3.İsveçin coğrafi mövqeyi, təbii iqlim şəraiti və əsas turizm bölgələri. Şimali Avropada, Skandinaviya yarımadasında yerləşmiş İsveç qərbdə və şimalda Norveç, şimal-şərqdə Finlandiya dövlətlərinin əraziləri ilə həmsərhəddir. Şərqdə Baltik dənizi və Botnik körəzi, cənub-qərbdə Kattoqat və Skagerrak boğazları ilə əhatə olunur. Eresunn boğazı İsveçi Danimarkaya məxsus Zaland adasından ayırır.Baltik dənizindəki Qotland və Aland adaları, həmçinin sahildən bir qədər aralı kiçik adalar da İsveçə aiddir. Ölkənin şimal-qərbində yerləşən Skandinaviya dağlarının İsveçə aid ən yüksək dağ zirvəsi Kebnekaysedir (2123 m).
İsveç ərazisinin yarıdan çoxu meşəlikdir. Bu isə dövlətin ən qiymətli təbii sərvəti hesab olunur.
İsveçdə müxtəlif hündürlükdə yerləşən təxminən yüz min göl vardır. Göllərin əksəryəti bir-biri ilə çylar vasitəsi ilə birləşərək göllər şəbəkəsi yaradırlar. Bir sıra göllər bir-biri ilə gəmiçilik üçün yararlı kanallarla birləşdirilib. Uzunluğu 50 km-dən artıq olan kanal vasitəsi ilə Stokolmdan Getoborqa qədər gəmilərlə səyahət etmək mümkündür.
Ölkənin əsas çayları Kaliks-Elv, Şellefte-Elv, Ulme-Elv və Turne-Elv hesab edilir. Vettern və Venern iri gölləridir.
Geterborq, Malme iri şəhərlər, Evle, Kalmar, Malme, Stokholm, Helsinqbord isə dəniz limanlarıdır.
İsveçin iqlimi mülayimdir,qış ayları şimalda şaxtalı və qarlı, cənubda qısa və yumşaq keçir. Qış və yay aylarında turizm üçün əlverişli bölgə ölkənin cənubudur.
Ölkənin rəsmi adı-İsveç Krallığıdır. Dövlət quruluşuna görə-konstitusiyalı monarxiyadır. İnzibati cəhətcə İsveç 25 lenə (quberniyaya) bölünür. Dövlət başçısı-kraldır. Ali idarəedici hakimiyyət Nazirlər kabinəsinə rəhbərlik edən Baş nazirə məxsusdur. Qanunvericilik hakimiyyətini bir palatalı Riksdaq yerinə yetirir. 6 iyun-İsveç bayrağı günü Milli bayram kimi qeyd edilir.
İsveçin coğrafi mövqeyi, təbii iqlim şəraiti, tarixi memarlıq abidələri turizm marağı yaratdığından ölkədə turizm bölgələrini formalaşdırmışdır. İsveçin əsas turizm bölgələri-Stokolm, Botnik körfəzi və Baltik dənizi sahilləri,Geteborq və ölkənin qərb sahilləri, Qotland adası, həmçinin Dalarna və Laplandiya tarixi-coğrafi vilayətləridir.
İsveçin paytaxtı Stokholm əsas turizm mərkəzi olmaqla Botnik körəzinin qayalıq sahilində, bir-biri ilə körpülərlə birləşən çoxsaylı adalarda yerləşir. Şəhər iri beynəlxalq dəniz, dəmir yolu və hava magistiralları qovşağındadır. Stokolm tarixi-memarlıq abidələri, muzeyləri, teatrları, rəsm qalereyaları ilə çoxsaylı turistlərin diqqətini cəlb edir. Stokolmun tarixi özəyi olan Staden adası şəhərin digər rayonları ilə körpülər vasitəsi ilə birləşir. Buradakı Kral sarayı turistlərdə maraq doğurur. Byrada tikintisi 1923-cü ildə başa çatmış Ratuşa binası, Kral srayı, XIII əsrə aid Böyük kilsə, Cəngavər evi, Birja binası, Milli muzey, Opera teatrının binası, Kral stadionu, Konsert evi də şəhərin görməli yerlərindən biri hesab edilir. Stokolmda İsveç Elmlər Akademiyası, Mühəndis Elmləri Akademiyası, Universitet, Nobel İnstitutu və digər elm-tədris müəssisələri yerləşir. Kral kitabxanasında 1 milyondan artıq kitab nüsxəsi toplanıb istifadə edilir.
Dövlət Dəniz tarixi, Milli, Şimal, Tarix- etnoqrafiya muzeyləri daha diqqətəla- yiqdir. Açıq səma altında yerləşən və müxtəlif dövrlərə aid İsveç isveç yaşayış tikililəri toplanmış Sansen muzeyi və Millesin heykəlləri toplusundan ibarət olan Millesqorden muzeyləri xüsusilə diqqəti cəlb edir.Kral opera və dram teatrları Stokolmun məşhur teatrlarındandır.
Stokholmun yerləşdiyi yüzlərlə kiçik adaları arasında Yusteryo və Urnyo adaları turistlər arasında daha çox məşhurdur. Bu adalarda çoxsaylı yay tipli evlər və komalar tikilmişdir. Yay aylarında ətraf çəmənliklərdə buraya gələn turistlər tərəfindən çoxsaylı turist çadırları qurulur.
Stokholmdan 70 km şimalda qədim mədəniyyət mərkəzi- Upsala şəhəri XIII-XV əsrlərdə inşa edilmiş kilsəsi, əsası 1477-ci ildə qoyulmuş universiteti və XVIII əsrin görkəmli təbiətşunası Karl Linneyin muzeyi ilə diqqəti cəlb edir.
Daxili turizm zonası hesab edilən Botnik körfəzi və Baltik dənizi sahilləri qumlu çimərlikləri, yerləşdirmə vasitələri, qida müəssisələri, əyləncə mərkəzləri və idman tikililəri ilə təchiz olunmuş turizm bölgəsidir. Botnik körəzi sahillərində çoxsaylı kurortlar yerləşir. Evle, Ala, Hudiksvall, Sundsvall, Kernosand kurortları xüsusilə fərqlənirlər. Botnik dənizi sahillərində Okselosund, Qamlebu, Karbskruna kimi məşhur kurortlar yerləşir.
Geteborq xarici turistlərin toplaşdığı ikinci böyük turizm mərkəzidir. Şəhər çoxsaylı muzey, teatr, konsert zalları ilə turistləri özünə cəlb edir. Ölkənin qərb sahillərində çoxsaylı dənizkənarı kurortlar əsasən daxili turistlərə xidmət edir. Geteborqdan cənuba doğru Malme şəhərinədək olan ərazidə Varberq, Falkenberq, Holmstad, Bostad, Engelholm, Helsinkbord, cənubda isə Gkanor, Falsterbu, Trelleborq, İstad kurortları yerləşir.
Geteborqdan şimala doğru , Stromstada qədər təxminən 150 km ərazidə Geteborq-Bohus ümumi adı altında tanınmış sahil kurortları və kurort adaları yerləşir.
Daxili və xarici turizmin mühüm mərkəzlərindən biri olan Qotland adası sabit iqlimi, mənzərəli limanları və çimərlikləri ilə tanınır. Adanın əsas şəhəri- Visbüddə orta əsrlərə aid divarlar, çoxlu kilsə qalıqları buranın möhtəşəm keçmişindən xəbər verir. Visbü XI-XIII əsrlərdə Novqorodla Qərbi Avropa şəhərləri arasında su yolunun üzərində olduğu üçün Baltik dənizində mühüm dəniz ticarəti mərkəzi kimi inkişaf etmişdir.
Stokolmdan şimal qərbə doğru daha bir daxili turizm bölgəsi olan Dalarna xizək yürüşləri üçün çox əlverişlidir. Dalarna-özünəməxsus mədəniyyət, qədim sənətkarlıq və əski adət-ənənələr diyarıdır. Serna, Selen, xüsusilə də Silyan gölü ətrafındakı Mura, Retvik, Leksand kurortları istirahət mərkəzi kimi seçilir.
Laplandiya turizm bölgəsi gözəl təbiəti və aborigenlərin özünəməxsus mədəniyyəti ilə daxili və xarici turistləri özünə cəlb edir.