Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə9/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
text and discourse studies1

Reprezentasiya termininə üstünlük verməmizin səbəbi bu terminin nəzərdə tutduğumuz anlayışı daha dolğun ifadə etməsi ilə izah oluna bilər.

Bütün müasir diskurs nəzəriyyələrinin əsasında həmin mülahizələr dursa da, qeyd etmək lazımdır ki, burada da fikir ayrılıqları var. Bu mənada keçən əsrin 80-ci illəri simptomatikdir. Məsələn, bu dövrdə strukturalizm ruhunda diskursun sosial və sosiolinqvistik mahiyyətinə əsaslanan Esseks məktəbi formalaşmışdır (Laclau & Mouffe, 1985 və s.). Bu məktəb çərçivəsində sosial kateqoriyalara aid edilən hegemoniya, identiklik, sosial dəyişmə kimi çox mühüm sosioloji və politoloji amillərin diskursla əlaqəsi diqqət mərkəzinə gətirilir.

Bu dövrdə diskurs tədqiqatlarında digər meyl də özünü göstərməyə başladı. T. van Deykin redaktəsi ilə 1985-ci ildə nəşr olunmuş “Diskurs və kommunikasiya: kütləvi informasiya vasitələri diskursu və kommunikasiyanın təhlilinə yeni yanaşmalar” adlı kitaba giriş məqaləsində o, media diskursu araşdırmaya cəlb edərək, ümumilikdə, diskursa tamamilə yeni sosio-koqnitiv proseslər nəzəriyyəsi baxımından yanaşır (van Dijk, 1985). Müəllif diqqəti özünün də ənənəvi tədqiqat marağı olan sırf mətndən tədricən mətnin formalaşması və qəbulu proseslərinin söykəndiyi və superstrukturlar adlandırdığı koqnitiv modellərə və sxemlərə (schemata) yönəldir. T. van Deykə gorə həmin model və sxemlər mətn və cəmiyyət, diskurs strukturları ilə sosial strukturlar arasındakı boşluğu doldurur. Söhbət həmin strukturlar arasındakı fərdi və sosial qavramanın (koqnisiyanın) nisbətindən gedir. T. van Deykə görə diskursun mahiyyətini məhz iştirakçılar arasında güc (hakimiyyət) və ideologiya kimi sosial münasibətlər müəyyənləşdirir. O, əsas diqqəti bu münasibətlərin müntəzəm təcrübələr vasitəsilə necə həyata keçdiyinə yönəldir. T. van Deyk 1998-ci ildə nəşr olunmuş yuxarıda adını çəkdiyimiz İdelogiya. Fənlərarası yanaşma adlı əsərində hətta “diskursların ideoloji mahiyyət daşıdıqlarını və yaxud ideologiyaların diskurslar tərəfindən yenidən yaradıldığı” (van Dijk, 1998: 33) kimi fikir irəli sürür. Beləliklə, diskurs iştirakçıları arasında münasibətlərdə dilin və mətnin rolu diqqətdən kənarda qalır və əksinə diskursda güc (hakimiyyət) münasibətlərini və ideologiyanı yaradan strukturların sabitliyi əsas amil kimi götürülür.

Maraqlıdır ki, Tənqidi Diskurs Təhlilinin əsasını qoyanlardan N. Feəklou T. van Deyki diskurs iştirakçıları arasındakı sosial münasibətlərə həddən artıq çox diqqət yetirdiyinə və bunun əksi olaraq dil və mətnə zəif diqqətinə görə tənqid etmişdir (Fairclough, 1995). N. Feəklou M. Fukonun diskurs nəzəriyyəsini qəbul etməklə yanaşı, diskurs təhlilində dili sosial semiotika kimi qəbul edən M.A.K. Hallideyin (Halliday, 1978, Halliday, Matthiessen, 2004 və s.) funksional dilçiliklə bağlı fikirlərinin də nəzərə alınmasını vacib sayır. Əslində T. van Deykin diskursa yanaşmasını bu cür qiymətləndirmək də tam ədalətli deyil, çünki M. Fukonun və digərlərinin diskursla bağlı tədqiqatlarından fərqli olaraq məhz bu yanaşma sayəsində Tənqidi Diskurs Təhlilində mətn sistemli şəkildə kəmiyyət və keyfiyyət baxımından təhlilə cəlb olunur (van Dijk, 1999, van Dijk, 2001 və digər əsərlər).

Qeyd etmək lazımdır ki, diskursa və onun tədqiqinə yanaşma fərqləri son on ildə tamamilə yeni müstəviyə keçmişdir və bu gün diskursiv-koqnitiv paradiqma adlanan yeni bir mərhələyə qədəm qoyulmuşdur. Belə ki, diqqət artıq diskursun yaranmasında yalnız sırf sosial situasiyanın deyil, həmçinin kommunikativ situasiyanın da həlledici roluna yönəlmişdir. Söhbət Tənqidi Diskurs Tədqiqatları çərçivəsində diskursa iki fərqli yanaşma - sosial və sosio-koqnitiv yanaşmalardan irəli gələn dilemmadan gedir. Bəzi tədqiqatçılar sırf sosial (Chouliaraki, Fairclough, 1999, Teubert, 2011 və digər əsərlər), bəziləri isə sosiokoqnitiv (van Dijk, 2008, van Dijk, 2009, Hart, 2011 və digər əsərlər) adlanan yanaşmaya üstünlük verir. Qeyd etmək lazımdır ki, sosio-koqnitiv yanaşma sosial yanaşmanı tamamilə inkar etmir. Sadəcə olaraq, söhbət diskursun formalaşmasında daha çox cəmiyyətin və yaxud insanın fərdi qabiliyyətinin prioritet olduğundan gedir.

Diskursa bu yanaşma fərqi dilçilikdə çox aktual olmuş (və bəlkə də hal-hazırda da aktuallığını saxlayan) dilə yanaşma fərqini xatırladır. Belə ki, V. Voloşinovun (bəzi iddialara görə müəllif M. Baxtindir) 20-ci əsrin əvvəllərində yazdığı Marksizm və dilin fələsəfəsi adlı çox məşhur kitabında dilçilikdə dilə iki yanaşmanın - abstrakt obyektivizm və individual subyektivizm (V. Fon Humboldtun ideyaları) fərqləndirildiyi vurğulanır (Волошинов (Бахтин под маской), 1993). Əsərdə abstrakt obyektivizm F. de Sössürün dilin sosial mahiyyəti haqqında fikirlərinə, individual subyektivizm isə V. fon Humboldtun dili daha çox fərdi qabiliyyətlə əlaqələndirməsi haqqında fikirlərinə istinaddır. Beləliklə, hər iki halda, həm dil, həm də diskursla bağlı tədqiqatlarda cəmiyyətin və yaxud fərdin daha üstün rolu məsələsi diqqət mərkəzindədir.

Diskursa sosio-koqnitiv yanaşmanın tərəfdarı olan T. van Deyk sosial strukturlar ilə diskurs strukturları arasında birbaşa əlaqə ideyasını, yəni sosial situasiyanın üstünlüyü fikrini dəstəkləyən yuxarıda artıq nəzərdən keçirdiyimiz sosiolinqvistik fikirlərə (Enkvist, 1989, Fairclough, 1995, Teubert, 2010 və bir çox digər əsərlər) zidd olaraq sosial strukturların diskursa birbaşa deyil, dolayısı ilə təsir etdiyini iddia edir. O, 2009-cu ildə nəşr olunan Diskurs və cəmiyyət. Sosial kontekstlər mətnə və söhbətə necə təsir edir (van Dijk, 2009) adlı monoqrafiyasında iştirakçıların subyektivliyinə əsaslanan kommunikativ situasiyanın diskursa birbaşa və həlledici təsir etdiyi qənaətindədir (van Dijk, 2009: 4):

Sosial situasiyanın (məsələn, Bleyrin Baş Nazir kimi rolu və digər situasiyalar) aspektləri ilə diskurs arasında birbaşa əlaqə yoxdur. Bu, geniş yayılmış mahiyyətcə səhv olan yanaşmadır. Sosiolinqvistikada da aparıcı olan bu düşüncəyə görə, cins, irq, yaş və yaxud status (söhbət sosial statusdan gedir) bizim necə danışdığımıza təsir edir. Belə bir birbaşa təsir yoxdur, sadəcə ona görə ki, situasiyanın sosial xüsusiyyətləri diskursun yaranması və başa düşülməsinin koqnitiv proseslərinə birbaşa cəlb olunmamışdır. Yalnız koqnitiv hadisə koqnitiv proseslərə birbaşa təsir edə bilər.

Beləliklə, sırf koqnitiv hadisə diskursda həlledici amil kimi nəzərdən keçirilir. Diskursa sosio-koqnitiv yanaşma yalnız sosial kontekstə deyil, həmçinin diskurs iştirakçılarının səriştə və fon biliyinə və bundan irəli gələn koqnitiv qabiliyyətlərinə əsaslanır. Diskursun yaranmasını şərtləndirən onun iştirakçılarının koqnitiv qabiliyyətini bu cür təsnif etmək olar:



  • mətni göndərən diskursda başa düşmə, inferensiya və şərh üçün zəruri olan müəyyən linqvistik və ritorik (bunları koqnitiv də adlandırmaq olar) vasitələrdən istifadə edir;

  • mətni qəbul edən diskursun formalaşması prosesində yeni bilikdən istifadə edir.


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin