Ekoloji cəhətdən təmiz qida məhsulları. Təmiz su ilə təchizat problemi
Qidalanma hüququ – insan hüquqlarının tərkib hissəsidir. Hər şeydən əvvəl, planet əhalisinin ən
kasıb təbəqələri üçün insaflı və sabit inkişafın təmin edilməsi davamlı inkişafa dair ideyanın müəllifi
kimi bütün dünyada məşhur olan xanım Qru Harlem Brundtlandın rəhbərlik etdiyi Ümumdünya
səhiyyə təşkilatında keçirilən debatlarda əsas yer tutur. Brundtlandın fikrincə, “…. bu sferada nəyinsə
dəyişilməsinin zəruri olmasına dair inkişaf edən “dərketmə” yaranmışdır. Beləliklə, qəbul edilməzdir ki,
aradan qaldırılması mümkün olan xəstəliklərə görə milyardlarla insan yoxsulluq vəziyyətində yaşasın.
Şübhəsizdir ki, sağlamlıq iqtisadi tərəqqini sürətləndirir, belə bir inkişafın mənfəəti insafla
paylaşdırılırsa, bu, yoxsulluğu azaldar. Lakin istixana effektinin, qlobal miqyasda havanın və suyun
çirklənməsinin nəticələri, həmçinin ərzaq məhsullarının kimyəvi və bioloji tərkibi insanların
sağlamlığına mənfi təsir göstərir. Buna görə də, ətraf mühit və sağlamlıq bilavasitə davamlı inkişaf
problemləri ilə əlaqədardır”.
Son on ildə qida məhsulları istehsalının artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə,
bütövlükdə dünyanın 86 ölkəsində, təqribən bir milyard insanın hələ də doyunca yeməməkdən, 2
milyard insanın qismən həyat üçün təhlükəli olan distrofiyadan əziyyət çəkməsi müşahidə edilmişdir.
Səbəb – orqanizmin A vitamini, yod və dəmir kimi mikroelementlərlə kifayət qədər təmin
edilməməsidir. Bu, hər şeydən əvvəl uşaqlara aiddir: onlardan təxminən 200 milyonu protein
çatışmamazlığından əziyyət çəkir. Bununla yanaşı, həyat səviyyəsi yüksək olan ölkələrdə bolluq hökm
sürür. Məsələn, Almaniyanın hər bir vətəndaşı Syerra-Leone sakininə nisbətən orta hesabla 50% çox
kalori, 2 dəfə çox protein və 2 dəfə çox yağ istehlak edir. Həm də nəzərə almaq lazımdır ki, insanlar
kalorinin 32%-ni və yağın 57%-ni ət və digər heyvan mənşəli məhsullardan alır. Syerra-Leonedə bu
komponentlərin payı 4% və 6%-dir. Beləliklə, yüksək inkişaf etmiş ölkələrdə düzgün qidalanmanın
tərbiyə edilməsi vasitəsi ilə sabit qidalanmaya birbaşa yol müəyyən edilir. İnkişaf etmiş ölkələrdə
qadınlar öz qidalarına xüsusi diqqət yetirirlər: ət əvəzinə meyvə və tərəvəzə, şokolad əvəzinə taxıl və
süd məhsullarına üstünlük verən və düzgün qidalanmaqla sağlamlığa dəyən ziyanın qarşısını almağa
çalışırlar. Onların qənaətinə görə, sağlam davamlı qidalanmaya ekoloji cəhətdən təmiz qidalanma
proqramının köməyi ilə nail olmaq olar.
Lakin davamlı inkişaf özündə yalnız insanları zəruri qida məhsulları ilə təmin etməyi deyil, həm
də onların istehsalı zamanı ətraf mühitin qorunmasını da ehtiva edir. Bu səbəbdən, dünya səviyyəsində
ətdən istifadəni azaltmaq lazımdır. Belə ki, Jənubi Amerikada bir inəyi bəsləmək üçün orta hesabla 18
min kv. m. tropik meşəni otlağa çevirmək lazımdır. Bir inək ömür müddətində 200 mln. metan qazı ifraz
edir ki, bu da istixana effekti yaradır. Bir heyvana yem hazırlamaq üçün 600 min litr su sərf olunur (1999-
cu ildə dünyada rekord göstərici qeydə alınmışdır – 56 mln. ton dana və mal əti).
Bu gün dünyada qaramalın sayı 1,3 mlrd. baş artmışdır. Bu, ekoloji ziyanın əvvəllər görünməyən
xarakter aldığını təsdiq edir.
Analoji problemi bütün dünyada zərif və ləzzətli yeməkləri həddindən çox sevən insanlar üçün
delikates olan krevetlərin (xırda dəniz xərçəngi) istehsalı yaradır. Tailandda 30 il ərzində krevet
fermaların təlabatını ödəmək üçün manqr meşələrinin yarısı məhv edilmişdi. Ölkədə istehsal edilən 200
min ton krevetdən 95%-i ixrac edilir. Krevetlər dünya bazarındakı balıq məhsullarının ümumi çəkisinin
cəmi 3%-ni, dəyər baxımından isə 20%-ni təşkil edir. Bu fakt istehsalın davamlı inkişaf istiqamətində
yeni oriyentasiyanın aktuallığını təsdiq edir.
XX əsrin axırlarından başlayaraq Hissen, Kassel və Fuld şəhərlərinin (AFR) universitetlərində
tələbələrə yeni fənnin - qida ekologiyasının tədris edilməsi fərdin ətraf mühitlə, iqtisadiyyat və
cəmiyyətin bu və ya digər qidalanma sistemi ilə, məsələn, qida məhsullarının istehsalı və onların
istehlakı ilə əlaqəsinin tədqiqinə kömək edir.
Bu gün dünya əhalisinin sağlamlığına təsir edən ən ciddi müasir problemlərdən biri içmək üçün
yararlı su ilə təmin edilməsi problemidir. Təmiz içməli su ilə təminat məsələsi əhalinin sağlamlığının
əsaslarından biridir. Əgər içmək üçün yararlı suyun 60%-nin 10 dövlətdə – əsasən ABŞ, Rusiya, Braziliya
və İndoneziyada olduğunu, İordaniya, Sinqapur və Liviya kimi ölkələrin isə, ümumiyyətlə, su
ehtiyatlarının olmamasını nəzərə alsaq, onda bu problemin qloballığını anlamaq olar. Su – arzu edilən
iqtisadi inkişafın açarıdır ki, bunun da köməyi ilə yoxsulluğu aradan qaldırmaq olar. Lakin suyun əldə
edilməsinin həm də mühüm sosial nəticələri var: dünyanın bəzi yoxsul ölkələrində suyu əldə etmək
üçün qadınlar çox zaman 10 kilometrdən artıq məsafəni piyada qət etməli olurlar. Bu, övlad tərbiyə
etmək və ya digər ev işlərini görmək üçün onların vaxtının az qalması deməkdir. Su – sosial ədalət, ətraf
mühitin stabilliyi və mədəni müxtəliflik açarıdır. Qədim mədəniyyətlərə, bütün dünya dinlərinə nəzər
salsaq, suyun sadəcə iqtisadi amil olmadığını görmək olar. Su mənəvi dəyərlərlə, insanın təbiətə
ehtiramı ilə birbaşa bağlıdır.
Bizim respublikamızda keçirilən sosioloji sorğu nəticəsində müəyyən edilmişdir ki,
respondentlərin 90%-dən çoxu yalnız bulaq suyunu təmiz su sayırlar (lakin respodentlərin yalnız 7,4%-i
bu sudan istifadə edirlər). Əhalinin məişətdə istifadə etdiyi su çox zaman quyulardan, bəzən çaylardan
əldə edilir və ya digər ərazilərdən gətirilir. Bu su xüsusi sanitar nəzarətdən keçmir. Azərbaycanın
şəhərlərində əhalinin su ilə təminat problemi nisbətən nikbin görünür. Şəhər əhalisinin 95,2%-dən çoxu
su kəmərindən istifadə edir. Qeyd etmək lazımdır ki, bu kommunal xidmət növünün dəyəri nisbətən
ucuzdur (suyun hər 5 min litrinə 8-10 ABŞ dolları ödənilir). Lakin suyun sanitar qiymətləndirilməsinin
səviyyəsi, artıq qeyd etdiyimiz kimi, heç də həmişə beynəlxalq standartlara uyğun gəlmir.
Kənd yerlərində su ilə təminat problemi daha dramatik şəkil alır. Belə ki, kənd əhalisinin yalnız
10%-ə qədərinin nisbətən rahat su təminatı var. Qalan 90% fiziki xarakterli daimi çətinliklərlə (onlar
artezian quyularının, bulaqların, çay və göllərin suyunu işlədirlər) və ya əlavə xərc ilə (suyu başqa
yerlərdən gətirirlər, elektrik nasoslarından istifadə edirlər və s.) üzləşir. Bir qayda olaraq, bütün ailəni su
ilə təmin etmək vəzifəsi qadın və uşaqların öhdəsinə düşür. Qadının öz ərini itirdiyi və tək qaldığı
ailələrdə birmənalı olaraq, bu problemin alternativ həlli yoxdur (Xalilov, 2003).
2001-ci ildə Bonnda şirin su ilə bağlı problemlər üzrə keçirilən Beynəlxalq konfransda 118 dövlətin,
47 Beynəxalq təşkilatın və 73 müxtəlif ictimai təşkilatın nümayəndələri görüşmüşlər. Azərbaycanın da
nümayəndə heyətinin iştirak etdiyi bu konfransda su ilə təminat və su axımı probleminin həlli üçün
konkret yollar tapıldı, suyun sabit istifadəsi və ədalətli bölgüsü üzrə əməli addımlar atıldı. Demoqraflar
2025-ci ilə qədər Yer kürəsi əhalisinin 8 mlrd.-a qədər artacağını proqnozlaşdırırlar ki, bunların da 5
mlrd. nəfəri içməli su qıtlığından əziyyət çəkən sahələrdə yaşayacaqdır.
Dostları ilə paylaş: |