Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Almaniyada milli hərəkat və Prussiya-Avstriya rəqabəti



Yüklə 0,52 Mb.
səhifə50/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   138
Yeni tarix müh

Almaniyada milli hərəkat və Prussiya-Avstriya rəqabəti. XIX əsrin 50-60-cı illərində Prussiyanın başçılığı ilə alman gömrük ittifaqında artıq ümumi iqtisadi həyat formalaşmışdı. Ölkədə milli birliyin vacibliyini başa düşənlərin sayı getdikcə artırdı.

Çoxlu sayda xırda dövlətlərin mövcudluğu , vahid alman vətəndaşlığının olmaması, feodalizm qaydalarının hələ də qalması, daxili iqtisadi vəziyyət burjuaziya üçün dözülməz idi. Hətta dünya bazarlarında burjuaziyanın maraqlarını qoruyacaq bir dövlət yox idi. Fəhlələr də vahid alman dövlətinin yaranmasını istəyirdilər. Çünki vahid Almaniya daxilində onlar sərbəst ola, iş tapa bilər və yaşayış şəraiti yaxşılaşardı.

1848-1849-cu illər inqilabı liberalları parçalamışdı. Onların bir hissəsi Prussiyada “yeni dövrün” başlanmasını görüb mübarizəni davam etdirməyə inanırdılar. 1858-ci ildə şahzadə Vilhelm kralın(onun qardaşı idi) ruhi xəstə olması ilə əlaqədar Prussiyanın regent-şahzədəsi oldu. O, hakimiyyətə gələrkən yeni liberal-mühafizəkar bir hökümət yaratdı və əvvəlki idarəçilik kursundan imtina etdi. Yeni hökümət arxaya belə baxmadan zamanın yeni tələblərinə qarşı getməli idi. Bunlar da idarəçilikdə yeni qaydaların qoyulacağına dəlalət edirdi. 1858-ci ildə liberallar Prussiya Lantaqına keçirilən seçkilərdə qələbə çaldılar ki, bu da onlara öz siyasi xətlərini davam etdirməyə, parlamentdə zadəganların hakimiyyətini məhdudlaşdırmağa və öz prinsiplərinə uyğun hüquqi liberal dövlət qurmalarına sövq edirdi.

Liberalların digər hissəsi isə inqilabın məğlubiyyətinin onların siyasi imkanlarını ləğv edəcəyindən qorxaraq mübarizədən əl çəkməyə hazır olduqlarını bildirdilər. Onlar məqsədlərinə kompromis yolu ilə çatmağın mümkün olacaqlarında görürdülər. Lakin hər iki liberal cərəyan bir məsələdə-vahid Almaniya uğrunda mübarizədə birgə idilər.

1859-cu ildə baş vermiş beynəlxalq böhran Almaniyanın vəziyyətini bir qədər çətinləşdirdi. Bir tərəfdən Avstriya, digər tərəfdən də Fransa və Pyemont müharibəyə başladılar. Mübarizə Şimali İtaliyanın Habsburqların hakimiyyətindən azad edilməsi uğrunda gedirdi. Lakin Fransa imperatoru III Napoleon təbii sərhədlər məsələsini irəli ataraq Fransa sərhədlərinin Reyn çayı boyunca müəyyənləşdirilməsini tələb edirdi. Belə olan halda isə sol sahil Reyn torpaqları Fransaya verilməli idi.

Artıq Almaniyanın birləşməsi məsələsi beynəlxalq münasibətlər çərçivəsində müzakirə olunurdu. Prussiyanın rəhbərliyi altında birləşmənin tərəfdarı olan kiçik alman dövlətləri Alman ittifaqının müharibəyə qoşulmasının əleyhinə idilər. Onlar Avstriyanı alman ittifaqında görmək istəmirdilər. Böyük Alman dövlətləri isə əksinə, Alman ittifaqını Habsburqlarsız(yəni Avstriyasız) təsəvvür belə etmir, ancaq ittifaq hərbi qüvvələrinin Avstriyaya görə müharibəyə girməsini istəmirdilər. Prussiya neytrallıq göstərsə də, müharibə tezliklə Avstriyanın məğlubiyyəti ilə başa çatdı və o, Lombardiyanı itirdi.

Ümumi Almaniyada geniş xalq hərəkatı dayanmaq bilmirdi. Kütləvi vətənpərvərlik təşkilatları yaranırdı: 1859-cu ildə maarifçi fəhlə təşkilatı yaradıldı. Həmin ilin noyabrında F. Şillerin 100 illik yubleyinin keçirilməsi tədbirləri faktiki olaraq alman mədəniyyətinin nümayişi mərasiminə çevrilmişdi. Beləliklə, bütün alman torpaqlarında ümumalman-liberal təşkilatı yarandı. 1859-cu ildə Ümumalman Milli İttifaqı, 1861-ci ildə isə “Tərəqqi” partiyası yaradıldı. Prussiya başda olmaqla bu siyasi təşkilatlar Avstriyasız birləşmənin tərəfdarı idilər və liberal konstitusiya əsasında parlamenti olan ittifaq dövlətinin yaradılması üçün mübarizəyə qoşulmaq istəyirdilər.

Prussiya isə ölkədə gedən hərtərəfli dəyişikliklərə baxmayaraq, zadəganların başçılıq etdiyi orduya arxalanaraq liberalların planlarının həyata keçməsinə mane olurdu. 1860-cı ildə meydana gəlmiş konstitusiya konflikti də açıq göstərdi.

Şahzadə-regent Vilhelmin məqsədi isə Avropada baş verəcək konfliktlərə hazırlıq böyük ordu yaratmaq idi. Odur ki, orduda zadəganların mövqeyini möhkəmləndirirdi. Hətta daimi və müasir ordunun yaradılması üçün lantaqa da layihə təqdim etmişdi. Lakin parlamentdəki liberal çoxluq bu layihəni rədd etsə də hərbi xərclər üçün 9 milyon taler vəsait ayrılmışdı. Həmin vəsait faktiki olaraq islahatda nəzərə tutulmuş dəyişikliklərə sərf olunurdu. Həmin islahatlar isə 1861-ci ildə yekunlaşdı.

1861-ci ildə lantaqa keçirilən seçkilərdə “Tərəqqi” partiyası əhəmiyyətli yer ala bildi. Deputatlar palatasında çoxluğu ələ ala bilən liberallar hərbi nazirliyə nəzarət etmək istəyi ilə büdcə xərclərinin dəqiqləşdirilməsini tələb etdilər. Kral isə buna cavab olaraq kral deputatlar palatasını buraxdı, hakimlər palatasının iclaslarını dayandırdı və liberal nazirləri istefaya göndərdi. Bu prosesi liberal siyasətin sonu adlandırmaq olar.

Prussiya kralının bu antixalq hərəkatı xalq tərəfindən narazılıqla qarşılandı. Dövlətin təqiblərinə və represiyalarına baxmayaraq 1867-ci ilin yazında keçirilmiş parlament seçkilərində liberallar yenə də uğur qazandılar.

“Tərəqqi” partiyasının üzvləri hərbi xərcləri kəsməklə hökümətə təzyiq etməyə çalışırıdılar. Belə bir zamanda dövlət böhranı da baş verdi. Kral iki fikir arasında qalmışdı: istefa versin, yoxsa parlamenti buraxsın. Lakin o, bunun heç birini etməyib, o dövrün tanınmış siyasətçilərindən olan Otto Fon Bismarkı (1815-1898) 1867-ci il 24 sentyabr tarixində nazir-prezident vəzifəsinə təyin etdi.

Bismark Almaniyanın birləşdirilməsi məsələsinə belə bir izah vermişdir: “Almaniya Prussiya liberalizminə məhəl qoymur. . . Zamanın böyük məsələləri nitqlər və qərarlarla həll edilmir. Bu, 1848-1849-cu illərin böyük səhvi idi. O, dəmir və qanla həll edilir”.

O. Fon Bismark yunkerlərin bütün xarakterik cəhətlərini özündə cəmləşdirməklə, dəfələrlə təkrarlamışdır ki, ” mən ilk növbədə prusam və sonra da alman”. O, bütün həyatı boyu Prussiya taxt-tacına usanmadan xidmət etmiş, liberalizmə saymazyanalıq göstərmişdir. Lakin iti zəkalı insan və zəngin siyasi-diplomatik təcrübə sahibi olan Bismark mühafizəkar siyasətçilər cərgəsində çox məhdud saylı olanlardan biri kimi daxili və xarici siyasəti, ölkənin iqtisadi vəziyyətini düzgün qiymətləndirməyi bacaran fenomen bir şəxsiyyət idi.

Bu vaxt Prussiyanın mübarizə aparmalı olduğu rəqibləri Fransa və Avstriya idilər. Bu dövlətlər Prussiyanın başçılığı ilə Almaniyanın birləşməsini istəmirdilər. Rusiya və İngiltərə isə bu birləşmənin əleyhinə deyildilər. Rusiya çarı II Aleksandr Prussiyanın köməyi ilə Şərqdə öz mövqeyini möhkəmləndirməyə çalışırdısa, Qladsonun başçılığı ilə İngiltərənin liberal höküməti isə ümidli idi ki, yeni vahid Almaniya Fransanın Avropa hegemonluğunda tarazlıq yaradacaq. Digər Avropa dövlətləri isə Prussiyaya qarşı koalisiya yarada bilmədilər. Beləliklə də, vahid Almaniya uğrunda mübarizəyə Prussiya üçün əlverişli şərait yaranmış oldu. Məhz, belə bir uyğun zamanda Bismark yeni alman qüvvələrinin milli dövlətçilik arzularını həyata keçirirdi. Bismark öz arzularına sənayeləşmənin güclü bir zamanında inqilabi kataklizmlərdən qaçmaqla çata bilərdi.

Bismark bu fəaliyyətinə gizli dövlət çevrilişi etməklə başladı. O, konstitusiyanı pozur, büdcə parlament tərəfindən təsdiq olunmadan aparılırdı. Çoxları narahatçılıq içində idi və onun istefasını tələb edirdilər. Lakin bunun cavabında Bismark çevik hərəkət edərək müxalif məmurları dəyişdirdi, xüsusi fərmanla mətbuat azadlığını məhdudlaşdırdı.

1863-cü ilin yayında konstitusiya münaqişəsi özünün pik nöqtəsinə çatdı:hökümət əleyhinə nümayişlər başladı, polislə toqquşmalar oldu. Lakin Bismark məmurların istefaya göndərilməsi və təqib işlərini davam etdirdi. Lantaqı uzun müddətli məzuniyyətə buraxdı. Proqressiv partiyalar tərəfindən Bismarka qarşı aktiv müqavimət də olmadı. Lakin bütün liberallar hökümətə qarşı çevik addımını göstərirdi. Onlar öz mövqelərini tədricən itirirdilər və beləliklə bütün təşəbbüs Bismarkın əlinə keçdi.

Bismarkın siyasi müvəffəqiyyətləri onun soaial bazasının genişlənməsi ilə izah olunmaqdadır. XIX əsrin 50-ci illərində fəhlə sinfi məcburi olaraq ictimai fikirdə heç bir təsirə malik deyildi. Hətta sənayeləşdirmənin gücləndiyi bir zamanda fəhlə sinfinin alman dövlətlərinin parlamentlərində bir nəfər də olsun nümayəndəsi yox idi. “Tərəqqi” partiyası da sosial məsələlərə heç bir maraq göstərmirdi. Fəhlə məsələsi sahəsində də dövlətin heç bir siyasəti yox idi. Lüteran və katolik kilsələri isə fəhlələrin soaial məsələlərinin həll edilməsinə kömək etməyə çalışırdılar.

Fəhlələrin soaial çevikliyi çox aşağı səviyyədə idi. Siyasi mədəniyyətin daşıyıcıları isə burjuaziya və zadəganlar idi. Lakin Milli ittifaq təşəbbüs həyata keçirdərək proletariat arsında maarifçi dərnəklər yaratmağa başladı. 60-cı illərin əvvəllərində artıq dərnəklərin sayı 200 - dən çox idi. Bu dərnəklərdə fəhlələri təbiət bilikləri, ədəbiyyat, tarix və cəmiyyətdəki sosial-istisadi mübarizə ilə məlumatlandırırdılar.

1862-ci ildə fəhlələr içərisində də ümumalman ittifaqı fikri formalaşmağa başladı. Eyni zamanda buna anti-burjuaziya rəngi verilməyə başlandı. Konstitusiya münaqişəsinin qızğın bir vaxtında Bismark bu hərəkatı sahibkarlara qarşı çevirdi. Bu vaxt belə ittifaq Leypsiqdə yaradılmışdır. Milli ittifaq isə ona lazımi maraq göstərməyə çalışırdı. Mübahisələr gücləndi və ittifaqın Leypsiq mərkəzi komitəsi məşhur və ictimai xadimlərə müraciət etdi. Bunların içərisində ən tanınmış şəxsiyyət isə Ferdinand Lassal (1825-1864) idi.

Breslaudan olan ipək taciri və yəhudi mənşəli ailədə doğulan Lassal fəlsəfə və tarixi öyrənmişdir. 1848-ci ildə özünün radikal-demokrat olduğunu elan edərək”, “Yeni Reyn qəzeti”nin nəşr edilməsində K. Marksla müttəfiqlik edirdi. O, 1863-cü ilin martında fəhlə hərəkatının inkişafı haqqında öz konsepsiyasını Leypsiq komitəsinə təqdim etdi. Həmin ildə onun rəhbərliyi ilə Almaniyada burjua-liberal hərəkatından kənarda birinci olaraq ümumalman fəhlə ittifaqı yaradıldı. İttifaq öz qarşısına siyasi məqsədlər qoymuşdur. Bunlar: bütün vətəndaşların seçki hüququnu tanıcaraq demokratik institutların yaradılması və dövlətin köməyi ilə fəhlə-yoldaşlıq təşkilatlarının yaradılması idi. Lassalın fikrincə, bunlar inqilab baş vermədən cəmiyyəti sosializmə aparmalı idi. Hətta o, gizlicə Bismarkla görüşüb seçki məsələsini tətbiq etməyə çalışmışdır. Lassalın ümumi seçki qanunu haqqında ideyası yeniliklərə qarşı mübarizə üçün Bismarkda bir maraq doğurdu. Bismark Lassalla dialoqa girərək, artıq o, yaşamadığı dövrdə də Almaniyanın birləşməsində onun ideyasından istifadə etdi. Lassal Almaniyanın ümumi seçki qanununun ideya atası adlandırılır. Lassalın İ. Şveytser ilə dueldə ölümündən sonra ümumi Alman ittifaqı üzvlərinin sayı çox azalaraq, yalnız Reyn vilayətində və Berlində fəaliyyət göstərmişdir.

60-cı illərin sonunda alman fəhlə hərəkatında K. Marks və F. Engelsin ideyaları genişlənməyə başladı. Məhz bunun əsasında 1869-cu ildə Eyzenaxda sosial-demokrat fəhlə partiyası yaradıldı. Bu partiyanın liderləri V. Libknext(1826-1900) və A. Bebel(1840-1913) oldular. Onlar “azad xalq dövlətinin” yaradılmasında hər –hansı sinfi hegemonluğun rədd edilməsi haqqında çıxış edirdilər. A. Bebel əmlak bərabərsizliyinin ləğv edilməsini tələb edir və belə hesab edirdi ki, fəhlə sinfinin iqtisadi bərabərliyi onun hakimiyyəti ələ almasına əsas verir. Bu məsələlər üzrə həmin partiya həm burjuaziyanı, həm də Lassalı ümumalman fəhlə ittifaqının düşməni bilirdi.

Almaniyada milli məsələ həll olunmadığından Bismark vəziyyətdən çıxış yolunu müharibədə axtarırdı. Onun bu istiqamətdə ilk addımı 1864-cü ildə Danimarkanın yeni kralı tərəfindən Şlezvinq və Qolşteyn hersoqluğunun muxtariyyət hüquqlrının pozulması oldu. Almaniya bu hersoqluqların Danimarka işğalından azad edilməsi uğrunda hərəkata başladı. Bu vaxt həmin hersoqluqların əhalisi də öz müqəddaratlarını həll etmək hüququ tələb etdilər.

Bu vaxt Prussiya və Avstriya arasında münasibətlərin gərgin olmasına baxmayaraq onlar həmin hersoqluqların azad edilməsi üçün birgə çxış etdilər. Bismark Danimarka ilə müharibədə ümumi vətənpərvərlik ruhunun yüksələcəyinə ümid edirdi. Hətta Bismark yazırdı:”Biz Danimarka ilə mübarizəyə monarxiya prinsiplərinin qorunmasında və Avropa inqilabına qarşı mübarizədə bir etiraz kimi baxırıq. . . Əgər Prussiya və Avstriya monarxiyalarının birgə razılığı və qüvvətli hərəkətləri ədalətli milli tələblərə cavab verərsə, əhalinin xeyli hissəsi tərəfindən anlaşıldığı halda, inqilabın ayağı altından torpaq qaçacaq”.

1864-cü ilin fevralında Prussiya və Avstriya qoşunları Şlezvinqə daxil oldular. Bir neçə vaxtdan sonra müharibə Danimarkanın məğlubiyyəti ilə başa çatdı. Vyanada imzalanmış sülh müqaviləsinə görə, həmin ilin oktyabrında Şlezvinq, Qolşteyn və Laienburq Danimarkadan alınıb Prussiya və Avstriyanın birgə idarəçiliyinə verildi. Qolşteyn Avstriyaya, Şlezvinq və kiçik hersoqluq olan Laienburq isə Prussiyanın idarəçiliyinə verildi. Bundan əlavə, Prussiya Qolşteynin ərazisində və Kildə hərbi və hərbi-dəniz qurğuları tikmək hüququ qazandı. Lakin bu vəziyyət çox çəkmədi. Prussiya və Avstriya arasında münasibətlər gərginləşdi.

1866-cı ilin fevralında Bismark Avstriya ilə müharibəyə başlamaq üçün kral I Vilhelmdən icazə aldı və hazırlıq işlərinə başladı. O, uğurlu maliyyə əməliyyatları nəticəsində lazimi qədər vəsait toplaya bilmişdi. İtaliya və Rusiyanın onun tərəfində müharibəyə qoşulması üçün onlarla gizli sövdələşməyə getmişdi. Sonra da Alman ittifaqı bundestaqına təklifi verdi. Təklif bundan ibarət idi: Ümumi alman parlmentinin çağırılması və onun ümumi seçki əsasında formalaşdırılması üçün qərar qəbul edilsin. Avstriya buna razı ola bilmədi. Ancaq bu təklif Prussiya liberallarının ürəyindən idi və onlar Bismarkı müdafiə etməyə razı iidlər. Lakin bir sıra alman dövlətlərində hətta Prussiyanın özündə belə Avstriya ilə müharibəyə birmənalı yanaşmırdılar. Fəhlə hərəkatı xadimləri və demokratik liderlər başda A. Bebel və K. Libknext olmaqla, “qardaş qırğını” müharibəsinə qarşı kompaniya yaratdılar.

1866-cı ilin iyun ayında Bismarkın əmri ilə Prussiya ordu hissələri Qolşteynə daxil oldu. Eyni zamanda Prussiya bundenstaqı Avstriyanın Qolşteyndən çıxması barədə Alman ittifaqının yeni layihəsini irəli sürdü. Habsburqların təklifi ilə ittifaq parlamenti ittifaq qoşunlarının Prussiyaya qarşı səfərbər olmaları barəsində qərar qəbul etdi. Prussiya isə bu zaman Alman ittifaqından çıxdığını elan etdi və qoşun hissələrini Saksoniyaya yeritdi. İttifaq bundestaqı Pruisyanı cəzalandırmaq haqqında qərar qəbul eildi. Beləliklə 16 iyun 1866-cı il ildə Prussiya ilə Avstriya arasında müharibə başladı. İttifaqa daxil olan bütün iri dövlətlər Baden, Bavariya, Vyurtenberq, Hannover və Saksoniya Avstriya tərəfindən müharibəyə qoşulmuşdular. Kiçik dövlətlərdən Turinq və Şimali Almaniya Prussiya ilə müttəfiqlik edirdilər.

Avropa cəmiyyəti gözləyirdi ki, bu müharibədə daha güclü tərəf hesab olunan Avstriya qalib gələcək. Lakin belə olmadı. Müharibənin ilk günlərində üstünlük Prussiya tərəfində oldu. Çünki onun yüksək səviyyədə qurulmuş ordusu var idi. Həlledici döyüş 1866-cı il 3 iyul tarixində Çexiya ərazisində Sadova yaxınlığında oldu. Döyüşdə qələbə çalan Prussiya ordu hissələri Vyanaya doğru hərəkət etməyə başladı. III NApaleonun vasitəçiliyi ilə Prussiya və Avstriya arasında əvvəlcə atəşkəs müqaviləsi, 23 avqust 1866-cı il tarixində isə Praqada sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtlərinə görə Avstriya Alman ittifaqının buraxıldığını tanıdı və onun iştirakı olmadan yenidən Almaniyanın qurulması məsələsi razılaşdırıldı. Mayn çayından şimalda Prussiya rəhbərliyi ilə Şimali Almaniya İttifaqı yaradıldı. Mayndan cənubdakı müstəqil dövlətlər olduğu kimi saxlanıldı. Şimali Alman ittifaqı ilə sıx əlaqədə olmalı idi. Avstriya Almaniyadakı ərazi dəyişikliyi ilə razılaşdı. Şlezvinq-Qolşteyn, Hannover, Kurhessen, Nassasu, Frankfurt-Mayn da Prussiyaya birləşdirildi. Avstriya isə Venetsiyanı Prussiyanın müttəfiqi olan İtaliyaya verməyə məcbur oldu.

Müharibənin uğurla başa çatması Bismarka Prussiyadakı konstitusiya münaqişəsini həll etməyə imkan verdi.

Bundestaqın deputatlar palatasında qüvvələr nisbəti dəyişdi, hökümət tərəfindən orduya verilən maliyyə vəsaiti təsdiqləndi. Belə bir şəraitdə tərəqqi partiyasının üzvlərinin bir hissəsi istefa verərək hökümətə daha yaxın olan yeni bir partiya-Prussiya milli-liberal partiyasını yaratdılar. Mühafizəkarlar partiyası da dağıldı, onun üzvlərinin bir hissəsi Bismarkla münasibətlərini yaxşılaşdıraraq azad mühafizakarlar partiyasını yaratdılar. Bu hər iki partiya sonradan ittifaqa girərərk parlamentdə Bismarkın dayağı oldular və Almaniyanın siyasi həyatında əhəmiyyətli rol oynadılar.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin