Mətnin əvvəlində ingilis dilinin qrammatik qaydalarına zidd olaraq felin mübtədanın önünə çıxaraq bu cür kəskin yerdəyişməsi (inversiya) came Murray bir sıra məqsədlərə xidmət edir. İlk növbədə bu cür yerdəyişmə ilə əsas mövzu Murray önə çəkilir və bu mövzu ətrafında fərqli linqvistik vasitələrdən (Murray sözünün leksik və əvəzlikli təkrarı və s.) istifadə etməklə diskursun formalaşması prosesi başlanır. Eyni zamanda, mətnin sonrakı hissəsində istifadə olunmuş today zaman zərfinin də çox maraqlı funksiyası var. Bu element diqqəti əsas mövzudan Murray yayındırmamaq şərti ilə diskursa (bu gün dünən qarşılaşması əsasında) yeni informasiya daxil edir. Beləliklə, bu qəzet diskursunda əsas mövzunun məşhur Britaniyalı tennis ulduzu ətrafında cərəyan etdiyini və The Times qəzetinin Britaniya nəşri olduğunu nəzərə alaraq, belə bir inversiya, eləcə də zaman zərfi mətni qəbul edəndə çox güclü koqnitiv effekt yaradır. Nəticə etibarilə, mətni göndərən şəxs tərəfindən formalaşdırılmış diskursun informasiya strukturu mətnin mənasını ehtiva edir və mətni qəbul edənə yönəlmişdir.
Müvafiq elmi ədəbiyyatda mətnin mənası və onun şərhi haqqında çoxsaylı fikirlər var (Лотман, 1970, Barthes, 1971, Barthes, 1973, van Dik, 1977, Eco, 1979, Enkvist, 1989 və digər tədqiqatlar). Qeyd etmək lazımdır ki, mətnin semiotik tədqiqatçıları, xüsusilə Y. Lotman, R. Bart və U. Eko məna və şərh məsələlərinə ciddi diqqət ayırmışlar. Bəzi tədqiqatçılar (Y. Lotman və digərləri) diqqəti yalnız dil deyil, digər semiotik sistemlərə də yönəldir. Məsələn, Leonardo da Vinçinin Mona Lizası belə bir semiotik yük daşıyır. Bu əsərin müəllifi, əsərin özü, və ona baxanlar arasında spesifik kommunikasiya baş verir. Əsərin dəyərini nəzərə alaraq ona baxanların sayının və nəticədə müvafiq şərhlərin sayı milyonlarla ölçülə bilər. Bu mənada R. Bart ilə U. Ekonun artıq mətnin, xüsusilə də bədii mətnin semiotik təhlili maraqlıdır. R. Bart mətnin şərhinə öz yanaşmasını izah edərək, belə bir fikir irəli sürür (Barthes, 1973: 30):
Bizim məqsədimiz – mətnin mənalarının çoxluğunu və mənanın formalaşması prosesinin açıq xarakterini anlamaq, özümüz üçün yəqinləşdirmək və hiss etməkdən ibarətdir.
Bir qədər öncə isə o, mətnin bütün mənalarının aşkarlanmasını mümkünsüz hesab edir və, ümumiyyətlə, mətnin şərhi zamanı mənalara işarə edən forma və kodların açılmasını ön plana çəkir. (Barthes, 1973). Oxşar fikirləri U. Ekonun əsərlərində də tapmaq olar (Eco, 1979 və s.). O, diqqəti işarə və onun şərhinə və yaxud şərhlərinə yönəldir. Əslində mətnin mənalarının çoxluğu onun şərhlərinin çoxluğu ilə bağlıdır.
Birinci fəsildə təhlil etdiyimiz bədii mətnlərə müraciət edək. Pakizə adlı şəxsin üzərində qurulan mətn (1) bəziləri üçün həmin insanın hisslərinin baharın gəlməsi ilə bağlı təsviri, digərləri üçün baharın təsvirinin insan həyatının fəsillərdən asılılığı, və nəhayət bəziləri üçün isə baharın təsviri və xüsusi vurğulanan Novruz bir yenilik simvolu kimi qəbul oluna bilər. Mətn (2) də fərqli şərh oluna bilər. Məsələn, bəzi oxucular insanın uğurunun nə dərəcə də digərlərindən asılı olduğu və yaxud hətta gələcək şairin sadəlövh olduğu qənaətinə gələ bilər. Mətndə cərəyan edən hadisəyə hətta tamamilə əks olan şərhlər də mümkündür. Bu mənada mətn (3) səciyyəvidir. Bu mətndə, ilk baxışdan, sadəcə iki insan arasında vuruşma təsvir olunur və bir çox oxucu üçün də bu mətn vuruşma səhnəsi kimi qəbul oluna bilər. Lakin bu vuruşmanı fiziki hadisə kimi deyil, Yeqorun özü-özü ilə və yaxud öz keçmişi ilə vuruşması kimi də qiymətləndirmək olar. Mətn (4) ənənəvi nəsillərarası münaqişə kimi şərh oluna bilər və onun şərhi adətən yaş meyarı ilə əlaqəlidir. Nəhayət, mətn (7) müəllifinin fikirləri də fərqli şərh oluna bilər. Bir oxucu bu mətndə tarixi yaddaşın, digər oxucu müəllifin özünün, nəhayət üçüncü oxucu isə ümumiyyətlə insanın həmişə uca tutulması istəyinin əks olunduğu qənaətinə gələ bilər. Nəzərdən keçirdiyimiz bədii mətnlərdə oxucu tərəfindən bu cür məna və şərhlərin sayını artırmaq da olar.
Beləliklə, diskursda bir deyil, bir neçə (və hətta bu sonsuz sayda da ola bilər) mətn üzə çıxır və bu zaman mətni göndərən ilə mətni qəbul edən arasında aydın fərqlə (biri mətni göndərir, digəri isə qəbul edir) yanaşı, müəyyən ümumi cəhətlər də büruzə verir. Söhbət ondan gedir ki, mətni göndərən sadəcə olaraq birinci mətni (bu mətni orijinal mətn də adlandırmaq olar) yaradır. Mətni qəbul edən tərəfindən onun şərhi zamanı isə ikinci, üçüncü, dördüncü və hətta, ola bilər ki, n sayda mətn yaransın. Lakin U. Eko bədii mətndə mənaların və müvafiq olaraq şərhlərin çoxluğuna sədd qoyan mühüm bir amil kimi niyyəti göstərir (Eco, 1994). Söhbət yalnız mətni göndərənin deyil, həmçinin mətnin özünün niyyətindən gedir və məhz bu niyyətlərin qoyduğu sədlər və yaxud məhdudiyyətlər sayəsində mətni qəbul edənin şərhlərinin həddindən artıq olmasının qarşısı alınır.
Qeyd etmək lazımdır ki, eyni şərh mexanizmini digər mətn tip və janrlarına da şamil etmək olar. Məsələn, birinci fəsildə təhlil etdiyimiz media mətn (5) bu mənada səciyyəvidir. Böyük Britaniyada ipoteka üçün kredit verilməsi ilə bağlı açıqlanmış rəqəmlərə həsr olunmuş birinci qəzet mətni bəzi oxucular üçün ipoteka ilə ev almağın çətinləşməsini əks etdirir, digərləri üçün isə belə bir bahalaşma dinamikası müsbətə doğru (tələbin çoxalması mənasında) addımdır. Ekologiyaya həsr olunmuş mətndəki (6) obrazlı ifadə Cette pollution fait une première victime bəzi oxucuları düşünməyə və hətta bu problemə diqqətin bəlkə də həddən artıq olması kimi şərhlər də mümkündür.
Bununla belə bədii mətnlərdən fərqli olaraq media mətnlərində maraq və ondan irəli gələn niyyət daha vacibdir və nəticə etibarilə, həlledici əhəmiyyət kəsb edir. Beləliklə, mətnlərin şərhi onların kommunikasiyanın prinsip və funksiyalarına uyğun şəkildə yaradılmasını və həmin prinsip və funksiyalara müvafiq strategiyanın seçilməsini də nəzərdə tutur. Kommunikasiya zamanı uğurun əldə edilməsi əsasən düzgün seçilmiş strategiyadan (bu strategiyanı diskurs strategiyası da adlandırmaq olar) asılıdır.
Digər tərəfdən, verbal kommunikasiya zamanı insanlar mətnlərini yalnız eksplisit vasitələrin, yəni gözə görünən linqvistik vasitələrin köməyi ilə yaratmır. (Əgər insanlar mətn vasitəsilə çatdırmaq istədikləri bütün informasiyanı mətndə tam olaraq eksplisit şəkildə təqdim etsə idilər, mətnlər həddən artıq böyük olar və verbal kommunikasiyanın özünün səmərəliliyi şübhə altına alına bilərdi.) Məsələ ondadır ki, bu tip kommunikasiya zamanı mətn vasitəsilə göndərilən informasiyanın yalnız bir hissəsi həmin mətndə eksplisit, yəni gözə görünən şəkildə büruzə verir. Həmin informasiyanın böyük hissəsi isə mətnin arxasında qalır və yaxud nəzərdə tutulur, yəni implisit şəkildə büruzə verir. Bu halda mətnin başa düşülməsi, əgər belə demək mümkündürsə, onu qəbul edənin ixtiyarına buraxılır (Eco, 1979, Комиссаров, 1988 və digərləri). Verbal kommunikasiya prosesində iştirak edən mətni göndərən və onu qəbul edən şəxslər üçün bu praqmatik amil çox mühümdür. Belə ki, mətni göndərən şəxsin demək və yaxud yazmaq istədiyinin çox az hissəsinin mətndə eksplisit şəkildə göstərməsinin səbəbi onun mətni qəbul edən şəxsin fon biliyinə arxalanmasıdır.
İnsanın sosial həyatı boyu öz təcrübəsi nəticəsində əldə etdiyi bilik kimi nəzərdən keçirilən fon və yaxud ensiklopedik bilik mətnin yaradılması prosesinə bilavasitə təsir edir. T. van Deyk həmin anlayışı izah etmək üçün koqnitiv psixologiyada işlənən freym (frame) terminindən istifadə etmişdir. O, freymi “ bizə, dərk etmə, dillə ötürülən xəbərlərin başa düşülməsi və dil vasitəsilə edilən hərəkətlər kimi əsas koqnitiv aktları yerinə yetirməyə imkan verən dünya haqqında biliklərin təqdimi aləti kimi nəzərdən keçirir (van Dijk, 1976:31). Lakin sadəcə fon biliyi mətndəki implisit mənaları aşkar etməyə yardım etmir. Bunun üçün mətni qəbul edənin əlavə olaraq ətraf aləm və yaxud situasiya haqqında biliyi də vacibdir.
Biz öz təcrübəmizdən də bilirik ki, tutaq ki, konkret məkan (Bakı şəhəri) və zaman (avqust, 2013-cü il) parametrləri çərçivəsində Keçən ay Londona getmişdim mətnini qəbul edən orta statistik biliyə malik Azərbaycanlı öz fon biliyi sayəsində London (bu şəhərin dünyadakı rolu sayəsində insanların onu asanlıqla tanıması) və Bakıdan Londona səfər (bu səfərin avtobus və yaxud qatar ilə deyil, məhz təyyarə ilə həyata keçdiyini güman etmək olar, çünki uzun məsafə və digər sosio-mədəni səciyyəli amillər nəzərə alındıqda insanlar Bakıdan Londona ən çox təyyarə ilə gedir) haqqında qismən implisit şəkildə təqdim olunan bu mənaları asanlıqla aşkar edə bilir. Eyni zamanda, o, ətraf aləm haqqında biliyi sayəsində hadisənin 2013-cü ilin iyul ayında baş verdiyini və səfərə məhz bu mətni göndərənin getdiyini artıq yəqin edir. Burada biz mətni qəbul edənin öz fon biliyi sayəsində gümanlara əsaslanaraq, mətndəki tam açıq ifadə olunmayan mənaları aşkarladığını görürük. Buna əlavə olaraq, o, ətraf aləm və yaxud situasiya haqqında biliyi sayəsində artıq yəqinliyə əsaslanaraq, həmin açıq ifadə olunmayan mənaları aşkarlayır. Beləliklə, mətni qəbul edən məhz öz fon və ətraf aləm və yaxud situasiya haqında bilikləri sayəsində mətndə tam şəkildə açıq ifadə olunmayan mənaları aşkar edir.
Göründüyü kimi, mətni göndərən ilə onu qəbul edən arasında mühüm bir qarşılıqlı anlaşma mexanizminə zərurət yaranır. Bu mexanizm mətni göndərənin praqmatik maraq və niyyətinə uyğun olmaqla yanaşı, həmçinin mətni qəbul edənin koqnitiv imkanlarını da ehtiva edir. Diskurs formalaşmasının bu mühüm cəhətlərini Diskurs Təhlilində iki əsas amildən (digər amil mətndir) biri olan kontekst şərtləndirir.
1.3 Mətn və kontekst
Kontekst, onun mahiyyəti, tipləri haqqında son onilliklərdə həm dilçilikdə, həm də digər humanitar və sosial elmlərdə çoxsaylı tədqiqatlar (van Dijk, 1977, Мыркин, 1978, Lyons, 1981, Goffman, 1981, Gumperz, 1982 və s.) işıq üzü görmüşdür. Dilçilər üçün kontekst əsasən onun dil strukturlarının təhlilində hansı rolu oynadığı baxımından maraq kəsb edir və dil-kontekst münasibətləri məhz bu istiqamətdə nəzərdən keçirilir (Levinson, 1983, Mey, 1993 və çoxsaylı digər əsərlər). Ənənəvi və bir qədər sadələşdirilmiş baxışa görə kontekstin iki növü əsas götürülür: linqvistik və fiziki (Yule, 2004:114). Linqvistik kontekst, ümumi şəkildə, hər hansı bir konkret dil elementini əhatə edən və onun mənasını müəyyənləşdirən söz və cümlələrdən ibarətdir. Fiziki kontekst isə verbal kommunikasiya anının baş verdiyi fiziki məkandır və onu kommunikasiya konteksti kimi də adlandırmaq olar.
Lakin insanların mətn vasitəsilə verbal kommunikasiya zamanı istifadə etdikləri məkan yalnız fiziki parametrlərinə (konkret məkan-küçə, ev şəraiti və s. ) və (konkret zaman-saat, gün, ay və s.) görə maraq kəsb etmir. Çünki həmin fiziki kontekstin hansı sosial komponentə malik olması daha vacibdir. Burada artıq kommunikasiyada iştirak edən insan, onun yaşı, cinsi, irqi, sosial statusu, biliyi və digər bu kimi amillər önə çıxır. Belə ki, mətni göndərən və mətni qəbul edən, onların yaşı, cinsi, irqi, sosial statusu, məqsədləri, biliyi, yerləşdikləri məkan və zaman parametrləri, mətni qəbul edənin real insan və yaxud təxəyyüldə ola bilməsi, onun başa düşmə, aşkarlama və şərhlə bağlı koqnitiv imkanları, eləcə də diskursun formalaşmasında rolu olan digər mühüm amillər kontekstin ayrılmaz hissələri kimi nəzərdən keçirilməyə başlanır. Bu mənada T. van Deykin 1998-ci ildə nəşr olunmuş İdelogiya. Fənlərarası yanaşma adlı əsərindəki kontekst haqqında fikri simptomatik görünür (van Dijk, 1998: 23):
Kontekstə kommunikasiya prosesində iştirak edənlər və onların rolu, məqsədləri, onları əhatə edən zaman və məkan, ümumi fon biliyi və s. daxildir.
Beləliklə, kontekst diskursun formalaşmasına təsir edən ən əsas amillərdən biri kimi qəbul olunur. Burada yuxarıda sitat gətirdiyimiz N. Enkvistin diskursa verdiyi tərif yada düşür (Enkvist, 1989: 372). Maraqlıdır ki, kontekstlə diskurs arasındakı münasibətlərə dair araşdırmalar T. van Deykin kontekstin özünün mahiyyəti ilə bağlı fikirlərində yeni meyllər ortaya çıxardı. Belə ki, onun 2008-ci ildə nəşr olunmuş Diskurs və kontekst. Sosiokoqnitiv yanaşma (van Dijk, 2008) adlı əsərini bu mənada dönüş nöqtəsi adlandırmaq olar. Kitabda söhbət artıq yeni bir kontekst nəzəriyyəsindən gedir. T. van Deyk konteksti insanlardan və onların düşüncəsindən, yəni mental modellərdən asılı olan kommunikativ situasiya kimi nəzərdən keçirir (diskursa sosio-koqnitiv yanaşmaya növbəti fəsildə daha ətraflı toxunacağıq). O, öz fikrini belə əsaslandırır (van Dijk, 2008: 4):
Dostları ilə paylaş: |