MÖVZU.
İBTİDAİ-İCMA CƏMİYYƏTİNDƏ CİNSİ
ROL MÜNASİBƏTLƏRİNİN TƏŞƏKKÜLÜ
1. Qadın və kişilər arasında sosial rolların bölüşdürülməsi
2. Kişi rolunun artması
3. Cinsi rol münasibətlərinin demoqrafik problemləri
4. İbtidai–icma cəmiyyətində cinsi rol münasibətləri haqqında E.Taylorun təkamül nəzəriyyəsi
Qadın və kişilər arasında sosial rolların bölüşdürülməsi
Eramızdan 30 min il əvvəl, yazılı tarixin başlanğıcında, cinslərarası münasibətlər barədə məlumat
olduqca azdır. Yəqin ki, ilk zamanlar kişi və qadın arasında cinsi münasibətlərin əsas forması
promiskuitet (nizamsız cinsi əlaqələr) olub və, insanlar, hər yerdə mağaralarda yerləşməyə başlayanda
(təxminən 250 min il əvvəl), daha sıx «ailə» əlaqələri inkişaf etməyə başladı.
İbtidai insanların həyatı olduqca çevik idi. Bu, bir o qədər onların istəyindən deyil, nə qədər ki,
zərurətdən irəli gəlirdi. İbtidai insanlar, öz əcdadlarının ərazi instinktlərinə varis olsalar da, onların ağlı
həmin instinktləri artıq üstələyirdi. İqlim dəyişən zaman, məskun edilmiş ərazidə həyat şəraiti o qədər
dözülməz olurdu ki, bu, insanı yeni torpaqlara köçməyə məcbur edirdi. Bəzən o, yeni ərazi uğrunda yerli
əhali ilə mübarizəyə girməyə də məcbur olurdu. Və bu mübarizədə insanlar qəbilələrə birləşməli
olurdular.
Mağara həyatı surən insanlar, müəyyən qaydalara riayət etməyə məcbur idi. Adətən insanlar kiçik
mağaralarda qrup halında yerləşirdilər. Açıq havadakı həyatdan mağaranın daş divarları arasındakı
fiziki və psixoloji məhdudiyyətlərə keçid müəyyən sosial dəyişikliklərə – tədrici iyerarxiya
təbəqələşməsinə gətirib çıxarmaya bilməzdi. Bu təbəqələşmə hətta insanın yeri ilə – oda yaxın və ya uzaq
yerləşməsi ilə də diktə edilirdi. Didişmə və hakimiyyət uğrunda mübarizə labüd şəkil alırdı və yəqin ki,
məhz bu mərhələdə «ailə» ideyası həyata keçirilməyə başlandı.
Məlum olan tarixəqədərki ailə, qadın ətrafında cəmlənmişdi, çünki tayfaları bir-birindən
fərqləndirən yeganə cəhət ana xətti ilə olan qohumluq idi. Antropoloqların fikrincə, insan təkamülü
miqyasında nəslin davam etdirilməsində kişinin rolu çox gec aşkar edilmişdir – təxminən e.ə. X əsrdə.
Neolit dövrünün adamı ətraf aləm ilə «mən-sən» münasibətində olub. Müasir şəhər sakini onu
əhatə edən aləm haqqında «o» deyirsə, ibtidai insan təbiəti elə qəbul edirdi ki, ona daha çox «sən» deyə
müraciət edir, yəni onu, heyvanlar, quşlar, balıqlar və s. kimi özünün ayrılmaz hissəsinin olduğunu
hesab edirdi. Hətta insan, əmək alətləri hazırlamağı öyrənsə də, onun həyat tərzi dəyişilib təfəkkürü
inkişaf edəndən sonra da, o, özü ilə, əhatə edən heyvanlar aləmi arasında möhkəm əlaqələri saxladı. O,
öz primat əcdadlarına istiqamətlənirdi. Gələcək nəsillərə isə, paleolit dövrü başa çatdıqdan sonra
istiqamətlənməyə başladı. Əcdadlarından ona bir çox şey miras qalmışdı, lakin o heç vaxt bu barədə
fikirləşmirdi, çünki bütün bu şeylər heyvanlar aləminin nümayəndələri üçün olduğu kimi, onun üçün də
təbii idi. Əxlaq bir anlayış və hadisə kimi, ancaq sivilizasiyanın nisbətən aşağı pilləsində yarandı.
Atalığın iki səviyyəsi var – istimai və bioloji. İkinci səviyyə düzgün başa düşülməsə, birinci səviyyə
mövcud ola bilməz. Promiskuitet üstünlük edən cəmiyyətdə bu səviyyələr yox idi və gələcək nəslə görə
bütün məsuliyyət qadının üzərinə düşürdü. Qadın ilə kişi arasında, yaxud bir kişi və bir neçə qadın
arasında sabit əlaqə yaranan yerdə atalığın ictimai səviyyəsi avtomatik olaraq yaranır. Paleolit dövrünün
kişisi ictimai səviyyədə atalıq borcunu öz çiyinləri üzərinə götürməyə, bəyəndiyi qadının uşaqları üçün
rəhbər, məsləhətçi və köməkçi olmağa tam hazır idi. Buna baxmayaraq, kişi qadına olan münasibətində
əlavə psixoloji rol oynayırdı. Nəslin artırılması uğrunda mübarizədə kişi, köməkçi vasitədən başqa bir
şey deyildi.
İnsanların daha çox yayılmış birlik növü, xüsusilə də paleolit dövrünün sonunda, ovçuluq, bitki və
meyvə yığmaqla məşğul olan tayfalar idi. Bu tayfalar ətraf aləmdə olan bütün nemətlərdən istifadə
edirdilər. Onlar daimi olaraq mağaralarda yaşayır, lakin yay aylarında xırda heyvanlar – maral, qoyun və
keçilər – yüksək dağ yaylaqlara gedəndə, onların dalınca həmin yaylaqlara köçürdülər.
Paleolit dövründə əməyin bölgüsünə dair nöqteyi-nəzərləri ümumiləşdirərək, demək olar ki, kişi
ovçuluq, qadın isə meyvə yığmaqla məşğul olurdu. Arabir qadının kişidən heç də pis ovçuluq bacarığına
malik olmamasının xeyrinə arqumentlər gətirilir. Prinsip etibarilə cavan və sağlam qadının cavan və
sağlam kişi ilə eyni güclə ovçuluq edə bilməməsi üçün heç bir səbəb yox idi. Lakin iş ondadır ki, uşağı
əmizdirən, xüsusən də hamilə qadın ov zamanı heyvanları uzun müddət izləyib tapmaq iqtidarında
deyildi, çünki bu cür məşğuliyyət onun yaşayış yerindən uzunmüddətli uzaqlaşmasını, iqlimin sərt, ov
quşlarının sayı məhdud olduqda isə, əla idman formasında olmasını tələb edirdi. Belə qadınların
əkinçilik işlərində iştirak etmələri üçün real problemlər yox idi, çünki, birincisi, bu işlərlə məşğul olan
qadın uzun müddətə yaşayış yerindən uzaqlaşmırdı, ikincisi isə, çöl işləri zamanı uşağa süd verən bir
neçə qadın bir-birini əvəz edə bilirdi.
Genetik araşdırmalara əsaslanaraq, fərz etmək olar ki, kişilərin ovçuluq sahəsində ixtisaslaşması
təxminən milyon il bundan əvvəl baş vermişdi. Müasir kişi fəzada oriyentasiya (görmə, gördüyünü
dərketmə və ağılda saxlama qabiliyyəti) ilə bağlı testlərdə daha yaxşı nəticələr göstərir. Alimlər
tərəfindən müəyyən olunmuşdur ki, adı çəkilən qabiliyyətlərlə ovçuluq məharəti (məsafənin
qiymətləndirilməsi və atışın dəqiqliyi daxil olmaqla) arasında əlaqə mövcuddur. Bu qabiliyyət genetik
olaraq cinslə bağlıdır və buna görə qadınlarla müqayisədə kişilərin malik olduğu müəyyən üstünlüyə
əsaslanır. Qadınlar tərəfindən tayfanın qida ilə təmin edilməsi – bitkilərin, meyvələrin yığılması, quru və
suyun xırda heyvanlarının ovlanması – onların məsafəni qiymətləndirmək və silah atmaq
bacarıqlarından asılı deyildi. Digər tərəfdən, müəyyən edilmişdir ki, alaqaranlıqda qadınlar kişilərdən
daha yaxşı görür və daha yaxşı eşitmə qabiliyyətinə malikdirlər – bu qabiliyyətlər xırda heyvanları
pusmaq, yeməyə yararlı bitkiləri və meyvələri tapmaq üçün demək olar ki, zəruri idi.
«Ov etmək, yaxud bitki və meyvələri yığmaq?» sualı, məğzinə görə gündəlik həyatla bağlıdır. Axı,
ovçu tayfalarının həyatı onların ovladığı heyvanlardan və, müvafiq olaraq, ovçunun məharətindən tam
asılı idi. Tayfanın yaşaması ovçulardan asılı olduğuna görə, həyat onların ətrafında cəmləşirdi, və hətta
dövran dəyişdikdən və ovçuluq əvvəlki əhəmiyyətini itirdikdən sonra da tayfadakı köhnə münasibətlər
saxlanıldı – kişi statusu üstünlük təşkil edirdi.
Həm ovçuluq, həm də bitki və meyvələrin yığılması ilə məşğul olan tayfalarda işlərin gedişatı
başqa cür idi. Mülayim iqlimdə yaşayan qadın, kişi əldə etdiyi qədər qida toplaya bilirdi və buna görə
cinslər arasında müəyyən tarizlıq saxlanılırdı. Lakin ovçu kişinin maldara çevrilməsi, qadının isə bitki və
meyvə yığılmasından əkinçiliyə keçməsi labüd idi. Və bu cür dəyişiklik kişi və qadın münasibətlərinin
bütün gələcək xarakteristikalarına çox güclü təsir göstərdi.
Mağara həyatının yeniliyi, vaxtı ilə tayfanın daxili quruluşuna təsir etdiyi kimi, mağaraların təmin
etdiyi sabitlik, daha iri insan birliklərinin yaranmasına gətirib çıxartdı.
Soyuq iqlim şəraitində mağara həyatının inkişaf etməsi həmçinin o demək idi ki, insan daha böyük
heyvanları – mamontları, bizonları və s. ovlamalı olacaq. Belə böyük ölçülü heyvanı bir və ya iki nəfər,
hətta qadınların və yeniyetmələrin köməyi olduğu halda, öldürə bilməzdi. İri birliklərə ehtiyac yarandı.
Birgə səylər hesabına öz ərazisini qonşuların basqınlarından müdafiə etməyin daha asan olması da bu
işin vacibliyinə dəlavət edirdi.
Tarixçilər təsdiqləyirlər ki, məhz bu mərhələdə qonşu tayfalar arasında diplomatik danışıqlar
aparılmağa və ovçular ittifaqları yaranmağa başlandı. Bunun təbii nəticəsi ictimai birliklərin
formalaşması oldu; kiçik tayfalar birləşərək qəbilələri yaratdı. Baxmayaraq ki, hər bir tayfa müəyyən
dərəcədə müstəqil idi, ittifaqa daxil olan bütün tayfalarda eyni vərdişlər, oxşar təfəkkür və oxşar ənənələr
inkişaf edirdi. Birgə şənliklər və bayramlar keçirilirdi, məsələn, inisiasiya (yetkinlik yaşa girməsi)
mərasimi ilə yarışların bir-birini əvəz etməsindən ibarət olan kişinin yetkinlik yaşına daxil olmaq adəti.
Bu mərasim neçə əsrlər yaşadı.
Tayfalar arasında əlaqələrin inkişaf etməsinin nəticələrindən biri də cinslər arasında əlaqələr üçün
imkanların genişlənməsi oldu. Tarixçilər Yeni dövrün kral ailələrinin ənənələrini yada salaraq, israr
edirlər ki, tayfalararası nigahlardan siyasi ittifaqların möhkəmləndirilməsi üçün istifadə olunub, hətta bu
kontekstdə nigah sözü qəribə səslənsə də, bu, tamamilə mümkündür. Lakin tarixçilər iki dovşanı eyni
zamanda öldürməyə səy göstərərək, həmçinin tez-tez bildirirlər ki, belə nigahlar tayfadaxili cinsi
əlaqələrə qadağa qoyma yolu ilə alqışlanırdı və belə strategiya, ibtidai insanların inkişafını əhatə edən bir
neçə milyon il ərzində mövcud olan bir adətə – yaxın qohumlar arasında evlənməyə son qoydu.
İnsan cəmiyyətində tayfalararası əlaqələrin inkişafına qədər yaxın qohumlar arasında nigahlar
demək olar ki, labüd idi. Tarixdə elə bir uzun sürən dövrlər olub ki, bu dövrlərdə qırx-əlli nəfərdən ibarət
olan bir qrup bütün dünyadan təcrid olunmuş vəziyyətdə yaşaya bilib. Əgər insanlar bütün
dəyişikliklərə üyğunlaşaraq, mutasiya edə bilməsəydi, onda insan nəsli pleystotsenin sərt iqliminin
əziyyətlərinə dözə bilməzdi. İnsanlar sadəcə olaraq yaxın qohumlar arasında cinsi əlaqələrə müəyyən
qadağalar qoymalı idi, əks təqdirdə onlar yaşama qabiliyyətini itirə bilərdi.
İnsestə tabu qoyulmasının geniş yayılmasını nəzərə alaraq, fərz etmək olar ki, belə qadağa
əvvəldən insan təbiətində olub. Məhz insest dünyada birinci tabuiləşdirilmiş hadisə oldu. Tayfalararası
əlaqələr bir-biri ilə qohum olmayan insanlar arasında nigah bağlanmasını mümkün etdikdən sonra, belə
nigahlar qısa bir müddətdə geniş yayılmış hadisəyə çevrildi və neolit inqilabından əvvəlki 50 min il
ərzində bəşəriyyətin sürətlə inkişaf etməsi, daha çox onun intellektual və fiziki adaptasiya bacarığının
artırılması nəticəsində baş verdi.
Kişi rolunun artması
Təxminən 12 min il bundan əvvəl kişi və qadınlar bir çox fəaliyyət növlərinə yiyələnmişdilər: onlar
əmək alətləri və geyiminin necə düzəldilməsini bilir, ev tikməyi bacarırdılar. Lakin bu bacarıqlardan heç
biri onları, təbiətdən asılılıq vəziyyətindən azad edə bilmirdi. Onların bütün həyatı, onlar tam nəzarət
edə bilmədikləri sahə-qida ətrafında cəmləşmişdi. Lakin neolit dövrü insanın həyat tərzini tam
dəyişdirdi: bu, Yer kürəsinin müxtəlif yerlərində, müxtəlif vaxtda başlanmış ictimai inkişaf mərhələsi idi.
Asiyanın cənub-şərqində bu mərhələ təqribən e.ə. 9750-ci ildə, Yaxın Şərqdə təqribən e.ə. 8-ci minillikdə,
Meksikada e.ə.7-ci minilliyə yaxın, kontinental Avropanın şimal sahələrində e.ə. 5-ci minillikdən sonra,
Britaniya adalarında isə təqribən e.ə. 4-cü minillikdə başlanmışdır.
Neolit dövründə kişi və qadın əkinçi, maldar, dulusçu oldu. Onların itaət ettikləri allahların
heykəlləri qorunub saxlanılır; saxsı lövhəciklər, insanların həmin zamanda artıq yazı və hesab
bilmələrini, təqvim yaratdıqlarını, qanunları yaradaraq, onlara tabe olduqlarını, mövsüm mərasimlərinə
riayət etdiklərini təsdiq edir.
Təfəkkür və iqlim dəyişmələri arasında olan uyğunluq və harmoniya amili, burada böyük rol
oynamışdır. Təqribən e.ə. 11-ci minillikdə buzlaq şimal tərəfə çəkilməyə başladı və, nəticədə, Yaxın
Şərqdə qış-soyuq və rütubətli, yay isə isti və quru oldu. Tez yetişən yabanı otlar əvəzinə bunun üçün
daha çox vaxt tələb edən bitkilər yetişməyə başladı. Düzənlərdə yabanı buğda və arpa bitdi. Yabanı taxıl
dənləri tez töküldüyünə görə yalnız yetişmiş dənlər sünbüllərdə ikən onları iki-üç həftə ərzində yığa
bilən insanlar bol məhsul ala bilirdilər. Bunu əldə edə bilənlər bütün il ərzində kifayət qədər yemlə təmin
olunurdu. O vaxtlar hələ çarx icad edilməmiş və işlək heyvanlar əhlilləşdirilməmişdi. Məhz buna görə də
ailələr, tarlaları evin yanında salmaq əvəzinə, artıq istifadə olunan tarlalara daha yaxın olmaq üçün oraya
köçməli olurdular.
Alimlər hesab edirlər ki, məhz bu mərhələdə tarla ətrafında kəndlər yaranmağa başlandı, bunun
nəticələrindən biri də torpağın qüvvədən düşməsi problemi oldu. Bu problemi yalnız insanların könüllü
müdaxiləsi həll edə bilərdi. Tədricən qida əldə olunmasının köhnə sistemi – bitki və meyvələrin yığılması
– primitiv, lakin tamamilə şüurlu şəkildə idarə olunan əkinçiliklə əvəz olundu. Çox mühüm tarixi
kəşflərdən biri üçün neolit dövrünün qadınına minnətdar olmaq lazımdır – məhz o, əkinçiliyin inkişafı
üçün lazım olan biliklərə malik idi. İnsan əqli yeni və olduqca sərt intizama öyrəşməyə başlayırdı.
Qidanın əldə edilməsi üzərində insan nəzarətinin artırılması demək olar ki, dərhal yeni imkanların
açılmasına gətirib çıxartdı. Əkinçiliyin tətbiq edilməsi, maldarlığın da hər yerdə yayılması ilə nəticələndi.
İnsanları cəlb edən tarlalar, isti iqlimdə çox tez artmağa başlayan xırda heyvanları da cəlb etməyə başladı.
İnsana aydın oldu ki, heyvanları əhlilləşdirmək və axurda saxlamaq, tarlaları onlardan qorumaqdan daha
asandır.
Yüz min illər uzunu kişi, heyvanların vərdişlərini, qadın isə bitkilərin xüsusiyyətlərini öyrənirdi.
Sağlam düşüncə və irsiyyat, rolların bu cür bölünməsinə tərəf çıxırdı. Qadın, vaxtilə bitkilərin köklərini
qazıyıb çıxartmaq üçün istifadə etdiyi ağacı kərkiyə, sonralar isə kotana çevirdi. Kişi vəhşi heyvanlar
əvəzinə ev heyvanları ilə məşğul olmağa başladı və gördü ki, onlar bütün tayfanı ət, yun, dəri, piy və
südlə təmin edə bilir. Kişi rahatca sürüləri otarmağa başladı və onun xeyli boş vaxtı əmələ gəldi – o, artıq
ov mövsümünə əsaslı hazırlıq görmürdü, ov quşlarını tapmaq üçün günlərlə gəzməli olmurdu,
heyvanlarla çarpışmağa gücünü sərf etmirdi. Qadınlar işə gündəlik qidalanma haqqında həddindən artıq
fikirləşir və qayğı göstərirdilər. Onlar əkinçiliklə məşğul olur, yanacaq yığır və ev təsərrüfatını idarə
edirdilər, uşaq doğur və böyüdürdülər, dəyirman daşı ilə taxılı üyütmək kimi ağır, üzücü iş görürdülər.
Alimlərin fikrincə, neolit inqilabından yazılı tarixin əvvəllərinə qədər, yəni 7 min il ərzində, kəşflərin
çoxunun məhz kişilər tərəfindən edilməsinin əsas səbəbi – əmək bölgüsünün bü cür olması olub.
Yeddi min illik neolit dövrü ərzində kişi, tədricən, qadının cəmiyyətdə nisbətən bərabərhüquqlu
partnyorundan zülmkara və ağaya çevrildi. Bu işdə onun ev heyvanlarının qeydinə qalması öz rolunu
oynadı, işin belə gedişatına kişinin döüyşçü və müdafiəçi olması da öz təsirini göstərdi. Lakin bütün
məsələ məhz bundan ibarət olsaydı, onda neolit dövründə yaranmış kişi hökmranlığı heç bir vaxt bu
qədər davamlı, monolit və uzun müddətli olmazdı. Neolit dövründən çıxmış kişidə o qədər özünə
arxayınlıq hissi, ambisiya və nüfuz var idi ki,bunlar onun cəmiyyət üçün faydalılığına və işinin yaxşı
yerinə yetirilməsinin başa düşülməsinə əsaslana bilməzdi; bunlar ancaq, onun nəslin dünyaya
gəlməsində olan mühüm rolunun dərk edilməsinə əsaslanırdı. Və o vaxta qədər nigah adətlərinin necə
olmasından – monoqam, poliqam, çoxərlilik – asılı olmayaraq, qadının azadlığı kəskin şəkildə
məhdudlaşdırılmağa başlandı.
Beləliklə, nəslin dünyaya gəlməsində kişi öz rolunu e.ə. 10 min ildən tez olmayaraq (əkinçiliyin
inkişafı dövründə) dərk etdi və bu hadisə kişi şəxsiyyətinə çox böyük təsir göstərdi. Bundan başqa, neolit
inqilabı dövründə kişi öz əqlini müəyyən səbəblərdən texnoloji tərəqqiyə və yeni kəşflərə yönəltdi,
halbuki qadın həyat reallıqlarına bağlı qaldı. Belə vəziyyət davam etdikçə, cinslər arasında əhəmiyyətli
intellektual fərqlər yarandı. Neolit inqilabına qədər kişinin və qadının vəziyyəti nisbətən bərabər idi.
Lakin həmin inqilab müddətində kişi özünü təsdiqləmək üçün böyük imkanlar əldə edərək, özünün
qadından üstün olmasını yəqin etdi. Bəşəriyyət yazını öyrənib, tarixi hadisələri qələmə almağa
başlayanda, kişi artıq sahib idi.
Cinsi rol münasibətlərinin demoqrafik problemləri
10-cu minillikdə dünya əhalisinin sayı 3 milyona yaxın idi; 7 min il bundan sonra əhalinin sayı 100
milyona qədər çoxaldı. Həmin demoqrafik partlayış, kişinin, öz yeni atalıq nəzəriyyəsinin təcrübədən
keçirməsinin bilavasitə nəticəsi deyildi. Bu, qidanın keyfiyyətinin və kəmiyyətinin xeyli yaxşılaşmasının
nəticəsi olub. Neolit inqilabına təkan verən, sonra isə onun simasını müəyyənləşdirən qidanın
yaxşılaşması əhalinin sayının çoxalması üzərində nəzarətin həyata keçirilməsi zərurətini azaltmadı,
əksinə, əhalinin sayının artırılmasını arzu olunan amilə çevirdi. Ailədə uşaq çox olduqca, işçi qüvvəsi
artır və bir o qədər də məhsul çox və keyfiyyətli olurdu. Qidanın yaxşılaşması ona gətirib çıxartdı ki, diri
doğulan uşaqların sayı artır, körpə ölümü azalır, orta ömür uzunluğu artırdı.
İqlimin dəyişməsi əkinçiliyə əlverişli şərait yaradaraq, həyat keyfiyyətini təmin etməklə yanaşı
əvvəllər mümkün olmayan miqrasiyaya səbəb oldu: bu, könüllü kollektiv yerdəyişmələr idi. Neolit
dövrünün insanları başqa yerlərə köçür, yurd salır, köçəri həyat sürür, münasib olmayan yerlərdən daha
əlverişli yerlərə köçürdü, həmin münbit torpaqların əhalisi çox sıx olanda, əhalinin bir hissəsi oradan
gedərək, yeni torpaqları axtarıb tapırdı.
Neolit dövründə miqrasiya və ticarət xüsusən tayfılararası nigahların (tarixdə ilk dəfə olaraq) geniş
və davamlı yayılmasına təsir etdi. Bu dövrün sonunda genetik müxtəlifliyinin nəticələri bəşəriyyətin əldə
etdiyi qidanın yaxşılaşması və gələcəyə inam hissi ilə birlikdə təkcə əhalinin sayının çoxalmasına təsir
göstərmədi, bunlar insanlarda tamamilə yeni, fəal və dinamik keyfiyyətlərin yaranmasına səbəb oldu.
Qadınların sayı kişilərin sayından xeyli az idi. İbtidai insanların sümük qalıqlarının əsasında
alimlər belə bir nəticəyə gəlirlər ki, cinslər arasında say nisbəti üçdə iki kişilərin xeyrinə idi və kişi
ömrünün uzunluğu qadın ömrünün uzunluğundan təxminən 8 il artıq idi.
Qadınların uşağı dünyaya gətirmək dövrü nisbətən qısa idi. Neandertal adam dövründə (təqribən
70 min il əvvəl) yetkinliyə çatan hər on adamdan yalnız ikisi 30 yaşadək ömür sürməyə ümid bəsləyə
bilərdi. Təxminən 30 min il bundan əvvəl vəziyyət qısa müddətdə yaxşılaşdı və yüz nəfərdən 12-si 40
yaşadək yaşamaq şansını əldə etdi. Lakin sonra vəziyyət yenə pisləşdi və neandertal adamların yaşadığı
dövrdən də ağır oldu: 100 nəfərdən 86-sı 30 yaşa çatmamış ölürdü, sağ qalanlardan isə yalnız 5-i 40 yaşa
çatırdı. Beləliklə, qadının yetkinlik yaşına çatdığı dövrdən ölümünə qədər uşaq doğmasına orta hesabla
15–16 il ayrılırdı. Əhali artımı, bütün qeyd edilən amillərə uyğun olduğundan da aşağı idi. Burada bir
neçə səbəbi göstərmək olar, onlardan bəziləri obyektiv xarakter daşıyırdı. Yəqin ki, ən çox yayılmış ölüm
səbəbi – xəstəliklər idi. Əhalinin sayının artmasına ən böyük maneə həm də qida çatışmamazlığı və
təbiətin dağıdıcı qüvvələri qarşısında insanın aciz olması idi. Aclıq ölü uşaqların doğulmasına, qadınların
doğuş zamanı ölməsinə, eləcə də körpə uşaqlar arasında yüksək ölüm faizinə səbəb olurdu. Həmçinin
ehtimal olunur ki, insan ömrünün ilk iki ilində, qida çatışmamazlığı beynin inkişafına təsir edir, paleolit
dövründə isə aclıq yalnız ayrı-ayrı insanlara deyil, bütün bir qrupa toxunduğuna görə, bu, bütün
insanların nəinki fiziki, eləcə də intellektual inkişafını ləngidə bilərdi.
İbtidai insanlar demək olar ki, bütün bu məhrumiyyətlərə müqavimət göstərə bilmirdi və yəqin ki,
buna heç cəhd də etmirdilər. Axı qida çatışmayanda nə baş verə biləcəyini onlar yaxşı dərk edirdilər və
instinktiv olaraq (sosiobioloqların ifadəsinə görə «genetik olaraq») əmin olmaq istəyirdilər ki, tayfada
yeməklə təmin edilə biləcək saydan artıq adam olmasın.
Əhalinin süni azalmasının ən sadə və əyani üsulu – uşaqların öldürülməsi idi. Bir çox hallarda bu,
sözün əsl mənasında öldürülmə deyildi: körpəni sadəcə olaraq baxımsız qoyurdular və ya xəstə uşağı
müalicə etmirdilər. Bəzən uşaqları həqiqətən öldürürdülər. Uşaq qatilliyi zamanı adətən qızlar qurban
verilirdi, çünki qız bir müddətdən sonra böyüyəcək və özü nəsil verməyə başlayacaqdı. Beləliklə, tayfa
üçün nəinki qızın özü, həmçinin də onun potensial uşaqları da təhlükə yaradırdı. Bundan əlavə, ehtimal
olunurdu ki, oğlan döyüşdə həlak olaraq təbii yolla ölə bilərdi.
İbtidai-icma cəmiyyətində cinsi rol münasibətləri haqqında E.Taylorun təkamül nəzəriyyəsi
İngilis etnoqrafı və ibtidai mədəniyyət tədqiqatçısı, ser Edvard Bernett Taylor (1832-1917) Kral Elmi
Jəmiyyətinin (Britaniya Elmlər Akademiyasının) üzvü, Oksford Universitetinin antropologiya sahəsində
professoru, həmin universitetin nəzdində (Pitt – Riversdə) Etnoqrafiya muzeyinin yaradıcısı və mühafizi,
Böyük Britaniyanın İrlandiyadakı Antropologiya İnstitutunun prezidenti olub, elmdə müstəsna
xidmətlərinə görə zadəgan tituluna layiq görülmüşdür. Özünün «İbtidai mədəniyyət» (1871) adlı
əsərində, eləcə də «İnstitutların inkişafının tədqiqat metodu haqqında» (1889) məqaləsində E.Taylor
patrixətli (ata), matrixətli (ana) və ikili (ana-ata) mənşə hesabını araşdırıb, varisliyin müxtəlif formalarını
(məsələn, soyadını, mülkiyyəti, vəzifəni, hakimiyyəti) həmin bölmələrə uyğun təsnif etmişdir. O, sübut
etməyə çalışırdı ki, bəşəriyyət ana tipli cəmiyyətdən ata tipli cəmiyyətə doğru ardıcıl hərəkət edib. Əsas
material kimi, o, leviratı seçib, ona müraciət etmişdir. (Taylor levirat ilə dul qadınların varislik qaydaları
arasında fərq qoymurdu) Onun fikrincə, levirat «nigahın iki fərd arasında bağlanmış müqavilədən daha
çox, iki ailə arasında bağlanmış müqavilə olduğu bir dövrünə aid olan» əvəzedilmə adəti idi. Üç mərhələ
bir-birini dəyişdikcə, leviratın cəmiyyətdə yayılma dairəsi genişlənir. Ata-ana mərhələsində levirat,
oğulların dul analarından sonra varis olma adəti ilə yarışa girir. «Bu qrup adətlərin yayılmasını izləyərək,
müşahidə etmək olur ki, levirat prinsipi yalnız o mövqe ilə üst-üstə düşür ki, ata hüququ ana hüququnun
ardınca yaranır; levirat isə, dul qadınların varis olmaq hüququnu hətta, ata hüququ, ana hüququnu axıra
qədər əvəz etmədiyi zaman belə qəbul etməyinə səbəb olur.
Burada Taylor «təlxək hoqqası» adlandırdığı kuvalda (ağır çəkic) adətinə keçir. Bu adətə ana
mərhələsində rast gəlinmir. O, ana-ata mərhələsində aşkar olunur (bunu 20 misal təsdiq etmişdir), atalıq
mərhələsində isə köhnəliyin qalığına çevrilir. Teylor Bahofenlə o barədə razılaşır ki, kuvalda «insan
cəmiyyətinin dönüş nöqtəsinə aiddir: valideyn bağlılığı ana tərəfində qəbul olunmaqla yanaşı, ata
tərəfində də qəbul olunurdu; bunu hətta, atanın ana kimi düşünülməsi faktında görmək olar». Beləliklə,
kuvalda «cəmiyyətin ana mərhələsindən ata mərhələsinə keçməsi meylinin təsadüfi işarəsi yox, bu böyük
dəyişikliyin təsdiqidir».
Taylor, tarixi mərhələlərin tipoloji təsnifatında əks olunmasının sübutunu, ana mərhələsi üçün
səciyyəvi qalıqların olmamasında və ata mərhələsinə xas qalıqların mövcudluğunda görürdü. Ana və ya
ata sisteminə aid olan bu və ya digər adətlər qrupunun əlaməti – məskunlaşma tipidir. Ana sistemi və
matrilokallıq inkişaf etdiyi kimi, ata sistemi və patrilokallıq da inkişaf edir. Taylorun fikrincə,
məskunlaşma tipi kimi sadə bir faktda ata, yaxud ana sistemini formalaşdıran bu və ya digər adətlərin
əsas şərtləndirici səbəbini tapmaq olar.
Daha sonra Taylor «böyük sosial transformasiyanı» açıqlamaq üçün qızı qaçırtmaq yolu ilə nigaha
daxil olmaq adətini araşdırır. Adətləri öyrənilmiş 350 xalqdan 100-də qız qaçırtmaq yolu ilə nigahın üç
forması var: hücum nəticəsində qız-qaçırtma, mərasimlə bağlı qız qaçırtmaq və adi qızqaçırtma. «Deməli,
ana sisteminin dağılmasında və onun ata sistemi ilə əvəz olunmasında qız qaçırtmaq adətinin yolu sosial
inkişafın ciddi amili kimi nəzərə alınmalıdır».
Nəhayət, Taylor ekzoqamiya və qohumluğun təsnif sistemi məsələlərinə toxunur – onlara o, vahid
bir tamlığın hissələri kimi baxır. Onun rəyinə görə, qohumluğun təsnifatı bir-birini ər və arvadla təchiz
edən yalnız iki qrupa bölünmüş cəmiyyətdə ekzoqamiya adətindən irəli gəlir və beləliklə, krosskuzen
nigahı ilə bağlıdır. O, həmçinin güman edir ki, məhz bu, ekzoqamiyanın ilkin formasıdır. Taylor tərtib
etdiyi cədvəllərdə göstərir ki, ekzoqamiya ilə qohumluğun təsnifat sistemi arasında olan korrelyasiya,
statistik təsadüfilik həddindən xeyli artıqdır, krosskuzen nigahı ilə qohumluğun təsnifat sistemi
arasındakı korrelyasiya həmçinin «təsadüf»i sərhədləri keçir. Lakin bu, «törəmə yox, tamamilə oxşar
münasibətdir, çünki krosskuzen qaydası əslində ekzoqamiya qanununun yarımçılıq forması və ya
natamam təzahürüdür». Onun təssəvvürlərinə görə, ekzoqamiya siyasi funksiya, yaxud nigah
əlaqələrinin yaradılması vasitəsilə siyasi birliyin güclənməsi və genişlənməsi funksiyasını və beləliklə,
qəbilələr arasında əlaqələrin yaradılması funksiyasını yerinə yetirir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Matrilokal,
matrixətti və patrixətti cəmiyyətlərin tərifinin verilməsi və fərqlərinin göstərilməsi
2. İbtidai-icma cəmiyyətində sosial rolların paylanması
3. Demoqrafik
göstəricilərin cinsirol münasibətlərinə təsiri
4. Ç.Darvinin
təkamül nəzəriyyəsinin qender aspektləri
İş üsulları: diskusiya
ƏDƏBİYYAT
Abdullayev O. İctimai münasibətlər sistemi və adət-ənənələr. – B., 1996, s.187
Fərəcova F. Qender və mədəniyyət. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə kursu – B., 2002
Həbilov H. Azərbaycan etnoqrafiyası. – B., 1991
Məmmədova F. Azərbaycan tarixində qender aspekti. Qender: tarix, cəmiyyət, mədəniyyət. Mühazirə
kursu – B., 2002
Антологии исследования культуры. – СПб., 1997, Т. 1
Клайд Кей Мейбен Клакхон. Зеркало для человека. Введение в антропологию. – СПб., 1998
Крывелев И.А. История религий. Очерки в двух томах. – М., 1975
Леви-Брюль. Сверхжестественное в первобытном мышлении. – М., 1994
Леви-Стросс. Первобытное мышление. – М., 1994
Леви-Стросс. Структурная антропология. – М., 1985
Токарев С.А. Ранние формы религии. – М., 1990
Эванс-Причард Э. История антропологической мысли. – М., 2003
Эйзенштадт Ш. Революция и преобразование обществ. – М., 1999
Dostları ilə paylaş: |