Marketinqin məqsədi. Marketinqin məqsədi dedikdə, bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəticəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.
Marketinqin strateji (başlıca) məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərti ilə maksimum mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Ümumiyyətlə, müəssisənin və marketinqin uzunmüddətli strateji məqsədi istehlakçıların tələbatının ödənilməsi və digər bazar subyektlərinin maraqlarının nəzərə alınması şərti ilə maksimum mənfəət əldə edilməsidir. Lakin, müəyyən dövr üçün müəssisə və onun marketinq fəaliyyəti qarşısında digər strateji məqsədlər, məsələn, mümkün qədər yüksək istehlaka nail olunması, yüksək istehlakçı razılığına nail olunması, geniş çeşiddə məhsul təklif edilməsi və ya həyat keyfiyyətini yüksək həddə çatdırmaq məqsədi qoyula bilər.
Marketinqin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunmasını təmin edən məqsədlər aid edilir. Məsələn, mənfəətin məbləğinin və səviyyəsinin artırılması strateji məqsədinə nail olunması üçün müəssisə özünün marketinq fəaliyyəti qarşısında satışın həcminin və bazar payının artırılması, xərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məqsədlər qoya bilər.
Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:
1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsədyönlü fəaliyyət göstərməli və məqsədin qiymətləndirilməsini nəzərə almalıdırlar;
2.Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;
3. Marketinqin məqsədi real olmalıdır;
4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır;
5. Marketinqin məqsədi aydın ifadə edilməli və onun haqqında informasiya almağa imkan olmalıdır;
6. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir.
Marketinqin vəzifəsi. Marketinqin məqsədinə nail olmaq üçün o bir sıra vəzifələr yerinə yetirməlidir. Ümumi formada marketinqin vəzifəsi istehlakçıların tələbatlarının ödənilməsi, problemlərinin daha effektli həll edilməsi və bunun sayəsində müəssisənin maksimum mənfəət əldə etməsi məqsədi ilə tələbin səviyyəsinə, verilmə vaxtına və xarakterinə təsir etməklə optimal istehsal və satış həcminə nail olunmasıdır. Marketinqin vəzifəsini aşağıdakı üç qrupda birləşdirmək olar:
- müəssisənin bazar fəaliyyətinə aid olan vəzifələr. Bu vəzifələr tələbatın ödənilməsi və tənzimlənməsi ilə əlaqədardır;
- müəssisənin özünə aid vəzifələr. Bu tip vəzifələr müəssisə qarşısında qoyulan məqsədə nail olmağa imkan verən siyasətin və maraqların uzlaşdırılması ilə əlaqədardır;
- ətraf mühitlə və ictimai qurumlarla əlaqədar olan vəzifələr. Bu vəzifələr marketinqin cəmiyyət və ətraf mühit qarşısında sosial məsuliyyətini həyata keçirməsini təmin edir.
Marketinqin funksiyaları. Marketinqin funksiyası dedikdə, qarşıya qoyulan məqsədə nail olmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəaliyyət növləri və ya bu cür fəaliyyət növlərinin kompleksi başa düşülür. Marketinqin funksiyalarına aşağıdakılar aid edilir.
1. Marketinq tədqiqatları. Marketinq tədqiqatlarının məqsədi qeyri-müəyyənlik səviyyəsinin və risklərin azaldılması, marketinqə aid əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsidir. Marketinq tədqiqatları çərçivəsində a) bazarların, b) istehlakçıların, c) bazarın məhsul strukturu, d) bazarların firma strukturu, e) marketinqin xarici mühitinin və f) marketinqin müəssisədaxili mühitinin tədqiqi həyata keçirilir.
2. Məhsul çeşidinin planlaşdırılması. Marketinqin bu funksiyası çərçivəsində müəssisənin məhsul siyasətinin hazırlanması; istehsal edilən və gələcəkdə istehsal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsi; məhsul çeşidinin idarə edilməsi, biznes və məhsul portfelinin təhlili; məhsulların texniki-istismar, funksional, estetik və digər parametrlərinin istehlakçıların tələbatına uyğunlaşdırılması; məhsulun həyat dövranın hansı mərhələsində olmasının öyrənilməsi; yeni məhsulların yaradılması, məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması, ticarət markası strategiyasının hazırlanması, məhsulların qablaşdırılması və bu kimi digər işlər həyata keçirilir. Başqa sözlə desək, bu funksiya vasitəsi ilə bazar və onun ətraf mühiti, istehlakçıların tələbatı və tələbi haqqında məlumatlar məhsula, onun texniki-istismar, keyfiyyət və dəyər parametrlərinə transformasiya olunur.
3. Məhsulların bölüşdürülməsi və satışı. Məhsulların bölüşdürülməsi və satışının məqsədi istehlakçıya lazım olan məhsulu münasib olan vaxtda, münasib yerdə və münasib olan qiymətlə ona çatdırmaqdan ibarətdir. Bu funksiyanın yerinə yetirilməsi sayəsində məhsulların bölüşdürülməsi və satışı, onların istehsalçıdan istehlakçıya çatdırılması həyata keçirilir. Bu funksiyaya məhsulların bölüşdürülməsi və satışı siyasətinin hazırlanması; satış və bölüşdürmə kanallarının seçilməsi; ticarət-bölüşdürmə şəbəkəsinin təşkili; müxtəlif satış kanalları vasitəsi ilə məhsulların satışının təşkili; satış kanallarına daxilolma imkanlarının öyrənilməsi; bazarın əhatə edilməsi strategiyalarının seçilməsi; satışın həcminin və bazar payının müəyyən edilməsi; məhsulların nəqledilməsi və anbarlarda yerləşdirilməsi; ehtiyatların optimal həcminin müəyyən edilməsi; satış büdcəsinin tərtib edilməsi və s. əməliyyatlar daxildir.
4. Reklam və satışın həvəsləndirilməsi. Bu funksiya daxilində həyata keçirilən fəaliyyət növlərinin məqsədi istehlakçıya təsir etməklə məhsula tələbatın formalaşdırılması, alıcını daha çox məhsul almağa təhrik etmək və bunun sayəsində satışın həcminin artırılmasıdır. Bu funksiya çərçivəsində reklam və satışın həvəsləndirilməsi siyasətinin hazırlanması; kommunikasiya sisteminin təşkili; satışın həvəsləndirilməsinin effektli metod və üsullarının seçilməsi və tətbiq edilməsi; ictimaiyyətlə əlaqənin təşkili; mağazadaxili reklamın təşkili; istehlakçılara satış prosesində və satışsonrası servis xidmətinin təşkili və s. həyata keçirilir.
5. Qiymətqoyma. Marketinqin qiymətqoyma funksiyası onun ən çətin və mürəkkəb funksiyasıdır. Çünki məhsulun qiyməti, bir tərəfdən, istehsalçıya öz xərclərini ödəməklə yanaşı müəyyən məbləğ mənfəət əldə etməyə, digər tərəfdən, alıcıya daha az xərclərələ daha çox miqdarda məhsul almağa imkan verməlidir. Başqa sözlə, mənafeyləri bir-biri ilə ziddiyyət təşkil edən hər iki bazar subyektinin mənafeyini ödəməyə imkan verməlidir.
Marketinqin qiymətqoyma funksiyası çərçivəsində müəssisənin qiymətqoyma strategiyası və taktikası hazırlanır; qiymətqoyma metodları seçilir; hər bir bazar üzrə məhsulun həyat dövranına uyğun olaraq məhsulların qiyməti müəyyənləşdirilir; qiymətin dəyişmə mexanizmi hazırlanır və müəssisənin qiymət siyasətinə aid olan digər əməliyyatlar həyata keçirilir.
6. Marketinqin idarə edilməsi. Bura müəssisədə marketinqin idarə edilməsinin təşkili; marketinqin idarəetmə strukturunun müəyyənləşdirilməsi və təşkili; idarəetmənin müxtəlif səviyyələrində marketinqin planlaşdırılması və marketinq proqramlarının tərtib edilməsi; marketinq fəaliyyətinə dair qərarların hazırlanması və qəbulu; müəssisənin inkişaf imkanlarının müəyyənləşdirilməsi; marketinq nəzarət sistemi; marketinq auditi; müəssisənin marketinq bölməsinin fəaliyyətinin qiymətləndirilməsi və s. aiddir.
Bəzi müəlliflər marketinqin yuxarıda qeyd edilən funksiyalarını 1) analtik funksiya, 2) istehsal funksiyası, 3) satış-bölüşdürmə funksiyası və 4) idarəetmə funkusiyası kimi qruplaşdırırlar. Onlar marketinqin analtik funksiyasına marketinq tədqiqatlarını; istehsal funksiyasına məhsul çeşidinin planlaşdırılmasını; satış-bölüşdürmə funksiyasına məhsulların bölüşdürülməsi və satışı, reklam və satışın həvəsləndirilməsi, həmçinin qiymətqoyma funksiyalarını və idarəetmə funkusiyasına isə yuxarıda izah edilən eyni adlı funksiyanı aid edirlər.
Marketinqin prinsipləri. Marketinqin funksiyaları yerinə yetirilərkən bir sıra ümumi prinsiplərə əməl edilməlidir. Marketinqin prinsipləri dedikdə, marketinqin əsasını təşkil edən, bunun mahiyyətini və təyinatını açan müddəalar, hallar və tələblər başa düşülür. Marketinq fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:
1. Bazarın tələbatının hər tərəfli öyrənilməsi və ya “istehlakçı şahdır”. Marketinqin bu prinsipi təsərrüfat qərarlarının qəbulu zamanı istehlakçıların tələbatlarının və alış motivlərinin, tələbin və bazar konyunkturunun müasir vəziyyətinin və inkişaf dinamikasının aşkar edilməsi və onların nəzərə alınması vasitəsi ilə təmin olunur;
2. İstehsalın bazarın tələbatına, tələbin quruluşuna uyğunlaşdırılması və ya “o məhsul istehsal et ki, o satılır”. Bu prinsip istehsal edilən məhsulların istehlakçıların tələbatlarına, onların alış motivlərinə, həyat stilinə və onları xarakterizə edən digər xüsusiyyətlərə uyğunlaşdırılmasını nəzərdə tutur;
3. Bütün mümkün vasitələrlə istehlakçılara təsir edilməsi, tələbatın formalaşdırılması və aktivləşdirilməsi. Buna satışın həvəsləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi və reklam kampaniyaların təşkili ilə nail olunur. Marketinqin bu funksiyası “məhsul yaratmısansa ona tələbat da yarat” pinsipi adlandırılır;
4. Bazarın daima dəyişən tələbatların tez reaksiya vermək üçün marketinq strategiyası və taktikasının vəhdətinin təmin edilməsi;
5. Bazarın daima dəyişən tələbatlarının ödənilməsi üçün müəssisənin məhsul çeşidinin yeniləşdirilməsi, məhsulların differensiallaşdırılması və mövcud məhsulların təkmilləşdirilməsi;
6. Müəssisəninin fəaliyyətinin uzunmüddətli effekt əldə edilməsinə yönəldilməsi. Bunun üçün müəssisə bazar situasiyasının dəyişməsinin və onun nəticələrinin proqnozlaşdırılmasına imkan verən tədqiqatlara, bu tədqiqatlar əsasında yüksək rentabelli məhsulların layihələşdirilməsinə və istehsalına xüsusi diqqət yetirməlidir;
7. Qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram-məqsədli və sistemli yanaşma metodunun tətbiq edilməsi. Bu prinsip marketinq qarşısında konkret məqsədin və ya məqsədlərin qoyulmasını, bu məqsəd və ya məqsədlərə nail olmağa imkan verən marketinq proqramların hazırlanmasına və ona sistem kimi yanaşılmasını nəzərdə tutur;
8. Müəssisənin, ayrı-ayrı istehlakçıların və bütünlükdə cəmiyyətin mənafeyinin uzlaşdırılması;
9. Marketinq fəaliyyətinin situasiyalı təhlili. Marketinqin bu prinsipi SWOT-analiz və digər təhlil metodlarından istifadə etməklə ətraf mühitin yaratdığı imkanların və təhlükələrin aşkar edilməsi, müəssisənin güclü və zəif tərəflərinin qiymətləndirilməsi, yaranmış imkanlardan istifadə edilməsi və təhlükələrdən yayınmaq üzrə tədbirlərin hazırlanması yolu ilə realizə olunur;
10. Müəssisənin bütün bölmələrinin əməkdaşılarının onun fəaliyyətinə marketinq konsepsiyası baxımından yanaşması və bazarın tələbini nəzərə alması;
11. Qənaətcililik. Müəssisənin marketinq fəaliyyəti az xərclərlə daha yüksək istehsal-maliyyə nəticələri əldə etməyə şərait yaratmalıdır;
12. Marketinq fəaliyyətində insan amilinin gücləndirilməsi, bütün işçilərdə sahibkarlıq hissinin yaradılması və onlara müəssisənin məqsədinə nail olunmasında vəzifələrinin və oynadıqları rolun izah edilməsi.
Dostları ilə paylaş: |