MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ


ŞİFRƏ, ŞİFRƏLƏMƏ VƏ DEŞİFRƏLƏMƏ



Yüklə 18,48 Mb.
səhifə29/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası


ŞİFRƏ, ŞİFRƏLƏMƏ VƏ DEŞİFRƏLƏMƏ
Qeyd etmək lazımdır ki, “şifrə” sözü müxtəlif ədəbiyyatlarda, müxtəlif alimlər və bu sahədə mütəxəssis sayılan şəxslər arasında müxtəlif cür yozulur, müxtəlif məna daşıyır.

Məsələn, görkəmli rus alimi S.İ.Ojeqovun “Rus dilinin lüğəti” kitabında belə açıqlama verilmişdir: “Şifrə kitablarda, əlyazmalarında, sənədlərdə qeyd edilmiş şərti işarədir, gizli məktubların yazılması üçün şərti əlifbadır, inisiallardan (ad və ata adının baş hərfləri) tərtib olunmuş venzeldir (ad və soyadın baş hərflərinin bir-birinə keçirilərək qəşəng yazılışı), monoqrammadır”.

Deməli, şifrə dedikdə informasiyanın qeyri-qanuni istifadəçidən mühafizə məqsədi ilə qorunması üçün onun çevrilməsi üsulları və metodları başa düşülür.

Mütəxəssislər məlumatın şifrələnməsini şifrəmətn və ya kriptoqramma adlandırılar.



Şifrələmə müdafiə olunacaq informasiyaya şifrənin tətbiq olunma prosesidir. Bu zaman müdafiə olunacaq informasiya və ya açıq mətn kriptoqramın müəyyən qanunlarının köməyilə şifrələrdən ibarət olan şifrələnmiş informasiyaya çevrilir. Bu sahə ilə məşğul olan insanları adətən şifrəçi adlandırırlar.

Deşifrələmə şifrələməyə əks prosesdir. Burada şifrələnmiş məlumat və ya açıq mətn müəyyən qayda-qanuna əməl olunmaqla çevrilməyə məruz qalır. Şifrələnmiş məlumatdan istifadə edən qanuni istifadəçi şifrələnmiş məlumatı ona məlum olan üsulla şifrədən azad edə bilirsə, onu deşifrəçi adlandırırlar. Bu zaman əsas diqqət o məsələyə yönəldilir ki, deşifrələmə əməliyyatını ancaq o şəxs yerinə yetirməlidir ki, o məlumatın hansı şifrədən istifadə olunmaqla şifrələnməsini tutarlı səviyyədə bilir.

Heç kimə sirr deyil ki, bəzi hallarda mühafizə olunan informasiyaya onlara aid olmayan, onlardan gizli saxlanılan, onlar üçün əlçatmaz olan informasiyaya bəzi şəxslər əlyetənlik edir. Bu bağışlanmaz haldır.

Bəzi hallarda şifrələnmiş məlumatların şifrədən azad olması kiminsə ləzzət alma xatirinə, kiminsə kiməsə xoş gəlməsi üçün və s. həyata keçirilir. Elmi baxımdan bu prosesi deşifrələmə əməliyyatı saymaq düzgün deyil. Əməliyyat şifrənin qırılması və ya sındırılması, bu işləri yerinə yetirən insanları isə şifrə sındıranlar (və ya xakerlər) adlandırırlar.

Şifrənin aşkarlanması və ya sındırılması prosesi istifadə olunmuş şifrə haqqında heç bir məlumatı olmayan şəxsin müdafiə olunmuş məlumatdan ona lazım olan informasiyanı əldə etməsidir. Mütəxəssislər əməliyyatın uğurlu və uğursuz yerinə yetirilməsindən asılı olmayaraq şifrənin açılmasına edilən cəhdi şifrəyə olunan hücum adlandırırlar.

Sözsüz ki, bədəməlli insan müdafiə olunan məlumatı əldə etmək üçün digər üsullara da əl atır. Bu qanuna ziddir, həmin şəxslər müvafiq orqanlar tərəfindən aşkarlanaraq cəzalandırılmalıdırlar.


ŞİFRƏ İLƏ KOD ARASINDAKI FƏRQ
Qeyd etmək lazımdır ki, bir müddət əvvəllər “kod” və “şifrə”, “kodlama” və “şifrələmə” terminləri sinonim kimi istifadə olunurdu. Amma indiki zamanda bu yanaşma səhvdir. Kod ilə şifrə arasında fərq nədən ibarətdir? Bu fərqi söyləmək bir qədər çətindir, çünki, hər hansı bir koddan istifadə zamanı məlumat əvvəlcə onu rabitə kanalı vasitəsilə ötürünlər tərəfindən kodlanır. Əks tərəf isə alınmış informasiyanı koddan azad edir və lazımı məqsəd üçün istifadə edir. Eyni ilə informasiya şifrələnir və əks əməliyyat nəticəsində şifrədən azad edilir. Bütün hallarda kod ilə şifrə arsında fərq mövcuddur.

Kod dedikdə müəyyən məlumatın özünəməxsus çevrilməsi üçün əlçatan və başa düşülən formada şərti işarələrdən, üsullardan və metodlardan istifadə edilməklə ötürülməsi və əks olunması prosesi başa düşülür. Şifrələmə isə verilmiş üsullardan və metodlardan istifadə etməklə çevrilmiş informasiyanın icazəsi olmayan istifadəçidən müdafiə edilməsidir.

Hər iki anlamı müqayisə etdikdə aydın olur ki, kodlama və şifrələmə metodlar və üsullar vasitəsilə informasiyanın çevrilməsidir. Bu zaman əsas diqqət kod və şifrədən istifadə olunmaqla məlumatın nə məqsəd üçün çevrilməsinə yönəlməlidir. Belə baxımdan kodun və şifrənin arasında olan əsas fərq müəyyən olunur.

İstənilən kodun təyinatı şərti işarələrdən, nişanlardan, simvollardan və siqnallardan istifadə etməklə informasiyanın çevrilməsinə yönəldilir və onun hər hansı bir məlumatı formalaşdıraraq ötürməsi üçün müəyyən edilir. Belə informasiyaya nümunə kimi müəyyən olunmuş funksiyanı yerinə yetirə bilən kodlaşdırılmış məlumatlar mənbəyini göstərmək olar. Məsələn, yol hərəkətini nizamlayan nişanlar sürücüyə əlverişli şəkildə informasiyanı çatdırır. Bu zaman heç kimi fikirləşmir ki, bu informasiyanı sürücüdən başqa digərləri də əldə edə bilər.

Koddan fərqli olaraq şifrələmədə əsas məsələ çevrilmiş informasiyanın hamıya deyil, ancaq nəzərdə tutulmuş şəxsə mənsub olmasının həyata keçirilməsidir.

Bəzən belə hal yaranır ki, şifrələnmiş məlumat ancaq onu şifrələyən tərəfindən şifrədən azad olunur və sonrakı mərhələdə istifadə edilir. Məsələn, kompüter kriptoqrafiyasına müracət edənlər onlara gərəkli olan informasiyanı kanar şəxsin istifadə etməməsi üçün şifrələyir, kompüterin yaddaşında saxlayır və nə vaxtsa ona lazım olanda məlumatı deşifrə edərək öz məqsədi üçün istifadə edir.

Beləliklə, yerinə yetirilən əməliyyatların əsas məqsədi işarələrdən və siqnallardan istifadə etməkllə məlumatın həqiqi mənasını gizlətmək, pisəməlli şəxslərdən müdafiə etməkdir. Bu isə şifrələmə prosesinin mahiyyətidir.

Nəzərə almaq lazımdır ki, ilk baxışda şərti işarələr sistemi ilə tanış olan zaman bunun kod və ya şifrə olmasını müəyyən etmək o qədər də asan olmur. Məsələn, hər hansı bir dildə aparılan danışıqlar məlumat mübadiləsi üçün şifrə hesab oluna bilər. Əgər şəxs yazılmış məlumatın hansı dildə yazıldığını başa düşə bilmirsə, onu oxumaq və başa düşmək müşkül məsləyə çevriləcəkdir. Yaxud da, yapon dilini bilməyən şəxs Yaponiyada çap olunmuş jurnaldakı komikslərin nə məna daşıdığını anlaya bilməz. Amma yapon uşağı bunu asanlıqla başa düşür. Onun üçün çətinlik azərbaycan dilində çap olunmuş jurnalda olanları başa düşməsidir. Bu əsla onu sübut etmir ki, yapon və azərbaycan dilləri şifrə deyil. Əslində hər iki dili onları bilməyənlər üçün şifrə saymaq olar. Digər tərəfədən, yapon ieroqliflərindən və yaxud yapon dilində lüğətdən istifadə etməklə istənilən millətdən olan şəxs nəyəsə nail ola bilər.

Bəzən istifadəçi belə bir hadisə ilə rastlaşır: İlk baxışda azərbaycan dilində yazılmış mətn onun üçün sadə göründüyü halda, mətni diqqətlə araşdırdıqda onun şifrələnmiş məlumat olduğunu aşkarlayır.

Beləliklə, bir məqsəd üçün istifadə olunana başqa bir aspektdən yanaşdıqda, onun dəgər məqsəd üçün istifadə olunduğu aşkarlanır. Deməli, bir halda şifrələnmiş material digər halda kod kimi təklif oluna biləndir.


ŞİFRƏLƏR HAQQINDA ELM
Tarixə nəzər salsaq, görərik ki, şifrələrin yaradılması tək-bir şəxslərin, alimlərin, dövlət xadimlərinin, hərbiçilərin, diplomatların və s. yaratdıqlarından zövq almaq xatirinə yerinə yetirilmişdir. Sonralar şifrələrə təlabat ardıqca bu sahə özünəməxsus xüsusiyyətlərilə incəsənətin bir qoluna çevrilir. Əl ilə şifrələmə üsullarının yaşam dövrü qədim zamanlardan XX əsrin başlanğıcına kimi davam edir. XX əsrin əvvəllərindən başlayaraq ilk şifrələmə maşınlarının yaradılması ilə şifrələmə üsullarından istifadə etməklə müəyyən sahələrdə, əsasəndə riyaziyyat ilə bağlı məsələlər həll edilir, yeni-yeni şifrələmə maşınları ilə yanaşı istifadəçi üçün əlverişli olan şifrələmə metodları və üsulları da yaradılır, bir çox sahələrə tətbiq edilir. Və nəticədə şifrələr haqqında yeni elm sahəsi yaranır.
KRİPTOQRAFİYA, KRİPTOANALİZ

VƏ KRİPTOLOGİYA
Yeni elm sahəsinin əsas predmeti informasiyanın çevrilməsi üçün yararlı olan metodların və üsulların yaradılması və öyrənilməsinə yönəldildi. Əsas məsələ ondan ibarət idi ki, bu üsul və metodların hazırlanması elə bir forma almalıdır ki, şifrələnmiş informasiya düşmən əlində olsa da belə, onu deşifrə etmək problemə çevrilsin. Bu problemlər ilə məşğul olan elm sahəsi kriptoqrafiya adlanır.

Kriptoqrafiya – şifrələnmiş (çevrilmiş) informasiyanın bədəməlli insanlardan mühafizə olunması üçün istifadə edilən üsullar ilə məşğul olan elm sahəsidir. Başqa sözlə, kriptoqrafiya informasiyanın çevrilməsi üçün istifadə edilən metodların yaradılması və öyrənilməsi ilə məşğul olan elmdir. Kriptoqrafiya qeyri-qanuni istifadəçiyə imkan vermir ki, onun hansısa çirkin yolla əldə etdiyi şifrələnmiş informasıyanı şifrədən azad etsin və əldə etdiyi məlumatlardan yararlansın.

Mümkün şifrələri düşünüb tapan mütəxəssisləri kriptoqraflar adlandırırlar.

Kriptoqrafiya tətbiqi elmdir, əsaslı elmlərin, əsasəndə riyaziyyatın son nəaliyyətlərindən istifadə edir. Bununla yanaşı həll edilən bütün konkret məsələlər texnikanın və texnologiyanın inkişafından, həmçinin istifadə olunan rabitə vasitələrindən və informasiyanın ötürülmə üsulundan əhəmiyyətli dərəcədə asılıdır.

Kriptoqrafiyanın inkişafı digər elm sahələri kimi bir neçə mərhələ keçmişdir: kriptoqrafiya sənətkarlıq kimi, kriptoqrafiya incəsənət kimi və nəhayət kriptoqrafiya bir elm sahəsi kimi. Sözsüz ki, kriptoqrafiyanın tarixi çoxlu sayda dövlət, hərbi və diplomatik sirrlər ilə bağlıdır. Bu baxımdan onun keçdiyi yol əfsanələr dumanına bürünmüşdür.

Öndə qeyd edildi ki, kiminsə şifrələdiyi məlumatı digəri şifrədən azad edir. Şifrələyici ilə deşifrələyici arasında gedən mübarizə qədim zamanlardan indiyə kimi davam edir. Bunların nəticəsində şifrələmə və deşifrələmə üsullarını araşdıran elm sahəsi yaranmışdır. Elm sahəsi kriptoanaliz adlanır. Ədəbiyyatlarda qeydlər vardır ki, kriptoanaliz də krioqrafiyanın keçdiyi mərhələləri (yəni sənətkarlıqdan incəsənətə kimi) keçmişdir.

Kriptoanaliz – şifrələrin sındırılması üçün yararlı olan metodlar və üsullar haqqında elmdir. Kriptoanalizdə əsas məqsəd qeyri-qanuni istifadəçidən şifrələnmiş informasiyanı “qoparmaqdır”.

Deməli, özgəsinin şifrəsinə hücumu təşkil edən, şifrəni tapan və ya sındıran mütəxəssis kriptoanalitik adlanır.

Kriptoqrafiya ilə kriptoanaliz arasında qarşılıqlı münasibət aşkardır (göz qabağındadır). Əgər kriptoqrafiya mümkün qədər şifrələr yaratmaqla informasiyanı qeyri-qanuni istifadəçidən mühafizə edirsə, kriptoanalizin əsas məqsədi şifrələrin gizlədilməsi üçün üsullar və metodlar hazırlamaqdan ibarətdir. Beləliklə, iki elm sahəsi bir-birilə əlaqəlidir. Ədəbiyyatlarda qeyd edilir ki, kriptoanaliz üsullarını yaxşı bilməyən kriptoqraflar olmadığı kimi, kriptoqrafiyanı yaxşı bilməyən kriptoanalitiklər də yoxdur. Bu baxımdan son zamanlar “kriptoanaliz”“kriptoqrafiya” sözlərinin yerinə “kriptologiya” sözündən çox istifadə olunur. Nəzərə almaq lazımdır ki, kriptologiya sözü iki sözün birləşməsindən: “Kriptos” və “loqos” əmələ gəlmədir. Yunan dilindən tərcümə edildikdə “gizli” və “mülahizə” mənalarını daşıyır. Hələlik bu sahələr arasındakı əlaqəni mütəxəssislər müəyyənləşdirirlər. Digər tərəfdən onların fikirləri bu yönümdədir: kriptologiya iki qoldan (kriptoqrafiyadan və kriptoanalizdən) ibarət elm sahəsidir. Müasir mütəxəssislər kriptoanalizə kriptologiyanın bir sahəsi kimi baxırlar. Kriptoanaliz şifrələrin həm nəzəri, həm də ki, praktik baxımdan dayanıqlığını sübut etməklə yanaşı yoxlanması ilə məşğul olur.

Öndə yazılanları nəzərə almaqla demək olar ki, kriptologiya ancaq qanuni istifadəçinin informasiyanın çevrilməsinə yardımçı olan metodika və üsullardan istifadə etməsilə yanaşı şifrələrin qeyri-qanuni istifadəçi tərəfindən sındırılması ilə, həmçinin şifrələrin dayanaqlığının analizi ilə məşğul olur.

İndiki zamanda kompüter texnologiyasının günü-gündən təkmilləşdirilməsi nəticəsində kriptologiyanın kütləvi yayılması artmaqda davam edir. Bu baxımdan kriptoqrafiya hiss olnacaq dərəcədə geniş yayılmaqla yanaşı yenilənmişdir. Əgər əvvəllər kriptorqafiya elmi dildə desək, şifrələmə və deşifrələmə ilə məşğul olurdusa, indiki zamanda informasiyanın müdafiə edilməsi ilə bağlı məsələlərin həll olunması ilə məşğul olur. Belə məsələlərə nümunə kimi elektron rəqəmsal imzanın yaradılmasını, uzaqlaşdırılmış istifadəçinin identifikasiya metodlarının işlənib hazırlanmasını, elektron pul ödəmələri sisteminin yaradılmasını, seçki protokollarının və başqalarının yaradılması məsələlərini göstərmək olar.


ŞİFRƏNİN DAYANAQLIĞI. DAYANAQLIĞIN YOXLANMASI

Öndə qeyd edildi ki, hər hansı bir informasiyanı rabitə kanalı vasitəsilə ötürən zaman informasiyanın özünü deyil, onun şifrələrdən istifadə edilməklə şifrələnmiş forması kanal vasitəsilə ötürülür. Bu zaman informasiyaya marağı olan pisniyyətli insan onu əldə etmək istəsə, onda o şifrəyə “hücum”u təşkil etməli, onu ya sındırmalı, ya da ki, açmalıdır. Sözsüz ki, şifrələnmiş informasiyaya edilmiş hücumun uğurlu olması bir çox faktorlardan asılı olur. Bu asılılıq ilk növbədə şifrənin dayanaqlığından və ya etibarlılığından asılıdır.

Şifrənin dayanaqlığını mütəxəssislər şifrənin mümkün hücumlara qarşı dayanması ilə, daha doğrusu, onun sındırılmasına və ya açıqlanmasına edilən cəhdlərə qarşı müqavimət göstərməsi ilə qiymətləndirirlər. Sözsüz ki, şifrənin dayanaqlığı kriptoqrafiya üçün əsas sayılır. Bununla yanaşı hər hansısa şifrə üçün dayanaqlığı qiymətləndirmək indiki zamanda hiss olunacaq dərəcədə çətindir. Bu baxımdan bu sahənin mütəxəssisləri problemi həll etmək üçün kriptoanaliz sahəsində iki yolu seçirlər: nəzəri və praktiki.

Birincisi, şifrənin sındırılmasına çəkilən zəhmət kəmiyyətcə qiymətləndirilir, bu da nəzəri baxımdan şifrənin dayanaqlılığına uyğun müəyyənləşdirilir. Kriptoqrafiyada məsələnin həll edilməsi ehtimal nəzəriyyəsinə, riyazi statistikaya, məntiqə, ədədlər nəzəriyyəsinə və diskret riyaziyyata əsaslanan təkmilləşdirilmiş riyazi aparatdan istifadə edilir.

İkincisi, konkret şifrənin dayanaqlığı praktik baxımdan qiymətləndirilir. Bu məqsədlə şifrənin sındırılması üçün edilən bütün cəhdlər nəzərə alınır. Belə olan halda şifrənin dayanaqlığı əhəmiyyətli dərəcədə şifrəyə hücum edən kriptoanalitikin təsnifatından asılıdır. Yerinə yetirilən proseduru mütəxəssislər dayanaqlığın yoxlanması adlandırırlar. Dayanaqlığın yoxlanmasında əsas məsələ pisniyyətli insanın şifrəyə edəcəyi hücumların ehtimal olunma imkanlarının müəyyənləşdirilməsidir.

Dayanaqlıqla bağlı nəzəri üsullar yüksək ixtisaslı mütəxəssislər-riyaziyyatçılar tərəfindən hazırlanır. Bəzi hallarda məsələnin həllində istənilən şəxs də iştirak edə bilir. Bu zaman məsələnin həllində müəyyən ardıcıllığa riayət edilməlidir.



Birincisi, hansısa pisniyyətli insan tərəfindən şifrəyə ediləcək hücum təxmini müəyyən edilməlidir. Əsas fikir ona yönəlməlidir ki, pisniyyətli insan hücum zamanı nəyi nəzərdə tutur, hansı avadanlıqlardan istifadə edəcəkdir.

İkincisi, şifrəyə ediləcək hücumun səviyyəsini və xarakterini təxmini müəyyənləşdirmək üçün özünüzü həmin pisniyyətli insanın yerinə təsəvvür edin. Onun hansı üsulları və alqoritmi seçəcəyini qisməndə olsa müəyyənləşdirin. Bununla yanaşı pisniyyətli insanı qiymətləndirin, onun bacaraqsız olduğunu ön plana çəkməyin.

Üçüncüsü, düşünülmüş variantlardan ən yaxşısını seçin və seçilmişin köməyilə şifrəni sındırmağa çalışın.

Beləliklə, şifrəyə edilmiş hücum nəticəsində onun sındırılması asanlıqla həyata keçirilirsə, onda informasiyanın müdafiə edilməsində bu şifrədən istifadə etməyin.


ŞİFRƏNİN AÇILMASI ÜÇÜN YARARLI OLAN AÇAR
Təcrübə göstərir ki, şifrələr hazırlanarkən əsas məsələ onun dayanaqlığının artırılması ilə yanaşı istifadə olunma vaxtının artırılmasıdır, səbəb bundan istifadə edən istifadəçinin şifrədən istifadə etməklə çoxlu sayda məlumatları şifrələmə imkanın əldə olunmasına şəraitin yaradılmasıdır. Bəzən də elə alınır ki, qeyri-qanuni istifadəçi artıq şifrəni sındırmış, şifrələnmiş bütün məlumatları oxuyur, amma şifrələnmiş məlumatın sahibi bundan xəbərsizdir.

Vəziyyətdən çıxış yolunu kriptoqraflar şifrə elementinin dəyişməsində, daha doğrusu dəyişdirilə bilən kriptoqrafik açarın hazırlanmasında görürlər. Nəzərə almaq lazımdır ki, kriptoqrafik açarın funksiyası seyf və ya ev qapısının açarının funksiyası ilə eynidir.

Pisniyyətli insanın etdiyi əməlin qarşısını iki yolla almaq olar: ya şifrə tam dəyişməli, ya da ki, açar tez-tez dəyişməlidir. İkinci yol birinciyə nisbətən az effektlidir. Bəzi hallarda isə bu yola üstünlük verilir: açar tez-tez dəyişilir, amma şifrədən uzun müddət istifadə edilir.

Beləliklə, kriptoqrafik açar – bu konkret məlumatın şifrələnməsi üçün istifadə olunan xüsusi dəyişmə elementidir.

Müxtəlif açarlar və şifrələr qədım zamanlardan istifadə edilir. Bu açarlar və şifrələr haqqında dərs vəsaitinin növbəti bölmələrində müəyyən səviyyədə məlumatlar veriləcəkdir. Məlumatın şifrələnməsində açarın rolu çox böyükdür. Deməli, kriptoqrafik açarlar şifrənin əsas elementi sayılır, əhəmiyyəti isə şifrə ilə eyni səviyyəli hesab edilir. Açarların hazırlanması ilə xüsusi xidmət növü – kriptoqrafik xidmət məşqul olur.

Açar seçilən zaman istifadəçi iki momenti nəzərdə saxlamalıdır.



Birincisi, açarın təsadüf nərticəsində tapılması. Üsul sadə olsada, ehtimalı çox azdır. Təcrübə göstərir ki, bir çox insan asan yadda qalan açarlardan istifadə edir. Onlar soyadlarından, adlarından, yaxınlarının adlarından, hətta tanınmış şəxsiyyətlərin adlarından istifadə etməklə açarlar yaradırlar. Açarın yaradılmasına belə yanaşma pisniyyətli insan üçün perspektivlər açır.

İkincisi, pisniyyətli insan açarı tapana qədər açarlar çoxluğunu bir-bir yoxlayır. Məsələn, bədəməlli insan açarın yeddi hərfdən ibarət olduğunu bilirsə, o pis əməlini həyata keçirmək üçün lüğətə, ensiklopediyaya və s. müraciət edəcək, nəticədə açarı tapmış olacaqdır. Sözsüz ki, bu cansıxıcı işdir, amma bədəməlli insan bundan ləzzət alır.

Beləliklı, istifadə etdiyimiz fərdi kompüterlərin günü-gündən təkmilləşdirilməsini nəzərə alsaq əmin ola bilərik ki, şifrənin sındırılmasına və açarın tapılmasına marağı olan pisniyyətli insanlar öz məqsədlərinə haçansa nail olacaqlar.


ŞİFRƏNİN SEÇİLMƏSİ
Uzun illərdir ki, mütəxəssislər mütləq dayanaqlı şifrənin yaradılması uğrunda mübarizə aparırlar və buna müəyyən səviyyədə nail olurlar.

Ədəbiyyatlarda qeyd edilir ki, kibernetikanın “atası” Norbert Viner (26 noyabr 1894-cü il, Kolumbiya - 18 mart 1964-cü il, Stokholm) belə bir fikiri irəli sürmüşdür: Əgər pisniyyətli insan şifrəni açmağa cəhd eləsə və o lazım olan informasiyanı əldə etməyi qarşısında məqsəd qoysa, bunun üçün o gücdən, zamandan və müəyyən dəyərə malik avadanlıqdan istifadə etməlidir. Deməli elə şifrə yaratmaq mümkün deyil ki, insan ömrü boyu ondan istifadə edə bilsin.

İndiki zamanda müdafiə olunan informasiya müxtəlif növlüdür. Məsələn, nümunə kimi sənəd və ya mətn tipli, kompüter, telefon və digər tipli informasiyaları göstərmək olar. Hər bir növ özünəməxsus xüsusiyyətə malikdir, bu da şifrələmə metodunun seçilməsinə təsir göstərir.

Şifrə seçilən zaman şifrənin həcmi və rabitə kanalı vasitəsilə ötürülmə sürəti şifrənin seçilməsinə hiss olunacaq təsir edir. Şifrənin seçilməsi mətnin dəyərindən, qiymətli olmasından və xarakterindən asılıdır. Məsələn, dövlət, diplomatik, hərbi və sənaye xarakterli məlumatlar lazımı səviyyədə şifrələnməlidir, çünki onlar uzun müddət ərzində gizli saxlanılır, dövlət əhəmiyyətlidirlər. Və yaxud, elə informasiyalar vardır ki, onların məxfilik dövrü bir neçə saat təşkil edir.

Şifrə seçilən zaman onu sındırmağa qadir olan pisniyyətli insanda qiymətləndirilməlidir. Odur ki, şifrələnmiş məlumatı əldə etmək üçün mütəxəssisə müraciət etmək daha düzgündür.

İstifadəçi məlumatı şifrələyən zaman onun dəyərini və şifrələnməsi üçün çəkilən xərci də nəzərə almalıdır. Çünki, bir çox hallarda məlumatın şifrələnməsi yüksək xərc tələb edir. Bura şifrələnmiş məlumatın əldə edilməsi üçün pisniyyətli insanın çəkdiyi xərcləri də aid etmək olar. Bu baxımdan məlumatı şifrələyəcək təşkilat bütün bunları nəzərə almalı, informasiyanın şifrələnməsinə və pisniyyətli insanın şifrəni sındırmasına çəkilən bütün xərcləri nəzərə almaqla hesablamalıdır.

Beləliklə, informasiyanın mühafizə edilməsi üçün şifrənin seçilməsi, hətta onun sındırılması maliyyə baxımından araşdırılmalı, sonra isə lazımı qərarlar qəbul edilməlidir.
KLASSİK ŞİFRƏLƏR
İndiki zamanda insanın həyat fəaliyyət dairəsində istifadə edilən bütün mümkün sayda olan şifrələri (həmçinin şifrələmə üsullarını) praktiki baxımdan saymaq mümkün deyil. Digər tərəfdən istifadə edilən şifrələmə alqoritmlərindən asılı olaraq şifrələri bir neçə qrupa bölürlər. Bunların içərisində ilk növbədə iki klassik şifrələmə alqoritmini qeyd etmək lazımdır. Bu şifrələmə alqoritmləri qədim vaxtlardan bu günlərə kimi müvəffəqiyyətlə istifadə olunur. Bunlara misal kimi yerdəyişmə və əvəz olunma şifrələmə üsullarını göstərmək olar. Bu üsullar və onların kombinasiyası çoxlu sayda klassik şifrələmə üsullarını əmələ gətirmişdir.
YERDƏYİŞMƏ İLƏ ŞİFRƏLƏMƏ ÜSULU
Klassik variantda yerdəyişmə şifrələmə üsulunda açıq mətnin bütün hərfləri dəyişməz qalsada onların (hərflərin) müəyyən mövqe qədər yerinə dəyişməsi (hər iki tərəf nəzərədə tutulur) həyata keçirilir. Daha doğrusu, yerdəyişmə şifrələmə üsulunda açıq mətnin şifrələnməsi zamanı şifrələmə açıq mətnin hərflərinin müəyyən olunmuş qaydada yerinin dəyişməsilə yerinə yetirilir. Bu sahəyə aid ədəbiyyatlarda şifrəni başqa adla, anaqramma adlandırırlar.

Adətən yerdəyişmə şifrələmə üsulundan istifadə zamanı açıq mətn eyni uzunluqda hissələrə bölünür, sonra hissələrə bölünmüş açıq mətn hər biri ayrı-ayrılıqda şifrələnir.

Nümunə kimi bizim üçün həddidən artıq doğma olan AZƏRBAYCAN sözünü şifrələyək.

Başlanğıc açıq mətni iki hərfdən ibarət olmaqla hissələrə bölək.



AZ ƏR BA YC AN
Növbəti mərhələdə hər bir qrupdakı hərflərin yerinə dəyişək. Onda
ZA RƏ AB CY NA
alarıq. Beləliklə, üsuldan istifadə etsək, şifrələnmiş mətn aşağıdakı şəkildə alınacaqdır:
ZARƏABCYNA
Digər yanaşmadan istifadə edərək açıq mətni şifrələyək. Bu zaman açıq mətni üçlüklərə bölək, onda nəticə aşağıda verilən kimi alınacaq:
AZƏ RBA YCA N
Növbəti mərhələdə hər bir qrupdakı hərflərin yerinə dəyişək. Onda
ƏZA ABR ACY N
alarıq. Beləliklə, şifrələnmiş mətn bu formada əks olunacaq:
ƏZAABRACYN

Əgər istifadəçi şifrələnmiş mətni deşifrə etmək istəyirsə, onda əks əməliyyatları yerinə yetirməlidir. Şifrələnmiş mətndə istifadə edilən açar qrupdakı hərflərin sayıdır (məslən, iki, üç və s.).

İstifadə edilən şifrələmə üsuluna klassik nümunə “Ssitala” şifrələmə üsulunu göstərmək olar. Üsuldan uzun müddət ərzində qədim Sparta dövlətində istifadə olunmuşdur.

ƏVƏZETMƏ İLƏ ŞİFRƏLƏMƏ ÜSULU
Üsulda açıq mətni şifrələyən zaman hərflər simvollar ilə göstərilir. Daha doğrusu açıq mətnin hərfləri (və ya hərflər qrupu) şifrələnmiş mətnin hərfləri ilə (və ya hərflər qrupu ilə) əvəzlənir.

Üsula nümunə Sezar tərəfindən istifadə edilən şifrələmə üsulunu göstərmək olar.

Öndə verilmiş AZƏRBAYCAN sözünu üsulun köməyilə şifrələyək.

Azərbaycan əlibasına mürəciət etməklə Sezar şifrələmə üsulunudan istifadə edək:





1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

A

B

C

Ç

D

E

Ə

F

G

Ğ

H

X

I

İ

J

K




17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

Q

L

M

N

O

Ö

P

R

S

Ş

T

U

Ü

V

Y

Z

Onda şifrələmənin nəticəsi aşağıdakı kimi alınacaqdır (Sezar şifrələmə üsuluna uyğun olaraq hərf ondan sonra üç mövqe duran hərflə əvəzlənir):


A-Ğ Z-C Ə-G R-T B-D A-Ğ Y-B C-E A-Ğ N-P
Beləliklə, şifrələmənin nəticəsi belə alınacaqdır:
ĞCGTDĞBEĞP
Öndəki nümunədə şifrələmə zamanı açar üç götürülmüşdür. İstifadəçi zövqünə uyğun olaraq açarın uzunluğunu dəyişə bilər.

Kodların yaranma tarixini yazının yaranma tarixi ilə əlaqəli araşdırmaq lazımdır. Öndəki fəsillərin birində qeyd edildi ki, kod səs siqnaları toplumu və qrafik təsvirlərdir. Kodlardan istifadə edən insanlar bir-birlə ünsiyyət yaradır, bir-birinə məlumatlar göndərir və s. Deməli, müxtəlif zamanlarda istifadə olunan istənilən yazı xüsusi şəkildə kod hesab edilə bilər.

Bunlarla yanaşı uzun illər boyu zamanın hökmünə uyğun olaraq müxtəlif işarələr və siqnallar yaradılmış, onlardan bəzi hallarda əlverişli istifadə edilmiş, bəzi hallarda isə onlar tamamilə unudulub yaddan çıxmışdır. Bəzi şərti işarələr sistemi isə uzun illər bundan qabaq yaradılsalarda, indiki zamanda geniş şəkildə istifadə olunurlar.

Bu baxımdan dərs vəsaitində istifadəçiyə qədim yazılarla əlaqəli məlimatlar, onların sirrinin açılması, kodlardan istifadə etməklə bəzilərinin kodlaşdırılması və uzun illər boyu bu məlumatların koddan azad edilə bilməməsi və s. hadisələr haqqında məlumat təqdim olunacaqdır.


İLK İŞARƏLƏR – İLK KODLAR
Bir çox mütəxəssislər yazının yaradılmasını kodun əmələ gəlməsi ilə bağlayırlar. Bəzi mütəxəssislər ilk kod kimi qayalara həkk olunmuş qaya rəsmlərini hesab edirlər. Deməli, qədim insanlar bir-birilə ünsiyyət yaratmaq üçün kodlardan istifadə etmişlər.

Qədim zamanlarda məlumatı qeyd etmək üçün sadə işarələrdən, şəkillərdən və ya piktoqramlardan istifadə edərlərmiş. Bu zaman nəzərə alınmırdı ki, bu məlumatlar digərlərindən gizli saxlanılmalıdır. Qayaüstü rəsmlər elə çəkilirdi ki, çəkilmişləri tayfanın bütün üzvləri başa düşə bilsin. Zaman ötdükcə çəkilmiş rəsmlər ya itmiş, ya da yaddan çıxmışdır. Bəziləri isə deşifrəçilərin maraq dairəsinə daxil olmuş, onların şifrədən azad edilməsi bəzi hallarda asan, bəzi hallar da isə müşkül məsələyə çevrilmişdir.

Maraqlı haldır ki, uzun illər boyu istifadə edilən yazılar və kodlar bizim üçün əlçatmaz olduğu kimi, vaxt gələcək ki, bizim yazdıqlarımızın da başqaları tərəfindən oxunması problemə çevriləcəkdir. Bunları bizlər tərəfindən istifadə olunan kodlar barəsində də söyləmək mükündür.

Dəsr vəsitində bizə gəlib çatmış və ya bizim dövrümüzdə yaranmışlar haqqında söhbət açılır, onların açıqlanmasına olunan cəhdlər açıqlanır.


ŞƏKİLLƏR, PİKTOQRAMLAR, MİXİ (XƏTTİ) YAZI
Şəkillərdən istifadə etməklə informasiyanın kodlanması yeni deyil. Min illər boyu bizim əcdadlarımız divarlara şəkillər çəkmiş, yazılar yazmış, əlifbadan istifadə edərək fikirlərini qayalara həkk etmişlər. Çəkilmiş şəkillər ilk görüşdə sadə görünsədə, araşdırıldıqda böyük məna kəsb etdiyi aydınlaşdırılmışdır.

Təxminən bizim eradan 3300 il bundan əvvəl uzaq Mesopotamiyada yaşayan şumerlər yazıdan istifadə etməklə qeydlər etmişlər. Bu qeydlərin əsası məhdud şəkildə nəyisə əks etdirən şəkillərə söykənir. Bu zaman hər bir piktoqram (uyğun şəkilləri belə adlandırırdılar) hər hansısa sözü və ya cümləni əks etdirirdi. Beləliklə, piktoqramın dili universal kod hesab olunur, çünki piktoqram dili ilə təqdim edilənləri müxtəlif dillərdə danışan insanlar başa düşürlər.

Lap əvvəllər piktoqramlar təsərrüfatla bağlı olan hadisələri, sonralar isə dövlətin tarixi və dövləti idarə edənlər haqqında informasiya daşıyıcılarına çevrildilər.

Piktoqramın yaradılması zəhmət tələb edən işdir, indiki zamanda bəzən onu ideoqramma da adlandırırlar.

İlk əvvəllər mesopatam yazarları kəsilmiş qamışdan qələm düzəltməklə yazılar yazırdılar. Kağız əvəzi palçıqdan hazırlanmış lövhələrdən istifadə edilirdi. Zaman ötdükcə yerinə yetirilən əməliyyatı mixi (xətti) yazı adlandırırlar. Mixi yazının daha da təkmilləşdirilməsi piktoqrafik yazıların yaranmasının müxtəlifliyinə səbəb olur. Mixi yazıdan qədim Vavilionda (Babilistanda), Assiriyada, Yaxın Şərqdə və s. yerlərdə istifadə olunur.

Qeyd etmək lazımdır ki, şəkillərdən istifadə etməklə hazırlanmış yazılardan bəzilər bizim üçün sirr olaraq qalır. Məsələn, müasir Hindistanın şimal bölgələrində piktoqrafik yazılardan istifadə olunmuşdur. Yazıların yazılması üçün 400 -ə yaxın işarədən istifadə edilmişdir. Əfsuslar olsun ki, indiyə kimi bu yazıların sirrini açan olmamışdır.


HİND REBUSLARI
Piktoqramlardan qədim Asiyada, Mərkəzi Amerikada (maya qəbilələri) istifadə etmişlər. Onlar allahların şəkilini, müharibə döyüşlərini, uşağın anadan olma səhnəsini, hətta dünyasını dəyişməsini də dəqiqliklə qayalara həkk etmişlər. O dövrün yazarları əsasən dairədən, kvadratlardan və ovaldan (yumurtaşəkilli çevrədən) istifadə etmişlər.

O dövrdə yaşayan atseklər də piktoqramlara müraciət etmişlər. Qeyd etmək lazımdır ki, qayalara həkk olunmuş piktoqramları təxminən 1980-cı illərə qədər açıqlayan olmamışdı.


İEROQLİFLƏR
Bizim eradan əvvəl Qədim Misirdə, təxminən 3100-ci ildən başlayaraq din xadimləri (ruhanilər) özlərinə məxsus şəkillərdən istifadə etməyə başlayırlar. Bu şəkilləri ieroqliflər adlandırırlar, yunan dilindən tərcümədə “yonmaqla yazılmış müqəddəs işarələr” anlamını verir. Mixi yazılardan fərqli olaraq ieroqliflər asan başa düşüləndirlər. Adətən qədim misirlilər yazıları papirus kağızına (çoxillik tropik bitkidir, bitkinin yarpağından misirlilər, həmçinin qədim xalqlar kağız yerinə işlətmişlər, onun üzərində yazılar yazmışlar), hər-hansısa əşyaya və yaxud da palçıqdan hazırlanmış qabların üzərinə həkk edirdilər.

Nəzərə almaq kifayətdir ki, ieroqliflərin, həmçinin piktoqramların çəkilməsi zəhmət tələb edən işdir. Odur ki, Qədim Misirdə onlardan ancaq dövlət əhəmiyyətli “sənədlərin” hazırlanmasında istifadə edilirdi. Əhəmiyyət kəsb etməyən yazılar isə yığcam şəkildə göstərilirdi. Mütəxəssislər bu yazı növünü demotic adlandırırlar. Beləliklə, Qədim Misirdə iki yazı növündən”: ieroqliflərdən və demoticdən istifadə olunurdu.

Misir ieroqlifləri bizim əsrin 800-ci illərinə kimi istifadə edilir. Tarixçilər qeyd edirlər ki, təxminən 1400 il bundan qabaq yazılmış ieroqliflər tamamilə pozulmuş, onlarda olan məlumatları araşdırmaq mütəxəssislərə nəsib olmamışdır.

Qeyd etmək lazımdır ki, piktoqramların sağlam şəkildə saxlanılması tək bir ölkədə mövcuddur. Məsələn, Çində 50 000 –dən çox piktoqram bu günə kimi heç bir kanar təsirə məruz qalmadan saxlanılmışdır. Çində vaxtı ilə istifadə olunan ieroqliflər zaman ötsədə belə az dəyişikliyə məruz qalmışdır. Bu baxımdan müasir çinlilər ulu babalarından onlara miras qalmış bu xəzinəni rahat formada araşdırır, yazılmışları lazımı səviyyədə oxuya bilirlər.

Mütəxəssislər hesab edirlər ki, ieroqliflərlə hərfləri eyniləşdirmək (oxşatmaq) düzgün deyil. Çünki, hər bir hərf müəyyən səsə uyğun olduğu halda, ieroqlif və ya kriptoqramdan hər-hansısa mənanı şərti olaraq göstərmək üçün istifadə etmək olar.
QƏDİM MİSİRİN SİRRLƏRİNİN AÇARI
Misirə gələn hər bir qonaq qədim mədəniyyətin şahidi olur. Səhrada həddindən artıq böyük ölçüdə piramidalar, məbədlər, çoxlu sayda eksponatlar Nil çayı sahilində yaşayan bu xalqın yüksək səviyyəli mədəniyyətindən xəbər verir. Digər tərəfədn isə kriptologoya sahəsi ilə məşğul olan mütəxəssislər yazılmışları lazımı səviyyədə araşdıra bilmir. Çünki, bunun üçün qədim misir dilini mükəmməl bilmək tələb olunur.

1800 il ərzində Misirə qədəm qoyan hər bir ziyarətçi-mütəxəssis gördüklərini qavramaq və araşdırmaq üçün “baş” sındırsada, hələlik heç bir nəticəyə nail ola bilməmişdir. Mütəxəssislər belə düşünürlər ki, qədim ilə indiki zaman arasında olan “ip” qırılmışdır. Bəzi hallarda isə təsadüf müəyyən nəticələri əldə etməyə imkan verir.


ROZETT DAŞI
1799-ci ildə fransız ordusu Misiri işğal etdikdən sonra Misirə gələn fransanın kriptoqrafiya sahəsində tanınmış mütəxəssisləri tərəfindən aparılan qazıntılar zamanı son dərəcə heyrətləndirici divar rəsmləri ilə yanaşı çoxlu sayda qədimdən qalmış əşyalar tapılır. Tapılmışları araşdıran mütəxəssislər axır ki, misir ieroqliflərini oxumağa nail olurlar. Bununlada misir ieroqliflərinin sirri açılır. Nil çayının deltasında (çayın dənizə töküldüyü yerdə əmələ gətirdiyi qolların birində) yerləşən Rozet şəhərinin girəcəyində fransız əskərləri böyük ölçüyə malik olan qara daş tapırlar. Qara daş təxminən 800 kiloqrama bərabər idi. Daşın üzərində başa düşülməyən hərflərdən istifadə edilməklə müəyyən yazılar yazılmışdı.

Mütəxəssislər daşa diqqətlə nəzər saldıqda ona həkk edilmiş yazıların üç hissədən ibarət olduğunu görürlər. Hər bir hissə üzərinə başqa dildə yazılmış sözlər həkk olunmuşdu. Daşın yuxarı hissəsindəki 14 sırada ieroqliflərdən istifadə etməklə qədim mətn yazılmışdı. Sonrakı 32 sıra qədim Misir əhalisinin danışdığı demotik dildə yazılardan ibarət idi. Aşağıdakı 54 sıra isə qədim misir dilində istifadə olunan sözlərdən ibarət idi. Alimlər qədim misir dilində yazılmış mətni asanlıqla oxuya bildilər. Məlum oldu ki, daşın üzərinə yazılar bizim eradan əvvəl 197-ci ildə yazılmışdır və faraon Ptolemin verdiyi dekretlərdən biridir.

Araşdırıcılar belə qərara gəldilər ki, digər hissələrdə olan, ieroqliflərdən və demotik dildən istifadə etməklə həkk olunmuş yazılar da eyni xarakterdədirlər. Fransız mütəxəssisləri daşın üzərinə yazılmışları tam şəkildə araşdırmağa vaxt tapmamış ingilis qoşunları fransız qoşunlarını misir torpaqlarından qovurlar və nəticədə Rozett daşı ingilislərin əlinə keçir. O zamandan (1802-ci ildən) indiyə kimi daş İngiltərənin muzeylərinin birində saxlanılır.

Rozett daşı Britaniyaya gətirildikdən sonra ingilis kriptoqrafçıları daşın üzərində yazılmışların sirrini açmaq üçün böyük səy göstərirlər.

Mütəxəssislərdən biri Tomas Yunq (Thomas Young, 1773-1829) digərlərindən tamamilə fərqlənirdi (Tom 14 yaşında olanda artıq 13 dildə müstəqil danışa bilirdi).

Alimin optika sahəsində kəşfləri diqqət mərkəzindədir. T.Yunq sübut etmişdi ki, təsvirin fokusunun alınmasını insanın gözü deyil, gözündəki xrüstal yerinə yetirir.

Alimin apardığı axtarışların nəticəsində Rozett daşı üzərindəki yazıların sirri açılır. Əfsuslar olsun ki, bəzi səbəblərdən T.Yunq Rozett daşı üzərindəki yazıların araşdırılması ilə axıra kimi məşğul ola bilmir.

QƏDİM MİSİRLİLƏRİN DİLİNİN YOZULMASI
Sözsüz ki, ingilislərdən başqa qədim misirlilərin ieroqliflərinin sirrini açmağa digər ölkələrində alimləri cəhdlər göstərmişlər. Bunların arasında fransız tədqiqatçıları ön sıralarda dururlar. Bu baxımdan qədim misir ieroqliflərinin bütün sirrlərini açan fransız alimi Jan-Fransua Şampolionun (Jean-Francios Champolion, 1790-1832) adı tarixə qızıl hərflərlə yazılmışdır. On ikiyə qədər qədim “ölü” dilini mükəmməl öyrənən alim (onlardan biri qədim koptov dilidir) qədim misir məbədlərində yazılmışları “aça” bilir. Burada üç dahi insanın adı yazılmışdı. Birincisi, bizim eradan əvvəl 331-ci ildə Misiri zəbt etmiş İsgəndər Makidoniyalının adı, ikincisi – Misiri bizim eradan əvvəl 323-cü ilə kimi idarə etmiş Ptolemeyin adı, üçüncüsü isə Misiri bizim eradan əvvəl 51-ci ildən bizim eranın 30-cu ilinə qədər idarə etmiş Kleopatranın adı idi. Sonrakı illərdə Jan-Fransua Şampolion qədim yunanlıların dilini öyrəndikdən sonra tarix üçün əhəmiyyət kəsb edən açıqlamalar edir. Apardığı təhlil nəticəsində alim belə qərara gəlir ki, qədim misirlilər ieroqliflərdən istifadə etməklə təkcə sözləri deyil, ayrı-ayrı hərfləri də işarə etmişlər.

Bunlarla yanaşı alim sübut etmişdir ki, qədim misirlilərin istifadə etdiyi sonuncu dil koptov dili olmuşdur.

Qeyd etmək lazımdır ki, Misir xristianlığı qəbul etdikdən sonra koptov dili uzun müddət misirlilərin danışıq dili olmuşdur.
KODLAŞDIRILMIŞ SİQNALLAR
Çox qədim zamanlarda insanlar informasiyanın saxlanılması üçün müxtəlif yollar axtarmaqla yanaşı onun uzaq məsafələrə ötürülməsi üçün də üsullar düşünüb tapmışlar (məsələn, poçt əlaqəsi, telefon və radioəlaqə və s.).

İstənilən informasiya əlaqəsi zamanı əsas məsələ ötürüləcək informasiyanın dəyişikliyə məruz qalmadan, (ilkin məlumat olduğu kimi) ötürülməsidir. Məsələn, radioəlaqə zamanı danışıq siqnalı xüsusi qurğuların – radio ötürücülərin köməyilə çevrilməyə məruz qalır və rabitə kanalı vasitəsilə ötürülür. Əks tərəfdə əks əməliyyat yerinə yetirilir və istifadəçiyə ilkin informasiya təhrifə uğramadan olduğu kimi çardırılır. Poçt xidmətləri, telefon və radio əlaqələri həmişə olmamışdır. Ulu əcdadlarımız çıxış yolunu digər üsullarldan – tüstüdən, bayraqdan, çəlləkdən və səbətdən istifadə etməklə tapmışlar.

Tüstüdən istifadə etməklə informasiyanın uzaq məsafələrə ötürülməsi müxtəlif xalqlarda yüz illər boyu istifadə olunmuşdur. Tüstünün havaya qalxmasından asılı olaraq lazım olan məlumat digərlərinə çatdırılmışdır.

Afrika cəngəlliklərində yaşayan əksər xalqlar səsdən istifadə etməkllə informasiyanı digər qəbilələrə ötürmüşlər. Bu məqsədlə təbil döyəclənmiş, müxtəlif səs tonları almaqla baş vermiş və ya baş verəcək müxtəlif hadisələri müəyyən məsafədə yaşayanlara çatdırmışlar.

XVIII əsrin 70-ci illərində ingilis qoşunlarında çəlləkdən, bayraqdan və səbətdən istifadə etməklə məlumat digər ərazilərdə yerləşən qoşun bölmələrinə çatdırılmışdır. Əskərlər çəlləyi və səbəti başları üzərinə qaldırıb onu müxtəlif istiqamətlərə hərəkət etdirməklə lazım olan informasiyanı lazım olan yerə çatdırmışlar.

Uzun illər boyu dəniz donanmasında bayraqdan və işıqdan (gelioqrafdan) istifadə etməklə digər gəmilər ilə informasiya mübadiləsi edilmiş, lazım olan məlumatlar dəqiqliklə, vaxtında məkanına çatdırılmışdır.

Gelioqraf işıqın işartısı ilə işləyən qurğudur. Bəzən onu optik teleqrafda adlandırırlar. Qurğuda informasiyanın ötürülməsi üçün Morze əlifbasından istifadə edilir.

İnformasiyanın müəyyən məsafəyə ötürülməsi üçün bayraqdan istifadə bizim eradan əvvəl V əsrə təsadüf edir. Qədim əlyazmalarında qeydlər vardır ki, yunanlılar ilə farslar dəniz döyüşlərində bayradqdan istifadə etmişlər.

İlk siqnal bayrağı rəsmi olaraq 1369-cu ildə ingilis donanmasında istifadə üçün hazırlanmışdır. XVII-XVIII əsrlərdə britaniya krallığı bayraqlardan istifadə etməklə kodların hazırlanmasına sərəncam vermiş, əlifbanın hərflərini və rəqəmləri göstərmək üçün bayraqların vəziyyətləri müəyyənləşdirilmişdir.

Tarixlə bağlı kitablarda bir çox marqlı faktlar vardır: XIX əsrdə Böyük Britaniya donanması Fransa ilə müharibə aparan zaman admiral Qorasio Nelson (Horatio Nelson, 1758-1805) gəmilərdə istifadə üçün 31 ədəd siqnal bayrağını rəhbərlikdən tələb etmişdir. Bir-birinə lazımı məlumatları ötürə bilən ingilis gəmiləri döyüşü lazımı səviyyədə aparmış, qələbə ilə tamamlamışdır.

1698-ci ildən başlayaraq Rusiyada da bayraqlardan istifadə olunmuşdur. 1720-ci ildə çar I Pyotr yeni Dəniz nizamnaməsinin yaradılmasına sərəncam verir. Sərəncamda donanmada istifadə olunacaq bayraqlara aid ayrıca bölmə var idi.

İlk rəsmi Beynəlxalq bayraq kodu 1990-cı ildə qəbul edilmişdir.

Ədəbiyyatlarda qeydlər vardır ki, XIX əsr informasiyanın ötürülməsi ilə bağlı kəşflərin edilməsi ilə “varlıdır”. Naqilli teleqrafın kəşfi, informasiyanın ötürülməsi üçün Morze əlifbasından istifadə, ingilis alimlərindən ser Vilyam Kukun (William Cooke) və Çarlz Vetsounun (Charles Wheatstone) elektriklə işləyən teleqarfı kəşf etməsi, rusiyada P.F.Şillinq tərəfindən 1832-ci ildə teleqrafın kəşfi və s. hadisələri nümunə kimi göstərmək olar.

Müasir həyatda da bizlər kodlaşdırılmış informasiya ilə tez-tez rastlaşırıq. Bunlara nümunə kimi yollarda istifadə edilən yol nişanlarını, kitablarda verilmiş xüsusi işarələri, kompüterlərdə və mobil telefonlarda istifadə olunan kodları, insanın genetik kodunu və s. göstərmək olar.


Ə D Ə B İ Y Y A T

1.Əlizadə M.N. və başqaları “Kompüter sistemləri və şəbəkələrinin informasiya təhlükəsizliyi” Dərslik, MSV NƏŞR, 2017-cı il, 608 səh.

2.Əlizadə M.N. v. başqaları “İnformasiya təhlükəsizıliyi” Dərs vəsaiti, MSV NƏŞR, 2018-cı il, 392 səh.

3.Əlizadə M.N. və başqaları “Mühəndis sistemlərinin informasiya təhlükəsizıliyi ( Laborator praktikumu və seminar dərslərin aparılması üçün)” Dərs vəsaiti, MSV NƏŞR, 2018-cı il, 604 səh.

4.Əlizadə M.N. və başqaları “İnformasiyanın qorunması və kriptoqrafiya” (Magistr səviyyəsində təhsil alanlar üçün) Dərs vəsaiti, “İqtisad Universiteti” nəşrfiyyatı, 2019-cı il, 492 səh.

5.ƏlizadəM.N. və başqaları “İnformasiyanın qorunması (qısa kurs)” Dərs vəsaiti, MSV NƏŞR, 2019-cu il, 224 səh.

6.Əlizadə M.N., Hacızadə S.M. “İnformasiyanın qorunması və kriptologiya (Magistr səviyyəsində təhsil alanlar üçün)”, Dərs vəsaiti, MSV NƏŞR, 2020-ci il, 520 səh.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin