Yerli gəlir - dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlirdir
Yerli xərc - büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclərdir
Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur.
Dövlətin büdcə siyasəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, ”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, ayrı-ayrı hakimiyyət orqanlarının büdcə prosesi sahəsində funksiyalarını və səlahiyyətlərini ifadə edən digər qanunvericilik aktları ilə müəyyən edilir. Büdcə siyasətini yalnız büdcə prosesinə aid etmək olmaz. Büdcə siyasəti haqqında qanun hər bir dövlət hakimiyyəti orqanının büdcə prosesindəki funksiyalarını dəqiq ifadə edir.
5.
Dövlətin maliyyə siyasətinin tərkib hissəsi kimi büdcə siyasətinin işlənib hazırlanmasında dövlət hakimiyyətinin qanunverici və icraedici həlqələri iştirak edir. Müasir dövrdə Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri şəraitində cari dövr perspektiv üçün ölkənin iqtisadi siyasətinin, o cümlədən maliyyə-büdcə siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində Respublika Prezidenti aparıcı rol oynayır.
Ölkənin iqtisadi inkişafının və sosial sabitliyin təmin edilməsi məqsədi ilə Respublika Prezidenti dövlətin iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir. Buna əsasən dövlətin Respublika hökuməti dövlətin maliyyə-büdcə siyasətini həyata keçirmək üçün müvafiq qanun layihələrini hazırlayır və müzakirə və qəbul üçün Milli Məclisə təqdim edir.
Həyata keçiriləcək büdcə siyasəti respublikada maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verməlidir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi təmin olunmalıdır. Bu məqsədlə büdcə siyasətində aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:
Büdcə proqnozları iqtisadi cəhətdən tam əsaslandırılmalı, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilməlidir;
Büdcənin gəlir və xərcləri düzgün tarazlaşdırılmalı;
Qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin etmək;
Vergi borclarının azaldılması istiqamətində lazımı işlər görmək;
Vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirmək;
Vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş vergini tətbiq etmək;
Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmaq;
Təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmaq;
Büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə ayrılan vəsaitlər artırmaq;
Dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirmək;
Büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;
Dövlət qısa, orta və uzun müddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.
”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.
Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi (bundan sonra—dövlət büdcəsi), Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir.
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 2. Azərbaycan Respublikasının Konstitusiyası. 3. ”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 4. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003 5. Ələkbərov Ə.Ə. Azərbaycan Dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin rolu. Bakı, 2005 6.http://www.maliyye.gov.az/