Deemulqatorların keyfiyyətinin təyini. Bunun üçün çəlləyin yuxarı səviyyəsindən 10 sm aşağıda və aşağı səviyyəsindən 10 sm yuxarıda 30-40 ml nümunə götürülür. Nümunəni rezin tıxaclı şüşə boru vasitəsilə götürürlər. Nümunə götürüldükdən sonra əvvəlcə onun gözlə rəngini qiymətləndirirlər. Daha sonra sıxlıq, özlülük kimi əsas göstəriciləri təyin olunur. Əgər bu göstəricilər hər iki nümunədə eyni olarsa, onda deemulqatorunuz bircinsli olur. Deemulqatorun üzvi həlledicilərdə həllolmasını təyin etmək üçün ondan bir miqdar sınaq şüşəsinə töküb, üzərinə həlledici əlavə edirlər. Daha sonra ağzını kip bağlayıb bir müddət sirkələyirlər. Əgər deemulqator tam həll olmuşdursa, onda sınaq şüşəsinə işıq tutduqda, divarlarda və dibdə deemulqator damcısı olmamalıdır. Deemulqatorun suda məhlulunun tutqunlaşmasının başlanğıc temperaturunu təyin etmək üçün, distillə suda 0.5%-li deemulqator məhlulunu sınaq şüşəsinə töküb, içinə həlqəvi qarışdırıcı və termometr yerləşdirilir. Məhlul vaxtaşırı qarışdırılır. Tutqunluğun ilk əlaməti yaranan ana uyğun temperatur təyin olunur.