“ULTRA” ŞİFRƏLƏMƏ MAŞINININ LAYİHƏSİ: “ENIQMA” ÜZƏRİNDƏ QƏLƏBƏ
İkinci Dünya Müharibəsinin gedişi zamanı ingilis kriptoanalitiklərinin almanların hazırladıqları “Eniqma” şifrələmə maşını üzərində parlaq qələbəsi şifrələmə maşınında şifrələnmiş məlumatların şifrədən azad edilməsi oldu. XX əsrin 30-cu illərində “Eniqma” maşınının bütün versiyaları alman ordusunun quru qoşunlarında, dəniz donanmasında, hava qüvvələrində geniş istifadə olunurdu. Bu baxımdan alman ordusunun komandanlığı tam əmin idi ki, “Eniqma”da şifrələnmiş məlumatları şifrədən azad etmək praktiki olaraq mümkün deyil.
Belə yanaşmanı polşa kriptoanalitikləri alt-üst etdilər. Onlar 1932-ci ildən başlayaraq “Eniqma”da şifrələnmiş məlumatların ”sındırılması” ilə məşğul oldular. Buna səbəb Polşanın Almaniya ilə qonşu olması və polşalıların ölklərinin müqəddəratından nigaran qalmaları idi. Sürətlə silahlanan alman ordusu istənilən anda Polşaya hücum edə bilərdi. Tarixə nəzər saldıqda məlum olur ki, polşalıların “Eniqma”nın sirrlərindən agah olmaları tamamilə təsadüfi xarakter daşıyır. 1928-ci ildə, zamanında ən yeni quruluşa malik olan “Eniqma” şifrələmə maşını bir yerdən digər yerə nəql edilən zaman onun bir nüsxəsi sürücünün marşrutu düz seçməməsi nəticəsində polşa məxfi idarəsinin əlinə keçir. Varşava şəhərində yerləşən gizli idarənin əməkdaşları bir həftə ərzində şifrələmə maşınının işləmə prinsipini ətraflı öyrənir. Qısa müddət ərzində (təxminən bir həftə) “Eniqma”nın çetryojları hazırlanır və ondan sonrakı illərdə şifrələmə maşınının surətinin hazırlanmasında istifadə edilir.
Polşalı mütəxəssislər “Eniqma”nı çertyojlara uyğun hazırlasalar da, alman şifrəsini “sındırmaqda” çətinlik çəkirdilər. Çünki, şifrələmə maşınında şifrələr hər gün dəyişdirilir, yeni şifrələmə açarlarından istifadə edilirdi. Açarlar skremblerlərin düzülməsi ilə yanaşı birləşdirici kabellərin vəziyyətinə uyğun informasiyanı şifrələyirdi. Digər tərəfdən məlumat gündüz zamanlarında bir şifrələmə açarı ilə, axşam zamanlarında isə digər açarın köməyilə şifrələnirdi.
Sadalanan çətinlikləri həll etmək üçün İkinci Dünya Müharibəsinin başlamasına bir il qalmış məxfi bölməyə ən yaxşı kriptoanalitiklər dəvət olunur. Bölməyə rəhbərlik 23 yaşlı riyaziyyatçı Marian Rejevskiyə (Marian Rejewski, 1905-1980) həvalə edilir (Marian Rejevski ilə yanaşı gənc riyaziyyatçılardanYeji Rujiski vəHenrix Zıqalskinin də bu işlərdə zəhməti az olmamışdır). Gənc riyaziyyatçılar gündüz vaxtı göndərilən şifrələnmiş məlumatı şifrədən azad etmək üçün altı şifrələmə maşını yaradır (maşınlar “La Bombe” – “Bomba” adlandırılır). Düzəldilmiş altı maşın skremblerlərin müxtəlif variantlarını araşdırmaqla şifrələnmiş məlumatın şifrədən azad edilməsini yerinə yetiridi.
M.Rejevski hər bir şifrələnmiş məlumatın üç hərfli kod ilə təkrarlandığını müşahidə edir. Bundan istifadə etməklə məlumatı şifrələmək üçün yararlı olan əlifba tam formada müəyyənləşdirilir. Nəticədə polşalı riyaziyyatçılar çox qısa zamanda almanların göndərdikləri şifrələnmiş məlumatları şifrədən azad edə bilirlər. Bununlada onlar praktiki olaraq “Eniqma” şifrələmə maşınından istifadə etməklə göndərilən bütün məlumatların açıqlana bilməsini sübut edirlər.
Gənclərin şifrələmə maşınını “Bomba” adlandırması onunla əlaqəlidir ki, şifrələmə maşını işləyən zaman gec açılan bombanın daxilinə yerləşdirilmiş saat mexanizminə uyğun səs çıxarırdı.
Bəzi ədəbiyyatlarda şifrələmə maşınının “Bomba” adlandırılmasını gənc alimin (M.Rejevski nəzərdə tutulur) “Bomba” adlı dondurmanı çox xoşlaması, bəzi mənbəələrdə isə ümumiyyətlə polşalıların “Bomba” adlı pirojnanı çox sevmələri ilə əlaqələndirirlər.
1939-cu ildə Polşaya alman ordusunun hücumunu bilən polşalı alimlər yaratdıqları şifrələmə maşınının bütün çertyojlarını fransızlara və ingilislərə verirlər. Fransada xüsusi xidmətin əməkdaşları bu imkandan istifadə edə bilmir, çünki alman ordusu artıq 1940-cı ildə Parisi işğal etmişdi. Amma ingilislərin xüsusi xidmət sahəsində çalışan mütəxəssisləri bundan səməri istifadə edə bildilər və 1939-cu ildə tamamilə məxfi “Ultra” layihəsi üzərində işə başladılar.
Sonrakı illərdə “Eniqma” şifrələmə maşınında şifrələnmiş məlumatları şifrədən azad etmək üçün o dövrün riyaziyyatçıları, tanınmış dilçiləri, digər elm sahələrində çalışan elm və texnika sahəsinin mütəxəssisləri, həmçinin tanınmış şahmatçılar da işə dəvət edilirlər. Bununla yanaşı ingilislər qeyri-ənənəvi bir addım atırlar: onlar “Deyli Teleqradf” (“Daily Telegraph”) qəzetində müxtəlif xarakterli krossvordlar çap edirlər. Krossvordu 12 dəqiqə ərzində tapanlar daha mürəkkəb testləri şifrədən azad etmək üçün işə dəvət olunurlar. İşə dəvət olunanlar Londondan bir neçə onlarla kilometr kanarda yerləşən Bletçli Park adlı məkanda fəaliyyət göstərirdilər (məkan tamamilə məxfi saxlanılırdı).
Bletçli Parkda işləyənlər arasında ən istedadlısı Kembric universitetinin riyaziyyat fakültəsinin tələbəsi, əskərliyə çağırılmış Alan Türinq (Alan Turing, 1912-1954) idi. A.Türinq alman şifrələmə maşınının iki xüsusiyyətini aşkar edir.
Birincisi: şifrələmə zamanı istifadə olunan “a” hərfi sonrakı mərhələdə “a” hərfi kimi istifadə edilmirdi. Bu məqsədlə digər hərf tapılmalı idi.
İkincisi: almanlar tərəfindən çoxlu sayda şifrələnmiş məlumatlar bir-birinə çox bənzəyirdi. Məsələn, səhər vaxtı, dəqiq saat 605-də göndərilən məlumat altı hərfli şifrələnmiş mətnlə başlayırdı. A.Türinq təxmini hesablayır ki, istifadə edilən altı hərf “Wetter” sözünü əks etdirir, tərcümədə “Hava” anlamını verir. Beləliklə, almanlar mətni şifrələyərkən, “w” hərfini “e” hərfi ilə, “e”-ni “t” hərfi ilə, “t”-ni isə“w” hərfi ilə əvəz edirdilər və s.
Bütün bunlar açıqlandıqdan sonra ingilis kriptoqrafları polşalıların şifrələmə maşınından həcmcə çox böyük olan şifrələmə maşını yaradırlar. Maşına verilənləri daxil etdikdən sonra skremblerlərin yerinin dəyişdirilməsi ilə işə başlamaq mümkün idi.
1942-ci ilin başlanğıcında onaltı şifrələmə maşını almanların cəbhə bölgələrinə göndərdikləri bütün şifrələnmiş məlumatları şifrədən azad edə bilir (nəzərə alınmalıdır ki, deşifrə olunmuş məlumatlar ancaq “Eniqma” şifrələmə maşınının köməyilə quru qoşunlarına aid göndərilən məlumatlar idi).
“Eniqma”nını sirrinin agah olmasına təsadüf kömək edir. 1942-ci ildə Şərqi Araliq dənizi akvatoriyasında (su sahəsində) ingilis dənizçilərinə zədə almış alman sualtı qayığının (U-559 nömrəli sualtı qayığı) göyərtisinə qalxmaq nəsib olur. Onlar sualtı qayıqda “Eniqma” şifrələmə maşınının dənizdə istifadəyə yararlı olan versiyasını aşkarlayırlar. Nəticədə Bletçli Park –da işləyən mütəxəssislər almanların şimali Atlantikada yerləşən dəniz donanmasının göndərdiyi şifrələnmiş məlumatların hamısını oxuya bilirlər. Bu o zamanlara təsadüf edir ki, alman sualtı qayıqları Böyük Britaniya üçün həyat qədər əhəmiyyətli olan yükləri daşiyan gəmiləri dənizdə amansızcasına məhv edirdi.
“Eniqma” şifrələmə maşınında şifrələnmiş məlumatları şifrədən azad etmək üçün aparılan işlər və görülən tədbirlər Alan Türinq tərəfindən aramla yerinə yetirilirdi. Bu isə rəhbərliyi o qədər də qane etmirdi. Odur ki, qrupun digər əməkdaşları tərəfindən digər şifrələmə maşınının yaradılması ideyası irəli sürülür və qısa müddət ərzində təkmilləşdirlmiş iri həcmli şifrələmə maşını işıq üzü görür. Maşın ölçücə böyük olduğu üçün onu “Koloss” (Colossus – “çox böyük ölçülü heykəl” anlamını verir) adlandırırlar. “Koloss” şifrələmə maşınından istifadə edən ingilis şifrələyiciləri almanların “Lorens” şifrələmə maşınında şifrələnmiş məlumatları axır ki, şifrədən azad edə bilirlər. İngilis kriptoqrafçıları “Koloss”a aid olan bütrün materallari və çertyojlari ciddi şəkildə məxfi saxlayırdılar. Bunun nəticəsidir ki, 1945-ci ildə İkinci Dünya Müharibəsi sona çatdıqdan sonra ingilislər “Koloss”u məhv etdilər, ona aid olan bütün sənədləri isə yandırdılar.
Sözsüz ki, həyata keçirilən bütün işlərdə Alan Türinqin və onun tərəfdaşlarının əməyi həddindən artıq təqdirəlayiqdir. Digər tərəfdən A.Türinq tərəfindən yerinə yetirilən işlər “məxfi” damğası ilə damğalandığı üçün “Ultra” ilə əlaqəli olan bütün sənədlər sirr olaraq hamıdan gizli saxlanılır. Bu layihələr barədə ingilislər ancaq 1974-cü ildə mətbuat orqanlarında rəsmi məlumatlar verirlər.
ŞİFRƏLƏRLƏ DANIŞANLAR
İkinci Dünya Müharibəsi zamanı amerikalılar məlumatları şifrələmək üçün “SICABA” şifrələmə maşınından istifadə edirdilər. Şifrəlmə maşını onun qarşısında qoyulmuş tapşırıqları ləyaqətlə yerinə yetirsədə, çox ağır sürətlə işləyirdi. Məsələn, hər bir məlumatın şıfrələnməsi və deşifrələnməsi üçün təxminən 30 dəqiqə vaxt tələb olunurdu. Bununla yanaşı şifrələmə və deşifrələmə əməliyyatlarını yerinə yetirmək üçün şifrələyicilər qrupu ilə yanaşı radistlər qrupundan da istifadə edilirdi. Bütün bunlara səbəb amerikalıların yaponlar ilə apardığı döyüşlərin əsasən cəngəlliklərdə olması idi. Bu baxımdan dəniz piyadaları şifrələmə maşınlarını özləri ilə daşımaq iqtidarında olmurdular. Beləliklə, Sakit okean adalarında amerikalı döyüşçülər ilə yapon döyüşçüləri arasında gedən qısa döyüşlərdə şifrələmə maşınlarından istifadə özünü doğrultmur, onlara olan ümudlər heçə enirdi.
Digər tərəfdən çoxlu sayda yapon əskərləri ingilis dilini yaxşı bildiklərindən və bir-birilə ingilis dilində danışdıqlarından şifrələnməmiş məlumat ilə informasiya mübadiləsi çox qorxulu idi. Məsələnin qoyuluşu belə formalaşır: Baş vermiş problem tezliklə radikal həllini tapmalı, bütün mütəxəssislər “baş sındırmaqla” çıxış yolunu tapılmalıdır. Problemin həllində digər mütəxəssislər ilə birlikdə mühəndis Filip Yoxanstan da iştirak edirdi.
F.Yoxanstan (17.09.1892 il, Tоpеке, Kanzas – 11.09.1978-ci ildə San-Diego, Kaliforniya)Arizona ştatında yaşayan hindu tayfasında anadan olmuşdu. Onlar heç kimin anlaya bilməyəcəyi dildə danışırdılar. Onların danışıq dili nə avropa, nə də ki, asiya dillərindən heç birinə oxşamırdı. Dil o qədər mürəkkəb idi ki, praktik olaraq onu kimsə anlamağa qadir deyildi.
Bu baxımdan mühəndis F.Yoxanstan belə bir təklifi irəli sürür: şifrələnməmiş məlumatlar navaxo dilində rabitə xətti ilə ötürülsün, amerika ordusunun hər bir bataliyonunda bir və ya iki navaxolu radist işə qəbul edilsin, göndərilən və alınan məlumalar navaxo dilində ötürülsün və radistlər onları lazım olan anda şəxsən komandanlığa çatdırsınlar.
Edilən təklif ABŞ hökümətinin xoşuna gəlir, çünki rezervasiya (Şimali Amerikada, Cənubi Afrikada və Avstraliyada imperialistlərin yerli tayfaları zorla yerləşdirdikləri pis yerlər) olunmuş tayfaların dilini heç kim başa düşmür, dil haqqında ümumiyyətlə heç kimin məlumatı yoxdur.