3.4. Azərbaycanda iqtisadi fikrin inkişaf mərhələləri Orta əsrlər dövründə Azərbaycanda iqtisadi fikrin inkisafında Nizamülmülk (XI əsr), Nizami Gəncəvi (XII əsr), Nəsrəddin Tusi (XIII əsr), İmaməddin Nəsimi (XIV əsr), Şah İsmayıl Xətai (XVI əsr), Məhəmməd Fizuli (XVI əsr), Molla Pənah Vaqif müəyyən rol oynamışlar. Şair, dövlət xadimi, alim kimi tanınmış bu görkəmli şəxsiyyətlər yaşadıqları cəmiyyətin iqtisadi-sosial məsələlərinə toxunaraq, maraqlı fikirlər söyləmişlər. Şərq və Qərb mənbələri ilə tanışlıq nəticəsində onların “Siyasətnamə”, “Xəmsə”, “Maliyyə haqqında traktat”, “Əxlaqi Nasiri” kimi əsərlərində, qəzəl və şerlərində yaşadıqları cəmiyyətin ictimai-iqtisadi məsələlərinə dair baxışları, tənqidi mülahizələri; haqsızlığa, ədalətsizliyə qarşı etirazları; ailə (ev təsərrüfatları), torpaq, mülkiyyət, mübadilə, bölgü, büdcə, idarəetmə, məmur məsuliyyəti haqqında fikirləri; insan zəhmətinə, əmək bölgüsünə, qənaətcilliyə, qarşılıqlı faydalı ticarət əlaqələrinə, ölkənin abadlığına, əhalinin peşə-sənət bacarığına, elm-təhsil işlərinə verdikləri yüksək qiymət; əmtəə-dəyər, pul-sərvət, borc-sələm anlayışına, yığım-xəzinə məsələlərinə, vergi-dövlət xərclərinə xüsusi diqqət yetirmələri; israfçılığa, möhtəkirliyə, haram qazanca qarşı sərt mövqeləri; hakimiyyətin ilk qayğısının insanların gələcəyi və rifahının yaxşılaşdırılması olduğu barəsindəki işıqlı düşüncələri, bizim günlərimizdə də aktual səslənir.
N.Tusinin təbirincə iqtisad elminin də daxil olduğu ictimaiyyət elmləri (ictimai elmlər) – “insan cəmiyyətində olan münasibətlər sistemidir” və hamının öyrənməyə səy etməli olduğu bir sahədir. İqtisad elminin mövzusunu (predmetini) – “hamının xeyrinə olan (ictimai) əmək” kimi müəyyənləşdirən müəllif göstərmişdir ki, “insan öz ruzisini düşüncəsi, əməyi və bacarığı ilə əldə etdiyindən”, hər kəş yaxşı bacardığı, sevdiyi peşə ilə məşğul olarsa “birgə əmək yaranar, xeyir artar, şər azalar”. Onun fikrincə, cəmiyyətdə elə şərait yaradılmalıdır ki, hərə öz imkanı və bacarığı dairəsində zaman və məkanın tələbindən asılı olaraq, ədalətlə öz borcunu yerinə yetirsin, hərənin haqqı özünə çatsın.
Nizamülmülk isə yazırdı ki, yalnız təsərrüfat həyatının ciddi qayda-qanunlarına əməl olunan məmləkətdə “dövlət güclənər, ölkədə bolluq olar”. Müəllifin fikrincə, ölkədə halal-harama fikir verilməsə, möhtəkirlik və saxtakarlıq olarsa əhali, xüsusilə də “yoxsullar acınacaqlı vəziyyətə düşərlər”. Ölkənin və dövlətin həqiqi vəziyyətinin biliyin və yaxşı ənənələrinin səviyyəsi ilə ölçüldüyünü qeyd edən Nizamümülk hakimlərı, dövlət xadimlərini elm adamları ilə oturub-durmağa, işbilənlərlə məsləhətləşməyə, ağsaqqalların tövsiyələrinə qulaq asmağa çağırmışdı.
Bu mənada Nizami Gəncəvinin feodalizm dövründə özünüidarəyə, ədalətə, qarşılıqlı hörmət münasibətlərinə əsaslanan ideal-utopik cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, habelə zəngin yaradıcılıq təxəyyülü kimi qiymətləndirilməlidir. Onun əsərlərindəki insan zəhmətinə, əmək fəaliyyətinə, onun bölgüsünə, pula, sərvətə, kamil peşə-sənət sahibi olmağa, elmlərə yiyələnməyə, qənaətə, sadə yaşamağa dair fikirləri, xalq müdrikliyindən qaynaqlanan iqtisadi təfəkkürün ifadəsi kimi dəyərləndirilməlidir. “Həyat əməkdir”- əqidəsində olan müəllif, adamları insan edən, onları bütün canlılardan fərqləndirən halal zəhmətlə yaşamağa çağırırdı. “Sirlər xəzinəsi” əsərindəki sadə peşə sahibləri olan əkinçinin, kərpickəsənin, bağbanın timsalında, öz halal zəhməti ilə yaşayan bu əmək adamları, cəmiyyət həyatının əsl qurucuları, bünövrəsi kimi təsvir olunmuşlar. Şairin fikrincə, həyatda rahatlıq “daşdan çörək çıxaran” və “dənizdən dürr əldə edən” insanların, o cümlədən də daşyonanın, çobanın, əkinçinin, memarın, naqqaşın, əsgərin, alimin, bənnanın gərgin əməyinin nəticəsidir.
“Hər peşəkar ancaq öz işini görməlidir”, “o vaxt ki, hər kəs öz bildiyi peşəsindən əl çəkər, abadlıq heçə enər”, “hər kəsin hünərinə görə iş verilməlidir”, “insan halına, bacarığına görə elə peşə seçməlidir ki, gördüyü işdən xəcalət çəkməsin” mövqeyindən çıxış edən Nizami, ağıllı və düşünülmüş əmək bölgüsünə ölkənin sərvətinin artmasına, ölkədə məhsul bolluğu yaradılmasına, əhalinin dolanacağının yaxşılaşmasına təsir göstərən bir şərt kimi baxmışdır. O eyni zamanda məmləkətin və cəmiyyətin yaşanması üçün ayrı-ayrı fiziki-zehni əmək fəaliyyəti növlərinin qarşılıqlı əlaqəsi fikrini əsas tutmuş, müxtəlif peşə və sənətlərin bir-birini tamlayaraq, son nəticə etibarilə hamıya gərək olduğunu vurğulamışdır. Zəhmət - əmək “fəryad deyil, bir şadlıqdır” deyən, nəsillərin zəruri istehsal fəaliyyətinin təkrar olunmasını “çox şey əkmişlər bizə, əkməliyik gənc nəslimizə” vəsiyyətini edən və bu işi mənəvi insanlıq borcu kimi dəyərləndirən şair “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olmağı, hər işdə “nisbətlərə riayət etməyi” tövsiyə etmiş, ədalətsiz vergilərə və rüşvətxorluğa qarşı çıxmış, “yetimlərin malına qəsd edilməsini” və “qocaların olub-qalanının çapılıb-talanmasını” qəzəblə lənətləmişdir. Mütəfəkkir insanların əsl güc-qüvvətini, bəşəriyyətin xoşbəxtliyini elmdə, bilikdə olduğunu və cəmiyyətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə yönəldilməsini arzulamışdır.
Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azərbaycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edərək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları birləşdirən quruluşun yaranması zəruriyyəti meydana çıxar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən bir varlıq kimi yaradıldığından məhz belə birləşməyə möhtacdırlar” (N.Tusi).
XIX əsrin əvvəllərində Azərbaycanın parçalanaraq Rusiya tərəfindən işğalından başlayaraq, XX əsrin ilk iyirminci illərinə qədər olan dövrdə burda gedən ictimai-siyasi iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Hüseynzadə kimi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların bədii əsərlərində, mətbuatdakı yazılarında, publisist məqalələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyətlərində çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hüquqsuz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiyyətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kəndlinin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq və hüquqlarının tapdalandığı, sələmçiliyin yaratdığı bəlalar, ölkənin səriştəsizliklə idarə olunması, əhalinin savadsızlığı, dini-xürafat mühitinin formalaşdırdığı həyat tərzinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti mövqe-yindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbaycanın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi münasibətlərin özünə yol açmasını, ölkənin daxili-xarici iqtisadi əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial vəziyyətindəki dəyişiklikləri və ümumi inkişaf, habelə milli şüurun formalaşması istiqamətindəki obyektiv meylləri düzgün dəyərləndirmişlər.
Bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyyəti dövrü, onun M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, H.B.Ağayev, H.B.Usubbəyov və digər xadimlərinin iqtisadi-sosial görüşləri, Musavat hökumətinin hazırladığı iqtisadi siyasət tədbirləri platforması, bu xəttin özünəməxsus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu addımlar, xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşması prosesində mühüm mərhələ olmuşdur. Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkələrinin xüsusiyyətlərini nəzərə alan çevik iqtisadi siyasət taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı, sənayenin inkişaf yolları xətti, maliyyə-valyuta siyasəti, inflyasiyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələrinin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinin həyat səviyyəsini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər sahələrdəki dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi, Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlaldır” ideyasına söykənmişdir.
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik rejimi şəraitində müəyyən istisnalarla Azərbaycanda iqtisad elmi və iqtisadi fikrin inkişafı, hakim ideologiya olmuş marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olunmasına tabe edilmişdi. Lakin sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin nəzəri-praktik məsələlərinə dair M.Vəlili (Baharlı), B.Həsənbəyov, H.Dadaşov, Ə.Fərəcov, B.Axundov, Ə.Sumbatzadə, Ə.Mahmudov, M.Allahverdiyev, M.Mustafayev, Ə.Qasımov, M.Tağıyev, Y.Məmmədov, M.Musayev, B.Əbdürrəhmanov, Ə.Zərgərov, Ə.Axundov, F.Fərəcov, T.Vəliyev, A.Həsənov və başqaları müxtəlif istiqamətlərdə tədqiqatlar aparmış, monoqrafiyalar, dərsliklər, kitablar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların hazırlanmasına xidmət göstərmişlər.