Müasir həyatda kompüter
İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb. Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi informasiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Kompüter təhsildə. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması uzun və mürəkkəb prosesdir. Orta məktəbdə, sonra isə ali məktəbdə təhsil insan həya tının önəmli bir hissəsini təşkil edir. Bununla belə, müasir informasiya cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər hansı professional işi yerinə yetirmək bacarığına malik olmaq`üçün insan öz təhsil dairəsini daim genişləndirməlidir. İnformasiya cəmiyyətində «necə»ni bilmək, «nə»yi bilməkdən daha vacibdir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən mümkün deyil.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin ən vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə etməkdir. Multimedia vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir, informasiyanın məntiqi və obrazlı mənimsənilməsi üsullarını birləşdirir ki, bu da təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi şəxsiyyət yönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir. İnformasiya və kommunikasiya texnologiyaları distant təhsili təşkil etməyə imkan verir. Distant təhsildə (məsafədən təhsildə) müəllim və öyrənən məna baxımından ayrıdırlar və dərs prosesi telekommunikasiya vasitəsilə, başlıca olaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir.Distant təhsil sayəsində bir çox insanlar (iş və ailə qayğıları ilə yüklənmiş yaşlılar, kənd yerlərində, yaxud kiçik şəhərlərdə yaşayan gənclər) evdə öz təhsillərini artırmaq imkanı əldə edirlər.
Kompüter elmi tədqiqatlarda. Hazırda bir çox bilik sahələrində elmi tədqiqatlar alimlər, mühəndislər və konstruktorlardan ibarət böyük kollektivlər tərəfindən çox mürəkkəb və bahalı avadanlıq vasitəsilə həyata keçirilir. Elmi araşdırmaların səmərəliliyi önəmli dərəcədə kompüter texnikasından istifadə səviy yəsindən asılı olur. Kompüterlərdən eksperimentlərin idarə olunmasında, hesabatların və sənədlərin hazırlanmasında, eksperimentlərin nəticələrinin təhlilində və s. istifadə olunur. Nəticədə:
• tədqiqatların aparılması müddəti bir neçə dəfə qısalır;
• nəticələrin dəqiqliyi və doğruluğu artır;
• eksperimentin gedişinə nəzarət güclənir;
• nəzarət edilən parametrlərin sayının artması və verilənlərin daha dəqiq emalı nə ticəsində eksperimentin keyfiyyəti və informativliyi yüksəlir;
• eksperimentlərin nəticələri operativ surətdə daha əlverişli formada (məsələn, qrafik) verilir.
Dostları ilə paylaş: |