3.3. Azərbaycanda iqtisadi fikrin formalaşması Azərbaycanın yerləşdiyi strateji əhəmiyyətli əlverişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yerüstü-yeraltı təbii sərvətləri, əməksevər əhalisinin təsərrüfatın müxtəlif sahələrində səylə çalışması, sənətkarlıqla məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri aparması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən qaynar iqtisadi həyatın formalaşmasına, mövcud istehsal münasibətlərinin səviyyəsinə uyğun ölkənin məhsuldar qüvvələrinin inkişafına müəyyən real imkanlar yaratmışdı.
Minillikləri əhatə etmiş qanlı-qadalı tarix boyunca amansız basqın və hücumlara, zorakı təzyiq və mənəvi təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yenidən dirçəlmiş, əzəli varlığını, qan yaddaşı soykökünü, şərəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əzmi ilə təsdiq etmişdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da qədim zamanlardan başlayaraq, insanlar yaşadıqları mühitin və cəmiyyətin təsərrüfat həyatına, oradakı iqtisadi əlaqə və münasibətlərin xarakterinə dair düşüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər. Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret təsərrüfat həyatı, insanların əmək fəaliyyəti, onların məşğuliyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, mübadilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümunələrdə, laylalarda, bayatılarda, qoşmalarda, atalar sözlərində, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır. Təsadüfi deyildir ki, xalqın tədricən formalaşmış iqtisadi təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qaynaqları onun “ilkin tarixi” kimi səciyyələndirilir.
Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisadi həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, bölgü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir. “Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar vardır.
XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının siyasi-ictimai və iqtisadi-sosial sistem kimi iflasından sonra imperiya ərazisində formalaşmış müstəqil dövlətlərdən biri olan Azərbaycan Respublikasında iqtisad elminin, o cümlədən də onun tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin, habelə təlimlər (fikir) tarixinin obyektiv sürətdə öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır.
Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı gündəlik cari qayğılar ilə hökmən məşğul olmaqla yanaşı, müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlərindən yaradıcılıqla faydalanmaq əsasında milli iqtisadiyyatımızın gələcək uzunmüddətli inkişaf perspektivtərini işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə kimi durmaqdadır.
İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili-xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini milli təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri, istehsal-xidmət dairələrinin son səmərəliliyi baxımından, yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inkişafı, alim-mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür.