Ölkəni birləşdirmək məsələsi üstündə mübarizə. Almaniyada kapitalizmin sürətli inkişafı ölkənin birləşdirilməsi məsələsini tələb edirdi. Almaniyada müxtəlif siniflər bu problemin həll edilməsi yollarını axtarır və onların hər birini öz mənafeyinə uyğun seçmək istəyirdi.
Həmin dövrdə ölkənin birləşməsinin mümkün olan 2 yolu var idi. Birinci yol Alman fəhlə sinfinin qabaqcıl hissəsinin mübarizə apardığı yol idi. Bu, bütün feodal qalıqlarını ləğv etmək və vahid demokratik Almaniya Respublikası yaratmaq uğrunda fəhlələrin rəhbərliyi altında xalq kütlələrinin apardığı inqilabi mübarizə yolu idi. Bu yol Prussiya yunkerlərinin və hərbçilərinin hökmranlığını ləğv etməyi, Almaniyanın dağınıqları aradan qaldırmağı nəzərdə tuturdu. Ölkənin vahid demokratik respublika çərçivəsində birləşməsi alman xalqının həyatı mənafeyinə uyğun gəlirdi.
Digər xətt, Prussiya və Avstriya monarxiyasının başçılığı altında mübarizələr yolu ilə “yuxarıdan” Almaniyanı birləşdirmək yolu idi. Almaniyanın bu yol ilə inkişafı irticaçı qüvvələrin hökmranlığını daha da möhkəmləndirməli idi. Almaniyanın birləşdirilməsinə başçılıq etmək üstündə Prussiya və Avstriya arasında mübarizə gedirdi. 1849-cu ilin mayında Berlində Prussiya kralının dəvəti ilə Avstriya, Prussiya, Bavariya, Saksoniya və Hannoverin Almaniya ittifaqının “yeni qurluşu məsələsi barəsində” müşavirəsi toplandı.
Prussiyanın təklif etdiyi layihə ona Almaniya ittifaqında xarici və hərbi işlərə başçılıq etmək hüququnu verirdi. Yerli idarələrə rəhbərlik etmək üçün ən böyük alman dövlətlərinin-Prussiya, Avstriya, Bavariya və s. hökmdarlarından ibarət kollegiya yaradılmalı idi. Sonra layihə məşvərətçi səsə malik olan bütün alman dövlətlərinin nümayəndələrindən ibarət Şura təşkil etməyi nəzərdə tuturdu. Onun qərarlarını Prussiya kralı ya bəyənməli, ya da rədd etməli idi. Avstriya və Bavariyanın nümayəndələri Alman ittifaqını “təşkil etmək” haqqında Prussiyanın layihəsi ilə tanış olan kimi müşavirəni tərk etdilər. Prussiya layihəsinin əsasında 1849-cu ilin mayında Berlində “Üç kralın uniyası” (ittifaq) (Prussiya, Saksoniya və Hannover)imzalandı. Uniyaya 28 xırda və orta alman dövlətləri də qoşuldu. 1850-ci ilin martında Erfurtda Ümumalmaniya təsisedici parlamenti toplaşdı. Bu vaxt Avstriya monarxiyası İtaliyada inqilabi hərəkata divan tutub, Almaniyanın birləşməsi planına qarşı mübarizəyə başladı. Avstriyanın təsiri altında Prussiyadan bir sıra dövlətlər ayrıldı. Avstriya Prussiyanın hakimiyyəti altında Almaniyanın birləşdirilməsini istəmirdi. Avstrya 1850-ci ilin mayında Frankfurt-Maynda Alman dövlətlərinin nümayəndələrinin seymini təşkil etmək üçün yığıncaq çağırdı. Bu yığıncaqda Prussiyaya onun tərəfindən yaradılmış Şimali Almaniya dövlətlərinin İttifaqına hökmranlıq etmək hüququ verildi. Bu güzəşt Prussiyanı qane etmədi. O, Almaniyanı silah yolu ilə özünə birləşdirmək istəyirdi. 1850-ci ilin noyabrında Prussiya kralı IV Fridrix Vilhelm Prussiya ordusunu səfərbərliyə aldı. Avstriya və Prussiya toqquşma qarşısında qaldılar.
Lakin Rusiya çarı I Nikolay Avstriyanı müdafiə etdi. 1850-ci ilin noyabrında Olomoutsda yenidən Prussiya və Avstriya dövlətlərinin müşavirəsi açıldı. Avstriya Prussiyaya aşağıdakıları təklif etdi: 1) Prussiya qoşunlarını buraxmaq; 2)Prussiya uniyasını ləğv etmək; 3) Ümumalmaniya ittifaqının səlahiyyətli nümayəndəsi kimi ittifaq seymini etiraf etmək. Prussiya Avstriya ilə Olomouts sazişini bağlamağa məcbur oldu. 1850-ci ilin dekabrında çağrılmış Drezden konfransında ittifaq seymi bərpa olundu və Prussiya təkləndi.
Həmin vaxt Prussiya gömrük ittifaqını bərpa etmək yolu ilə Almaniyada öz təsirini möhkəmlətmək istəyirdi. Gömrük ittifaqı 1834-cü ildə Prussiyanın başçılığı altında yaranmışdır. Prussiya 1853-cü ildə gömrük ittifaqını bərpa etdi və Olomouts və Drezdendəki təklənmənin qisasını aldı. 1853-cü ildə Almaniyanın birləşdirilməsi uğrunda mübarizənin birinci mərhələsi qurtardı. Əksinqilabın qələbəsi nəticəsində demokratik yol ilə Almaniyanın birləşdirilməsi işi məğlubiyyətə uğradı, amma gündəlikdən silinmədi. Birinci mərhələdə sülalə müharibələri yolu ilə Almaniyanı birləşdirmək uğrunda iki xəttin mübarizəsi Avstriyanın qələbəsi ilə nəticələndi. Çünki , çar Rusiyası onu müdafiə edirdi.
Almaniya burjuziyası xalq kütlələrinin hərəkatını izləyərək, Almaniyanın birliyini inqilab yolu ilə bağlamaq istəmirdi. Burjuaziyaya öz iqtisadi gücünü möhkəmlətmək üçün Prussiya hökümətinə və yunkerlərə arxalanmaq daha sərfəli idi. 1848-ci ilin keçmiş demokratları 1859-cu ilin iyununda Eyzenax şəhərində, liberallar və konstitusiyaçılar isə Hannoverdə toplaşaraq hər biri ayrı-ayrılıqda xırda alman proqramına kömək üçün qərar qəbul etdilər. Eyzenax Hannover müşavirlərinin siyasi görüşlərinin eyni olması onların birləşməsi üçün əsas yaradırdı. 1959-cu ilin sentyabrında onlar Rudolf fon Beniçsenin sədrliyi altında yeni burjua təşkilatı-milli ittifaq yaratdılar. Onlar buraxdıqları manifestdə Almaniya ittifaqında islahat keçirməyi, ümumalman parlamenti çağırmağı tələb edirdilər.
Avstriya ilə rəqabət edən Prussiya burjuaziyası böyük ordu yaratmağa çalışırdı. 1861-ci ildə Kral IV Fridrix Vilhelm öldükdən sonra onun yerinə varis I Vilhelm keçdi. Kralın hakimiyyətə gəlməsi xalq kütlələri arasında narazılıq yaratdı. O, hələ 1848-1849-cu illər inqilabı vaxtından qatı irticaçı kimi məşhur idi.
Almaniyada həyəcan artırdı, Prussiya burjuaziyasının sol qanadı öz nüfuzunu itirməmək üçün 1861-ci ildə Mütərəqqi partiya adlı partiya yaratdı. Landtaqa sçkilər ümumi narazılıq şəraitində keçdi. Güclü kral hakimiyyəti tərəfdarları, mühafizəkarlar partiyasının sağ ünsürləri sex sənətkarları ilə birləşdi və 1861-ci ildə Prussiya xalq ittifaqını yaratdılar. Bu irticaçı idyalara qarşı mübarizə proqramı ilə çıxış edirdi. Mühafizəkarların bu hərəkəti Mütərəqqi partiyanın mövqeyini gücləndirdi. 1861-ci ilin dekabrında keçirilən seçkilərdə Mütərəqqi partiya 109 mandat yeri aldı. Yerdə qalan bütün partiyalar az səs topladılar və mühafizəkarlar partiyası müvəffəqiyyətsizliyə uğradı.
Kral buna baxmayaraq keçmiş höküməti hakimiyyətdə saxladı, deputatlar palatasını buraxmaq haqqında fərman verdi, knyaz Qoqenloeni hökümətin başçısı təyin etdi. Deputatlar palatasının buraxılması xalq arasında narazılıq doğurdu. Berlində dəstələr yerləşdirildi və döyüş planı hazırlandı. Hökumət xalq ilə mübarizəyə hazırlaşırdı. XIX əsrin 60-cı illərində Almaniyada inqilabi vəziyyət yaranmışdı, ancaq inqilab baş vermədi.
Dostları ilə paylaş: |