalda istifadəsi mümkün və qeyri-mümkün olan hissələrə ayrılır.
Qaytarılan və yarandıqları istehsalda istifadə edilən tullantılar məhsul istehsalı üçün firmanın özünə lazım olan tullantılardır. Qaytarılan, lakin yarandıqları istehsalda istifadə edilməsi mümkün olmayan tullantılar isə kənara satıla bilər.
«Satın alınan yarımfabrikatlar, komplektləşdirici məmulatlar, kooperasiya əlaqəli firmaların xidmətləri» maddəsinə kooperasiya qaydasında alınan yarımfabrikat, hissə, qovşaq və xidmətlər üzrə məsrəflər daxildir.
«Texnoloji ehtiyaclara yanacaq və enerji» maddəsinə bilavasitə məhsulun istehsalına sərf edilən bütün növ yanacaq və enerji üçün çəkilən xərclər daxil olunur.
«İstehsal fəhlələrinin əsas əmək haqqı» maddəsinə istehsal fəhlələrinin əsas əmək haqqı daxil edilir.
«İstehsal fəhlələrinin əlavə əmək haqqı» maddəsində isə istehsalda sərf olunmamış vaxt (boşdayanmalardan başqa) üçün qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı ödənişlər öz əksini tapır: növbəti və əlavə məzuniyyətlərin ödənilməsi, südəmər uşaqlı analara güzəşt saatlarının ödənilməsi və s.
«Sosial sığortaya ayırmalar» maddəsinə müəyyən edilmiş normalarla istehsal fəhlələrinin əsas və əlavə əmək haqqı məbləğindən Sosial Sığorta Fonduna ödəmələr daxildir.
«Yeni istehsalın hazırlanması və mənimsənilməsi xərcləri» maddəsi yeni istehsal, sex və aqreqatların mənimsənilməsi, yeni məhsul istehsalına və texnoloji proseslərin hazırlığı və mənimsənilməsi, yeni texnikanın yaradılması və mənimsənilməsi üçün mükafatlandırma fonduna ödəmələr və s. əlaqədar məsrəfləri əhatə edir.
«Məqsədli təyinatlı alət və tərtibatların aşınması və s. xüsusi xərclər» maddəsi yalnız konkret məmulatların istehsalı üçün istifadə edilən məqsədli alət və tərtibatların hazırlanması, alınması və təmiri üçün məsrəfləri nəzərə alır.
«Avadanlığın saxlanılması və istismarı xərcləri» maddəsinə istehsal və qaldırıcı nəqliyyat avadanlığının saxlanması, amortizasiyası, cari təmiri, habelə alət və tərtibatların bərpası üçün məsrəflər daxildir.
«Sex xərcləri» maddəsi sexin idarəetmə aparatının əmək haqqını; binaların, tikililərin və sex inventarlarının amortizasiyası, saxlanma və cari təmir xərclərini; sex xarakterli təcrübələr, tədqiqatlar, səmərələşdirmə və ixtiralar üçün xərcləri; sexdə əməyin mühafizəsi üzrə tədbirlər üçün çəkilən xərcləri; istehsalın idarə olunması və ona xidmət ilə əlaqədar olan sair xərcləri əhatə edir.
«Ümumzavod xərcləri» maddəsinə bütövlükdə firmanın idarə edilməsi və istehsalın təşkili ilə əlaqədar məsrəflər; zavod idarəsi işçilərinin əmək haqqı; xidməti ezamiyyə üçün xərclər; minik avtomobillərinin saxlanması xərcləri, idarə, mətbəə, poçt-teleqraf və telefon xərcləri; ümumzavod təyinatlı binaların, tikililərin və inventarların saxlanması və cari təmiri məsrəfləri; istehsal heyətinin səfərbər edilməsi və kadrların hazırlanması xərcləri; firmanın mühafizəsi xərcləri və s. daxildir.
«Zay məhsul hesabına itkilər» maddəsinə, adətən, faktiki itkilər, yəni tam zay məhsulun dəyəri və zay məhsulun yararlı hala salınması xərcləri aiddir. Qüsurun xarakterindən asılı olaraq zay məhsullar düzəldilən və düzəldilə bilməyən olur.
«Sair istehsal xərcləri» maddəsinə elmi-tədqiqat və təcrübə işləri üçün çəkilən xərclər; məhsulun təyinatlı xidməti və təmiri üzrə xərclər; göstərilən maddələrə aid olmayan başqa xərclər daxildir.
«İstehsaldankənar xərclər» maddəsində məhsulun satışı üzrə xərclər (kommersiya xərcləri); məhsulun qablaşdırılması, təyinat yerinə çatdırılması və boşaldılması işlərinə çəkilən xərclər nəzərdə tutulur.
Sex və ümumzavod xərcləri, bir qayda olaraq, istehsal fəhlələrinin əsas əmək haqqına və ya avadanlığın saxlanması və istismarı məsrəflərinin məbləğinə mütənasib olaraq məhsul vahidinin maya dəyərinə daxil edilir. «Avadanlığın saxlanması və istismarı xərcləri» smeta (normativ) stavkaları metoduna mütənasib olaraq məhsulun maya dəyərinə daxil olunur.
Tərkibinə görə xərcləri sadə və kompleks xərclərə ayırırlar. Sadə xərclər bir elementdən, məsələn, xammal və materiallar, satın alınan komplektləşdirici məmulatlar və yarımfabrikatlar, istehsal fəhlələrinin əsas əh, texnoloji məqsədlər üçün yanacaq və enerji və s. ibarət olur. Kompleks xərclər iqtisadi nöqteyi-nəzərdən müxtəlif olan elementlərdən ibarətdir. Kompleks xərc maddələrinə avadanlığın saxlanılması və istismarı xərcləri, sex xərcləri, ümumzavod xərcləri, zay məhsula görə itkilər və s. aid edilir.
İstehsal həcmindən asılılıq əlamətinə görə bütün məsrəflər müstəqim və qeyri-müstəqim (şərti-sabit) xərclərə bölünür. Şərti-dəyişən xərclərə istehsal həcmindən birbaşa asılı olan və istehsalın dəyişməsi ilə mütənasib dəyişən xərclərdir. Məsələn, əsas istehsal fəhlələrinin əmək haqqı, texnoloji ehtiyaclar üçün əsas materiallar, yanacaq, enerji və s. şərti-dəyişən xərclərdir.
Şərti-sabit xərclərin məbləği istehsal həcmindən asılı olaraq dəyişmir və ya cüzi dəyişir. Bu xərclərə istehsal binalarının saxlanması (binanın amortizasiyası, binaların qızdırılması və işıqlandırılması) xərcləri, sex və inzibati-idarə işçilərinin əmək haqqı, inzibati-təsərrüfat xərcləri aid edilə bilər.
Məhsulun fərdi və orta sahə maya dəyərini fərqləndirmək lazımdır.
Fərdi maya dəyəri sahənin müxtəlif firmalarında eyni olmayan istehsalın təşkili, mexanikləşdirmə və avtomatlaşdırma, ixtisaslaşdırma səviyyələrini əks etdirir. Fərdi maya dəyərinə konkret bir firmada istehsalı və satışı üçün çəkilmiş xərclər daxildir.
Sahə maya dəyəri isə orta hesabla sahə üzrə həmcins (eyni) məhsulun istehsalı və satışı üçün sərf olunmuş xərcləri əks etdirir. Bu göstərici sahənin firmaları üzrə fərdi maya dəyərlərinin orta çəkili kəmiyyəti kimi hesablanır.
Sənaye firmalarında birbaşa hesablama, normativ, hesabi-analitik və parametrik kalkulyasiya metodları tətbiq olunur.
Ən sadəsi və dəqiq olmayanı birbaşa hesablama metodudur. Bu metodla məhsul vahidinin maya dəyəri məsrəflərin ümumi məbləğini hazırlanmış məhsulun miqdarına bölməklə təyin olunur. bu isə yalnız bircinsli məhsul istehsal edən firmalarda mümkündür.
Normativ metod kütləvi istehsalın konkret məhsul vahidinə hər bir resursun faktiki məsrəflərinin dəyişməsinin dəqiq uçotu olam firmalarda tətbiq edilir. Bu metod əmək, material və maliyyə resurslarının norma və normativinə əsaslanır.
Ən dəqiq və təkmil metod məhsulun dəyərinin təyininin hesabi-analitik metodudur. Bu metodda ilk növbədə istehsalın vəziyyəti təhlil olunur, onda mümkün olan dəyişmələr öyrənilir. Maya dəyərinə təsir edən amillər öyrənilir.
Birtipli, lakin keyfiyyətcə müxtəlif məmulatların maya dəyərinin kalkulyasiya edilməsində parametrik metod tətbiq olunur. Bu metodun mahiyyəti istehsal məsrəflərinin dəyişməsi ilə məhsulun keyfiyyət xarakteristikaları arasında asılılığın müəyyən edilməsidir.