(10) A Rolex will never change the world. We leave that to the people who wear them (Newsweek, January 18, 2010).
Bahalı saatlar istehsal edən Rolex şirkətinin bu reklam mətninin Newsweek jurnalında işıq üzü görməsi təsadüfi deyil. Bu jurnalın oxucuları (siyasətçilər, biznesmenlər, diplomatlar və s.) həmin saatların potensial alıcıları kimi qəbul olunur. Eyni zamanda, reklam mətninin müəllifi həmin potensial alıcılara istinadən dünyanı dəyişmək iqtidarında olmaq kimi qürur hissi verə biləcək metaforadan istifadə etməklə çox güclü koqnitiv effektə malik bir diskurs strategiyası ortaya qoymuş və nəticə etibarilə maraqlı reklam mətni formalaşmışdır.
Bədii mətndə isə ənənə bir qədər fərqlidir və yuxarıda qeyd etdiyimiz P. Graysın əməkdaşlıq prinsipi ilə heç də həmişə uzlaşmır. İ. Galperin haqlı olaraq bədii mətndə koqnitiv və faktual informasiya (daha çox real zamanda cərəyan edən mətn üçün səciyyəvi) ilə müqayisədə, estetik informasiyanın aparıcı olduğu qənaətindədir (Гальперин, 1981). Müqayisə edin:
(11) Ona elə gəldi ki, qulaqlarında Sonanın, bəlkə də ilham pərisinin, pərilər soltanının səsini eşidir: Şairim, nə vaxtacan məhəbbətlər boğulacaq? Nə vaxtacan istəklər ayaqlar altına atılacaq? Nə vaxtacan Leylinin göz yaşlarını silməyə qadir olmayacaqsınız, ey əsrin məcnunları? Ey əsrin nur çeşmələri! Ey zülmət içrə nur olan Məcnun, öz Leylini nə zaman bəlalardan xilas edəcəksən? (Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 224).
Və:
(12)Was she really going to her mother? Odd, how indifferent he felt! Odd, how clearly she had perceived the indifference he would feel so long as there was no scandal. And suddenly between her and himself he saw distinctly the face he had seen that afternoon-Irene`s (J. Galsworthy, 173).
Bu tip mətnlərin əsas səciyyəvi cəhəti bədii mətn müəllifinin daxili dünyası və onun nə dərəcədə ekspressiv və emosional olmaq istəyidir. Bundan asılı olaraq müəllif bədii mətndə müxtəlif praqmatik və üslub maraqlarını təmin etmək üçün bədiilik, emosionallıq və cazibədarlıq ilə yanaşı, həmçinin çoxmənalılıq və hətta qeyri-müəyyənlik yarada bilər. Bədii mətndəki dil strukturları, mülahizələr, iddialar, əmrlər, üzrxahlıqlar mətni qəbul edənə birbaşa deyil dolayısı ilə təsir edir, onu təşviq və hətta nəyə isə sövq edir. Əslində bütün bu diskurs strategiyaları müəllifin şüuru, mətnin özünün strukturu və mətni qəbul edənin dərk etmə qabiliyyəti süzgəcindən keçir. Post-modernist bədii mətn buna gözəl nümunədir. Məsələn, K. Abdullanın “Yarımçıq əlyazma” romanının adı artıq qeyri-müəyyənlik yaradır. U. Eko bu cür qeyri-müəyyənliyin aradan qaldırılması işini bədii mətni qəbul edənə, yəni oxucuya həvalə edir (Eco, 1979 və onun digər əsərləri). U. Ekonun təbiri ilə desək, mətn sanki bir tənbəl mexanizmdir və mətni qəbul edən öz düşüncə qabiliyyəti, təxəyyülü və nəhayət yaradıcı (kreativ) imkanları sayəsində onu özü üçün açır. Zənnimizcə, bədii mətnlərlə yanaşı, media və akademik mətnlərin bəzi janrlarında (analitik məqalələr, şərhlər, elmi məqalələr, monoqrafiyalar, elmi konfrans məruzələri və s.) da belə bir meyl müşahidə olunur və bunu mətn müəllifinin mətni qəbul edəni düşünməyə dəvət etmək istəyi ilə izah etmək olar.
Digər tərəfdən, son dövrlərdə yaranan bədii mətnlərdə (məsələn, C. Roulinqin Hərri Potter haqqında yazdığı fantastik romanlar və yaxud bir çox Hollivud filmlərinin ssenariləri) fərqli meyllər də nəzərə çarpır. Müəllifin güclü motivasiyası bu mətnlərdə artıq mətni qəbul edənə təsir və hətta onu manipulyasiya etmək kimi praqmatik amilləri daha qabarıq edir və bununla bağlı bədiilik və poetiklik fərqli bir müstəviyə keçir. Akademik mətnin bəzi janrlarında da belə bir meyl hiss olunur. Bu mətn tipinin bütün janrları (monoqrafiya, elmi məqalə, məruzə, mühazirə və s.) arqumentativ üslubu (Schiffrin, 1995) ilə seçilsə də, artıq qeyd etdiyimiz imtahan çıxışı və yaxud dərəcə almaq üçün keçirilən dissertasiya müdafiəsindəki iddiaçının çıxışı kimi janrlar istisna olmaqla güclü praqmatizmi ilə seçilmir. Bununla belə, müasir təhsil tələblərindən irəli gələn yeni praqmatik amillər universitet tələbələri üçün nəzərdə tutulmuş mühazirə mətnlərini göndərəndən güclü arqumentasiya ilə yanaşı auditoriyaya effektiv təsir etmək və maraq oyatmaq məqsədilə müvafiq taktika və strategiyalardan istifadə olunmasını şərtləndirir. Bu, eyni ilə konfrans, simpozium, seminar iştirakçılarına yönəlmiş elmi məruzələrə və mühazirələrə də aid edilə bilər. Nəticə etibarilə, mətni qəbul edən mətni göndərən ilə bərabər hüquqa malik diskurs iştirakçısına çevrilir və beləliklə, real zamanda baş verməyən diskurs da real zaman diskursu kimi dialoji mahiyyət əldə edir.
Bütün diskurs tiplərinə xas ən azı iki mühüm amili qeyd etmək lazımdır. Birincisi, onların formalaşması (buraya mətn, onun inferensiyası, başa düşülməsi və şərhi daxildir) birbaşa iştirakçıların marağı ilə bağlıdır, ikincisi isə demək olar ki, bütün diskurs tiplərində bu və yaxud digər dərəcədə ideologiya (nəzərə almaq lazımdır ki, ideologiyanın yoxluğu da ideologiyadır) mövcuddur. Bundan əlavə diskursu mədəniyyətsiz də təsəvvür etməyin mümkün olmadığını qeyd etmək lazımdır. N. Zayçikova diskursun üç səciyyəvi cəhətini ayırır (Zaychikova, 2003: 55):
-diskursda mətn (linqvistik və yaxud semiotik) var;
-diskursun koqnitiv əsası olur;
-diskursda ideologiya vurğulanır.
Aydındır ki, insanlar ideologiyanı sosial həyatda əldə edir və o, intuitiv olaraq biliyə çevrilir. Eyni zamanda, hər hansı bir diskurs tipi və janrında mədəniyyət amilinin rolu da çox mühümdür (Mammadov, 2010:71). Əgər mədəniyyəti də cəmiyyətdə mənimsənilmiş bilik (Yule, 2004: 216) kimi qəbul etsək, bu zaman diskursla bilik arasındakı münasibətlərin tədqiqi ön plana çıxır. Bu münasibətlər isə son onillikdə formalaşan diskursa sosio-koqnitiv yanaşma çərçivəsində nəzərdən keçirilir.
2.2 Diskursa sosio-koqnitiv yanaşma
Yuxarıda qeyd etdiyimiz kimi, diskursla bağlı araşdırmaların ikinci dövrünün əsasında M. Fukonun diskursun bilik ilə əlaqəsi haqqında fikirləri durur (Foucault, 1969). O, bu əsərdə diskursu söyləm şəklində büruzə verən (verbal) işarələr ardıcıllığı kimi göstərərək, biliyin reprezentasiyasının məhz diskurs vasitəsilə həyata keçdiyi fikrini irəli sürür. M. Fuko bu cür ifadəni biliyin və mənanın diskurs vasitəsilə yaradılması prosesi kimi başa düşür. Lakin, o, yuxarıda qeyd etdiyimiz semiotik tədqiqatlarda olduğu kimi, konkret mətnləri və ifadə formalarını təhlil etmir. M. Fukonu humanitar və sosial elmlərin verdiyi bilik və bu biliklə bağlı güc (bunu hakimiyyət kimi də başa düşmək olar) və fərd maraqlandırır. Beləliklə, onun diskursa yanaşmasında diqqət dildən digər individual (davranış, başa düşmə və s.) və sosial təcrübələrə (sosial status, irq, cins və s.) yönəlir və diskurs biliyin reprezentasiyası sistemi kimi qəbul olunur.
Dostları ilə paylaş: |