Tred yunionlar. Robert Ouen və Davud Rikardo. İş evlərinin təşkili haqqında qanun zəhmətkeş təbəqəni viqlər partiyasından daha da uzaqlaşdırdı, müstəqil fəhlə təşkilatlarının formalaşması prosesi sürətləndi.
İlk belə təşkilat ingilis həmkarlar təşkilatları –tred-yunionlar oldu. Onlar hələ XVIII əsrin sonlarından yaranmağa başlamışdır. 1824-cü ildə parlament onların fəaliyyət göstərməsinə icazə vermişdir. Bir şərtlə ki, fəhlələr tred-yunionlarda yalnız əmək haqları haqqında razılığa görə birləşə bilərdilər. Həmin dövrdə fəhlələr sahibkarlara qarşı öz müqavimətlərini təşkil etmək imkanı da əldə etdilər. 1879-cu ildə isə tred-yunionların ixtisaslar üzrə ümumi dövlət səviyyəsində təşkili cəhdi də edildi. Bu hərəkat İrlandiyalı fəhlə Con Doçertinin adı ilə bağlı idi. 1834-cü ildə isə artıq iki il idi ki, mövcud olan və 500 min fəhləni özündə birləşdirən ümumingilis Böyük milli həmkarlar ittifaqı meydana gəlmişdi. Onun yaradılmasında ingilis utonik- sosialisti Robert Ouen böyük rol oynamışdır.
Robert Ouen (1771-1858) 1800-cü ildən Nyu-Lenarda (Şotlandiya) böyük bir toxuculuq fabrikini idarə edirdi. Həmin dövrdən o kasıbların və fəhlələrin əmək şəraiti və həyatının yaxşılaşdırılmasına çalışırdı. O, belə hesab edirdi ki, bu tədbirləri hər bir sahibkar özünüidarə sahəsində həyata keçirə bilər. O, öz işində göstərdi ki, sahibkarlara inkişaf üçün işçiləri əzməsi lazım deyildir. R. Ouen, hətta iş gününü 10. 5 saata endirmişdir. Müəssisənin nəzdində isə istehsal işçilərinin balaları üçün məktəb və uşaq bağçaları da açmışdır. İşçilərin yaşaması üçün nümunəvi evlər tikdirmişdir. O, məhz mütərəqqi qanunların tətbiqi ilə istehsal sahəsində yüksək əmək məhsuldarlığı əldə etmişdir. Fəhlə sinfi içərisində sosialist ideyalarının təbliğ olunmasında R. Ouenin rolu çox böyük olmuşdur. Onun ideyasına görə insanların kasıb yaşamasının əsas səbəbi xüsusi mülkiyyətin və muzdlu əməyin mövcudluğu olmuşdur. Lakin o, sinfi mübarizəni inkar edirdi.
XIX əsrin əvvəllərində İngiltərədə mövcud olan burjua ideologiyası ikili xarakter daşımışdır. Bir tərəfdən burjuaziya kapitalizmin inkişafına maneçilik törədən əngəlləri aradan qaldırmaq uğrunda mübarizə apardığına görə, mütərəqqi xarakterdə olsa da, digər tərəfdən də fəhlə sinfinin ideya-siyasi cəhətdən inkişafı, cəmiyyətdə sinfi mübarizənin kəskinləşməsi nəticəsində burjua ideologiyasında mühafizəkarlıq güclənmişdir.
Müvəqqəti burjua ideologiyasının görkəmli nümayaəndəsi David Rikardo (1779-1823) olmuşdur. Sahibkar –bankir olan Rikardo öz əsərlərində A. Smitin nəzəriyyəsini inkişaf etdirmişdir. O, əsərlərində qeyd edirdi ki, dəyərin mənbəyi əməkdir. Dəyər əmtəələrin istehsalında sərf edilmiş əməyin miqdarıdır. D. Rikardo 1817-ci ildə çap etdirdiyi “Siyasi iqtisadın və vergilərin prinsipləri” əsərində kapitalistin gəlirini əmək haqqını çıxdıqdan sonra geridə qalan qalıcını hesab etmişdir. O, sahibkarlarla fəhlələrin ayrılıqda mənafeylərini açıb göstərmişdir.
Dostları ilə paylaş: |