Mövzu 5. Psixodiaqnostikanın inkişaf tarixindən.
Plan:
Psixodiaqnostikanın tarixinə qısa nəzər.
XX əsrin 20-ci illərində psixodiaqnostikanın sərbəst tədqiqat istiqaməti kimi formalaşması.
F.Qalton, C.Kettel, Q.Ebbinhaus, E.Krepelin, A.Binenin psixodiaqnostikanın yaranmasında rolu.
Keçmiş SSRİ psixologiyasında psixodiaqnostikanın əsas iki mərhələsi.
İstedad testinin hazırlanması və bu sahədə tədqiqat aparılmasında ingilis psixoloqu F.Qaltonun rolu.
Ədəbiyyat siyahısı:
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008
Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003
Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004
Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006
İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992
Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991
Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005
Psixodiaqnostikanın kökləri uzaq tarixi keçmişə gedib çıxır. Astrologiya, temperament haqqında antik təlimlər aristotelçi fizioqonomik nəzəriyyələr psixodiaqnostikanın meydana gəlməsi üçün müəyyən səviyyədə ilkin zəmin yaranmışdır.
Psixodiaqnostikanın sələfi İspan həkimi və filosofu Xuan Uarte (1530-1589) hesab olunur. Onun 1575-ci ildə yazdığı “Xarakterlərin elmi məqsədlər üçün tətqiqi” adlı traktatı psixologiya elminə böyük töhfə vermişdir (36, 154). O, hər bir uşağa elmləri və incəsənəti öyrətmək üçün onun təbii qabiliyyətlərinin nəzərə alınmasının vacibliyi fikrini əsaslandırmış, bununla da, müasir psixodiaqnostikanın iki əsas prinsipini: bioloji faktorların nəzərə alınmasının vacibliyini və psixi funksiyaların xüsusi tapşırıqlar vasitəsilə öyrənilməsinin zəruriliyini irəli sürmüşdür.
İnkivizisiya tərəfindən qadağan edilmiş bu traktat yalnız XVIII əsrdə tərcümə olunaraq başqa ölkələrə yayıldıqdan sonra öz layiqli qiymətin almışdı. Həmin dövrlərdə psixodiaqnostika psixologiyanın tətbiqi sahəsi kimi yalnız tibbdə və pedaqogikada inkişaf tapmışdı.
XIX əsrin sonu, XX əsrin əvvəllərində psixologiya elmində funksional qabiliyyətlər nəzəriyyəsi meydana gəldi. Onun tərəfdarları şüur proseslərini, onun funksiyalarını orqanizmin mühitə uyğunlaşması baxımından izah etməyə çalışırdılar. Bir qədər sonra bu zəmində yeni bir psixoloji cərəyan-fərd üçün həyati cəhətdən vacib məsələlərin həllində şüurun xidmətçi rolunda çıxış etdiyini əsaslandıran struktur psixologiya həyata vəsiqə aldı. Bu cərəyanın mahiyyətində duran başlıca ideya XX əsrin əvvəllərində görkəmli alman psixoloqu V.Vund tərəfindən irəli sürülsə də, amerikan psixoloqu E.Titçener onu inkişaf etdirərək psixologiyada yeni bir məktəbin – “struktur psixologiya”nın meydana gəlməsinə nail oldu. Şüurun strukturunda 3 əsas element: duyğular, obraz və hisslər fərqləndirilirdi. Beləliklə, psixologiya şüurun funksiyaları, orqanizmin ehtiyacları və onun dəyişən ətraf təbii və sosial mühitə səmərəli uyğunlaşması məsələlərindən bəhs edən bir elm kimi səciyyələndirilirdi. Bu psixoloji istiqamətin təsiri altında psixologiyanın sahələri genişlənməyə başladı. O, yalnız şüurdan bəhs edən bir elm kimi yox, həm də davranış motivləri, insanlar arasında fərqli fərdlər, psixologiyanı praktikaya yaxınlaşdıran psixi fəaliyyətin mexanizmlərini də əhatə edən bir elm kimi xarakterizə olunmağa başladı. Onun tərəfdarları T.Ribo (Fransa), N.Lanqe (Rusiya), E.Klapared (İsveçrə), U.Geyms (ABŞ) və s. psixologiyada yeni bir sahənin – eksperimental psixologiyanın yaranmasına böyük töhfə vermiş oldular. Psixologiya elmində Kopernik çevrilişi etmiş məşhur psixoloq V.Vund 1879-cu ildə Almaniyanın Leypsiq şəhərində dünyada ilk eksperimental psixologiya laboratriyasını yaratdı.
Psixologiya elminin metodlar sistemində empirik metodları, xüsusilə eksperiment metodun tətbiqi həyata vəsiə almış oldu. Belə fikir xüsusilə diqqət mərkəzində saxlanılırdı ki, psixoloq tədqiqat zamanı subyektin davranışını müşahidə etməklə, onun mülahizələrini qeydə almaqla kifayətlənməməli, bu və ya digər psixi prosesin cərəyanetmə vəziyyətini dəyişkən şərait və fəaliyyətdə öyrənməlidir. Beləliklə, psixologiya elminin tədqiqat metodlarına rasional psixoloji baxış tərzi formalaşdı. Empirik psixologiya və psixofiziologiyanın inkişafı sayəsində psixologiya elmində eksperiment metyodu tətbiq olunmağa başlandı.
Psixologiya elminə böyük təhfə vermiş, görkəmli psixoloq V.Vund qeyd edirdi ki, psixika ayrı-ayrı funksiyalara bölünür: hafizə, diqqət, qavrayış və s. Odur ki, psixoloji tədqiqat bu funksiyaların ayrı-ayrılıqda öyrənilməsinə yönəldilməli və ölçmə ilə tamamlanmalıdır.
Bir çox digər elmlərdə olduğu kimi, psixologiya elmində də eksperiment həlledici əhəmiyyət kəsb edir. Psixologiya eksperimentlər sayəsində ciddi bir elmə çevrildi, faydasız fərziyyələrdən azad olmağa başladı.
Psixoloji biliklərin inkişafına böyük töhfə vermiş görkəmli psixoloqK.Levin özünün “Aristotel təfəkküründən Qaliley təfəkkürünə keçid” adlı əsərində yazırdı ki, psixologiya empirik material toplamaq yolu ilə getməməlidir. Elmdə həlledici rolu nəzəriyyə oynayır, lakin hər bir nəzəriyyə eksperimentlərlə sübuta yetirilməlidir. Eksperimentdən nəzəriyyəyə yox, nəzəriyyədən eksperimentə - elmi təhlilin başlıca rolu budur.
XX əsrin əvəllərindən başlayaraq eksperimental yolla anadangəlmə qabiliyyətlərin öyrənilməsi, psixoloji tədqiqat metodları vasitəsilə onların kəmiyyətcə ölçülməsi genişlənirdi. Ayrı-ayrı psixi funksiyaların kəmiyyətcə ölçülməsi Bine-Simonun test tədqiqatlarında özünün çox yüksək səviyyəsinə çatmış oldu. Testlər vasitəsilə ölçü sahəsindəki tədqiqatlar belə bir konsepsiyaya əsaslanırdı ki, uşağın əqli qabiliyyətləri irəlicədən irsi-genetik amillərlə şərtlənmişdir, çox az dərəcədə təlim və tərbiyədən asılıdır. Hər bir uşaq üçün müəyyən, az və ya çox dərəcədə daimi yaş intellektual əmsalı (İQ) xasdır. Eksperimental psixologiya sahəsində tədqiqatların qeyd olunan yönümdə inkişafı öz-özlüyündə psixologiya elmində yeni bir sahənin - psixotexnikanın yaranmasına səbəb oldu. İnsanların praktik fəaliyyətini konkret- tətbiqi istiqamətdə öyrənmək səyləri genişlənməyə başladı. Onun ilk addımları və elmi cəhətdən əsaslandırılması alman alimləri V.Ştern və Q.Myunsterberqə məxsusdur. Psixotexnika insanların peşə yararlığını, nəqliyyat, ticarət, hərbi iş və s. kimi sahələrdə çalışan adamların psixi cəhətdən normal və bu sahələrdə fəaliyyət üçün yararlığınımüəyyən etmək üçün özünün yeni bir metodunu- testlər metodunu təklif etdi. (Test- ingilis sözü olub (test)-sınaq, təcrübə deməkdir).
Psixodiaqnostikanın xüsusi metodu kimi testlər belə meydana gəldi. Testlər standartlaşdırılmış suallar və tapşırıqlar sistemindən və müəyyən ölçü şkalasından ibarətdir. İlk testlər adamların peşə yararlığını aşkara çıxarmaq məqsədi daşıyırdı. Bu məqsədlə professoqrammalardan – ayrı-ayrı peşələr üçün vacib olan keyfiyyətlərin irəlicədən hazırlanmış cədvəlindən istifadə olunurdu. Beləliklə, XX əsrin əvvələrindən başlayaraq testlər metodundan praktikada istifadə ehtiyacları artdı. Hələ 1917-ci ildə ABŞ ordusunda minlərlə gənc testləşdirmədən keçirilmişdi.
Dünyanın bir çox ölkələrində psixotexniki laboratoriyalar açılmağa başlandı. 1922-1924-cü illərdə keçmiş SSRİ-də Moskva, Sankt-Peterburq, Xarkov və Sverdlosk şəhərlərində belə laboratoriyalar yaradıldı.
1923-cü ildə Moskvadakı dəmiryolçular məktəbinə qəbul zamanı ilk dəfə psixotexniki testlərdən istifadə olundu. Çox keçmədən müəyyən edildi ki, istedad testlərinin nəticələri əhəmiyyətli şəkildə ailənin sosial vəziyyətindən asılıdır. Ona görə də bu dövrdə “istedad testləri” terminindən imtina edilərək onun əvəzinə “müvəffəqiyyət testləri” termini işlənməyə başlandı.
Həmin dövrdə testlər metodu psixologiyanın əsas eksperimental diaqnostik metodlarından ən nüfuzlusu hesab olunurdu. Sovet psixoloqları bütün xalq və millətlərin intellektual cəhətdən bərabər qabiliyyətlərə malik olduqları haqda ideya ilə çıxış edirdilər. Lakin ayrı-ayrı xalqların nümayəndələrinin eyni bir test üzrə göstəriciləri xeyli fərqli olduğu da aşkara çıxarıldı.
XX əsrin 30-cu illərinin sonunda “ümumi qabiliyyət” testləri ilə bağlı yeni bir problem ortaya çıxdı. Bu, testlərin sınanılan şəxslərə uyğunlaşdırması zərurətindən ibarət idi. Aydın oldu ki, şəhər həyatına aid tapşırıqlar kənd uşaqları, kənd həyatına aid tapşırıqlar isə şəhər uşaqları üçün müvafiq deyildir. Test tematikaları seçilərkən bu amil nəzərə alınmalıdır.
Həmin dövrdə testləşdirmə zamanı sınanılan şəxslərin xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyi də diqqət mərkəzinə gətirildi. Rus psixoloqları testləşdirmənin nəticələrinin cinsdən asılılığını öyrənərkən Amerikan həmkarlarının fikirləri ilə razılaşmalı oldular: ümumi qabiliyyət testlərində oğlanlarla qızların nəticələri oxşar olduğu halda, texniki qabiliyyətlər sahəsində oğlanların nəticələri qızlarınkından əhəmiyyətli dərəcədə yüksək idi. Hərəki qabiliyyətlərin bəzi nəticələri qızlarda, bəziləri isə oğlanlarda yüksək olurdu.
1929-cu ildə Bakıdan olan sürücülərin, 1932-ci ildə isə ölkədəki dəmiryol maşinistlərinin peşə yararlığını müəyyən etmək məqsədilə test sınaqları keçirilərkən onların böyük əksəriyyətinin bu peşələrə yararsız olduğu aşkar edilmişdi və onları işdən azad etmişdilər. Halbuki həmin adamlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdilər.
1934-cü ildə ixtisaslı kadrlar çatışmadığına görə Dəmiryolu Xalq Komissarlığının xüsusi qərarı ilə bu cür testləşdirmədayandırıldı və sürücülər öz iş yerlərinə bərpa olundular.bu metodun sosial baxımdan qeyri-səmərəli nəticələri ona qarşı olan inamı əhəmiyyətli şəkildə şübhə altına saldı. 1936-cı ildən etibarən ölkədəki bütün pedoqoji və psixotexniki laboratoriyalar bağlandı və test metodu qadağan edildi. Həmin dövrdə test metodunu “sosial dinamit”, sinfi seçmə vasitəsi, seleksiya aləti hesab edirdilər.
İstedad testlərinin hazırlanması və bu sahədə tədqiqatların aparılmasında ingilis psixoloqu F. Qalton (1822-1911) çox böyük rol oynamışdır. 1869-cu ildə yazdığı “Dahiliyin irsiliyi” , 1874-cü ildə çap olunmuş “İngiltərənin elm adamları: onların təbiəti və tərbiyəsi”, 1883-cü ildə çap olunmuş “İnsan qabiliyyətləri haqqında tədqiqatlar və onların inkişafı” kimi fundamental tədqiqatlarında F.Qalton bir çox novatar ideyalar irəli sürmüşdür. Psixologiyada ilk dəfə olaraq o, fərdi fərqlərin ölçülməsi texnikasını yaratmış, statistik metodla onun təhlilini vermişdir.
Qabiliyyətlər probleminin öyrənilməsinə ümumbioloji aspektdən yanaşan Qalton belə qənaətə gəlmişdir ki, insanlar arasındakı fərdi fərqləri yalnız və yalnız irsiyyət haqqındakı təlim kateqoriyaları əsasında izah etmək olar. İngiltərənin görkəmli adamlarının həyatına aid zəngin bioqrafik material toplayan, onları öyrənən və statistik təhlil edən Qalton qeyd etmişdir ki, qabiliyyət və istedadın verilməsində qohumluq əlaqələri dərəcəsinin və onun xarakterinin böyük rolu vardır. O yazmışdır: “İstedadlı olmaq şansı olan 4 uşaqdan yalnız biri istedadlı ola bilər”
Bu sahədəki tədqiqatlarından F.Qaltonun əldə etdiyi qənaətlərdən biri ondan ibarət idi ki, o, it və at cinslərinin yeni növlərinin yaradılmasının mümkün olduğu kimi, bir neçə nəsil keçdikdən sonra müvafiq nigahlar əsasında insan “sort”unun da yaxşılaşdırılmasının mümkünlüyü fikrini irəli sürmüşdür. Qaltonun həyat idealı “supermen” – yüksək istedadlı, güclü şəxsiyyət idi. 1884-cü ildə o, Londonda antropometrik laboratoriya yaratmışdı ki, burada da 9 mindən artıq adam psixoloji müayinədən keçmişdi.
Test metodunun yaradıcıları sırasında ABŞ psixoloqu D.Kettelin (1860-1944) xüsusi yeri vardır. V.Vundun Leypsiqdəkilaboratoriyasını tərk edərək Londona, sonra isə ABŞ-a qayıdan Kettel 1891-ci ildə Kolumbiya umiversitetində psixologiya laboratoriyası yaratmışdır. O, bu laboratoriyada 50-yə qədər test nümunəsi üzrə eksperimentlər keçirmişdi.
Testlərin ən məşhur sistemi fransız psixoloqu A.Binenin (1857-1912) adı ilə bağlıdır. Ağıl, intellekt kimi ali psixi funksiyaların tədqiqində o, intellektin səviyyəsinin müəyyən edilməsi üçün obyektiv əsaslar axtarışına üstünlük verirdi. 1904-cü ildən etibarən o, əqli cəhətdən qüsurlu uşaqlar üçün açılmış xüsusi məktəbdə anadangəlmə qüsurlardan əzab çəkən uşaqlar üzərində təcrübələr aparmağa başladı. Psixoloq Simonla birlikdə o, 3 yaşdan yuxarı uşaqlar üzrəində diqqət, hafizə, təfəkkür kimi psixi proseslərin eksperimental tədqiqini həyata keçirirdi. Statistik metodlara əsaslanan bu eksperimentalnəticələr tezliklə testlərə çevrildi və əqli inkişaf səviyyəsini müəyyənləşdirmək aləti oldu. A.Bine fərdi fərqlərin öyrənilməsində yaş faktorunu əsas meyar kimi götürərək, test tapşırıqlarını yaş səviyyələrinə görə artan yaş dərəcələrinə ayırdı. O, əqli inkişafı təlimdən asılı olmayan, orqanizmin təbii yetişməsi ilə şərtlənmiş və yaş mərhələlərinin dəyişməsinin nəticəsi kimi qiymətləndirirdi. Onun fikrincə, əqli inkişaf ontogenezin nəticəsidir. Bine belə hesab edirdi ki, inkişaf qüsuruna görə təlimə qabil olmayan uşaqları normal uşaqlardan ayırmaq üçün obyektiv meyarlar tapmaq lazımdır. Əgər uşaq öz yaşıdlarının böyük əksəriyyətinin həll etdiyi məsələləri həll edə bilirsə, deməli o, normaldır. Bəzi hallarda bu tapşırıqlar onun üçün çətin və ya asan da ola bilər.
Bu mülahizə psixologiya elminə xronoloji yaş – CA (ingiliscə “Chronological Age”) anlayışından fərqli olaraq ağıl yaşı- MA (ingiliscə “Mental Age”) anlayışının gətirilməsinə səbəb oldu. Onların uyğunsuzluğu əqli geriliyin göstəricisi hesab olunurdu. (MA CA). Əgər MA CA olarsa, bu istedadın göstəricisi deməkdir.
1 911-ci ildə alman alimi V.Ştern (1871-1938) ağıl yaşı ilə xronoloji yaşın qarşılıqlı münasibətini “İntellekt əmsalı” (İntelligence quotient –İQ) adlandırmışdır. Bu əmsal Ağıl yaşının fiziki (xronoloji) yaşa bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə tapılır.
Əgər, məsələn, 10 yaşlı uşağın ağıl yaşı – MA 15-ə bərabərdirsə, onda onun İQ əmsalı -1,5-ə bərabərdir ki, bu da istedad əmsalı hesab oluna bilər. “İQ sabit kəmiyyət deyil və o ətraf mühitin təsiri altında dəyişir. İQ təlimdə həm əvvəlki, həm də sonrakı müvəffəqiyyətlərin əksidir. İntellekt vahid və yeknəsəq qabiliyyət deyil, o bir neçə funksiyadan qurulur. Bu termin altında adətən müəyyən mədəniyyət sahəsində müvəffəqiyyətə yiyələnmək üçün zəruri olan qabiliyyətlər kompleksi başa düşülür”.
İntellekt psixi reallıqdır. Hələ ötən əsrin 20-ci illərində intellekt psixologiyasında böhranlı vəziyyət yaranmışdı. Psixoloji kateqoriya statusunda “intellekt” termininin mövcudluğu haqqında məsələ müzakirə obyektinə çevrilmişdi.
İntellekt ənənəvi olaraq 2 əsas istiqamət çərçivəsində – testoloji və eksperimental – psixoloji çərçivədə tədqiq edilirdi. Testoloji istiqamətin mahiyyəti ondan ibarət idi ki, intellekt dedikdə intellekt testləri vasitəsilə ölçülməsi mümkün olan idrak qabiliyyətlərinin məcmuyu başa düşülürdü. Bu zəmində sonralar “intellekt” anlayışı “təlimə qabillik” anlayışı ilə əvəz olundu. İkincisi, qeyri-testoloji, yəni eksperimental - psixoloji istiqamətin tərəfdarları testoloji nəzəriyyənin qeyri-konstruktiv olduğu ideyasını irəli sürürdülər. İsveçrə psixoloqu J.Piaje intellektin inkişafında ontogenetik inkişaf qanunauyğunluqlarına əsaslanan genetik, rus psixoloqu L.S.Viqotski isə intellektin inkişafında sosial-mədəni amillərin təsiri ideyasını əsaslandırdı. Onlar İQ konsepsiyasında İQ arxasında daxili koqnitiv proseslərin: qavrayış, hafizə, təfəkkür və s. kimi proseslərin dayandığı fikrini ön plana çəkdilər.
Xarici ölkə ədəbiyyatlarında psixoloji test anlayışının çoxsaylı izahına rast gəlmək mümkündür. Nümunə üçün onlardan bəzilərinə diqqət yetirək: “Psixoloji test öz mahiyyəti etibarilə davranışının seçilməsi və onun obyektiv və standartlaşdırılmış ölçülməsidir”.
“Test standartlaşdırılmış, adətən məhdud vaxt ərzində fərdi psixoloji fərqləri kəmiyyət və keyfiyyət baxımından müəyyən etmək üçün nəzərdə tutulmuş sınaqdır”.
“Test dedikdə şəxsiyyətin psixoloji keyfiyyətlərinin qiymətləndirilməsi spesifik aləti başa düşülür. O, davranışın xüsusi tiplərinin təzahürlərini aşkara çıxarmaq üçün standart şəraitdə təklif olunan sual və tapşırıqların məcmuyundan ibarətdir”.
Psixoloji testlərin hazırlanmasında bir sıra normalar məs: yaş, cins, peşə və s.) ciddi sürətdə nəzərə alınır. Bu cəhətdən mövcud normalardan bəzilərinə ətraflı diqqət yetirək:
1. Məktəb normaları – məktəb müvəffəqiyyət və yaxud məktəb qabiliyyətlərinin təyin edilməsində əsas ölçü olaraq nəzərə alınır və hər bir məktəb pilləsi üçün fərqli məzmuna malik olur.
2. Peşə normaları – müxtəlif peşə qruplarının (məsələn, mexanik, həkim, hüquqşunas, maşinist və s) peşə yararlığının yoxlanılmasına xidmət edir.
3. Lokal (məhdud) normalar – daha çox ümumi əlamətlərə görə seçilən insanların məhdud kateqoriyalarının (məsələn, yaş, cins, coğrafi, rayon, sosial-iqtisadi status və s.) diaqnostikasında bir meyar kimi götürülürş Məsələn, Veksler testi üçün intellekt normaları yaş əlamətləri çərçivəsi ilə məhdudlaşır.
4. Milli normalar – bu və ya digər xalq, millət, bütövlükdə həmin ölkənin bütün nümayəndələri üçün tərtib edilən testlərdə konkret mədəniyyəti, əxalaqi tələblər və hər bir millətin ənənələri əsas götürülür.
Psixoloji testlər bir sıra funksiyaları yerinə yetirir:
Biliklərin qiymətləndirilməsi vasitəsi kimi çıxış edir;
Təlimin çatışmazlıqlarını aşkara çıxardır;
Təlimin gələcək istiqamətini təyin edir;
Şagirdlərin təliminin motivləşməsini təmin edir;
Təlimin fərdin tələbatlarına uyğunlaşdırılmasına kömək edir;
Şagirdlər tərəfindən mənimsənilmiş biliklərin səviyyəsihaqqında informasiya verir;
Müasir psixodiaqnostika təcrübəsində sınanılan şəxsdə psixoloji keyfiyyətlərin səviyyəsini müəyyən etmək və ilkin informasiyanın toplanılması üçün bir sıra metodlardan istifadə olunur. İndi isə həmin metodların əsas xarakteristikaları ilə tanış olaq:
Psixodiaqnostika istifadə olunan əsas tədqiqat metodları
Əsas metod
|
Onun variantları
|
|
Xarici (kənardan müşahidə)
Daxili (özünümüşahidə)
Sərbəst
Standartlaşmış
Cəlb edilmiş
Kənar
|
Əsas metod
|
Onun variantları
|
Sorğu
|
Şifahi
Yazılı
Sərbəst
Standartlaşmış
|
Testlər
|
Test-sorğu
Test-tapşırıq
Proyektiv
|
Eksperiment
|
Təbii
Laborator
|
Cədvəl 1
Müşahidə. Bu metod psixoloji tədqiqat obyektində duran şəxs haqqında ilkin məlumatların toplanılması məqsədilə tətbiq olunur. Onun bir neçə müxtəlif variantı vardır. Xarici müşahidə başqa adamın psixologiyası və davranışını kənardan müşahidə etmək yolu ilə onun haqqında məlumatların toplanılmasıdır.
Daxili müşahidə və yaxud özünü müşahidə o halda tətbiq olunur ki, psixoloq tədqiqatçı onun üçün maraqlı olan hər bir hadisəni öyrənmək imkanı olmadıqda özünün keçirdiyi daxili haləti, yaşantıları, duyğuları başqa adama analoji olaraq köçürərək nəticə çıxarır. Sərbəst müşahidəni irəlicədən müəyyən edilməsinin dəqiq obyekti və proqramı olmur, sadəcə olaraq tədqiqatçının istəyinə uyğun olaraq həyata keçirilir. Standartlaşdırılmış müşahidə isə əksinə, irəlicədən müəyyən edilmiş aydı proqram və konkret məqsəd əsasında həyata keçirilir, obyektin dəqiq müşahidəsi bu zaman başlıca amil hesab edilir.
Cəlb edilmiş müşahidə (adətən bu ümumi və sosial-psixoloji diaqnostikada tətbiq olunur) metodunun tətbiqi zamanı tədqiqatçının özü müşahidəsi aparılan prosesin iştirakçısı rolunda çıxış edir. Məsələn, o fikrində hər hansı məsələni həll edərək eyni zamanda bu vaxt başında nə baş verdiyini özü müşahidə edir. Başqa müşahidə isə, məsələn, tədqiqatçı insanların qarşılıqlı münasibətlərini tədqiq edərkən o özü bu münasibətlərin həm iştirakçısı, həm də müşahidəçi rolunda çıxış edir. Kənar müşahidə zamanı əksinə, tədqiqatçının öyrənilən prosesdə iştirakı nəzərdə tutulmur.
Müşahidə metodunun adları çəkilən variantlarının hansının seçilməsi tədqiqatçının özündən və onların hər hansının öyrənilən prosesdə nə dərəcədə faydalı nəticələr verə biləcəyindən asılıdır.
Sorğu metodu da psixodiaqnostikada istifadə olunan əsas metodlardan biridir. Bu metod sınanılan şəxsin ona ünvanlanan konkret suallara cavab verməsini nəzərdə tutur. Sorğu metodunun cədvəldə qeyd olunan variantlarının hər birinin öz üstünlükləri və nöqsanları vardır.
Şifahi sorğu o halda tətbiq olunur ki, suala cavab verməli olan adamın eyni vaxtda davranışını və suala reaksiyanı müşahidə etmək məqsədi qarşıya qoyulur. Şifahi sorğu yazılı sorğuya nəzərən insanın psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir, xüsusi təlim və vaxt sərfi tələb etmir. Şifahi sorğu zamanı sınanılan şəxsin suallara cavabı əhəmiyyətli dərəcədə sorğunu aparanın şəxsiyyətindən, şəxsi davranışından asılıdır.
Yazılı sorğu eyni vaxtda çoxsaylı adamların rəyini öyrənməyə, onları tədqiqata cəlb etməyə imkan verir. Onun ən geniş yayılmış forması anket sorğusudur. Yazılı sorğunun çatışmazlığı ondan ibarətdir ki, onun tətbiqi zamanı cavab verən şəxsin reaksiyasını irəlicədən bilmək, cavab verəcək adamın psixi vəziyyətindən asılı olaraq sualın xarakterini, məzmun və tonunu dəyişmək olmur.
Sərbəst sorğu- yazılı və ya şifahi sorğunun xüsusi formasıdır. Onun tətbiqi zamanı verilən sualların və onlara verilən mümkün cavabların siyahısı müəyyən hədd ilə məhdudlaşdırılmır. Bu isə tədqiqatın taktiki gedişini, verilən sualları çevik surətdə dəyişməyə və onlara qeyri-standart cavablar almağa imkan verir.
Standart sorğu- sərbəst sorğuya nəzərən mümkün cavabları irəlicədən müəyyən etmək baxımından daha qənaətlidir.
Psixoloji diaqnostika daha geniş tətbiq olunan metod testləridir. Onların vasitəsilə öyrənilən hadisənin dəqiq kəmiyyət və keyfiyyət xarakteristikasını əldə etmək mümkündür. Psixoloji diaqnostikanın digər metodlarından fərqli olaraq testlər standartlaşdırılmış, məlumatların yığılması, əldə edilmiş nəticələrin işlənilməsi və həmçinin şərh edilməsi baxımından böyük üstünlüklərə malikdir.
Test sorğu elə diaqnostik metoddur ki, onun köməyi ilə irəlicədən seçilmiş, yoxlanılmış etibarlı suallar vasitəsi ilə sınanılan şəxsin müəyyən psixoloji keyfiyyətini müəyyənləşdirmək mümkündür.
Test tapşırıq test sorğudan ona görə fərqlənir ki, o, sınanılan şəxsin davranışı və psixologiyasını onun nə söyləməsinə görə deyil, nə etməsinə görə qiymətləndirməyə əsas verir. Bu tipli testlərdə xüsusi tapşırıqlar sistemi olur, onların yerinə yetirilməsi nəticələrinə görə sınanılan şəxsdə öyrənilən keyfiyyətin səviyyəsi haqqında qiymətləndirici mühakimə irəli sürülür. Test-sorğu və test tapşırıqların üstün cəhəti odur ki, onların vasitəsilə müxtəlif yaşlı, müxtəlif mədəni və təhsil səviyyəli və müxtəlif peşə adamlarının bu və ya digər xüsusiyyətini öyrənmək mümkündür. Bununla belə, onların çatışmayan cəhətlərini də qeyd etmək lazımdır. Belə ki, bu testlərin tətbiqi zamanı sınanılan şəxslər öz istəyi ilə şüurlu surətdə alınacaq nəticələrə təsir göstərə bilir. Sınanılan şəxslər testin necə qurulduğunu, nəticələrə görə onların davranışının necə qiymətləndiriləcəyini irəlicədən bildikdə bu nəticələrə təsir göstərir. Belə halda testlər özlərinin diaqnostik dəyərini itirir.
Dostları ilə paylaş: |