İslam dinində əxlaqi təlimin mahiyyəti
İslam dini elmin bir çox sahələrini-fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi, psixologiyanı, pedqogikanı və s. birləşdirir. İslam dininin özüllərinin, xüsusən də, «Qurani-Kərim» və Peyğəmbərimiz Həzrəti Məhəmmədin hədislərinin zəngin tərbiyəedici imkanları vardır.
Valideynə hörmət, mərhəmət və yaxşılıq, əxlaq və ədəb-ərkan, Vətən və xalq, insani sifətlər, məhəbbət, vicdan, nəfsi cilovlamaq, təmkinli olmaq, cinayət, xoşəxlqlılıq, mülayimlik, natiqlik məharəti və gözəl danışıq qabiliyyəti, yaxşılıq, təvazökarlıq, qonaqpərvərlik, həya, ismət və iffət, elm, şərəf və ləyaqət, evlənmək, ailəyə ciddi münasibət və s. barədə peyğəmbərimiz qiymətli fikirlər irəli sürmüşdür.
«Qurani-Kərim» bəşər övladına münasibətdə diqqətli olmağı və onun qayğısına qalmağı, günahı bağışlamağı ən ümdə cəhət, müsbət keyfiyyət sanır: «Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən yaxşıdır». Quranda ailənin dağılmasına pis hal kimi baxılır. Nigahın pozulması xatirinə kişilərə öz fikrindən daşınmaq tövsiyə olunur («Ərlər hətta sevmədikləri arvadları ilə insan kimi və şəfqətlə davranmalı, onlarla dostcasına və bir anlaşma içində yaşamalıdır. Arvadlarınızla sevgi və anlaşma içində yaşayın. Hətta onlara nifrət belə etsəniz, buna dözün»).
Məhəmməd Peyğəmbərin hədislərinin tərbiyəedici imkanları da genişdir. Həzrəti Məhəmməd (ə.s.) hər şeydən əvvəl, “Beşikdən qəbrədək” elm öyrənməyi tövsiyə edirdi. İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən Həzrəti Məhəmməd (ə.s.) tərbiyəyə birinci dərəcəli əhəmiyyət verirdi: «Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz». Peyğəmbərin həmin fikri bu gün də öz dəyərini saxlayır.
Həzrəti Məhəmməd (ə.s.) oğul və qızlarına layiqli tərbiyə verməyi, öz övladlarının əxlaqının saflaşdırılması qayğısına qalmağı ata-anaların borcu saymaqla yanaşı, eyni zamanda övladlardan tələb edirdi ki, valideynlərinə hörmət və ehtiram göstərsinlər, ehtiyac duyduqda kömək əllərini onlara uzatsınlar («Ömrün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram etsin», «Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar»).
Məhəmməd Peyğəmbər (ə.s.) gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd-nəsihətlərini eşitməyə çağırırdı («Xeyir-bərəkət qocalardadır»). Həqiqətən, böyüklərin, ixtiyar babaların sözü, məsləhəti ilə iş görmək adamı xoşbəxtliyə çatdırır.
Həzrəti Məhəmməd (ə.s.) mərhəmət və yaxşılıq haqqında söz öçarkən məzlumlara əl tutmağın vacibliyini göstərir. Qeyd edir ki, Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir. Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənlərə Allah da mərhəmət edir. Bu, o deməkdir ki, insan xeyirxahlıq göstərirsə, nə vaxtsa bu onun öz qarşısına çıxır, yaxşılığının əvəzi verilir.
Həzrəti Məhəmməd (ə.s.) insanlara tədbirli olmağı. Bir iş görmək istəyəndə həmin işin nəticəsini düşünməyi məslsəhət bilirdi («Bir iş görmək istəsən sonunu düşün, sonu xeyirdirsə, ondan yapış, şərdirsə fikrindən daşın»).Məhəmməd peyğəmbər insanda vəfa və etibara yüksək qiymət verir və göstərirdi ki, vəfalı insan o şəxsə deyirlər ki, etibarlı olsun, sözünün üstündə dursun və böhtan yaxmasın.
Dostları ilə paylaş: |